Müqəddəs su çiləyən
Biz əvvəllər
kəndin qırağında böyük yolun kənarındakı balaca evdə yaşayırdıq. Qonşuluqda
yaşayan oğlan maşın təkəri təmir edirdi. Kəndin fermerinin qızı ilə evlənəndən
sonra onların maddi imkanı yaxşılaşdı. Amma onların uşağı olmurdu, bu da onları
çox məyus edirdi. Nəhayət, neçə illərdən sonra onların bir oğlu dünyaya gəldi,
adını Jan qoydular. Onlar övladlarını çox sevir, onu əzizləyir, gözlərindən
uzağa qoymurdular.
Janın 5
yaşı olanda kəndə sirk ustaları gəlmişdi, onlar çadırlarını kəndin kənarında
qurmuşdular. Jan bir gün evdən qaçıb onların yanına getmişdi. Atası çox
axtarandan sonra oğlunu təlim görmüş keçilərin, itlərin arasında tapdı. Oğlu
qoca klounun dizi üstə oturmuşdu. Həmin hadisədən 3 gün sonra təkər ustası və
arvadı günorta nahar etmək istəyəndə gördülər ki, Jan yenə də evdə yoxdur.
Onlar bağı ələk-vələk etdilər, onu tapmadılar. Atası yolun qırağına gedib var
gücüylə oğlunu çağırdı:
– Jan! Jan!
Jan!
Axşam
düşdü, Jandan bir səs-soraq çıxmadı, ətrafa qalın duman çökdü. Adama elə gəlirdi
ki. yol qırağındakı üç küknar ağacı da onların dərdinə şərik olub göz yaşı
tökür. Təkər ustası yol qırağında durub hansı tərəfdən səs eşidirdisə o tərəfə
dönüb oğlunu səsləyirdi:
– Jan! Jan!
Jan!
O səhərə qədər
oğlunu axtardı, var gücüylə oğlunu çağırdı. Heyvanlar onun səsindən qorxdular,
adama elə gəlirdi, yazıq kişi havalanıb. Arvadı da evin daş pilləkənində oturub
səhərə qədər göz yaşı tökdü. Onlar oğullarını tapa bilmədilər. Onlar yaşa
doldular, onları heç nə ovundura bilmirdi, heç nəylə təsəlli tapa bilmirdilər.
Nəhayət, onlar evlərini satıb oğlanlarının axtarışına çıxdılar.
Onlar
dağda, təpədə gördükləri çobanlardan, yoldan ötən tacirlərdən, kənd sakinlərindən,
şəhərdə yaşayan vəzifə sahiblərindən oğlanlarını görüb-görmədiyini
soruşurdular. Janın itdiyi vaxtdan uzun müddət keçdiyi üçün adamlar onun haqda
heç nə deyə bilmirdilər. Kim bilir, bəlkə Jan bu vaxta qədər öz adını,
doğulduğu kəndin də adını unutmuşdu. Onun valideynləri son ümidlərini də itirib
sakitcə göz yaşı tökürdülər. Onların pulu qurtarandan sonra onlar fermalarda,
mehmanxanalarda işləyib ən ağır iş görürdülər, stolun üstündə qalan artıq yeməkləri
yeyir, gecələr isə soyuqdan titrəyə-titrəyə çöldə-bayırda gecələyirdilər. Onlar
ağır işlə məşğul olub o qədər zəifləmişdilər ki, daha onlara heç kim iş
vermirdi. Onlar məcbur olub şose yolunun qırağında oturub dilənməyə məcbur
oldular. Yoldan keçənlərə yalvarır, məhsul toplayan adamlar günorta ağac
altında oturub nahar edəndə onlara yaxınlaşıb bircə tikə çörək üçün yalvarırdılar.
Onların verdiyi çörəyi arx qırağında oturub sakitcə yeyirdilər. Bir gün onlar
başlarına gələn faciəni bir mehmanxana sahibinə söyləyəndə o onlara dedi:
– Mən qızını
itirən bir adam tanıyırdım, o, öz qızını Parisdə tapdı.
Əldən
düşmüş ər-arvad Parisə yollandılar. Şəhərə girəndə onlar şəhərin böyüklüyünü,
izdihamı görüb təşvişə düşdülər. Ancaq onlar ümid edirdilər ki, bəlkə onların
oğlu Jan bu izdihamın içindədir. Əslində, heç bilmirdilər ki, oğlanlarını harda
axtarsınlar. Çünki qorxurdular ki, oğlanları onların yanından keçib getsə də
onu tanıya bilməzlər, çünki onlar son dəfə Janı görəndə onun cəmi 5 yaşı vardı.
Sözsüz ki, o dəyişmişdi. Onlar şəhərin hər yerini gəzirdilər, bir topa adam görəndə
ayaq saxlayır, ümid edirdilər ki, təsadüfən Jan bu adamların arasında olar. Beləcə,
onlar hər yeri axtarır, yorulanda bir-birinə söykənib yenidən yollarına davam
edirdilər. Onlar o qədər miskin görünürdülər ki, daha onlar ağız açmasa da
insanlar onlara sədəqə verirdi.
Onlar bazar
günlərini kilsələrin qapısı ağzında keçirirdilər, kilsəyə girib-çıxan insanlara
diqqətlə baxırdılar, bu qədər adamların içindən onlara doğma olan bir insanı
axtarırdılar. Hərdən kimisə Jana oxşadırdılar, az sonra səhv etdiklərini başa
düşürdülər. Onların tez-tez getdikləri bir kilsənin vestibülündə qoca bir kişi
vardı, o kilsəni ziyarət edənlərin üstünə müqəddəs su çiləyirdi. Zaman keçdikcə
onlar bu qoca kişi ilə dostlaşdılar. O kişinin də çox qəmli həyat hekayəsi
vardı, onların kişiyə olan rəqabəti onların dostluğuna səbəb olmuşdu. Onların
dostluğu o qədər möhkəmləndi ki, kişi onları şəhərin kənarında kirayədə qaldığı
evə apardı, onlar üçü birlikdə yaşamağa başladı. Kişi bəzən xəstələnəndə təkər
ustası kilsəyə gedib onu əvəz edir, ziyarətçilərin üstünə müqəddəs su çiləyirdi.
Qış gəldi,
sərt qış. Həmin il müqəddəs su çiləyən öldü. Kilsənin keşişi onun yerinə təkər
ustasını götürdü, onun başına gələnlərdən az-çox xəbəri vardı. Beləcə, o hər
gün kilsəyə gedir, eyni yerdə otururdu. Kilsədəki daş sütuna o qədər söykənmişdi
ki, hətta daş sütun da yorulmuşdu. O daş sütuna söykənib içəri girən adamlara
baxırdı. Ümidlə bazar gününü gözləyirdi, çünki həmin gün kilsə səhərdən
axşamacan insanlarla dolu olurdu. O indi çox qocalmışdı, gündən-günə oğlunu
tapmaq ümidini itirmişdi. Demək olar ki, o indi kilsəyə gəlib –gedən adamların
çoxunu üzdən tanıyırdı, kimin hansı saatda gəldiyini, nə vaxt getdiyini
bilirdi. Onları addımlarından fərqləndirə bilirdi.
Kilsəyə yad
bir adamın girməyi onun üçün toy-bayram idi, çox sevinirdi. Bir gün kilsəyə iki
qadın gəldi. Onların biri yaşlı, o biri isə cavan idi. Çox güman ki, cavan qız
yaşlı qadının övladı idi. Onların yanında cavan bir oğlan da vardı. Onlar kilsədən
çıxanda o onlara təzim edib onların üstünə müqəddəs su çilədi, yaşlı qadının əlini
sıxdı. Sonra öz –özünə dedi: "Yəqin ki, o cavan oğlan bu cavan qızın
nişanlısıdır”. O həmin oğlanı kiməsə oxşadırdı, bütün gecəni həmin oğlanın kimə
oxşadığını yadına salmağa çalışdı. Ona elə gəlirdi ki, o oğlanın oxşadığı adamı
cavanlıqdan bəri tanıyır.
Həmin cavan
oğlan kilsəyə tez-tez gəlirdi, qoca qadın və cavan qızla birlikdə. Müqəddəs su
çiləyən isə həmin oğlanın kimə oxşadığını xatırlaya bilmirdi. Nəhayət, o
arvadına dedi ki, onunla birlikdə kilsəyə getsin, bəlkə o cavan oğlanı görəndə
onun kimə oxşadığını deyər. Həmin gün cavan oğlan, qoca qadın və cavan qız kilsədən
çıxanda kişi arvadından soruşdu:
– Sən o
adamı tanıya bildin? O kimə oxşayır?
Qadın
yaddaşını "eşələdi”, qəflətən zəif səslə dedi:
– Hə, hə,
tanıdım. Amma onun rəngi bir az qaradır, həm də o əsl centlmen kimi geyinib. O
oğlan sənin cavanlığına oxşayır. Sən cavan olanda üzün necə idisə onun da üzü
elədir.
Qoca
kişinin həyəcandan bədəni əsdi. Arvadı düz deyirdi, o cavan oğlan ona
oxşayırdı, hətta çoxdan ölmüş qardaşına da bənzəyirdi. Bir az da atasına bənzəyirdi.
Qoca cütlük o qədər həyəcanlıydı ki, danışa bilmirdilər. Cavan oğlan, yaşlı və
cavan qadın kilsədən çıxmaq üzrəydi. Qoca kişi onların üstünə müqəddəs su çilədi.
Bu vaxt onun əlləri titrəyirdi, su onların üstünə yox, döşəməyə töküldü. Birdən
o özünü toplayıb dedi:
– Jan!
Cavan oğlan
dayanıb ona baxdı.
Müqəddəs su
çiləyən eyni sözü zəif səslə təkrar etdi:
– Jan!
Cavan oğlan
azca ona tərəf əyildi, yaddaşında qalmış iki sözü dedi:
– Atam
Pierre. Anam Ceanni.
Oğlan hər
şeyi unutmuşdu, atasının soyadını da, doğma kəndlərinin adını da. Yadında
yalnız ikicə söz qalmışdı: "Atam Pierre, anam Ceani”.
Oğlan ayaq
üstə dura bilməyib başını qoca kişinin dizinə qoyub ağladı. Əvvəlcə atasını,
sonra anasını öpdü. Onlar sevindiklərindən bir kəlmə danışa bilmirdilər.
Yaşlı
qadınla cavan qız da ağladılar. Sonra onlar hamısı cavan oğlanın evinə getdilər,
oğlan başına gələnləri onlara danışdı. Kəndə sirk göstərməyə gələnlər onu
oğurlayıb aparıblar. Üç il müddətində onlarla birlikdə müxtəlif ölkələrə gedib.
Sonra sirk truppası dağılır, bir yaşlı qadın pul verib onu sirk göstərənlərdən
alır. Uşağın görünüşü onun xoşuna gəlibmiş. O savadlı olduğu üçün qadın onu məktəbə
göndərir, sonra o universitetə daxil olur. Qoca qadın öləndə övladı olmadığı
üçün onun bütün var-dövlətləri ona qalır. Oğlan da öz valideynlərini axtarır,
amma o yalnız ikicə söz xatırlaya bilir: Atam Pierre, anam, Ceanni.
O öz
nişanlısını ata-anasıyla tanış edir. Kilsəyə gedəndə yanındakı cavan qız
nişanlısı. Qoca qadın isə nişanlısının anası imiş.
Oğlanın
valideynləri başlarına gələnləri ona danışdıqca oğlan onları öpürdü. Onlar
bütün gecəni yatmayıb söhbət etdilər.
O vaxtdan ömürlərinin
sonuna kimi onlar bədbəxtlik nə olduğunu bilmədilər.
Gi Di Mopassan
İngilis dilindən tərcümə edən:
Sevil Gültən