• çərşənbə axşamı, 19 mart, 06:24
  • Baku Bakı 8°C

Ümumidən konkretliyə: Peşə məktəblərinin ixtisaslaşması nə verəcək?

15.10.16 10:30 4639
Ümumidən konkretliyə: Peşə məktəblərinin ixtisaslaşması nə verəcək?
Peşə təhsili illər öncə aktual olsa da, son dövrlər bu sahəyə maraq demək olar ki, yox səviyyəsində idi. Heç peşə məktəblərinin fəaliyyəti də əhalinin marağına səbəb olacaq səviyyədə deyildi. Amma son proseslər qeyri-neft sahələrinin inkişafının vacibliyini ortaya qoydu. Bu sektorda inkişafa nail olmağın əsas səbəblərindən biri də ixtisaslı peşə kadrlarının olmasıdır.
Peşə təhsilinin təkmilləşdirilməsi ilə bağlı müəyyən işlərin görülməsinə artıq başlanılıb. Onlardan biri də peşə məktəblərinin ixtisaslaşdırılması ilə bağlıdır. Artıq Nazirlər Kabinetinin qərarı ilə indiyədək mövcud olan peşə liseylərinin bazasında peşə təhsil mərkəzləri yaradılıb. Bu qərarla peşə təhsil mərkəzləri ayrı-ayrı ixtisaslar üzrə kadrlar hazırlayacaq. İndiyə qədər isə hər bir peşə təhsili müəssisəsində müxtəlif peşələr üzrə kadrlar hazırlanırdı. Peşə təhsil mərkəzləri yalnız bir qrup ixtisas üzrə təhsil verəcək, hər biri bir sahə üzrə ixtisaslaşacaq.
Dövrün tələbi - peşə məktəblərinin birləşdirilməsi
Təhsil eksperti Əjdər Ağayev"Kaspi”yə açıqlamasında bildirdi ki, peşə ixtisası ilə bağlı bu gün vəziyyət tamamilə dəyişib. O mənada ki, indi məsələlərə kompleks yanaşmaq lazımdır: "Bizim köhnədən aşıladığımız texniki biliklər - maşının idarə edilməsindən tutmuş, hər hansı işin tətbiqinə qədər hər şeyi texniki vərdişlərlə həll etmək aradan çıxıb. İndi eletron sistemlər meydana gəlib. Düzdür, texnika, texniki biliklər də lazımdır. Amma elektron sistem bir çox məsələləri birləşdirir. Elektron sistemdən istifadə bacarıqları formalaşdırmaq lazımdır. Bu bütün peşə sahiblərinə lazımdır”.
Ə.Ağayevin sözlərinə görə, peşə məktəblərinin birləşdirilməsi həm də bir tələbatdan irəli gəlir: "Zamanın, dövrün, eyni zamanda təsərrüfat, sənayenin tələbi olaraq peşə məktəbləri birləşdirilir, hər region üzrə strateji əhəmiyyətli bir peşə məktəbi yaradılır. Peşə məktəbi müxtəlif ixtisaslar üzrə ali məktəb tipinə bənzər, amma peşə təhsili səviyyəsində çevik peşə kadrları hazırlamaq məqsədi daşıyır. Birləşdirilmə buna görə aparılır. Azərbaycanda yerli sənayenin və yerli kənd təsərrüfatının inkişafı üçün bunun rolu böyükdür. Bu ixtisaslaşmada regionun xüsusiyyətləri, təsərrüfat sahələri nəzərə alınır. Cənub zonası subtropik bölgə olduğu üçün həmin ərazidəki peşə məktəbinin ixtisaslaşması da subtropik sahələrlə, çayçılıqla bağlı olmalıdır. Təsərrüfatın zonalara görə aktuallığını nəzərə alaraq həmin zonalarda birləşmiş peşə məktəbləri yaradılır. Bu məsələ bir neçə ay bundan əvvəl qaldırılıb.
Regionlarda həmin məktəblərin mərkəzləşdirilmiş metodik orqanları da olacaq ki, həm metodik bilgilər, həm də bacarıqlar aşılansın. Çünki peşə məktəblərində nəzəri bilik ümumiyyətlə verilir. Amma sonra hər şey bacarıqlardır. Onlar istər təsərrüfatlarda lazım olan mexanizmlərdə, istərsə də innovasiyaları tətbiq etmək imkanı olan elektron sistemlərdə işləməyi bacarmalıdırlar. Ona görə məktəblər birləşdirilib gücləndirilir, Azərbaycan iqtisadiyyatının tələbatını ödəməyə xidmət edir. Bu, zamanın tələbidir, məktəblərin fəaliyyətinin zəifliyi demək deyil. Bu, peşə təhsilinin zamanın, dövrün tələbinə uyğun yeni mərhələyə keçididir”.
Kadrları hazırlayacaq kadrlar varmı?
İxtisaslaşmış peşə məktəblərində tədrisi aparmaq üçün kadr məsələsinə gəlincə, ekspert bildirdi ki, hələ ki bu problem ali təhsil müəssisələrində belə tam həll olunmayıb: "Nəinki peşə məktəblərində, ali məktəblərin özündə də yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrlar azlıq təşkil edir. Hər yerdə kadrların demək olar ki, 40 faizi müasirləşməyib, köhnə texnikadan istifadə edirlər. Tutaq ki, bəzi məktəblərdə əmək təlimində dərs İKT, kompüter, ağıllı lövhələrdən istifadə etməklə, bəzilərində isə balta, çəkiclə aparılır. İkinci də lazımdır. Amma bu gün əsas texnologiyanı bilmək vacibdir. Kadrlar birdən-birə istənilən səviyyədə yarana bilməz. Amma belə bir layihə varsa, müvafiq ali təhsil müəssisələri peşə məktəbləri üçün ixtisaslı kadrlar da hazırlamalıdır. Bu gün edilən dəyişiklik hər şeyin həll olunması demək deyil. Bu, körpə doğuşuna bənzəyən bir məsələdir. Zamanla böyüməlidir. İldən-ilə yeni keyfiyyətlər qazanılmalı, formalaşmalıdır. Yəqin ki, hökumət də bu müəssisələrin kadrla təminatı haqqında fikirləşir”.
"Peşə məktəblərinin ixtisaslara bölünməsi vacib idi”
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu ixtisaslaşmanın aparılması vacib idi: "Çox aktual mövzudur və vaxtında atılmış addımdır. Peşə məktəbləri elə bir sahədir ki, əslində Təhsil Nazirliyinə tabe olacaq qurum deyil. Bir neçə ay bundan əvvəl ölkə rəhbərliyi peşə xidməti ilə bağlı Təhsil Nazirliyinin tərkibində peşə idarəsinin yaradılması ilə bağlı sərəcam imzaladı. Yəni ayrıca bir quruma çevrildi. Sovet dövründə Azərbaycandakı peşə məktəbləri ilə müstəqillikdən sonrakıları müqayisə edək. Bu gün Azərbaycanda 107-yə yaxın peşə məktəbi var. Amma onların fəaliyyəti heç 2-3 peşə məktəbi kimi görünmür. Əslində peşə məktəblərinin ixtisaslara bölünməsi vacib idi. Təsəvvür edin, hər hansı peşə məktəbində həm dülgər, həm zərgər, həm də tikiş sahəsi üzrə müxtəxəssis hazırlanır. Burada daha peşəkar yanaşma ola bilməz. Məsələn, qonşu Türkiyədə, tədqiqat apardığım Avropa ölkələrində hər bir peşə məktəbi müəyyən bir istiqamətdə ixtisaslaşıb. Tutaq ki, bir saylı peşə məktəbi ancaq dülgər, o biri tikinti üçün usta hazırlayır. Ölkə üzrə həmin istiqamətdə ən yaxşı mütəxəssislər oraya cəlb edilir. Amma bizdə czərgərlik üzrə yaxşı mütəxəssislərin biri bir peşə məktəbindədir, digəri başqasında. Onlar öz faydalarını yarımçıq şəkildə tələbələrə verirlər. Amma onların bir yerə cəmlənməsi nəticənin keyfiyyətli olmasına gətirib çıxaracaq”.
K.Əsədov deyir ki, peşə məktəblərinə marağın cəlb edilməsi lazımdır: "Son ilin statistikasına görə, Azərbaycanda ali məktəblərə sənəd verənlərin sayı 85 min nəfər idi. Ondan əvvəlki illərdə 90, 100 minə yaxın məktəbi bitirmiş şəxs ali məktəblərə qəbul olmaq üçün sənədlərini vermişdi. Amma peşə məktəblərinə sənəd verənlərin sayı 3000 nəfərdir. Nə qədər böyük fərq var. Halbuki dünya təcrübəsində peşə məktəblərinə maraq ali məktəblərlə bərabər səviyyədədir. Hətta bəzi hallarda peşə məktəbləri daha üstünlük təşkil edir. Ona görə də təkcə ixtisaslar üzrə qruplaşdırmaq yox, həmçinin ali məktəblərə qəbul plan yerini azaldıb, daha çox yeri peşə məktəblərinə vermək lazımdır. Çünki real iş yeridir. Bunu izah etmək, maarifləndirici işlər aparmaq lazımdır”.
"Maddi-texniki bazası çox zəif olan peşə məktəbləri var”
Ekspertin sözlərinə görə, maddi-texniki bazası zəif olan peşə məktəblərində bu istiqamətdə işlər görülməsinə ehtiyac var: "Təhsil Nazirliyi və ölkə rəhbərliyi tərəfindən peşə məktəblərinin yenidən qurulması, bərpası, tikintisi ilə bağlı ciddi işlər aparılır. Amma hazırda maddi-texniki bazası çox zəif olan peşə məktəbləri var və onlar yenilənməlidir. Çünki avtomobil ustası kadrı hazırlayan peşə məktəbinin avtomobilə aid heç bir ləvazimatı, texniki avadanlıqları yoxdur. Amma kağız üzərində qəbul aparılır, dərs keçilir və dövlət vəsaiti bura cəlb olunur. Ona görə də hesab edirəm ki, bu sahələr üzrə ixtisalaşma olsa, onların maddi-texniki bazası düzəlsə, biz sovet dövründə gördüyümüz, istehsalatda lazım olan kadrları ali məktəblər yox, peşə məktəbləri qısa müddətdə daha effektiv hazırlaya bilər. Bu gün maşınqayırma, cihazqayırma kimi ixtisasları üzrə kadrları ali məktəblər hazırlayır. Amma bunlar peşə yönümlü məktəblərin ixtisaslarıdır. Qısa müddətdə, mobil şəkildə praktika üzərində işləmək lazımdır.
Bu gün ali məktəblərdə gəmirqayırma və s. kimi texniki ixtisaslarda sadəcə nəzəriyyə keçilir. Təcrübə ortada yoxdur. İşə qəbul zamanı da onlar yüksək effektli kadr vermir. Son günlər ərzində peşə məktəblərinin ixtisaslara bölünməsi yolunda atılan addımlar bu sahənin inkişafına gətirib çıxaracaq. Xarici mütəxəssislər cəlb olunaraq dünya təcrübəsini burada istifadə edəcəklər. Hesab edirəm ki, Təhsil Nazirliyi və aidiyyatı qurumlar mütəxəssisləri cəlb etməlidirlər”.
K.Əsədov onu da bildirdi ki, dünya təcrübəsində olan daha bir mexanizmin ölkəmizdə də tətbiq olunmasını istəyir: "Peşə məktəbləri Təhsil Nazirliyinə yox, Əmək və Əhalinin Sosial Müdafiəsi və ya İqtisadiyyat nazirliklərinə - birbaşa əmək bazarına yönəlmiş qurumlara tabe olmalıdır. Bizə elə gələ bilər ki, təhsil verən bütün qurumlar Təhsil Nazirliyinə tabe olmalıdır. Xeyr. Burada kadr hazırlanır. Kard hazırlığı daha çox əmək bazarı ilə işləyən qurumların təklif və tələbləri əsasında formalaşmalıdır. Hesab edirəm ki, növbəti atılacaq vacib addımlardan biri də bu olacaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər