• şənbə, 20 Aprel, 04:36
  • Baku Bakı 15°C

Münxen Təhlükəsizlik Konfransı dünya mətbuatının diqqət mərkəzində

11.02.15 05:16 1152
Münxen Təhlükəsizlik Konfransı dünya mətbuatının diqqət mərkəzində
Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər müxtəlif media orqanlarında geniş işıqlandırılıb
Prezident İlham Əliyevin 51-ci Münxen Təhlükəsizlik Konfransında çıxışı dünya mediasının diqqət mərkəzindədir. Türkiyənin məşhur “Star” qəzetində dərc edilən məqalədə qeyd olunur ki, son vaxtlar Azərbaycan ilə Ermənistan sərhədində atəşkəs rejimi mütəmadi pozulur: “Ermənistan bu vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışır. Lakin Ermənistan işğal altında olan Dağlıq Qarabağ və ətraf 7 rayonda təxribatları davam etdirir. Hətta erməni tərəfi sərhəddə öldürülən əsgərlərinə görə Azərbaycanı günahkar çıxarmağa çalışır”.
Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında çıxışı haqqında yazarkən qeyd edir ki, prezident çıxışı zamanı ermənilərin işğal altında olan torpaqlarda nə işlərinin olduğu sualını verib. Məqalədə vurğulanır ki, dünya üçün Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etməsi əhəmiyyətli deyil, lakin Azərbaycanın düşmən hücumunun qarşısını alarkən erməni əsgərini öldürməsi böyük problemdir. Yazar qeyd edir ki, son günlərdə atəşkəsin mütəmadi pozulması təsadüfi deyil: “Bu məqamda Rusiyanın və ABŞ-ın Ermənistana təsir etməsini unutmaq olmaz. Həm ABŞ, həm Rusiya, həm də erməni diasporu Cənubi Qafqazda maraqlarını təmin etmək üçün həmişə Ermənistan hökumətindən istifadə edib”. Məqalədə qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük dövlətlər də maraqlı olmalıdırlar: “Lakin Türkiyədən başqa heç bir dövlət münaqişənin həlli üçün istəkli deyil. Rusiya Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra bölgədəki nüfuzunu itirməkdən qorxur. ABŞ isə erməni diasporundan çəkindiyi üçün münaqişənin ədalətli həllinə maraq göstərmir”.
Müəllif qeyd edir ki, İlham Əliyev işğal altında olan torpaqların azad edilməsi üçün müharibə variantını da istisna etmir: “Çünki Azərbaycan xalqı torpaqlarının işğalını qəbul etmir və tezliklə azad edilməsini gözləyir”. Müəllif diqqətə çatdırır ki, İlham Əliyev münaqişənin həlli üçün Türkiyənin də vasitəçi olmasını istəyir. Yazar sonda qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın inkişafı üçün əsas maneədir: “Bu münaqişənin əsas aktyoru Ermənistan dövlətidir. İqtisadiyyatı məhv olmuş Ermənistan ABŞ və Rusiyanın əsiridir. Azərbaycan xalqı bu ədalətsizliyə son qoymaq üçün torpaqlarını müharibə yolu ilə də azad etməyə hazırdır”.
Həmçinin Münxen Təhlükəsizlik Konfransı ilə bağlı xüsusi nəşr olunan “The Security Times” qəzetinin fevral nömrəsində xarici siyasət üzrə müxbir Riçard Kiesslerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında “Unudulmuş münaqişə” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında ən mürəkkəb münaqişə olduğu qeyd edilir. Bildirilir ki, 20 ildən artıqdır davam edən bu münaqişə regionda qeyri-stabil vəziyyətin hökm sürməsinə səbəb olub: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində indiyədək göstərilən bütün səylər uğursuzluqla nəticələnib”. Yazar qeyd edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan tərəfindən işğal ediləndən bəri cəbhə xəttində atəşkəsin hər gün pozulması insanların həlak olması ilə nəticələnir: “Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal edən Ermənistanın iqtisadi vəziyyətinin pis olması səbəbindən bu ölkənin perspektivi yoxdur. Münaqişə nəticəsində həm də böyük qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın iqtisadi vəziyyəti isə çox yaxşıdır”.
Yazıda vurğulanır ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir: “Avropa Parlamenti də daxil olmaqla digər təşkilatlar, həmçinin Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edirlər. Prezident İlham Əliyevin bu il yanvarın 21-də Almaniyaya səfəri zamanı keçirilən birgə mətbuat konfransında kansler Angela Merkel münaqişənin sülh yolu ilə həllinin vacibliyini bildirib və rəsmi Berlinin bu məsələdə dəstəyini təklif edib”.
Riçard Kiessler qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin qədim tarixi kökləri var. Yüz illər boyu burada müxtəlif etnik qruplar və ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar. Müəllif tarixən Dağlıq Qarabağda azərbaycanlıların yaşadıqları, ermənilərin buraya sonradan köçürüldükləri barədə məlumat verir.
Oxucuların diqqətinə çatdırılır ki, Sovet İttifaqı dağılandan sonra keçmiş SSRİ ərazisində yaranan bir neçə münaqişə müharibələrə gətirib çıxardı: “Bunlardan biri də Dağlıq Qarabağ münaqişəsi idi. Ermənistan ilə Azərbaycan arasında 1992-ci ildən 1994-cü ilə qədər davam edən müharibə nəticəsində 30 mindən artıq insan həlak olub, 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bundan əvvəl isə 250 min azərbaycanlı Ermənistandan qovulmuşdu”.
Məqalədə bildirilir ki, Fransa, Rusiya və ABŞ-ın həmsədrləri olduqları ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllində vasitəçilik etsə də, indiyə qədər heç bir irəliləyiş əldə edilməyib: “Ermənistan Minsk qrupunun bütün üzv dövlətlərinin də dəstəklədiyi hər iki ölkənin ərazi bütövlüyünün təmini, Dağlıq Qarabağa təhlükəsizlik zəmanətləri ilə özünüidarəetmə statusu verən hüquqi statusla bağlı prinsipləri qəbul etmir. Prezident İlham Əliyevin Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı dövlət başçısı Serj Sarkisyanla (hər ikisi Dağlıq Qarabağda anadan olub) münaqişənin həlli istiqamətində danışıqları da nəticə verməyib. Ermənistan Dağlıq Qarabağın əhalisinə öz müqəddəratını təyinetmə hüququnun verilməsini tələb edir. Əgər nəzərə alsaq ki, hazırda Dağlıq Qarabağda yaşayanların hamısı ermənilərdir, bu, təbii ki, onların öz maraqlarına xidmət edən bir tələbdir. Azərbaycan isə öz ərazilərinin işğaldan azad olunmasını, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarını tələb edir”.
Sonda müəllif vurğulayır ki, əgər xarici güclər Cənubi Qafqazdakı rəqabətlərini bir kənara qoyub problemin nizamlanması ilə məşğul olsalar, onda həll üçün şans yaranar: “Əks təqdirdə, hazırkı status-kvo vəziyyəti getdikcə daha da gərginləşdirə bilər”.
Rusiyanın nüfuzlu “Newsru” saytı da prezidentin Münxen Təhlükəsizlik Şurasında çıxışına yer ayırıb. Sayt “Azərbaycan Prezidenti Ukrayna münaqişəsi ilə Qarabağ münaqişəsini müqayisə edib: eyni nəticə, işğal və separatizm” başlıqlı məqalə dərc edib. Məqalədə qeyd olunur ki, İlham Əliyev Ukraynada baş verən hadisələrlə Qarabağ münaqişəsini “bir-birini əks etdirən güzgülər” kimi müqayisə edib: “İlham Əliyev qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü kimi Azərbaycanın da ərazi bütövlüyünün bərpa edilməsi vacibdir. Qarabağ münaqişəsi digər beynəlxalq hadisələrin kölgəsində qalıb”. Yazıda vurğulanır ki, prezident münaqişənin həlli üçün ilkin şərtləri də açıqlayıb: “Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər qaytarılacağı təqdirdə, Ermənistan ilə Azərbaycan, Ermənistan ilə Türkiyə arasında kommunikasiya bərpa olunacaq. Biz hətta Dağlıq Qarabağda sosial proqramlar da həyata keçirə bilərik”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər