• çərşənbə axşamı, 23 aprel, 12:18
  • Baku Bakı 24°C

Ümummilli lider Heydər Əliyevin Türkiyədə anım tədbirləri keçirilib

08.05.15 13:06 1162
Ümummilli lider Heydər Əliyevin Türkiyədə anım tədbirləri keçirilib
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib. Səfirlikdən “Kaspi”yə bildirilib ki, ilk olaraq mayın 6-da Ankarada fəaliyyətdə olan Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda (TODAİE) "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda geniş tərkibli konfrans keçirilib.
Tədbirdə Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, sabiq nazirlər, qeyd olunan institutun müəllim və tələbə kollektivi, elm adamları, ictimai xadimlər, Ankarada təhsil alan tələbə və müdavimlərimizlə yanaşı çox sayda diaspor və KİV nümayəndələri iştirak ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb.
Ümummilli liderin həyat və siyasi fəaliyyətindən bəhs edən müfəssəl sənədli filmin nümayişinin ardından "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda olan konfrans öz işinə başlayıb. Səfir Faiq Bağırov, TODAİE-nin baş direktoru Prof. Dr. Onur Ender Aslan, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, qeyd olunan institutun dosenti Erkan Tural və doktorantı Elnur Əliyev çıxış ediblər.
Səfir Faiq Bağırov öz çıxışında, ulu öndərin Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsindən sonra xalqımıza etdiyi əvəzsiz xidmətlərdən, Azərbaycanın bir dövlət kimi formalaşaraq inkişaf yoluna qədəm qoymasında Heydər Əliyev dühasının rasional strategiyasından, ölkəmizin xarici siyasətində Türkiyənin müstəsna yerindən və Heydər Əliyevin iki ölkə münasibətlərinin inkişafına etdiyi xidmətlərdən əsaslı və geniş şəkildə bəhs edib.
Ardından Səfir Faiq Bağırov, "Azərbaycan-Türkiyə Münasibətlərində Heydər Əliyevin xarici siyasət baxışı" mövzusunda olan konfransın məruzəçilərinə Səfirliyimizin ümummilli liderimizin adına hazırlatdığı hədiyyələri təqdim edib.
Tədbir çərçivəsində Azərbaycan mahnılarından ibarət musiqi proqramı nümayiş etdirilib, ümummilli lider Heydər Əliyevin həyatını və Azərbaycan-Türkiyə münasibətlərini əks etdirən foto nümunələrindən qurulmuş sərginin açılışı həyata keçirilib.
Tədbir zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, TR Baş nazirinin müavini Numan Kurtulmuş, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Mədəniyyət və turizm naziri Ömər Çəlik, Təhsil naziri Nabi Avcı, Ankara şəhərinin icra hakimiyyətinin başçısı Mehmet Kılıçlar və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin mötəbər tədbirə ünvanladıqları mesajlar oxunub.
Ümummilli lider Heydər Əliyevin doğumunun 92-ci ildönümü münasibətilə Səfirliyin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində mayın 7-də Ankarada yerləşən möhtəşəm Heydər Əliyev Parkında da böyük bir xatirə tədbiri keçirilib.
Tədbirdə Səfirliyin əməkdaşları, Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, çox sayda ictimai xadim, Ankara ictimaiyyətinin nümayəndələri, Ankarada təhsil alan tələbə və müdavimlərimiz, diaspor nümayəndələrimiz və KİV nümayəndələri iştirak ediblər.
İlk olaraq, Səfir Faiq Bağırov başda olmaqla tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin heykəli önünə çiçəklər qoyub və onun mənəvi hüzuru önündə baş əyiblər.
Daha sonra tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, iki qardaş ölkənin himnləri səsləndirilib. Səfir Faiq Bağırov, Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengezer, tələbə və müdavimlərimizin təmsilçiləri, həmyerlimiz Səid Rüstəm Ulu Öndərimizlə bağlı xoş fikirlərini öz çıxışlarında dilə gətiriblər.
Səfir Faiq Bağırov öz çıxışında, Ulu Öndərimizin ölkəmizə əvəzsiz xidmətlərindən, təhsilə və gənclərə verdiyi böyük əhəmiyyətdən və iki qardaş ölkə əlaqələrinin inkişafındakı müstəsna rolu ilə bağlı geniş şəkildə əsaslı fikirlər səsləndirib.
Çıxışlardan sonra, ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa və şeir müsabiqəsinin qaliblərinə Səfir Faiq Bağırov tərəfindən hədiyyələr təqdim olunub.
Ardından Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqiləri ilə gözəl rəqslər nümayiş etdiriblər.
Kaspi.az

banner

Oxşar Xəbərlər