AZE | RUS | ENG |

Müqəddəs su çiləyən

Müqəddəs su çiləyən
Biz əvvəllər kəndin qırağında böyük yolun kənarındakı balaca evdə yaşayırdıq. Qonşuluqda yaşayan oğlan maşın təkəri təmir edirdi. Kəndin fermerinin qızı ilə evlənəndən sonra onların maddi imkanı yaxşılaşdı. Amma onların uşağı olmurdu, bu da onları çox məyus edirdi. Nəhayət, neçə illərdən sonra onların bir oğlu dünyaya gəldi, adını Jan qoydular. Onlar övladlarını çox sevir, onu əzizləyir, gözlərindən uzağa qoymurdular.
Janın 5 yaşı olanda kəndə sirk ustaları gəlmişdi, onlar çadırlarını kəndin kənarında qurmuşdular. Jan bir gün evdən qaçıb onların yanına getmişdi. Atası çox axtarandan sonra oğlunu təlim görmüş keçilərin, itlərin arasında tapdı. Oğlu qoca klounun dizi üstə oturmuşdu. Həmin hadisədən 3 gün sonra təkər ustası və arvadı günorta nahar etmək istəyəndə gördülər ki, Jan yenə də evdə yoxdur. Onlar bağı ələk-vələk etdilər, onu tapmadılar. Atası yolun qırağına gedib var gücüylə oğlunu çağırdı:
– Jan! Jan! Jan! 
Axşam düşdü, Jandan bir səs-soraq çıxmadı, ətrafa qalın duman çökdü. Adama elə gəlirdi ki. yol qırağındakı üç küknar ağacı da onların dərdinə şərik olub göz yaşı tökür. Təkər ustası yol qırağında durub hansı tərəfdən səs eşidirdisə o tərəfə dönüb oğlunu səsləyirdi:
– Jan! Jan! Jan!
O səhərə qədər oğlunu axtardı, var gücüylə oğlunu çağırdı. Heyvanlar onun səsindən qorxdular, adama elə gəlirdi, yazıq kişi havalanıb. Arvadı da evin daş pilləkənində oturub səhərə qədər göz yaşı tökdü. Onlar oğullarını tapa bilmədilər. Onlar yaşa doldular, onları heç nə ovundura bilmirdi, heç nəylə təsəlli tapa bilmirdilər. Nəhayət, onlar evlərini satıb oğlanlarının axtarışına çıxdılar. 
Onlar dağda, təpədə gördükləri çobanlardan, yoldan ötən tacirlərdən, kənd sakinlərindən, şəhərdə yaşayan vəzifə sahiblərindən oğlanlarını görüb-görmədiyini soruşurdular. Janın itdiyi vaxtdan uzun müddət keçdiyi üçün adamlar onun haqda heç nə deyə bilmirdilər. Kim bilir, bəlkə Jan bu vaxta qədər öz adını, doğulduğu kəndin də adını unutmuşdu. Onun valideynləri son ümidlərini də itirib sakitcə göz yaşı tökürdülər. Onların pulu qurtarandan sonra onlar fermalarda, mehmanxanalarda işləyib ən ağır iş görürdülər, stolun üstündə qalan artıq yeməkləri yeyir, gecələr isə soyuqdan titrəyə-titrəyə çöldə-bayırda gecələyirdilər. Onlar ağır işlə məşğul olub o qədər zəifləmişdilər ki, daha onlara heç kim iş vermirdi. Onlar məcbur olub şose yolunun qırağında oturub dilənməyə məcbur oldular. Yoldan keçənlərə yalvarır, məhsul toplayan adamlar günorta ağac altında oturub nahar edəndə onlara yaxınlaşıb bircə tikə çörək üçün yalvarırdılar. Onların verdiyi çörəyi arx qırağında oturub sakitcə yeyirdilər. Bir gün onlar başlarına gələn faciəni bir mehmanxana sahibinə söyləyəndə o onlara dedi:
– Mən qızını itirən bir adam tanıyırdım, o, öz qızını Parisdə tapdı. 
Əldən düşmüş ər-arvad Parisə yollandılar. Şəhərə girəndə onlar şəhərin böyüklüyünü, izdihamı görüb təşvişə düşdülər. Ancaq onlar ümid edirdilər ki, bəlkə onların oğlu Jan bu izdihamın içindədir. Əslində, heç bilmirdilər ki, oğlanlarını harda axtarsınlar. Çünki qorxurdular ki, oğlanları onların yanından keçib getsə də onu tanıya bilməzlər, çünki onlar son dəfə Janı görəndə onun cəmi 5 yaşı vardı. Sözsüz ki, o dəyişmişdi. Onlar şəhərin hər yerini gəzirdilər, bir topa adam görəndə ayaq saxlayır, ümid edirdilər ki, təsadüfən Jan bu adamların arasında olar. Beləcə, onlar hər yeri axtarır, yorulanda bir-birinə söykənib yenidən yollarına davam edirdilər. Onlar o qədər miskin görünürdülər ki, daha onlar ağız açmasa da insanlar onlara sədəqə verirdi.
Onlar bazar günlərini kilsələrin qapısı ağzında keçirirdilər, kilsəyə girib-çıxan insanlara diqqətlə baxırdılar, bu qədər adamların içindən onlara doğma olan bir insanı axtarırdılar. Hərdən kimisə Jana oxşadırdılar, az sonra səhv etdiklərini başa düşürdülər. Onların tez-tez getdikləri bir kilsənin vestibülündə qoca bir kişi vardı, o kilsəni ziyarət edənlərin üstünə müqəddəs su çiləyirdi. Zaman keçdikcə onlar bu qoca kişi ilə dostlaşdılar. O kişinin də çox qəmli həyat hekayəsi vardı, onların kişiyə olan rəqabəti onların dostluğuna səbəb olmuşdu. Onların dostluğu o qədər möhkəmləndi ki, kişi onları şəhərin kənarında kirayədə qaldığı evə apardı, onlar üçü birlikdə yaşamağa başladı. Kişi bəzən xəstələnəndə təkər ustası kilsəyə gedib onu əvəz edir, ziyarətçilərin üstünə müqəddəs su çiləyirdi.
Qış gəldi, sərt qış. Həmin il müqəddəs su çiləyən öldü. Kilsənin keşişi onun yerinə təkər ustasını götürdü, onun başına gələnlərdən az-çox xəbəri vardı. Beləcə, o hər gün kilsəyə gedir, eyni yerdə otururdu. Kilsədəki daş sütuna o qədər söykənmişdi ki, hətta daş sütun da yorulmuşdu. O daş sütuna söykənib içəri girən adamlara baxırdı. Ümidlə bazar gününü gözləyirdi, çünki həmin gün kilsə səhərdən axşamacan insanlarla dolu olurdu. O indi çox qocalmışdı, gündən-günə oğlunu tapmaq ümidini itirmişdi. Demək olar ki, o indi kilsəyə gəlib –gedən adamların çoxunu üzdən tanıyırdı, kimin hansı saatda gəldiyini, nə vaxt getdiyini bilirdi. Onları addımlarından fərqləndirə bilirdi. 
Kilsəyə yad bir adamın girməyi onun üçün toy-bayram idi, çox sevinirdi. Bir gün kilsəyə iki qadın gəldi. Onların biri yaşlı, o biri isə cavan idi. Çox güman ki, cavan qız yaşlı qadının övladı idi. Onların yanında cavan bir oğlan da vardı. Onlar kilsədən çıxanda o onlara təzim edib onların üstünə müqəddəs su çilədi, yaşlı qadının əlini sıxdı. Sonra öz –özünə dedi: "Yəqin ki, o cavan oğlan bu cavan qızın nişanlısıdır”. O həmin oğlanı kiməsə oxşadırdı, bütün gecəni həmin oğlanın kimə oxşadığını yadına salmağa çalışdı. Ona elə gəlirdi ki, o oğlanın oxşadığı adamı cavanlıqdan bəri tanıyır.
Həmin cavan oğlan kilsəyə tez-tez gəlirdi, qoca qadın və cavan qızla birlikdə. Müqəddəs su çiləyən isə həmin oğlanın kimə oxşadığını xatırlaya bilmirdi. Nəhayət, o arvadına dedi ki, onunla birlikdə kilsəyə getsin, bəlkə o cavan oğlanı görəndə onun kimə oxşadığını deyər. Həmin gün cavan oğlan, qoca qadın və cavan qız kilsədən çıxanda kişi arvadından soruşdu:
– Sən o adamı tanıya bildin? O kimə oxşayır?
Qadın yaddaşını "eşələdi”, qəflətən zəif səslə dedi:
– Hə, hə, tanıdım. Amma onun rəngi bir az qaradır, həm də o əsl centlmen kimi geyinib. O oğlan sənin cavanlığına oxşayır. Sən cavan olanda üzün necə idisə onun da üzü elədir.
Qoca kişinin həyəcandan bədəni əsdi. Arvadı düz deyirdi, o cavan oğlan ona oxşayırdı, hətta çoxdan ölmüş qardaşına da bənzəyirdi. Bir az da atasına bənzəyirdi. Qoca cütlük o qədər həyəcanlıydı ki, danışa bilmirdilər. Cavan oğlan, yaşlı və cavan qadın kilsədən çıxmaq üzrəydi. Qoca kişi onların üstünə müqəddəs su çilədi. Bu vaxt onun əlləri titrəyirdi, su onların üstünə yox, döşəməyə töküldü. Birdən o özünü toplayıb dedi:
– Jan! 
Cavan oğlan dayanıb ona baxdı.
Müqəddəs su çiləyən eyni sözü zəif səslə təkrar etdi:
– Jan! 
Cavan oğlan azca ona tərəf əyildi, yaddaşında qalmış iki sözü dedi:
– Atam Pierre. Anam Ceanni. 
Oğlan hər şeyi unutmuşdu, atasının soyadını da, doğma kəndlərinin adını da. Yadında yalnız ikicə söz qalmışdı: "Atam Pierre, anam Ceani”.
Oğlan ayaq üstə dura bilməyib başını qoca kişinin dizinə qoyub ağladı. Əvvəlcə atasını, sonra anasını öpdü. Onlar sevindiklərindən bir kəlmə danışa bilmirdilər. 
Yaşlı qadınla cavan qız da ağladılar. Sonra onlar hamısı cavan oğlanın evinə getdilər, oğlan başına gələnləri onlara danışdı. Kəndə sirk göstərməyə gələnlər onu oğurlayıb aparıblar. Üç il müddətində onlarla birlikdə müxtəlif ölkələrə gedib. Sonra sirk truppası dağılır, bir yaşlı qadın pul verib onu sirk göstərənlərdən alır. Uşağın görünüşü onun xoşuna gəlibmiş. O savadlı olduğu üçün qadın onu məktəbə göndərir, sonra o universitetə daxil olur. Qoca qadın öləndə övladı olmadığı üçün onun bütün var-dövlətləri ona qalır. Oğlan da öz valideynlərini axtarır, amma o yalnız ikicə söz xatırlaya bilir: Atam Pierre, anam, Ceanni. 
O öz nişanlısını ata-anasıyla tanış edir. Kilsəyə gedəndə yanındakı cavan qız nişanlısı. Qoca qadın isə nişanlısının anası imiş. 
Oğlanın valideynləri başlarına gələnləri ona danışdıqca oğlan onları öpürdü. Onlar bütün gecəni yatmayıb söhbət etdilər.
O vaxtdan ömürlərinin sonuna kimi onlar bədbəxtlik nə olduğunu bilmədilər.

Gi Di Mopassan 
İngilis dilindən tərcümə edən: Sevil Gültən

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6964
GBP 1 İngilis funt sterlinqi 2.3933
TRY 1 Türk lirəsi 0.4202
KWD 1 Küveyt dinarı 5.6667
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 2.0981
CHF 1 İsveçrə frankı 1.7489
USD 1 ABŞ dolları 1.7000