• şənbə, 20 Aprel, 19:34
  • Baku Bakı 24°C

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib

11.05.18 15:00 718
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək ölkəmizin dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Z.Abdullayev qeyd edib ki, Ulu Öndərin həyat və fəaliyyəti əsl vətənpərvərlik məktəbidir: "Ümummilli Lider hələ Sovet dövründə, Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Mərkəzi Komitənin birinci katibi vəzifəsində işləyərkən daim vətənpərvərlik örnəyi nümayiş etdirmiş, ölkəmizin inkişafı naminə yorulmadan mübarizə aparmışdır. Ulu Öndər Azərbaycana bağlılığını, ölkəmizin çiçəklənməsi naminə fəaliyyətini respublikadan kənarda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən də davam etdirmiş, əməli işləri ilə vətənpərvərlik nümunəsi göstərmişdir”.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Xidmət tərəfindən il ərzində silsilə tədbirlər keçirilir: "KİV nümayəndələri arasında Atıcılıq Turniri, orta məktəb şagirdləri arasında "Müstəqilliyimiz əbədidir” adlı yazı, "Müstəqil Azərbaycanın memarı” adlı rəsm müsabiqələri bu tədbirlərin bir hissədir”.
Z. Abdullayev bildirib ki, Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə eyni zamanda "Müstəqilliyimiz əbədidir” adlı yazı müsabiqəsinin qalibləri də mükafatlandırılacaq.
"Müstəqilliyimiz əbədidir” yazı müsabiqəsinin münsiflər heyətinin sədri polkovnik Niyaz Məmmədov çıxışında müsabiqə haqqında ətraflı məlumat verib: "Cari ilin mart ayının 30-dan aprel ayının 30-dək olan müddətdə vətəndaşlar tərəfindən Xidmətin elektron poçt ünvanı vasitəsilə müsabiqəyə 3 mindən çox yazı göndərilib. Müsabiqədə respublikanın bütün rayon və şəhərlərindən olan məktəblilər fəal iştirak ediblər. Münsiflər heyəti yekunda 10 ballıq sistem üzrə yazıları qiymətləndirərək qalibləri müəyyənləşdirib”.
Sonra müsabiqənin qalibləri açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən I yerin qalibi Balakən rayon texniki-humanitar liseyin şagirdi Nuriyeva Günel Mübariz qızı, II yerin qalibi Bakı şəhəri Nəsimi rayon 151 saylı orta məktəbin şagirdi Fərzəliyev Qalib Vüqar oğlu, III yerin qalib isə Qusar rayon 6 saylı orta məktəbin şagirdi Həmidova Aydan Əsman qızı olub.
Qaliblərə diplom və mükafatlar təqdim edilib.
Müsabiqənin qaliblərindən Günel Nuriyeva və Aydan Həmidova Ümummilli Liderin xatirəsinə həsr edilmiş müsabiqənin qalibləri olduqlarına görə fəxr etdiklərini qeyd ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli bu formatda keçirilən müsabiqələrin Ulu Öndər Heydər Əliyevin vətənpərvərlik irsinin gənc nəslə çatdırılmasına və onların milli dəyərlər əsasında tərbiyə edilməsinə mühüm töhfə verdiyini bildirib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı Qarnizonunun hərbi qulluqçuları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
banner

Oxşar Xəbərlər