AZE | RUS | ENG |

Münhen üç gün ərzində “dünyanın mərkəzi”nə çevriləcək

Münhen üç gün ərzində “dünyanın mərkəzi”nə çevriləcək
Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti konfransda əsas müzakirə mövzusu olacaq

Fevralın 15-17-də Münhendə Təhlükəsizlik Forumunun 55-ci iclası keçiriləcək. Almaniyanın Bavariya vilayətinin paytaxtında baş tutacaq tədbir ilin əsas beynəlxalq hadisəsi olacaq. Foruma dünyanın 40-dan artıq ölkəsinin prezidenti və baş nazirləri, eləcə də 100-ə yaxın nazir qatılacaq. Rusiyanı tədbirdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Bütövlükdə tədbirdə 500-ə yaxın qonağın iştirakı nəzərdə tutulub. Alman kütləvi informasiya vasitələrinin məlumatına görə, Münhen üç gün ərzində "dünyanın mərkəzi”nə çevriləcək.
Yeri gəlmişkən, hər dəfə olduğu kimi, bu dəfə də Münhen Təhlükəsizlik Konfransı üçün xüsusi olaraq "Munich Security Report 2019” tərəfindən xüsusi hesabat hazırlanıb. Bu hesabat dünyada təhlükəsizliklə bağlı vəziyyəti əks etdirir. Belə ki, hesabat müəllifləri 2015-ci ildən bəri forumun açılışına bir neçə gün qalmış belə bir tədqiqatı təqdim edirlər. Sənəd bu istiqamətdə müzakirələrin aparılmasını nəzərdə tutur. Rusiyanın "Kommersant” qəzeti "Security Radar”in keçirdiyi sorğunun nəticələrini əldə etməyə müvəffəq olub. Sorğudan bəlli olur ki, Avropada yeni müharibənin baş vermə təhlükəsindən ən çox ehtiyat edən ölkələrdən biri Rusiyadır - 59 faiz. Ukraynalıların isə 60 faizi müharibənin baş vermə ehtimalından çəkinir. Ukraynalıların böyük bir kəsimi bu qənaətdədir ki, onların ölkəsinin statusu lazımi səviyyədə qiymətləndirilməyib və şad olardılar ki, Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edilsin. Rusiyada isə Ukraynaya BMT sülhyaratma missiyasının göndərilməsinin əleyhdarları kəskin şəkildə artıb.
Fridrix Ebert tərəfindən 7 ölkədə keçirilən sorğunun nəticələrinə görə, suallar Rusiya, Ukrayna, Fransa, Almaniya, Latviya, Polşa və Serbiya vətəndaşlarına ünvanlanıb. Yeni silahlı münaqişələrin baş verəcəyi ehtimalına ən az almanlar inanır – 24 faiz. Ən təəccüblüsü isə odur ki, Rusiya və Ukrayna vətəndaşları Ukrayna böhranının həll edilməsində gözlənilməz halda eyni mövqedən çıxış ediblər. Rusların 64, ukraynalıların 63 faizi hesab edir ki, Ukraynada baş verənlər ölkənin daxili işidir və özü bu problemin həllinə çalışmalıdır. Almanların 54 faizi isə bu nəticə ilə razı deyil. Rusların 50 faizi Ukrayna böhranının həlli ilə BMT-nin "mavi dəbilqəliləri”nin məşğul olmasını istəmir. Ukraynada rəyi soruşulanların 53 faizi isə əksinə, belə bir missiyanın olmasını arzu edir. Polşada da respondentlər sülhməramlıların olmasını ən çox istəyənlər sırasındadırlar - 63 faiz. Ukraynalıların 74 faizi hesab edir ki, onların ölkəsi dünyada layiq olduğu statusa malik deyil. Bu göstərici üzrə onları Serbiya keçir. Serblərin 85 faizi hesab edirlər ki, onların statusu lazımı şəkildə qiymətləndirilməyib. Rusiyanın statusu ilə ölkə əhalisinin 56 faizi razı deyil. Almanların isə cəmi 27 faizi ölkələrinin mövcud statusu ilə razı deyil. O ki qaldı Rusiyaya yeni sanksiyaların tətbiq edilməsinə - bu məsələdə də ən müxtəlif fikirlər var. Rusiyaya yeni sanksiyaların tətbiq edilməsini ukraynalıların 66, polyakların 62 faizi dəstəkləyir. Rusların 90 faizi buna qarşıdır, onun strateji müttəfiqi serblərin isə 91 faizi bunu istəmir. Almanlara gəldikdə, 75 faiz Rusiyaya qarşı sərt, məhdud qərarların qəbul edilməsinə qarşıdır. Latviyada isə ictimai rəy ikiyə bölünüb – 36 faiz sanksiya tətbiqini istəyir, 59 faiz isə əleyhinə çıxış edir.
"Kommersant” yazır ki, Rusiya mövzusu Münhen Təhlükəsizlik Konfransının əsas mövzularından biri olacaq. Konfransın saytında yerləşdirilən xəbərdə prioritet mövzulardan biri Avropa İttifaqında mövcud vəziyyət, transatlantik əməkdaşlıq və fövqəldövlətlərin –ABŞ, Rusiya və Çin arasında rəqabətin mümkün nəticələri olacaq. Konfransın rəhbəri Volfanq İşinger bildirib ki, "dünya kiçik və orta böhranları sadəcə yaşamır - problem daha fundamentaldır. Bu da əsas etibarilə onunla bağlıdır ki, beynəlxalq nizam qaydaları dəyişir”.
Yeri gəlmişkən, Münhen konfransı ərəfəsində qalmaqallar da yaşanır. Belə ki, Fransa prezidenti Emmanuel Makron Münhenə gəlmək istəmədiyini bəyan edib. Halbuki, Almaniya kansleri Angela Merkel ilə tədbiri açmalı idi. Bu tandemi təşkil etməklə, təşkilatçılar Avropanı vahid və güclü görmək istədiklərini bildiriblər. Beləliklə də, görünən odur ki, xanım Merkel təkcə çıxış etməli olacaq. Böyük ehtimalla Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti konfransda əsas müzakirə mövzusu olacaq. Ən əsası, Rusiyanın Ukraynadan yan keçəcək "Şimal axını-2” layihəsi diqqət mərkəzində olacaq. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin məsələ ilə bağlı bildirib ki, "Ukrayna üzərindən yüklərin daşınmasına da hazırıq, amma bizim istədiyimiz şərtlərlə. Hazırda ukraynalıların tərəfdarı olmayacağı bir sıra məqamlar var”. Pankin Vaşinqtonun ABŞ və Avropada iş dünyasının qazanması üçün hərəkət etməsinin vacib olduğunu vurğulayıb. O, ABŞ-ın sanksiyalar vasitəsilə Rusiyaya böyük həcmdə zərər vura bilmədiyini söyləyib: "Bunun bizə zərər verməməsinin səbəbi sanksiyaların dövlət borcunu və ya dollar əməliyyatlarını hədəf almasıdır”. Moskvanın Vaşinqtonla dialoqa hazır olduğunu deyən Pankin yeni sanksiyalar tətbiq edilərsə, cavab verə biləcəklərini bildirib. O, həmçinin qeyd edib ki, sanksiyaların nəticəsi kimi Moskva dolların təsirindən qaçmağa çalışsa da, bu valyutadan tamamilə imtina etməyəcək: "Rusiya bir sıra ölkələrlə əməliyyatları digər valyutalarla həyata keçirmək üçün danışıqlar aparır. Avropanın da Rusiya ilə ticarətdə avrodan istifadə etməsi məqbuldur. Ancaq neft və qaz ticarətində bu il avro ilə ödəniş etmək ehtimalı aşağıdır”.
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219