AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ümumtəhsil məktəbləri əmək bazarının ehtiyaclarına cavab verəcək

Ümumtəhsil məktəbləri əmək bazarının ehtiyaclarına cavab verəcək

Müsahibə
18 May 2020, 18:36 1792
Təhsil Nazirliyinin sektor müdiri Xamis Seyranov: Peşəyönümlü xidmətin həyata keçirilməsində özəl sahibkarlıq subyektlərinin xidmətlərindən də istifadə olunacaq
 
Müasir dünyada təhsillə əmək bazarı arasında əlaqənin və təhsildən əmək bazarına keçidin təmin olunması günün aktual mövzularındandır. Nazirlər Kabineti tərəfindən "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiqi də ölkəmizdə bu istiqamətdə görüləcək işlərə təkan verəcək. Belə ki, X-XI siniflərdə peşə təmayüllü siniflərin və ümumtəhsil məktəblərində peşəyönümlü siniflərin təşkili bu istiqamətdə atılacaq addımlardan olacaq.
Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin layihələrlə iş sektorunun müdiri Xamis Seyranov "Kaspi”yə müsahibəsində yeni qaydalarla bağlı həyata keçiriləcək işlərdən danışıb.
 
Zaman üçün aktual hesab edilə biləcək peşələr
 
- Ümumtəhsil məktəblərində peşəyönümlü xidmətlərin həyata keçirilmsi ilə bağlı təsdiq olunan qaydalar hansı zərurətdən yaranıb?
 
- Ölkəmizdə ümumtəhsil haqqında ilk dəfə 2019-cu il 29 mart tarixində qanun qəbul edilib. Həmin qanunda ümumilikdə ümumtəhsil müəssisələrində peşəyönümlü xidmətin həyata keçirilməsi ilə bağlı müddəalar nəzərdə tutulmuşdu. Əlbəttə, bu, bizim qanunvericilikdə ilk belə müddəa idi. Buna qədər sovet dövründə ümumtəhsil müəssisələrində peşəyönümlü fəaliyyətlə bağlı müəyyən hallarda qısa xarakterli tədbirlər həyata keçirilsə də, ümumilikdə peşəyönümlü xidmətlə bağlı hər hansı müddəalar mövcud deyildi. Həmin qanunun tələbindən irəli gələrək ümumtəhsil müəssisələrində peşəyönümlü xidmətin həyata keçirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qaydalar hazırlanıb. Bu qaydalar əslində bir sıra məqsədləri ifadə edir. Ümumilikdə deyə bilərik ki, peşəyönümlü xidmətin həyata keçirilməsində əsas məqsəd peşə və ixtisaslarla bağlı ümumtəhsil müəssisələrində təhsilalanlara bu istiqamətdə məlumatların verilməsi, təhsilalanlarda ixtisas və peşə seçimində bilik, bacarıq və səriştələrdən ibarət qabiliyyətlərin formalaşdırılması, daha sonra təhsilalanların maraq və bacarıqlarına uyğun olaraq ixtisasca peşə seçiminə yönəldilmələri ilə bağlı xidmətin həyata keçirilməsidir. Hesab edirik ki, peşəyönümlü xidmətin təhsil müəssisələrində həyata keçirilməsi günün aktual məsələlərinə cavab verir. Ümumilikdə, əmək bazarı özü üçün müəyyən peşə sahəsində ixtisaslaşan insanları cəlb edir. Ümumtəhsil müəssisələrini bitirən məzunların müəyyən biliklə yanaşı, peşə istiqamətlərində də məlumatlarının olması, o cümlədən peşə bacarıq və səriştələrinə malik olmaları arzuediləndir.
 
- Heç şübhəsiz, bu qaydalar hazırlananda və təsdiq olunanda, əmək bazarının tələbləri araşdırılıb. Bu gün əmək bazarı hansı peşələri daha çox tələb edir? Hazırda qəbul edilən qaydalarda ümumi bir peşə təsnifatı və ya tələbləri müəyyənləşdirilibmi?
 
- Aktual sualdır. Ümumiyyətlə, peşə tələbatı zamanın tələblərinə uyğun olaraq dövrlə dəyişir. Yəni, konkret olaraq peşələrin siyahısı müəyyənləşdirilə bilmədiyi kimi, ümumilikdə bir dövr üçün aktual olan peşələrin siyahısını tərtib etmək də mümkün deyil. Hər bir zamanda texnoloji inkişaf və ya zamanın tələbinə uyğun olaraq cəmiyyətdə baş verən elmi-texniki tərəqqi və yaxud da hər hansı inkişaf mərhələsi özü üçün aktual peşələri seçməyə gətirib çıxarır. Bu baxımdan, peşə tələbatı dövrün tələblərinə uyğundur. Hazırda qəbul edilən qaydalarda da ümumi bir peşə təsnifatı və ya tələbləri müəyyənləşdirilməyib. Konkret olaraq müəyyənləşdirilib ki, zamana uyğun olaraq mütəxəssislər tərəfindən daha aktual hesab ediləcək peşələr barəsində məsləhətlər veriləcək, zamanla bu, dəyişilə bilər, bu və ya digər peşə gələcək üçün daha aktual edilə və ya edilməyə bilər. Və yaxud dünən üçün daha aktual hesab etdiyimiz peşə gələcək üçün daha aktual və ya cəlbedici görünməyə bilər. Bu baxımdan, zaman üçün aktual hesab edilə biləcək peşələrə dair modulların müəyyənləşdirilməsi nəzərdə tutulub. Yəni, Təhsil Nazirliyi tərəfindən peşə təmayüllü siniflər yaradılarkən orada tədris ediləcək tədrisin məzmununa həmin dövr üçün aktual hesab ediləcək mövzular daxil olunacaq. Bu bir tərəfdən zamanın tələbi ilə bağlıdırsa, digər tərəfdən isə, bu qaydalar ümumölkə səviyyəsində təsdiq olunacağından, müəyyən bir regionda yerləşən ümumtəhsil müəssisəsində təhsil alan şəxslər üçün hər hansı bir peşə digər bir regionda təhsil alanlar üçün aktual olmaya bilər. Məsələn, dağlıq və dağətəyi rayonların daxil olduğu ərazilərdə yerləşən ümumtəhsil müəssisələri üçün əkinçilik xüsusiyyətlərinə malik olan əkin növləri və ya turizm zonalarında olan turizmlə bağlı peşələr aran rayonlarında yerləşən məktəblərdə təhsilalanlar üçün aktual olmaya bilər. Yaxud da əksinə, mərkəzi aran rayonları üçün xarakterik olan əkinçilik xüsusiyyətləri digər regionlar üçün uyğun olmaya bilər. Buna görə də təhsilalanlara gələcəkdə həm peşə təmayüllü məsləhətlərin verilməsi, həm də orada bu tip siniflər təşkil edilərsə, qeyd etdiyim şərtlər nəzərə alınaraq modullar müəyyənləşdiriləcək.
 
- Bu qaydalar bütün ümumtəhsil məktəblərini əhatə edəcək, yoxsa uyğun regionlarda həyata keçiriləcək? Həmçinin siniflər üzrə necə təsnifatlanacaq?
 
- "Ümumtəhsil haqqında” qanuna uyğun olaraq hazırda qəbul edilən qaydalarda nəzərdə tutulan peşəyönümlü xidmət bütün ölkə üzrə yerləşən dövlət ümumtəhsil müəssisələrini əhatə edəcək. Peşəyönümlü xidmətin həyata keçirilməsi formalarından danışırıqsa, bu, bir neçə tədbirlər vasitəsilə həyata keçiriləcək. Məsələn, maarifləndirmə, peşə marağı və qabiliyyətinin öyrənilməsi, diaqnostik, məsləhət, təlim tədbirləri və s. olacaq. Həm də peşə təmayüllü siniflərin təşkili də mümkün olacaq. Peşə təmayüllü siniflərin təşkili ölkə və regional səviyyədə mövcud əmək bazarının ehtiyacları nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən müəyyənləşəcək. Gələcəkdə həmin peşə təmayüllü siniflərin təşkili zamanı bu tədbirlər açılacaq siniflərdə nazirlik tərəfindən müəyyənləşdiriləcək. Bu zaman regionda yerləşən ümumtəhsil müəssisələrinin maddi-texniki bazası, rayon və şəhər mərkəzinə yaxınlığı, nəqliyyat qovşaqlarına münasibətdə yerləşmə və s. amillər nəzərə alınaraq müəyyən ediləcək.
 
Təhsilalanlar üçün daha faydalı və əlverişli şərait
- Peşə təmayüllü məktəblərdə və ya peşəyönümlü siniflərdə oxumaq şagirdlərə təhsil müəssisəsini bitirəndən sonra peşə məktəblərinə və ya kolleclərə qəbul prosesində iştirak zamanı hansı üstünlük verəcək?
 
-  Bu, qaydalarda konkret olaraq öz əksini tapıb. Nəzərdə tutulur ki, peşə təmayüllü sinifləri bitirən məzunlara, onların ümumtəhsil müəssisələrini bitirmələrinə görə verilən tam orta təhsil haqqında attestatla yanaşı, onlara tədris edilmiş modullardan asılı olaraq peşə istiqamətinin adı göstərilməklə sertifikat verilsin. Həmin sənədin forması da nazirlik tərəfindən müəyyənləşəcək. Bu sertifikatı əldə edən şəxslər sonra peşə təhsili müəssisələrinə sənəd verərkən müsabiqədənkənar qəbul olunacaqlar. Yəni onların peşə təhsili müəssisələrində ala biləcəkləri ixtisaslar ümumtəhsil müəssisələrində aldıqları ixtisaslarla qarşılaşdırılaraq, onlara tədris olunan modullar nəzərə alınacaq. Bu baxımdan, həmin şagirdlərin bir sıra üstünlükləri olacaq ki, öz təhsillərini sonradan davam etdirərkən əldə etdikləri biliklərdən istifadə edə bilsinlər.
 
- Bəs özəl və dövlət müəssisələri bu prosesdə hansı şərtlərlə iştirak edəcəklər?
 
- Bu qaydalar yeni olması ilə yanaşı, özü ilə tədris və təlim prosesinə bir sıra yeniliklər gətirib. Məhz peşəyönümlü xidmətin həyata keçirilməsi ilə bağlı özəl sahibkarlıq subyektlərinin xidmətlərindən də istifadə etmək mümkün olacaq. Qaydalara uyğun olaraq qeyd etdiyimiz məsləhət xidmətləri, təlim-tədris və maarifləndirmə prosesləri ümumtəhsil müəssisələrində çalışan müəllimlərlə yanaşı, özəl müəssisələr tərəfindən razılaşdırılmış şəkildə həyata keçiriləcək. Həmin peşəyönümlü xidmətin həyata keçirilməsi ümumtəhsil müəssisəsinin yerləşdiyi ərazidə mövcud olan müəyyən təsərrüfat və yaxud özəl sahibkarlıq subyektləri tərəfindən ola bilər. Məsələn, hər hansı fermer təsərrüfatı və ya mənzil-inşaat tikinti təsərrüfatı ola bilər ki, prosesə onlardan nümayəndələr cəlb olunsun. Təhsil alandan sonra da müəyyən biliklər əldə etmək üçün həmin təşkilatlara yönləndirilə bilərlər. Özəl təsərrüfatlarla yanaşı, həmçinin QHT-lərin də prosesə cəlb edilməsi nəzərdə tutulur. Yəni məqsəd sonda təhsilalanlar üçün daha faydalı və əlverişli bir şərait yaradılmasıdır. Məqsəd ümumtəhsil müəssisəsini bitirən şəxs gələcəkdə öz təhsilini adi təhsil müəssisəsində davam etdirməyəcəksə, ona müəyyən peşə bacarıqlarını qazandırmaqla yeni iqtisadiyyatımıza həmin şəxsin töhfə verməsini təmin etməkdir.
 
Sırf könüllülük prinsipi
 
- Bəs şagirdlər bu prosesdən necə xəbərdar olacaqlar? Bu istiqamətdə siniflərin komplektləşdirilməsi arzu və istəklərə əsaslanacaqmı, yoxsa sovet dövründəki kimi, dərslərini yaxşı oxuya bilməyən şagirdlər məcburi şəkildə bu tip məktəblərə yönləndiriləcəklər?
 
- Peşəyönümlü xidmətin təşkili sırf könüllülük prinsiplərinə əsaslanacaq. Məsələn, əgər 9-cu sinifdən sonra 10-11-ci sinifdə təhsil alacaq şəxslər üçün peşə təmayüllü siniflər yaradılacaqsa, o zaman həmin şəxslərin təhsil müəssisəsində təhsil almaq istəyi sırf könüllülük prinsipi əsasında həyata keçiriləcək. Peşə təmayüllü sinfin təşkil olunduğu məktəbin rəhbərliyinə ərizə ilə müraciət edərək orda oxumaq istədiklərini bildirəcək, sonra isə onlar həmin siniflərə qəbul olunacaqlar. Peşə təmayüllü siniflərdə şagird kontingenti 15 nəfərdən az, 20 nəfərdən çox olmamaqla nəzərdə tutulur. Könüllülük prinsipinə uyğun olaraq təhsil almaq istəyənlərin sayı 20 nəfərdən artıq olarsa, o zaman məktəbin rəhbəri ərizə verən şəxslərin 9-cu sinfi bitirmələri ilə bağlı attestat qiymətlərinə uyğun olaraq müsabiqə təşkil edə və qiymət göstəriciləri daha yaxşı olan şagirdləri məktəbə qəbul edə bilər. 
 
- Peşəyönümlü siniflərin və peşə təmayüllü məktəblərin yaradılması seçimi bütün ümumtəhsil məktəblərini əhatə edəcək?
 
- Peşəyönümlü xidmət bütün ümumtəhsil məktəblərini əhatə edəcək. Amma peşə təmayüllü siniflər bütün məktəblərdə deyil, həmin məktəbin yerləşdiyi ərazi, müəyyən maddi-texniki baza və s. göstəricilər əsas götürməklə müəyyənləşdiriləcək. Peşə təmayüllü siniflər Təhsil Nazirliyinin müəyyən göstəriciləri əsas götürməklə müəyyənləşdirdiyi məktəblərdə yaradılacaq.
 
Söhbətləşdi
Təranə Məhərrəmova