Münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq - Fotolar

Münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq - Fotolar

Siyasət
11 İyul 2019, 17:51 4545
Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara söykənən münasibətlər qurub. Bu çərçivədə ölkəmiz Avropa İttifaqı (Aİ) və bu təşkilata üzv dövlətlərlə əlaqələrini, xüsusən də siyasi və iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirir. Çünki, Aİ ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində davamlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Azərbaycanın Aİ-yə üzv 9 ölkə ilə strateji tərəfdaşlıq münasibətlərində olması, eləcə də Aİ ilə imzalanacaq yeni strateji sənəd üzərində davamlı iş aparması, avropalı rəsmilərin ölkəmizə, eləcə də Prezident İlham Əliyevin Avropaya səfərləri buna əyani misaldır. Bu günlərdə Aİ Şurasının Prezidenti Donald Tuskun Azərbaycanda səfərdə olması, dövlət başçısı İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüş keçirməsi, mətbuata bəyanatla çıxış edərək münasibətlərimizin səviyyəsi, gələcəyi barədə səsləndirdiyi fikirlər də Aİ-Azərbaycan əlaqələrinin inkişafına xidmət edən amildir. Eyni zamanda bu səfər Avropanın Azərbaycana verdiyi dəyərin növbəti dəfə nümayişidir. 
 


Bakıda olarkən Azərbaycanın çox nadir ölkə olduğunu diqqətə çatdıran D.Tusk burada ənənə və müasirliyin birləşdiyini vurğulayıb. Günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinə görə Azərbaycanın həm Şərqə, həm də Qərbə doğru baxdığını dilə gətirib. O qeyd edib ki, Aİ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Aİ və Azərbaycanın hər il bir-birinə yaxınlaşdığını söyləyən qonaq münasibətlərin intensivləşdiyini xatırladıb. D.Tusk 2018-ci ildə Aİ ilə Azərbaycanın tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdiyini, Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqların yekunlaşmaq üzrə olduğunu deyib. Bildirib ki, iqtisadiyyatlarımız bunlardan faydalanacaq və Aİ-Azərbaycan arasında siyasi, biznes və mədəni münasibətləri daha da dərinləşəcək. Aİ Şurasının Prezidenti Cənub Qaz Dəhlizinin əhəmiyyətindən də söhbət açıb. Bildirib ki, bu müsbət məqam tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalı, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir.
 
 

Azərbaycanın özünü nəqliyyat və logistika qovşağına çevirmək üçün mühüm addımlar atdığını dilə gətirən qonaq əlavə edib ki, yeni Bakı limanı ölkəmizin Şərq və Qərblə, eyni zamanda, Şimal və Cənub tərəfdaşları üçün iddialarının təcəssümüdür. O, Aİ-nin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək üçün hazır olduğunu bir daha bəyan edib. D.Tusk Bakı səfərini yekunlaşdıraraq ölkəsinə geri qayıtdıqdan sonra da Azərbaycan barədə müsbət fikirlərini ictimailəşdirib. O, özünün "Tvitter” hesabında yazıb ki, Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz bir ölkədir. D.Tusk qeyd edib ki, Aİ və Azərbaycan ildən-ilə bir-birinə daha da yaxınlaşır. Aİ Şurasının Prezidenti D.Tuskun Azərbaycana səfəri, burada keçirdiyi görüşlərdə səsləndirdiyi, sosial şəbəkədə qeyd etdiyi fikirlər Azərbaycanın Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Bu, Avropanın enerji təhlükəsizliyində yer alan, müstəqil siyasət yürütməklə etibarlı tərəfdaş kimi tanınan Azərbaycana həm də Aİ-nin verdiyi dəyərdir.
 
 
  
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili, politoloq Elman Nəsirovbildirib ki, Azərbaycan-Aİ münasibətləri dinamik inkişaf tempinə malikdir. Onun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər, qarşılıqlı əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilib: "Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Bakıya səfəri, burada keçirdiyi görüşlər, səsləndirdiyi fikirlər, öz "Tvitter” səhifəsində məhz Azərbaycan dilində təəssüratlarını çatdırması Avropa İttifaqının Azərbaycana çox etibarlı, strateji tərəfdaş kimi yanaşdığını göstərir. Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən bildirdi ki, dövlət başçımızın səyləri, konstruktiv mövqeyi nəticəsində Avropa İttifaqı-Azərbaycan münasibətləri inkişaf edib, indiki səviyyəyə çatıb. Bununla o, Azərbaycan Prezidentinin Avropa İttifaqı və Azərbaycanın ikitərəfli əlaqələrinin güclənməsində mühüm rol oynadığını dilə gətirib. Bu, olduqca mühüm amil, böyük dəyər və diqqətdir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, qarşılıqlı münasibətlərə, strateji tərəfdaşlıq əlaqələrinə böyük dəyər verməsi, İttifaqa üzv 32 dövlətdən 9-u ilə strateji tərəfdaşlıq müqaviləsini imzalaması deyilənlərə əyani misaldır. Hazırda isə Avropa İttifaqı ilə imzalanacaq yeni strateji sənəd üzərində iş gedir. Bu sənədin imzalanması üçün əsas fundamental məsələlərdə razılaşmalar əldə edilib və yaxın perspektivdə onun imzalanması baş tutacaq. Həmin sazişin imzalanması ilə münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq”.
 
 

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Naqif Həmzəyev də bildirib ki, 1996-cı il aprelin 22-də Lüksemburqda ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan Azərbaycan-Aİ əlaqələri indi yeni mərhələyə qədəm qoyub. Deputatın fikrincə, hazırda tərəflər arasında səmimi, işgüzar, siyasi, iqtisadi əməkdaşlıq əlaqələri var və Prezident İlham Əliyevin yürütdüyü çevik, praqmatik, düşünülmüş xarici siyasət sayəsində bu münasibətlər daha da genişlənib: "İlk gündən Azərbaycanla strateji tərəfdaşlığa, ticarət əlaqələrini davam etdirməyə maraqlı olan Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə Prezident İlham Əliyevin 2019-cu il 9 iyul görüşü bir daha təsdiq etdi ki, Azərbaycan Avropa İttifaqının üzv ölkələri ilə strateji tərəfdaşlığa uğurlu töhfədir. Donald Tuskun ölkəmizə işgüzar səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyinin nümunəsidir”.
 
 

Millət vəkili deyib ki, ölkəmizin xarici siyasətində Avropa qurumları ilə əlaqələr əsas prioritet istiqamətlərdəndir: "Ən əsası beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıqla yanaşı, ölkəmiz Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı olaraq, qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamasıdır. Azərbaycan-Avropa İttifaqı münasibətləri hər şeydən əvvəl bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı əməkdaşlığa əsaslanır və onlar arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” adlı sənəddə bu məsələ aydın əks edilib. Bu mühüm sənəddə bir çox məsələlərlə yanaşı, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunub. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, həmçinin də Avropa İttifaqı ölkələri regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, beynəlxalq hüququn bütün norma və prinsiplərinə əməl edilməsi üçün işğalçı Ermənistana təzyiq göstərəcək, bu təcavüzkar ölkəyə sanksiyalar tətbiq edəcəklər”.

Rufik İSMAYILOV