Münhendə almansayağı məhkəmə prosesi

Münhendə almansayağı məhkəmə prosesi

Təfsilat
10 Aprel 2013, 10:06 1135
Türkiyə KİV-lərinin Almaniyada məhkəmə zalına buraxılmaması ilə bağlı qalmaqal səngimir. Aprelin 17-də Münhendə “Milli sosialist gizli təşkilatı” (NSU) özəyinin üzvlərinin immiqrantlara qarşı törətdikləri qətllərdə (10 qurbandan 8-i türkdür) iştirak etməkdə ittiham olunan Beata Sşepenin işi üzrə proses başlayacaq. Lakin Türkiyə KİV-ləri məhkəmə salonunda jurnalistlər üçün ayrılmış 50 yerdən heç birini ala bilməyib. Belə ayrı-seçkilik Türkiyə, Azərbaycan, habelə dünyanın müxtəlif ölkələrinin türk və Azərbaycan diasporları arasında hiddət dalğasının artmasına səbəb olub.

Avropada nəşr edilən türk qəzetlərindən biri bu səbəbdən Almaniya Konstitusiya Məhkəməsinə müraciət edib. Məşhur alman vəkili Ralf Hoker bu şikayətlə bağlı iddianı məhkəməyə təqdim edib. İddiada göstərilir ki, qruplaşma üzvü Beata Sşepenin aprelin 17-də keçiriləcək məhkəmə prosesinə türk jurnalistlərin buraxıla bilməməsi qanunsuzdur: “Münhendə Ali Məhkəmə bərabərlik prinsipləri və mətbuat azadlığını pozur”. Federal Konstitusiya Məhkəməsi bəyan edib ki, müraciət daxil olub və onlar məsələyə məhkəmə prosesi başlanana qədər baxmağa çalışacaqlar. 10 nəfərin ölümündə şübhəli bilinən bu şəxslər qətlləri 2000-2007-ci illərdə həyata keçiriblər.

Almaniyanın ARD telekompaniyasının baş redaktoru Tomas Bauman hadisələrin bu formada dəyişəcəyini gözləmədiklərini bildirib. Baş redaktor hesab edir ki, hadisələrin neqativ fonda inkişafı türk-alman münasibətlərinə xələl gətirə bilər.

“NSU-nun işi üzrə proses Almaniyanın ədalət məhkəməsi tarixində ən mühüm və ən mürəkkəb proseslərdən biridir. Amma Münhen Ali Əyalət Məhkəməsi onun üzərinə qoyulmuş məsuliyyətin öhdəsindən hələ də gələ bilmir”. Bunu Almaniyada çıxan “Frankfurter Rundschhau” qəzeti yazıb. Prosesin keçirildiyi yeri isə sanki bir qalaya bənzədib: “Bu köhnə və çeynənmiş obraz bugünkü Münhendə yeni parıltı və təravət kəsb edir. Həqiqətən, məhkəmənin binası qalaya, yaxud daha çox arabalardan hörülmüş halqadan ibarət orta əsrlər divarına çox bənzəyir. Üstünlüyü bundadır ki, içəri girmək olmaz, qüsuru isə bundadır ki, bayıra çıxmaq mümkün deyil. Almaniyada neofaşistlər Türkiyə türklərinə qarşı irqçi zəmində iyrənc davranışlarını davam etdirirlər. Hitlerin davamçıları tərəfindən türklərin kompakt yaşadığı bölgələrdə törədilən terror aktlarında xeyli insan tələfatları qeydə alınır. Rəsmi şəkildə Almaniya türklərə və digər millətlərə qarşı irqçi cinayətləri törədən terror təşkilatını pisləsə də, buna qarşı ciddi səviyyədə zəruri tədbirlər görülmür. Təəssüflər olsun ki, Almaniyada neofaşistlərin hücumuna məruz qalan türklərin hüquqlarının yetərli səviyyədə qorunmaması həmin ölkədə kəskin şəkildə insan hüquqlarının pozulmasına dəlalət etməklə bərabər, terror təşkilatının cinayətlərinin sayının artmasına da gətirib çıxarır”.

Berlində nəşr olunan “Alman-türk jurnalı”nın əməkdaşı Mustafa Görkəm türk jurnalistlərinin terrorçu Beata Sşepenin işi üzrə məhkəmə salonuna buraxılmaması ilə bağlı qalmaqalı şərh edərək deyib: “Mən heyrət içindəyəm və məyus olmuşam! Prosesin suallar doğurmaması üçün yaxşı olardı ki, tam aşkarlıq təmin ediləydi. Bir çox türkün Almaniyanın təhlükəsizlik orqanlarına etibarı itib. Hesab edirlər ki, onları aldadır və diskriminasiyaya məruz qoyurlar”.

Qeyd edilir ki, sözdə insan haqlarının müdafiəçisi kimi çıxış edən Avropa Şurası, ATƏT, Avropa Komissiyası və digər təşkilatlar Türkiyəni mətbuat, söz azadlığını pozmaqda ittiham edən Almaniyanın qərarına reaksiya vermir. İrqçilik, şovinizm və etnik ayrı-seçkilik zəminində baş vermiş cinayətlərdə əvvəllər də birtərəfli mövqe nümayiş etdirən alman məhkəmələri bu dəfə daha irəli gedərək dünyanı heyrətə gətirdilər.

“Münhen əyalət məhkəməsi neonasistlərin Almaniyada yaşayan türklərə qarşı törətdikləri cinayətləri ört-basdır etmək üçün Türkiyə mətbuatının, habelə türk diplomatların məhkəmə salonuna buraxılmamasını qərara aldı. Antidemokratik hərəkətlər o həddə çatıb ki, jurnalist həmrəyliyi nümayiş etdirən Almaniyanın “Bild” qəzetinin müxbiri öz yerini “Hürriyyət” qəzetinə vermək istəsə də, məhkəmə sədri buna izn verməyib.

Türkiyənin rəsmi Anadolu agentliyinin də məhkəmədə iştirak etmək üçün göndərdiyi yazılı müraciətə mənfi cavab verilib.

Münhen əyalət məhkəməsinin səssiz aparmaq istədiyi cinayətin nədən ibarət olduğuna nəzər salaq. NSU 8-i türk olmaqla 10 nəfəri vəhşicəsinə qətlə yetirib, daha sonra bir çox türkün yaşadığı evləri yandırıb. Həlak olanların arasında uşaqlar və qadınlar da olub. Onu da qeyd etmək yerinə düşər ki, bu cinayət Türkiyədə, yaxud qardaş ölkənin kədərini paylaşan Azərbaycanda hər hansı bir alman vətəndaşına qarşı törədilsəydi, o zaman Avropa və Almaniya siyasətçiləri bütün dünyanı lərzəyə gətirən bir kampaniyaya başlayardılar.

Almaniyanın mətbuat azadlığına qarşı bədnam aktına ilk etiraz Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçisi Egemen Bağışdan gəlib. Nazir bəyan edib ki, Almaniyada yaşayan türklər unutmasınlar ki, onların arxasında Türkiyə Cümhuriyyəti dövləti var. Xarici işlər naziri Əhməd Davudoğlu da alman həmkarı Quido Vestervelleyə telefonla zəng edərək, ondan türk mətbuatı və diplomatlarına məhkəmə prosesini izləmək üçün şərait yaradılmasını tələb edib.

Baş nazirin müavini Bəkir Bozdağ məhkəmə salonunda 50 alman jurnalist olduğu halda, bir türk mətbuat nümayəndəsinin də olmamasını məhkəmənin sədri Karl Huberin birtərəfli mövqeyinin nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, “bu qərar Türkiyədə qəbul edilsəydi, “orada ədalət yoxdur” deyə dünyada qiyamət qopardı. Alman məhkəməsinin qərarına digər Avropa ölkələrindən etiraz gəlməməsi “ikili standartlar” siyasətinin bir örnəyidir”.

Kamran