• şənbə, 20 Aprel, 05:46
  • Baku Bakı 15°C

Münasibətlərin yüksək səviyyəsinin göstəricisi - Fotolar

20.11.18 20:19 947
Münasibətlərin yüksək səviyyəsinin göstəricisi - Fotolar
Belarusla Azərbaycan hələ keçmiş SSRİ-də müttəfiq respublika olublar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİdağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. İki ölkə arasında diplomatik əlaqələr1993-cü iliniyun ayının 11-dəqurulub. Belə ki, diplomatik əlaqələrin yaradılması haqqında protokol 11 iyun 1993-cü ildə Afinada imzalanıb. Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gətirilməsindən sonra bu əlaqələr bir qədər də yaxşılaşdırılıb. Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. Rəsmi Minsk Azərbaycanın ərazi bütövlüyünü, ədalətli mövqeyini hər zaman dəstəkləyib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə Belarus-Azərbaycan əlaqələri daha üstün səviyyəyə keçib. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında Azərbaycanın Belarusda səfirlikləri açılıb. Ötən illər ərzində Prezident İlham Əliyev Belarusa 5 dəfə, Prezident Aleksandr Lukaşenko Azərbaycana 4 dəfə rəsmi səfər edib.

Ölkə başçısı İlham Əliyevin noyabrın 19-da Belarusa növbəti rəsmi səfəri olub. Bu səfər öncəsi Azərbaycanın Belarusdakı səfirini Prezident A.Lukaşenko, ölkəmizdəki Belarus səfirini Prezident İ.Əliyev qəbul edib. Hər iki hal diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilib. Rəsmi səfərdən öncə hökumətlərarası birgə komissiyanın da iclası keçirilib və iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub, yekun protokol imzalanıb. 19 noyabr tarixində həyata keçirilən səfər çərçivəsində isə Prezident İ.Əliyevin Belarus Prezidenti A.Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam edib.
Bu, iki ölkənin prezidentləri arasında qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir. Çünki iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır. Səfər çərçivəsində təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Geniş tərkibli görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd-təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir.

Onu da qeyd edək ki, səfər çərçivəsində Prezident İ.Əliyev Minskdə açılmış Azərbaycan Ticarət Evinə baş çəkib, burada yaradılan şəraitlə yaxından tanış olub. Eyni zamanda səfər zamanı iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Həmin sənədlər arasında ən vacibi dövlət başçıları tərəfindən imzalanmış "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. Bəyanatda Azərbaycan və Belarusun strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirdiyi vurğulanıb.
Bununla yanaşı, bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub. Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Çünki Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.

Prezident İ.Əliyev birgə mətbuat konfransında iki ölkə arasındakı münasibətlərə toxunaraq bildirib ki, Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyir. Dövlət başçısı vurğulayıb ki, bu dəstək müzakirəsiz, məsləhətsiz, razılaşmasız, avtomatik xarakter daşıyır: "Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir”.

Millət vəkili, politoloq Aydın Mirzəzadə mövzu ilə bağlı bildirib ki, Azərbaycan və Belarus arasında yaxın dostluq və mehriban qonşuluq münasibətləri var. Onun sözlərinə görə, hər iki ölkə bir-birinin daxili işlərinə qarışmamaq, iqtisadi əlaqələr, beynəlxalq birlikdə stabillik və əməkdaşlıq uğrunda birgə mübarizə aparmaq prinsiplərini əsas götürürlər. Deputat qeyd edib ki, bu siyasət hər iki ölkənin maraqlarına cavab verir və qarşılıqlı əməkdaşlığı yüksək səviyyəyə qaldırır: "Ölkələr arasında bütün sahələr üzrə siyasi, iqtisadi, hərbi-texniki əməkdaşlıq mövcuddur. Azərbaycanın Ermənistandan başqa bütün dövlətlərlə dostluq siyasəti yeritməsi bütün ölkələrdə olduğu kimi Belarus ilə də münasibətlərdə özünün müsbət nəticələrini verir. İlk növbədə ölkələr bir-birinin daxili və xarici siyasətinə hörmətlə yanaşdıqlarını bildirirlər. İkincisi, ölkələr stabillik, insan hüquqlarının qorunması, beynəlxalq aləmdə hərbi münaqişənin aradan qaldırılması kimi prinsiplərə riayət edirlər. İqtisadi əməkdaşlıq da ildən-ilə genişlənir. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, bu istiqamətdə iki ölkənin əməkdaşlığı mümkün olmasın. Artıq iki ölkənin iqtisadi əməkdaşlığı, birgə fəaliyyət üçüncü ölkələrə də çıxmağa imkan verir. Bu isə əlbəttə ki, yeni iş yerləri, büdcəyə əlavə daxilolmalar, ən əsası da ölkələrin bir-birinə inamının artırılmasına səbəb olur. Belarus Azərbaycanın ərazi bütövlüyünü tanıyır, eləcə də ölkəmizin milli maraqlarına hörmətlə yanaşır. Bu mənada şübhəsiz ki, Prezident İlham Əliyevin Belarusa səfəri iki dost ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq”.

Milli Məclisin deputatı Musa Qasımlı da mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, Prezident İ.Əliyevin Belarusa səfəri qarşılıqlı münasibətlərin böyük potensialından və perspektivlərindən xəbər verir. O, Azərbaycan və Belarus arasında ənənəvi olaraq yaxşı münasibətlər formalaşdığını söyləyib. Deputatın sözlərinə görə, həmin münasibətlərin dərin təməlləri var: "Bu münasibətlər qarşılıqlı maraqların təmin olunmasına söykənir. Həmin əsasda iki ölkə arasında siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni humanitar sahələrdə əməkdaşlıq qurulub və inkişaf edib. Ölkələr arasındakı münasibətlərin hüquq-müqavilə bazası da formalaşıb. Azərbaycan və Belarus arasında münasibətlərə Prezident İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun şəxsi münasibətlərinin də böyük təsiri var. Ölkə başçısı İlham Əliyevin bu səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı və perspektivləri mövcuddur”.

"Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib ki, Prezident İlham Əliyevin Minskə səfəri ilə 25 illik dinamik inkişaf tarixi olan Azərbaycan-Belarus münasibətlərində yeni dövrün əsası qoyuldu. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşünün maraqlı və çoxvektorlu olacağı əvvəldən bəlli idi: "Təkcə bu faktı nəzərə alaq ki, beynəlxalq münasibətlər tarixində iki ölkə liderinin yüksək görüşdən qabaq səfirlərlə əlahiddə görüşməsi çox nadir hallarda rast gəlinən praktikadır. Öncədən bu görüşün nəticələrini müxtəlif motivlərlə izləyən və hətta bu görüşün əleyhinə işləyən qüvvələr də var idi. Lakin liderlərin tam anlaşıqlı şəxsi münasibətləri sayəsində görüş barədə bütün məqbul proqnozlar özünü doğrultdu və iki ölkənin münasibəti dərinləşmə və genişlənmə istiqamətində yeni mərhələyə çıxdı. 25 illik münasibətlərin onsuz da möhkəm əsası və nəzərəçarpan əhəmiyyətli nəticələri var idi. Lakin Azərbaycan Prezidentinin səfəri həm ortada olan indiyə qədərki nəticələri ümumiləşdirmək, həm də real və yeni istiqamətləri ortaya çıxarmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir. Bu kontekstdə Azərbaycan-Belarus münasibətlərinin yaxın perspektiv üçün beş əsas istiqamət üzrə böyük nəticələr hasil edəcəyinə şübhə yoxdur. Bunlar iqtisadi-ticarət, qarşılıqlı investisiyalar, hərbi-texniki əməkdaşlıq, beynəlxalq təşkilatlarda davamlı birgə fəaliyyət və üçüncü ölkələrin bazarlarının xalqların rifahı naminə birgə mənimsənilməsi istiqamətləridir".
A.Quliyev qeyd edib ki, çox nadir hallarda iki ölkə liderinin münasibətləri Azərbaycanla Belarusun timsalında olduğu kimi arada heç bir qapalı mövzunun qalmadığı həddə qədər dərinləşə bilir: "Bu, ölkələrimizin liderləri arasında həqiqətən səmimi və anlaşıqlı münasibətlərin sayəsində əldə olunmuş nəticədir. Hər iki dövlət başçısı müxtəlif ifadə formalarında təsadüfən demədilər ki, hətta ən mürəkkəb məsələləri konstruktiv əsaslarla müzakirə edə bilirlər. Azərbaycan və Belarus böyük iqtisadi potensiala və geosiyasi üstünlüklərə malik ölkələrdir".

Ekspertin fikrincə, qəbul edilmiş birgə memorandumun dərin təhlili göstərir ki, iki ölkə yeni-yeni müqavilələr imzalamaq ərəfəsindədir: "Xüsusilə hərbi-texniki əməkdaşlıq barədə yeni müqavilənin imzalanması indi daha realdır. Bunu çoxdandır Belarusun Azərbaycana silah satması ətrafında hay-küy salmaq istəyən təcavüzkar Ermənistana çox tutarlı cavab zərbəsi saymaq olar. Dağlıq Qarabağ məsələsinin həllində Belarusun ərazi bütövlüyü və suverenlik prinsipinə bir daha sadiqlik nümayiş etdirməsi Qarabağda status-kvonu saxlamaq istəyənlərə qəti cavab mesajı oldu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitindəki prinsipial davranışların ardınca cənab Lukaşenkonun Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirmək kursu nümayiş etdirməsi çox əhəmiyyətli mövqedir və Azərbaycan diplomatiyasının strateji müttəfiqlər çevrəsini müəyyənləşdirməkdə dəqiq seçimlərlə hərəkət etdiyini ortaya qoyur".

İqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, Prezident İ.Əliyevin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır. Onun sözlərinə görə, bu səfər iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi baxımından da çox vacibdir: "Azərbaycan və Belarus arasında investisiya və birgə layihələrin reallaşdırılması imkanları kifayət qədər genişdir. Son səfər ölkələrimizin birgə həyata keçirdiyi layihələrin sayında və həcmində artımlar olacağından xəbər verir. Bu da iqtisadi və strateji baxımdan ölkələrin daha da yaxınlaşmasına imkan verəcək. Həmçinin səfər iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsi və ölkələrimizin iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından yeni bir mərhələnin əsasını formalaşdırır. Bu səfər çərçivəsində Belarus və Azərbaycan prezidentlərinin iştirakı ilə Minskdə əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanıb. Sazişlər fərqli sektorları – sosial, nəqliyyat, informasiya texnologiyaları, hərbi sahədə əməkdaşlıq daxil olmaqla iqtisadiyyatın, bütövlükdə sosial sferanın müxtəlif istiqamətlərini əhatə edir ki, bu da ölkələrimiz arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyətlidir”.

V.Bayramov qeyd edib ki, Azərbaycan Belarus üçün iqtisadi tərəfdaşlardan biridir: "Bu ilin 9 ayında əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə artıb və 331,5 milyon dollara bərabər olub. Baxmayaraq ki, xarici şoklar hər iki ölkənin iqtisadiyyatına müəyyən qədər təsir göstərib, lakin Azərbaycan və Belarus arasında ciddi artım müşahidə olunub. Həmçinin Azərbaycan ixracatında 20 faizə yaxın artım qeydə alınıb. Son 4 ildə Azərbaycan Belarusa daha çox məhsul ixrac edib. İxracın artması nəticə etibarilə ölkəyə daxil olan valyutanın yüksəlməsinə də təsirini göstərib. Azərbaycan Belarusdan daha çox şəkər, meşə materialları, dərman vasitələri, kərə yağı və siqaret idxal edir. Eyni zamanda, Azərbaycan Belarusa tütün xammalı, polietilen ixrac edir. Bu məhsullar ixracda əsas paya malikdirlər”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər