Ümummilli lider Heydər Əliyev Azərbaycan veteran hərəkatının yaradıcısıdır

Ümummilli lider Heydər Əliyev Azərbaycan veteran hərəkatının yaradıcısıdır

Təfsilat
16 Oktyabr 2019, 21:45 93
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 32 illik fəaliyyəti ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib. Təşkilat bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumdur. Hazırda sıralarında Böyük Vətən müharibəsi, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanlarının veteranları, məhəlli döyüşlərin iştirakçıları, arxa cəbhə veteranları, Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olmaqla, ümumilikdə minlərlə üzvü birləşdirən təşkilatımız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işini təbliğ edir, veteranların sosial müdafiəsi məsələlərinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, erməni faşizminin ifşası, eləcə də dünyada sülhün və əmin-amanlığın qorunub saxlanılmasına töhfələr verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov deyib.
General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında qəhrəmanlıq nümayiş etdirmiş veteranlarımıza ən yüksək diqqət və qayğının göstərilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-1980-ci illərdə respublikada bütün sahələrdə olduğu kimi, veteran hərəkatında da canlanma yaranıb, bu hərəkat tədricən bütün ölkəni əhatə edib. Bütün rayon və şəhərlərdə veteran təşkilatlarının yaranmasına göstərdiyi kömək hərəkatın yüksəlişində başlıca rol oynayıb.
Şərəfli fəaliyyətinin 32 ilini geridə qoyan, 1987-ci ildə təsis olunan Respublika Veteranlar Təşkilatına həmin vaxt general-mayor Mustafa Nəsirov sədrlik edirdi. Lakin 1990-cı illərin əvvəllərində ölkədə yaşanan hərc-mərclik Respublika Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərib. Məhz xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra veteranlar təşkilatının fəaliyyəti bərpa olunub, 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Müdrik dövlət xadimi Heydər Əliyevin 1994-cü il iyunun 28-də imzaladığı "Veteranlar haqqında” Qanunda bu diqqət və qayğının hüquqi əsasları müəyyənləşdirilib. Onun veteranlara qayğı siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb. Veteranların sosial müdafiəsinin təminində Prezidentin qayğısını xüsusi qeyd edərək bütün dövlət orqanlarının köməyini də yüksək qiymətləndiririk. Bu qayğının nümunəsi kimi Respublika Veteranlar Təşkilatına müasir avadanlıqla təchiz edilmiş inzibati binanın ayrılmasını və açılışında şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakını, imzalanan sərəncamlar əsasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ayrılan birdəfəlik maddi yardımları, pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranlara və müharibə əlillərinə mənzil və avtomobillərin verilməsini, onlara Prezident təqaüdünün təsis olunmasını qeyd etmək olar.
"Səmərəli fəaliyyətin təşkilində göstərilən dəstəyə görə veteranlar adından Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Veteranlar bu qayğını daim yüksək qiymətləndirir, buna əməli işləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirakları ilə cavab verməyə çalışırlar. Yaradılmış şəraitə görə dövlətimizin başçısına daim minnətdar olan veteranlar Prezidentimizin daxili və xarici siyasətini fəal dəstəkləyirlər.
Respublika Veteranlar Təşkilatının Azərbaycan cəmiyyətinin həyatında müstəsna yeri və rolu var. Bu müstəsnalıq ondan irəli gəlir ki, təşkilatın sıralarında Azərbaycanın ən layiqli nümayəndələri, o cümlədən İkinci Dünya, Əfqanıstan, Qarabağ müharibələrinin iştirakçıları, Silahlı Qüvvələr və əmək veteranları birləşiblər. Veteranların keçdiyi döyüş və həyat yolu hər bir azərbaycanlı, xüsusən də gənclər üçün örnəkdir. Təşkilat hazırda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların dövlətimizə və xalqımıza sədaqət ruhunda yetişmələri istiqamətində ardıcıl və səmərəli fəaliyyət göstərir, veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər bizi daha da ruhlandırır”, - deyə general-polkovnik Tofiq Ağahüseynov vurğulayıb.
Bildirilib ki, təşkilat xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrini genişləndirir. Dünya Veteranlar Federasiyası ilə çoxtərəfli əlaqələrimiz uğurla davam edir. Təşkilatın fəaliyyəti Dünya Veteranlar Federasiyası tərəfindən yüksək qiymətləndirilir. Respublika Veteranlar Təşkilatı mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi edir. Son dövrlərdə müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar mövzusunda xalqların birliyinin faşizm üzərində Qələbədə və sülhün qorunmasında roluna dair keçirilmiş beynəlxalq konfranslar və s. təşkilatımızın beynəlxalq arenadakı mövqeyini göstərdi.
"Bu gün Respublika Veteranlar Təşkilatı dünyada Azərbaycan veteranlarını layiqincə təmsil edir. Təşkilat dünyada sülh və əmin-amanlığın qorunub saxlanılması üçün əlindən gələni əsirgəmir. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışır. Bu baxımdan Prezidentin "Valday” forumunda və Aşqabaddakı çıxışları beynəlxalq münasibətlərdə milli maraqlarımızı qorumaqla yanaşı, erməni təbliğatını ifşa edərək ölkəmizin haqq səsini bir daha dünyaya çatdırdı. Bu, Prezident İlham Əliyevin, həm də Azərbaycanın yüksək nüfuzunun göstəricisidir və biz veteranlar bundan qürur duyuruq. Prezidentin hər iki çıxışını bəyənir və ədalətli addımını dəstəkləyirik. Respublika Veteranlar Təşkilatı da erməni neofaşizminin ifşa edilməsi ilə bağlı dünyanın elm, siyasət, din xadimlərinə bəyanatlar göndərməklə erməni xislətini və siyasətini beynəlxalq aləmdə yayır. Ölkəmizin inkişafında xüsusi yeri və rolu olan Respublika Veteranlar Təşkilatı və çoxsaylı veteranlar ordusu bundan sonra da fəaliyyətini uğurla davam etdirəcək, millətimizə, dövlətimizə və dövlətçiliyimizə sadiq olacaq, - deyə Tofiq Ağahüseynov vurğulayıb.