• şənbə, 20 Aprel, 17:31
  • Baku Bakı 23°C

“Münaqişənin həll açarı Parisdə deyil, Moskvadadır”

17.10.14 12:06 966
“Münaqişənin həll açarı Parisdə deyil, Moskvadadır”
Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində aktivlik müşahidə olunmaqdadır. Bu məqsədlə Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə avqust ayında Soçidə prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında üçtərəfli görüş olub. Sentyabrın 4-də növbəti belə görüş ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə Uelsdə baş tutub. Görüşdə problemin həlli üzrə danışıqların hazırkı vəziyyəti, perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında daha bir görüş isə oktyabrın 27-də Parisdə olacaq. Prezidentlərin Paris görüşündə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də qatılacağı bildirilir. Sözügedən görüşlə bağlı mətbuata açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Dağlıq Qarabağ üzrə böyük sülh sazişi üzərində işə başlamağa hazır olduğunu bəyan edib. Bildirib ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə hər bir görüşün səmərəli olmasını, bu prosesin irəliləməsini istəyir. E.Məmmədyarov qeyd edib ki, qoşunların çıxarılması, qaçqınların qaytarılması, nəqliyyat və infrastrukturla bağlı məsələlərin həlli üzrə strukturlar arasında işçi qruplarının yaradılması haqqında bir sıra təkliflər olub. Onun sözlərinə görə, artıq Azərbaycan ekspertlər səviyyəsində belə danışıqlara başlamağa hazır olduğunu bəyan etdiyindən, Ermənistan tərəfinin cavabını gözləyir.
Azərbaycan və Ermənistan prezidentlərinin Fransada yenidən bir araya gəlməsini “Kaspi”yə şərh edən politoloq Fikrət Sadıxov dövlət başçılarının bu görüşünün çox gərgin siyasi fonda baş verdiyini söyləyib. O, Qərb ilə Rusiya arasında açıq-aşkar qarşıdurmanın yaşandığını, məhz belə bir məqamda ATƏT-in Minsk Qrupuna həmsədr dövlətin problemin tənzimlənməsi istiqamətində təşəbbüs göstərdiyini qeyd edib. Bildirib ki, həmsədr dövlətlər bu problemi özləri başa düşdüyü kimi həll etməyə hazırdırlar: “Reallıq bundan ibarətdir ki, bizə beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. Bu isə o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü dəstəklənməli, işğal altındakı rayonlar qeyd-şərtsiz boşaldılmalıdır. Bu mənada biz kiminsə təşəbbüsünü deyil, ədalətli mövqeyi gözləyirik. Biz onu da görürük ki, Fransa prezidentinin təşəbbüsü var və gündəmdədir. Fransa prezidentinin səmimiyyətinə də şübhə etmirəm. Lakin onu da yaddan çıxarmaq olmaz ki, Fransa prezidentinin ətrafında güclü erməni lobbisi var. Həmin lobbi sıravi vətəndaşlarla yanaşı, güclü siyasi-iqtisadi maliyyə dairələrinin nümayəndələrindən ibarətdir. Fransanın əsl həqiqətləri budur. Ona görə də Azərbaycan hücum diplomatiyasına son zamanlar daha çox üstünlük verib. Bu da müəyyən dərəcədə dünya ictimaiyyəti, siyasi dairələr tərəfindən dəstəklənir. Ən vacibi isə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Çox istərdim ki, Parisdə bu reallıqlar nəzərə alınsın və hansısa müsbət qərar qəbul olunsun. Hər halda bu görüşdən ümidimizi kəsmirik. Ancaq reallıqda Paris görüşündən hansısa radikal dəyişiklik gözləmirəm. İnanmıram ki, Ermənistan birdən-birə öz mövqeyini dəyişsin və ədalətli prinsiplərə əsaslanaraq, Azərbaycan torpaqlarını işğaldan azad etsin”.
Siyasi şərhçi Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında Azərbaycanın bir nömrəli probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, kim bu münaqişənin həllində Azərbaycana dəstək verəcəksə, problemin ədalətli həllini sürətləndirəcəksə, məhz həmin dövlət ölkəmizlə strateji münasibətlərə, strateji müttəfiqliyə ümid bəsləyə bilər. Onun fikrincə, əgər bunu Rusiya edəcəksə, bu ölkəylə də strateji münasibətlərimiz genişlənəcəkdir, yaxud, Fransa, ABŞ kimi ATƏT-in Minsk qrupuna həmsədr olan digər dövlətlər bunu edəcəklərsə, onlarla eyni münasibət qurulacaqdır: “Top bu üç dövlətin meydanındadır. Ancaq hələ ki, real bir nəticə yoxdur. Söz-söhbət gəzir ki, guya, yeddi rayonun qaytarılması müqabilində Azərbaycan Rusiyanın layihəsi sayılan Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyinə üzv ola bilər. Əgər deyilənlər reallıqla səsləşərsə, gərək o zaman birinci addımı Rusiya atsın. Biz bilirik ki, Ermənistan hakimiyyəti tamamilə Rusiyanın nəzarəti altındadır. Dövlət başçısı İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Ermənistan müstəqil dövlət deyil. Birinci mərhələdə Dağlıq Qarabağ ətrafı yeddi rayon azad ediləcək, həmin rayonlardan olan məcburi köçkünlər öz ev-eşiklərinə qayıdacaqlarsa, artıq bu o deməkdir ki, Rusiya təkbaşına bu problemi həll edir. Bu zaman Fransa və Amerikaya da ehtiyac qalmayacaq. Bundan sonra Azərbaycan Rusiyanın layihələri ilə bağlı danışıqları sürətləndirmək olar”.
Prezidentlərin Paris görüşünə gəlincə, siyasi şərhçi Fransada bundan əvvəl də belə bir görüş keçirildiyini xatırladıb. Qeyd edib ki, o zaman sabiq Fransa prezidenti Jak Şirak problemin həllini nəzərdə tutan plan ortaya qoyub. Lakin həmin plan Azərbaycanın maraqlarına cavab vermədiyi üçün qəbul edilməyib: “Güman etmək olar ki, Fransa bu dəfə daha fərqli mövqedən çıxış edəcəkdir. Lakin mən bu məsələdə optimist deyiləm. Çünki münaqişənin həllinin açarı Parisdə deyil, Moskvadadır. Hətta rəsmi Paris münaqişəni həll etmək istəsə belə, Rusiyadakı dairələr buna imkan verməz. Rusiya Ukrayna hadisələrinin fonunda bölgədə öz çəkisini və rolunu artırmaq istəyir. Faktiki olaraq, Kreml Ukraynanı uduzub. Ona görə də başqa dövlətləri uduzmaq istəmir, yaxşı mənada Azərbaycanı qazanmağa çalışır. Azərbaycanı qazanmağın, strateji müttəfiqliyin yolu isə Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, ədalətli həllindən keçir. Heç bir halda Rusiya istəməz ki, ABŞ və Fransa münaqişənin həllində aktiv rol oynasın. Ən azından ona görə ki, Ukrayna hadisələrindən sonra Qərb, Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bütün bunlar deməyə əsas verir ki, Fransadakı prezidentlərin bir araya gəlməsi sıradan bir görüş olacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər