• cümə, 29 Mart, 13:56
  • Baku Bakı 14°C

Mülki əhali erməni silahlılarının hədəfində

05.04.16 11:13 2738
Mülki əhali erməni silahlılarının hədəfində
Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalandığı 1994-cü ildən bu günə qədər erməni tərəfi bu razılaşmanı daim pozub, üzərinə götürdüyü öhdəliyə, beynəlxalq qanunlara hörmətsizlik nümayiş etdirib. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məqsədilə bu günə qədər aparılan danışıqlarda hər hansı irəliləyiş, yaxud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, prezidentlərin iştirakı ilə hansısa razılıq əldə olunduğu zaman Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində müxtəlif təxribatlar törədiblər. Bu təxribatların qarşısı Azərbaycan hərbçiləri tərəfindən alınanda, düşmənə sarsıdıcı zərbələr vurulanda isə qarşı tərəf bunun qisasını daim mülki əhalidən çıxıb. Öz məğlubiyyətini və acizliyini həzm edə bilməyən erməni yaraqlıları mülki əhalini hədəfə alaraq, yaşayış binalarını, mal-qaranı, əkin-biçin sahələrini güllə və mərmi yağışına tutublar. Belə vaxtlarda erməni qatilləri hətta azyaşlılara da rəhm etməyib, snayper atəşi ilə azərbaycanlı uşaqları öldürüblər. 2011-ci il mart ayının 8-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi yenidən pozması, Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açması yüzlərlə bu kimi faktdan biridir. Həmin zaman balaca Fariz başından ağır yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Uşaq qatili Ermənistan

Hadisənin törədildiyi müddətdə cərəyan edən prosesləri bir qədər təhlil etsək görərik ki, azərbaycanlı uşağın qətli Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin martın 5-də Soçidə tərəflər arasında dialoqu davam etdirmək məqsədilə keçirilən görüşdən üç gün sonraya təsadüf edib. Bu, işğalçı Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisə olmaqla yanaşı, həm də münaqişənin dinc vasitə ilə tənzimlənməsi istiqamətində atıla biləcək hər hansı addımın qarşısını almaq cəhdi idi. Elə həmin il Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib. Həmin ərazidə anoloji hadisə 1994-cü ildə də baş verib. Belə ki, ermənilər tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayışın baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olub, biri yaralanıb. Ötən il iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayevə, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyevaya ağır yaralanıblar.
Qeyri-insani akt

Azyaşlı uşaqların qətlə yetirilməsi qeyri-insani akt, beynəlxalq hüquqi aktların pozulması olmaqla bərabər, Ermənistan barəsində beynəlxalq məsuliyyət də doğurduğundan, həmçinin ona qarşı BMT tərəfindən müəyyən sanksiyaların tətbiqini zəruri etdiyindən Azərbaycan tərəfi beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinə müvafiq müraciətlər göndərib. Lakin böyük güclər, eləcə də beynəlxalq təşkilatlar Ermənistanın ərköyünlüyünə bu dəfə də göz yumublar. Elə buna görə də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, mülki əhalini hədəfə alması, cəbhə xəttində təxribatlar törətməsi adi hala çevrilib. Bir neçə gün bundan öncə cəbhə xəttində baş verənlər bunun daha bir əyani sübutudur.
Mülki əhali hədəfə çevrilib

Aprelin 2-də səhər 8-də Tərtər rayonunun Qarağacı kəndinə atılmış mərmilərdən biri kənddə məskunlaşmış Rəhimov Cəlal Saday oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1993-cü il təvəllüdlü Orxan Rəhimov hər iki ayağını itirərək yerindəcə qanaxmadan ölüb. Avtomobilin sürücüsü Cəlal Rəhimov və yaxınlıqda olan 1990-cı il təvəllüdlü Ramin Əhmədov çoxsaylı qəlpə yaraları alıblar. Həmin gün saat 12.00 radələrində mərmilərdən biri qəsəbədə məskunlaşmış İsa Əhmədovun yaşadığı mənzilə düşüb. Çoxsaylı qəlpə yaraları alan Əhmədov Bərdə rayon xəstəxanasına yerləşdirilib. Saat 19:20 radələrində isə rayonun Şıxarx qəsəbəsi ərazisinə atılmış mərmilərdən biri 1987-ci il təvəllüdlü Sadiq Əliyevin idarə etdiyi “Niva-2121” markalı avtomobilin üstünə düşüb. Nəticədə avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Fərman Əsədli çoxsaylı qəlpə xəsarətləri alaraq qanaxmadan ölüb. Sürücü və digər sərnişin, 1982-ci il təvəllüdlü Mübariz Rəhimov çoxsaylı qəlpə yaraları alıblar. Saat 20.00 radələrində Ağdam rayonunun Əfətli kənd sakini, 1953-cü il təvəllüdlü Cümşüd Hüseynov top mərmisinin partlaması nəticəsində bel nahiyəsindən ağır xəsarət alıb və o, dərhal xəstəxanaya yerləşdirilib. Bundan bir saat sonra Seydimli kəndi ərazisinə atılmış mərmilərdən biri kənd sakini, 1951-ci il təvəllüdlü Vahid Vəliyev yaşadığı mənzilə düşərək onu və azyaşlı nəvəsi, 2003-cü il təvəllüdlü Sənan Vəlizadəni ağır yaralayıb. Aprelin 2-də Goranboy rayonunun Qarqucaq kənd sakini, 1938-ci il təvəllüdlü Əbdüləzim İbrahimov və Tapqaraqoyunlu kəndində yaşayan 1974-cü il təvəllüdlü Abbas Allahverdiyev mərmiyə tuş gələrək ağır yaralanıblar. Başqa bir mərmi isə Tərtər şəhər sakini, 1949-cu il təvəllüdlü Olqa Kruqlovanın yaşadığı mənzili tamamilə dağıdıb.
Evlərə, məktəblərə mərmi yağışı

Ermənistan silahlı birləşmələrinin mülki əhalini hədəf seçməsi ötən gün də davam edib. Düşmən təmas xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini reaktiv artilleriya qurğuları və uzaqvuran toplardan atəşə tutmağa başlayıb. Ağdam rayonunun Əhmədağalı ərazi vahidliyinin Şərifli kəndinin atəşə tutulması nəticəsində yaranan mərmi partlayışları zamanı kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahmar oğlu həyatını itirib. Erməni silahlı qüvvələri həmin gün Üçoğlan və Xındırıstan ərazi vahidliklərini də mərmi atəşinə tutublar. Tərtərin Düyərli kəndində yaşayış evinə mərmi düşməsi nəticəsində 2 qadın yaralanıb. Düşmənin atdığı mərmilər şəxsi təsərrüfatlarla yanaşı, təhsil müəssisələrinə də ciddi ziyan vurub. Ağdam rayonunun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb və təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində də məktəb binasına zərər dəyib, divarlar zədələnib.
Sadalanan faktlardan da göründüyü kimi, ordumuz tərəfindən təxribatlarının qarşısı alınan, ağır məğlubiyyətə uğradılan düşmən quduz it kimi quduraraq mülki əhalini, yaşayış məntəqələrini, uşaqların təhsil aldığı məktəbləri mərmi yağışına tutub.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər