• cümə, 19 Aprel, 03:36
  • Baku Bakı 18°C

Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

11.12.18 22:17 647
Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ümummilli liderimizin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli müasir dünyanın böyük siyasi şəxsiyyətlərindən bir olan ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı, müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə gücləndirilməsi üçün göstərdiyi xidmətləri diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, ötən əsrin 70-80-ci illərində yüksək əzmkarlığı və təşkilatçılıq qabiliyyəti, yorulmaz səyləri ilə respublkamızı həmin dövrdə keçmiş sovetlər birliyində qabaqcıl respublikalar sırasına çıxaran Heydər Əliyev 1982-1987-ci illərdə keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə olarkən də Azərbaycanın inkişafı naminə mühüm xidmətlər göstərib. 1993-cü ildə xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev müstəqil dövlət quruculuğu kimi olduqca çətin və şərəfli tarixi vəzifəni da yüksək siyasi müdrikliklə həyata keçirib, müstəqil ölkəmizin ictimai-siyasi sabitlik şəraitində uzunmüddətli inkişafı üçün etibarlı əsaslar formalaşdırıb.
M.Kərimli Azərbaycanın sosial dövlət konsepsiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar nəticəsində hələ ötən əsrin 90-cı illərində yeni iqtisadi münasibətlərə keçidlə bağlı islahatlar zamanı əhalinin sosial müdafiəsinin təmin edildiyini, sosial müdafiə sisteminin yaxşılaşdırılması üçün ciddi addımlar atıldığını bildirib. O, ölkədə sosial sabitliyin təmin olunması, həssas əhali qruplarının təminatının gücləndirilməsi istiqamətində Heydər Əliyevin xidmətlərini qeyd edib.
Nazir müavini şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, fiziki məhdudiyyətli insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına ulu öndərin xüsusi diqqət və qayğısından bəhs edib. M.Kərimli həssas qruplarla bağlı mühüm sosial proqramlara, o cümlədən şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin minik avtomobili ilə təminatına, fiziki məhudiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərinə ümummilli lider Heydər Əliyevin təşəbüsü ilə başlandığını deyib. Ümummili liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir müavini ölkəmizin bütün istiqamətlər üzrə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. O, eyni zamanda, Azərbaycanda güclü sosial siyasətin aparıldığını, sosial proqramların, aktiv məşğulluq tədbirlərinin miqyasının getdikcə genişləndiyini, sosial cəhətdən həssas qruplara dövlət qayğısının ildən-ilə artırıldığını bildirib.
Tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru, Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı ümummili liderimiz Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı sahəsində tarixi xidmətlərindən, ulu öndərin azərbaycançılıq ideologiyasından bəhs edib. Çıxış edənlər ümummili liderimiz Heydər Əliyevin bütün həyat və fəaliyyətini ölkəmizin inkişafına həsr etdiyini, bu məram naminə yorulmaz fəaliyyətini vurğulayıb, onun işıqlı xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.
banner

Oxşar Xəbərlər