• cümə, 29 Mart, 06:34
  • Baku Bakı 5°C

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

06.05.15 14:22 1168
Ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın hər yerində, xarici ölkələrdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təntənə ilə qeyd edilir, ulu öndərin əziz xatirəsi ehtiramla anılır. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyində (İSN) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 92 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev müasir Azərbaycanın banisi Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs edib, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında, əhalinin rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən ulu öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionlarının tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi nəticəsində ölkəmizin inkişafı davamlı xarakter alıb, Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətlərindən birinə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib.
Sonra “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı”, “Heydər Əliyev və regionların sosial-iqtisadi inkişafı siyasəti” və “Heydər Əliyev və Azərbaycan sənayesi” mövzularında məruzələr dinlənilib.
Nazir Ş.Mustafayev tədbirə yekun vuraraq, tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsinin ölkəmizin gələcək inkişafının uğurlu olacağına ən möhkəm zəmanət olduğunu bir daha vurğulayıb.
Sonda ümummilli liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul edilmiş İSN-in əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olunub. Qeyd edək ki, son 6 ildə İSN üzrə YAP üzvlərinin sayı 57-dən 470-ə yüksəlib.
Kaspi.az
banner

Oxşar Xəbərlər