• cümə, 29 Mart, 01:17
  • Baku Bakı 7°C

“Münaqişə Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir”

23.07.15 20:27 1348
“Münaqişə Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir”
"Biz həmsədr qrupu olaraq Azərbaycana gəlməzdən öncə Ermənistanda və Vyanada olduq. Həm Ermənistanda, həm də Vyanada prezidentlərin bu ilin sonuna qədər görüşünün təşkilinin mümkünlüyünü müzakirə etdik". APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda deyib.
"Prezidentlər arasında görüşün çərçivəsini müəyyənləşdirmək istəyirik ki, dövlət başçıları bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparsınlar. Hər iki ölkədə prezidentlərlə danışıqlarımız oldu. Danışıqlar əsnasında iki tərəfin də atəşkəs rejiminə riayət etməsinin zəruriliyini vurğuladıq, cəbhə xəttində hər hansı zorakılıq hallarının baş verməməsinin vacibliyini qeyd etdik", - deyə diplomat bildirib.
O, son bir beçə ay ərzində təmas xəttində nisbətən sakitlik müşahidə olunduğunu qeyd edib: "Biz bu sakitliyin davam etməsini istəyirik. Düşünürük ki, cəbhədəki sakitlik gələcək etimadın qurulması, eyni zamanda tərəflərin biri-birinə hörmətlə yanaşması üçün bilavasitə zəmin yaradacaq".
Ceyms Uorlik deyib ki, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi illər boyu müzakirə olunan məsələdir: “Mən düşünürəm ki, sülhməramlı qüvvələrin yerləşdirilməsi və eyni zamanda beynəlxalq təhlükəsizlik zəmanəti istənilən münaqişənin həllinin əsas amillərindən biri olmalıdır”. Diplomat bildirib ki, bu məsələ münaqişəyə cəlb olunmuş hər iki tərəfin diqqətindən yayınmamalıdır və görüşlər zamanı müzakirə olunmalıdır.
Azərbaycanlı girovlar məsələsinə gəldikdə isə, həmsədr bu məsələyə toxunduqlarını vurğulayıb: “Girovlar məsələsinə həm ABŞ hökumətinin, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin münasibəti eyni olaraq qalır".
Ukraynanın Donbas regionundakı münaqişə ilə Azərbaycanın Dağlıq Qarabağ regionundakı münaqişənin nə ilə fərqləndiyi barədə suala C.Uorlik belə cavab verib: “Münaqişələr fərqlidir. Hər bir münaqişənin özünün mənbəyi, tarixi var. Ukrayna böhranı, Dağlıq Qarabağ və digər münaqişələr biri-birləri ilə müqayisə edilə bilməz. Hər bir münaqişəyə bilavasitə münaqişənin zəminindən asılı olaraq müxtəlif yanaşmalar olmalıdır. Dağlıq Qarabağ münaqişəsi Helsinki Yekun Aktının prinsipləri - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmə prinsipləri əsasında həll olunmalıdır”.
Amerikalı həmsədr "Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar hüquqi sənəddir. Siz nizamlanma prosesində beynəlxalq hüququ özündə əks etdirən bu sənədə istinad edəcəksinizmi" sualına belə cavab verib: “Hüquqşünas olmadığıma görə hər hansı hüquqi məsələ barədə ətraflı danışa bilmərəm. Onu deyə bilərəm ki, istənilən müstəvidə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar tərəflərin marağındadır. Tərəflər özü də bu istiqamətdə böyük əzmkarlıqla işləyir. Bütün fəaliyyətlər münaqişənin sülh yolu ilə həllinə istiqamətləndirilib. Münaqişənin həlli həm Azərbaycan, həm də erməni xalqlarının marağında və xeyrinədir. Düşünürəm ki, müharibə dövrü artıq keçib. Bu müharibədə həddindən artıq qurban verilib, həddindən artıq vəsaitlər itirilib”.
banner

Oxşar Xəbərlər