• şənbə, 27 Aprel, 03:16
  • Baku Bakı 14°C

“Ümumerməni dilənmə kampaniyası” ilə bağlı şok detal

29.11.18 15:03 921
“Ümumerməni dilənmə kampaniyası” ilə bağlı şok detal
Bəlli olduğu kimi, bir neçə gündür ki, erməni mediası hər il ənənəvi olaraq keçirilən "ümumerməni dilənmə kampaniyası”dan bəhs edir. Los-Ancelesdə baş tutan marafon bu dəfə "Gəlin bunu birlikdə edək” şüarı altında keçirilib. Budəfəki marafonda gözləntilərin əksinə olaraq xeyli az vəsait toplanılıb - cəmi 11 milyon 109 min 633 dollar. Nikol Paşinyana yaxınlığı və Rusiyaya nifrəti ilə seçilən "1in.am” saytı iddia edir ki, ümumerməni "Ayastan” fondu tərəfindən toplanılan vəsait hər dəfə olduğu kimi bu dəfə də işğal altında olan Azərbaycan torpaqlarında müəyyən proqramların həyata keçirilməsinə sərf olunacaq. Sayt yazır ki, bu vəsait hesabına Dağlıq Qarabağda xeyli strateji və taktiki yollar inşa edilib. Lakin ardınca sayt etibarlı mənbədən əldə etdiyi informasiyanı təqdim edir. Bildirilib ki, işğal altında olan Azərbaycan torpaqlarında alınan xəbər həyəcan və narahatçılıq doğurur.
"Qarabağdakı hərbi hissələrdən bizə həyəcan dolu xəbərlər daxil olur. Bəlli olur ki, zabit və əsgərləri məcburi qaydada ümumerməni Hayastan Fonduna vəsait keçirməyə məcbur edirlər. Daha dəqiq desək - zabitlər 5000 dram toplayıb fonda keçirməlidirlər, serjantlar- 3000, müqavilə ilə xidmət edənlər - 1000, mülkilər isə 100 dram. Bizim informasiyaya görə, bu tapşırığa əməl etməyən hərbçilər hərbi hissələrdə süni problemlərlə üz-üzə qoyulacaq. Bununla yanaşı, hərbçilər bildirirlər ki, Müdafiə Nazirliyi hər il marafon adı altında onlardan vəsait toplayır. Hər il də bundan narazılıq edən hərbçilər olur. Əsgərlər bildirirlər ki, söhbət puldan getmir, amma sual edirlər ki, nə üçün onlardan pul yığılmalıdır? Özü də bu hal tək Qarabağdakı hərbi hissələrdə baş verir”.
Sayt ardınca yazır ki, bu məsələ ilə bağlı araşdırma aparıb və bəlli olub ki, bu qayda Ermənistan ərazisindəki hərbi hissələrdə yox, yalnız işğal altındakı torpaqlardakı hərbi hissələrdə yaşanır. Ermənistan ordusunun mətbuat xidmətinin rəhbəri Arçrun Ovanisyan faktla bağlı onda hər hansı bir məlumat olmadığını bildirib. Sayt əlavə edir ki, fakt biabırçı və dəhşət doğurucudur. "Həyatını təhlükə altına atıb xidmət edən hərbçilərdən pul yığılması milli satqınlıq deyilmi?” deyə sualla çıxış edilib. Daha sonra bildirilir ki, əvvəlki rejimin dövründə bəlkə də bunun üstündən keçilərdi. Amma inqilabçı şüarlarla hakimiyyətə gələn Paşinyanın idarəçiliyi dövründə belə bir faktın üzə çıxması biabırçı addımdır. Belə bir qənaət də var ki, Paşinyan separatçı rejimin rəhbərliyinin fəaliyyətindən narazıdır və onu özünə potensial təhlükə kimi görür. Bundan əlavə, illər boyu separatçı bölgə üçün yığılan vəsaitlər mənimsənilib və Paşinyan özü də bunu dəfələrlə elan edib. Sayt yazır ki, indi hər şey dəyişib və məntiqlə belə hallar təkrarlanmamalıdır.
""Məxməri inqilab”dan sonra belə fəaliyyət stili yolverilməzidir. Kim məsuliyyət daşıyır? Ordu rəhbərliyi bütün bunlardan xəbərdardırmı? Hər zaman müxtəlif ranqlı məmurlar bildirirdilər ki, ordudan, əsgər və zabitlərdən oğurluq etmək milli satqınlardır. Manvel Qriqoryan nümunəsi ortadadır. Əldə olunan faktlar araşdırılmalıdır. Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan həqiqətənmi orduda baş verənlərdən xəbərdardır? Belə bir sual çıxır ortaya - onlar inqilabdan sonra necə bu cür addımlar atmağa cürət edirlər və əvvəlki kimi fəaliyyət göstərirlər? Ya ən yüksək səviyyədə belə addımlar atmaqlarına razılıq alıblar, ya da müstəqil şəkildə fəaliyyət göstərirlər. Ya da ola bilsin inqilab hələ Qarabağa gəlib çatmayıb”, - deyə müəllif narahatçılığını ifadə edir. Sayt əlavə edir ki, istənilən halda bu, bağışlanılası hal deyil: "Biz ümid edirik ki, müvafiq orqanlar bu məsələyə xüsusi diqqət ayıracaqlar. Xalqın səsi və iradəsi ilə hakimiyyətə gələn yeni rəhbərlik bu kimi halların qarşısını almalıdır, əks halda, özü də bu utancverici hadisənin iştirakçısı hesab olunacaq. "Dördgünlük müharibəni” yaddan çıxarmaq gərək deyil. İndiki halda pul yığımı o zaman baş verənlərin təkrar olunması deməkdir”.

Onu da xatırladaq ki, işğal altında olan Azərbaycan torpaqlarındakı bərbad vəziyyəti Paşinyan özü də etiraf edib. Keçirdiyi mətbuat konfranslarından birində o, biabırçı bir açıqlama vermişdi. Bəyan etmişdi ki, silahlı qüvvələrdə əsgərlərin qida rasionu düzgün bölünmür, yeməklər keyfiyyətsizdir:"Mən yeməkdən narazıyam. Döyüş mövqelərinə gedəndə xahiş etdim ki, mənə dadmaq üçün əsgər yeməyi gətirsinlər. Qidaları yedikdən sonra sadəcə dedim: bu, dəhşətdir. Biz bu məsələ ilə ciddi məşğuluq. Amma başa düşmək lazımdır ki, məsələni bir gündə həll etmək olmur”. Paşinyan onu da etiraf edib ki, əsgərlikdə olan oğlu zəng edərək ona qida məhsulları göndərilməsini istəyib: "Bu, pis siqnaldır”.Paşinyan oğlunun ondan yemək istəməsindən şoka düşdüyünü söyləyib. Ordunun siyasi proseslərə cəlb edilməsi ilə bağlı daha bir biabirçı fakt. "168.am” qəzeti ordu ilə bağlı dərc edilən məqalədə müəllif öz mənbələrinə istinadən yazır ki, Qarabağda xidmət edən hərbçilərə qeyri-adi bir göstəriş verilib. "Əsgərlər ailələrinə zəng edib deyirlər ki, onlara övladları il görüş təşkil edilir. Bu məqsədlə Gorus və yaxud Qapana aparırlar. Əsgərlər bildirirlər ki, bunu Paşinyan təşkil edir. Şərti də odur ki, onun lideri olduğu "Mənim addımım” blokuna səs verməlidirlər”, - deyə qəzet yazıb.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər