Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd olunub
Bakı Dövlət
Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü
ildönümü ilə əlaqədar tədbir keçirilib. BDU Mətbuat və informasiya
şöbəsindən "Kaspi”yə bildirilib ki, tədbir
iştirakçıları əvvəlcə ali təhsil ocağının inzibati binasında ulu öndər Heydər
Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, ümummilli liderin xatirəsini
dərin ehtiramla yad ediblər. Ulu öndərlə bağlı kitab sərgisinin nümayişindən
sonra tədbir universitetin professor-müəllim heyəti, çoxsaylı qonaqlar və
tələbələrin iştirakı iə davam edib.
Rektor, akademik Abel Məhərrəmov tədbiri
açaraq müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müasir
Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən
bəhs edib. Qeyd edib ki, şərəfli və mənalı ömür yolunu ölkəmizin tərəqqisinə
həsr etmiş ulu öndərin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi
mütərəqqi inkişaf strategiyası müstəqil Azərbaycanın ictimai həyatının bütün
sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə zəmin yaradıb, onu regionun
qüdrətli, sayılıb-seçilən dövlətinə çevirib. Heydər Əliyev ideyalarını hər
sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin
yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və
elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.
Azərbaycan
Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini və icra katibi Əli
Əhmədov ümummilli lider Heydər Əliyevin ölkəmizin quruculuğu, daxili və xarici
siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, ulu
öndər Heydər Əliyev müasir Azərbaycan
dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə
qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb.
Sonra
Bakı Dövlət Universitetinin idman kompleksində ümummilli liderin anadan
olmasının 93-cü ildönümünə həsr edilmiş fakültələrarası futbol turnirində və digər
idman növləri üzrə yarışlarda qalib olmuş şəxslərə mükafatlar təqdim edilib.
Futbol turnirində tarix fakültəsi birinci, beynəlxalq münasibətlər və
iqtisadiyyat fakültəsi ikinci, sosial elmlər və psixologiya, hüquq fakültələri
üçüncü yerləri tutublar.