• cümə, 26 Aprel, 05:19
  • Baku Bakı 16°C

Mümkün şərt və imkanların milli maraqlar üçün səfərbər edilməsi

26.10.16 10:31 1036
Mümkün şərt və imkanların milli maraqlar üçün səfərbər edilməsi
Məlumdur ki, ilk dəfə 1918-ci ildə Şərqin ilk demokratik cümhuriyyəti olan Azərbaycan 70 il sonra 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyinə qovuşdu. Bu illər ərzində bir çox mövzularda uğurlar əldə edildi, nailiyyətlər qazanıldı. Azərbaycan beynəlxalq əlaqələrini genişləndirərək nüfuzlu dövlətə çevrildi və özünə çoxlu dostlar qazandı. Təsadüfi deyil ki, prezident İlham Əliyev müstəqilliyimizin 25 illiyi ilə bağlı toplantıdakı çıxışında ölkəmizin dünya miqyasında böyük rəğbətə malik olan bir ölkə olduğunu diqqətə çatdırıb. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda da bizim sözümüzün böyük çəkisi var: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe daha çox beynəlxalq dəstək qazanır. Artıq dünya ictimaiyyəti bilir ki, reallıq nədən ibarətdir. Yəni, bizim torpaqlarımız işğal altındadır. BMT Təhlükəsizlik Şurasının, digər təşkilatların qətnamələri icra edilmir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq əsasında həll edilməsi bizim prinsipial mövqeyimizdir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Beynəlxalq münasibətlər istiqamətində bizim hörmətimizi əks etdirən tarixi hadisə isə bir neçə il bundan əvvəl baş verib. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Dünya birliyi bu gün də bizi dəstəkləyir”.

Azərbaycanın tutduğu orta yol, yəni balanslı xarici siyasət yürütmə bacarığı isə müstəqillik dövründə verilən ən düzgün qərar kimi qiymətləndirilir. Bildirilir ki, ölkəmizin yerləşdiyi mürəkkəb siyasi region bu cür davranışı tələb edir. Balanslı xarici siyasət konsepsiyasının mahiyyəti uzaqgörənlik hesab olunur və hər kəslə normal münasibətlər qurulmasına hesablanır, beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir.

Mövzu haqda fikirlərini "Kaspi” ilə bölüşən millət vəkili Hikmət Babaoğlu dedi ki, Azərbaycanın xarici siyasətini səciyyələndirərkən onu, əsasən balanslaşdırılmış xarici siyasət kimi xarakterizə edirlər və bu, tamamilə doğrudur: "Düşünürəm ki, Azərbaycanın daxili siyasətini də balanslaşdırılmış siyasət kimi şərh etmək mümkundür. Elə multikulturalizm siyasəti də nəticə etibarilə balanslaşdırılmış etnik mədəni münasibətlər sisteminin məcmusu kimi qarşımıza çıxır. Bu siyasi strategiyanın müəllifi böyük dövlət xadimi, Ulu Öndərimiz Heydər Əliyevdir. Siyasi nəzəriyyələrdə balanslaşdırılmış siyasət termini əvəzinə, daha çox tarazlaşdırılımış siyasət termini işlədilir ki, bu da, əslində eyni məzmunu ifadə edir”.

Millət vəkilinin fikrincə, siyasi leksikon bir az populizmi sevdiyi üçün hazırda biz daha çox balanslaşdırılmış sözündən istifadə edirik: "Bu siyasi strategiyanın mahiyyəti mümkün bütün şərtlər və imkanlar arasında bir tarazlıq yaratmaqla onu milli maraqlar üçün səfərbər etməkdir. Müstəqilliyimizin 25 illik tarixinə nəzər saldıqda da, əsas məsələlərdən biri kimi məhz bu siyasət diqqətimizi cəlb edir. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov "Azərbaycan 25 ildə özünü tam təmin edən bir dövlət olaraq formalaşıb və öz inkişafını uğurla davam etdirir” adlı məqaləsində qeyd edir ki, müstəqillik tariximizi şərh edən Prezident İlham Əliyev onu üç dövrə ayırdı. Bu dövrlər müvafiq olaraq 1991-1993; 1993-2003 və 2003-2016-cı illəri əhatə edir. Bu bölgüdən də göründüyü kimi, müstəqillik tariximizin son 23 ilində əldə etdiyimiz uğurların hamısında balanslaşdırılmış siyasətin çox böyük rolu var. Ekspertlər ölkəmizin müasir beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu xarakterizə edərkən bu məkanı dialoq və əməkdaşlıq məkanı kimi qiymətləndirirlər. Dialoq və əməkdaşlığın tərsi isə qarşıdurma və ziddiyyətdir. Azərbaycan dialoq və əməkdaşlıq ölkəsi kimi tanınırsa, deməli, bu, bizim nailiyyətimizdir, tarazlaşdırılmış siyasətin nəticəsidir. Eyni məntiqlə biz ölkəmizin siyasi, iqtisadi, sosial inkişafının bütün sferalarını bütün parametrlər üzrə balanslaşdırılmış siyasətin nəticəsi kimi səciyyələndirə bilərik”.

Politoloq Qabil Hüseynli də balanslaşdırılmış siyasətin təməlinin mərhum prezident Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatdı: "Məncə, bu, regionda ən düzgün siyasət budur. Azərbaycan bloklara qoşulmayan ölkələr hərəkatının üzvüdür. Öz müstəqilliyini, suverenliyini təmin etmək üçün balanslaşdırılmış, tarazlaşdırılmış siyasət həyata keçirir. Bu siyasət imkan vermir ki, Azərbaycan hər hansı bir dövlətin təsiri altına düşsün. Çünki bunun nəticəsində onun suverenliyi üçün xoşagəlməz hal yarana bilər. Azərbaycan yürütdüyü bu siyasət sayəsində həm Rusiya, həm də İranla münasibətləri qoruyur, özünü müəyyən təsirlərdən mühafizə edə bilir. Ölkəmiz bu xarici siyasətlə beynəlxalq aləmdə nüfuz qazana bilir. Bunun nəticəsidir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Ölkəmiz müstəqillik illərində yürütdüyü siyasət nəticəsində beynəlxalq münasibətlərin aktiv oyunçusuna çevrilib. Aktiv oyunçuluq onun nüfuz və hörmətini xeyli artırıb. Düzdür, Dağlıq Qarabağ problemi hələ həllini tapmamış qalıb və bu, Azərbaycanın ən yaralı mövzusudur. Amma ümid edirik ki, bu məsələ də tezliklə ədalətli həllini tapacaq”.
H.Əsgər

banner

Oxşar Xəbərlər