• şənbə, 20 Aprel, 09:53
  • Baku Bakı 14°C

Ümumdünya Hemofiliya Günü qanvermə aksiyası ilə qeyd olunub

17.04.19 15:22 446
Ümumdünya Hemofiliya Günü qanvermə aksiyası ilə qeyd olunub
17 aprel dünyanın 116 ölkəsində Hemofiliya Günü kimi qeyd olunur. Məqsəd ictimaiyyətin diqqətini hemofiliyalı xəstələrin problemlərinə cəlb etməkdir.
Muxtar Respublikada Naxçıvan şəhəri və rayonlar üzrə hemofiliyalı və talassemiyalı xəstələr dispanser qeydiyyata alınıb, onlara əlillik qrupları təyin olunub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda NMR Xəstəxanasının Hematoloji şöbəsində 72 nəfər hemofiliyalı,36 nəfər talassemiyalı xəstə qeydiyyatda durur. Bu səhiyyə müəssisəsində Qan bankının, Hematransfuzioloji briqadanın fəaliyyətə başlaması qan köçürülməsinə ehtyacı olan xəstələrin- o cümlədən hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların-ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində Qan bankı tərəfindən toplanan qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır.
Hazırda hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarının keçirilməsi bu sahədə davam etdirilən tədbirlərin tərkib hissəsi olmaqla, şəfqət və humanizmin parlaq təcəssümüdür.
Belə tədbirlərdən biri aprelin 17-də Naxçıvan Muxtar Respublika Xəstəxanası Hematransfuzioloji briqadasının iştirakı ilə Ordubad Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Səhiyyə işçilərindən və ictimaiyyətin nümayəndələrindən "Çoxlarının həyatının xilası sənin qanının təhlükəsizliyindədir” devizi altında qan götürülüb. Əvvəlcə donorlar arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinədən keçirilib. Bir neçə saat davam edən könüllü qanvermə aksiyasında 26 donordan götürülən 13 litr qanın qrupları müəyyənləşdirilərək ikili və üçlü torbalarda Qan bankına təhvil verilib. Hazırda qan bankında xəstələrə köçürülmək üçün kifayət qədər ehtiyat yaradılıb. Tələbatdan artıq donor qanından plazma hazırlanaraq qan bankında saxlanılacaqdır.
banner

Oxşar Xəbərlər