• çərşənbə axşamı, 19 mart, 13:00
  • Baku Bakı 8°C

“Mükəmməlliyə fokuslanmaq insana zərər gətirə bilər” - Uğur hekayəsi

16.03.18 09:00 6159
“Mükəmməlliyə fokuslanmaq insana zərər gətirə bilər” - Uğur hekayəsi
İşgüzardır, amma bununla yanaşı düşünür ki, karyera, iş həyatı hər şey demək deyil. Nəticədə xanımdır, ana, həyat yoldaşı kimi də vəzifəsi var. Ailə qurulubsa, övlad varsa, onlara da vaxt ayrılmalıdır. İşgüzarlığına rəğmən, "Mənim üçün ilk dəyər ailədir” – deyən müsahibimiz ADA Universitetinin Karyera Mərkəzinin direktoru Gülnur İsmayıldır.
G.İsmayıl Rusiyada anadan olub və karyerasının ilk addımlarını da orada atıb: "Orta məktəbi bitirdikdən sonra Volqoqrad Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə təhsili aldım. Sonra məqsədim dünyanın qabaqcıl universitetlərindən birində magistr təhsili almaq idi. Bunun üçün isə ingilis dilini daha təkmilləşdirməyə ehtiyac olduğunu düşündüm. Ona görə 2006-cı ildə mini MBA proqramına qoşulub Böyük Britaniyaya getdim. Səkkiz aydan sonra proqramı bitirdim. Dili təkmilləşdirdim, İELTS sertifikatını alıb, universitetlərə baş vurdum. Bir neçə universitetə qəbul oldum, amma seçimim Nottingem Universiteti oldu. Orada diplomatiya və beynəlxalq təhlükəsizlik üzrə təhsil aldım. 2007-ci ilin sonunda magistraturanı bitirdim və 2008-ci ilin əvvəlində Rusiyaya döndüm”.

- Bakalavr və magistr təhsiliniz tamam başqa istiqamətdədir, bu gün çalışdığınız sektor isə tam fərqli...
- 2008-ci ildə Rusiyaya dönəndə dünya iqtisadiyyatında böhran dövrü idi. Rusiyada da həmçinin, bir çox şirkətlərdə ixtisarlar baş verirdi. Buna baxmayaraq, bir neçə yerə baş vurandan sonra iş imkanı qazanmışdım. Amma yekunda fikrim tamamilə fərqli bir istiqamətə yönəldi. İngiltərənin məşhur şirkətlərindən olan "Michael Page İnternational”ın Moskva ofisində işə düzəldim. Ölkə üzrə Baş Müdirin köməkçisi və eyni zamanda ofis meneceri olaraq işə başladım, lakin ay yarımdan sonra məsləhətçi olmağı düşündüm. İşəgötürmə üzrə məsləhətçi vəzifəsinə təyin olundum, bu sahə mənə maraqlı gəldi və özümü sınamaq istədim. Elə də oldu ki, həqiqətən burada özümü tapdım. Karyera menecmenti, istedadlı insanların inkişafı və yönləndirilməsi həqiqətən zövq aldığım sahədir. Biz, işə yeni başlayan vaxtlarda karyera məsləhəti və istiqamətləndirmə ünvanı yox idi. Seçimdə əsas rolu valideynlər, müəyyən çevrə oynayırdı. Kim hansı ixtisası seçirdisə, düşünürdün ki, o sahə daha yaxşıdır. Beynəlxalq əlaqələr, diplomatiya üzrə oxudum, o istiqamətdə bacarıqlarım da var. Təcrübə olaraq o sahənin iş mühitində də oldum və bu qənaətə gəldim ki, mən, o işdən zövq almayacam.
- Əvvəllər başqa sahədə təhsil alıb, sonra özlərini tamam başqa bir sahədə tapanlar vaxt itirdiklərini, 4 ili boşuna keçirdiklərini deyirdilər. Amma indi əvvəl təhsil aldıqları sahənin hazırkı işlərində çox kömək olduğunu deyirlər. Əvvəlki təhsiliniz indiki işinizdə nə dərəcədə yardımçı olur?
- Əgər elə düşünənlər çoxalırsa, bu, sevindiricidir. Çünki məndə də eyni qaydada olur. Heç vaxt 7 il beynəlxalq əlaqələr və diplomatiya təhsili aldığıma təəssüflənmirəm. Çünki həqiqətən öyrəndiyim çox şey oldu və indiyə qədər onları işimdə tətbiq edirəm. Buna aid bir faktı da qeyd edə bilərəm. Doqquz il öncə ADA Universitetinə gələndə burada ilk magistr ixtisasımız beynəlxalq diplomatiya üzrə idi. O proqramda karyera məsləhətçisi kimi işə başladım. Yəni, bir vaxtlar təhsil aldığım sahənin tələbələri ilə işləməliydim. O ixtisasdan gəldiyim üçün həmin istiqamətdə təhsil alanları daha yaxşı başa düşürəm, istiqamətləndirmədə rahatlığım da var. Aldığımız hər bir təhsil önəmlidir. Heç bir universitet də insana hər şeyi vermir, tələbənin özündən çox şey asılıdır. Biliyi almaq, onu harada və necə istifadə etmək kimi bacarıq olması da önəmlidir. Bu ixtisası oxumuşamsa, mütləq bu istiqamətdə işləməliyəm, yaxud universitet məni yaxşı öyrədibsə, mütləq uğurlu olacam deyə, bir şey də yoxdur. İstənilən halda, hər bir universitet müəyyən baza verir, keyfiyyətli təhsil imkanı önəmlidir, amma davamını gətirmək insanın özündən və təşəbbüsündən asılıdır.


- Universitetdə fəaliyyətiniz gənclərin karyera istiqamətləndirməsi ilə bağlıdır. Hazırda gənclərə bu yöndə məsləhət verən biri illər öncə işə yeni başladığı vaxtları necə xatırlayır? İlk vaxtlarda etdiklərinizi bu gün peşəkar olaraq necə qiymətləndirirsiniz?
- Bir neçə il öncə məndə bu fikir var idi ki, bəlkə də istiqamətimi yanlış seçmişəm, bir az daha düşünməliydim və s. Amma indi bu qənaətdəyəm ki, o dövr üçün olan doğru qərar idi. Biz yaşa dolduqca biliklərimiz, dünyagörüşümüz artır, təcrübə yığırıq. Ona görə nəyisə o vaxt yanlış etdiyimizi düşünmək bu gün vaxt itkisi olar. Hər bir zamanın özünün doğru qərarı olur. Yeganə mənfi məqam o olub ki, o vaxt nə məktəbdə, nə də universitetdə karyera məsləhəti adlanan bir şey yox idi. Çox gözəl müəllimlərimiz var idi, amma onlar da karyera məsləhətçisi cəhətdən istiqamətləndirici deyildilər. Bəlkə də fərqli ixtisas seçsəydim, bu gün indiki yerə gəlib çıxmayacaqdım. Amma düşünürəm ki, bu yerə gəlib çıxmağım müəyyən xüsusiyyət və bacarıqlarımın cəmi nəticəsində olub.

- Təcrübə az olan vaxtlarda adam işə daha çox vaxt sərf edir. Əvvəl üç saata görülən işi təcrübə sayəsində bir saata da etmək olur. Bu cəhətdən işə ayırdığınız vaxtda dəyişiklik var?
- Vaxt ayırmaq cəhətdən işə ilk başladığım zamanla bu günüm fərqlənmir. Çünki işə hədsiz dərəcədə düşkünəm. Hansı işi görürəmsə, özümü ona tam həsr edirəm, çox yaxşı alınması üçün əlimdən gələni edirəm. Təbiidir ki, əvvəl üç saat vaxt sərf etdiyim işə indi bəlkə də bir saat yetərlidir. İnsan təcrübəni yığıb və daha qısa vaxtda həmin işi görə bilir. Amma burada insanın necə işləmək istəməyi önəmlidir. Bir qisim var ki, komfort zona istəyirlər, rutin iş onlara xoşdur. Amma digər qisim var ki, temperamenti yüksəkdir, daim aktivlik istəyir, rutin iş onları yorur. Mən, ikincilərdənəm. Çünki müəyyən dövrdən sonra iş rutinləşəndə yenilik istəyirəm. Yeni bir çətinlik, fərqli nəsə etmək arzusu yaranır. Eyni layihəni ildən-ilə etməyi də rutinləşmiş iş hesab edirəm. Bu zaman layihəyə yenilik gətirməyə, yaxud onu kökdən dəyişməyə çalışıram.


- Təhsili Rusiyada almışdınız, müəyyən təcrübə müddətiniz də orda olub. Demək ki, əsas əlaqələriniz orda qurulmuşdu. Amma sonra Azərbaycana gəldiniz. Hər şeyi sıfırdan qurmaq kimi bir çətinliklə bağlı tərəddüdünüz oldumu?
- Düzü, qərar vermək çətin oldu, amma daha öncəki təcrübəm məni bu cəhətdən rahatlaşdırırdı. Çünki Rusiyada universiteti bitirib İngiltərəyə gedəndə 22 yaşım var idi, iş yox, təhsil məqsədli olsa da, getdiyim mühit fərqli idi, əlaqələr sıfırdan qurulmalı idi. Moskvaya döndüyümdə çox əlaqəm olmadığı halda orada karyera istiqamətində atdığım ilk addımlar uğurlu alındığı üçün Azərbaycanda işləmək barədə qərar vermək çətin gəlmədi. Gedəcəyin yerdən də çox şey asılıdır. ADA Universitetinin konsepsiyası məni çox həvəsləndirdi, ona görə də bu qərarı vermək çətin olmadı. Bu missiyanın bir parçası olaraq ölkəmizə faydalı olmaq istədim.

- Rusiyada böyüsəniz də, Azərbaycan dilində çox yaxşı danışırsınız...
- Rusiyada yaşasaq da, Azərbaycana bağlı olmuşuq. Düzdür, dərs, dostlarla ünsiyyətimiz rus dilində olub, amma evdə Azərbaycan dilində danışmışıq. Hər il nənə-babamızı ziyarət etmək üçün ölkəmizə gəlirdik. Heç bir zaman buradan tam qopmamışıq. Ona görə də Azərbaycanca yaxşı danışırdım, lakin bura gəldiyim 9 ildə müəyyən təkmilləşmələr də olub.


- Dediniz ki, bir işi görərkən onu daha yaxşı görməyə çalışırsınız. Bu gün təşəbbüskarlıq təbliğ edilsə də, mükəmməliyyətçilər də az deyil. Sizcə, hansı bu gün daha aktualdır?
- Hər ikisi önəmlidir. Lakin mükəmməliyyətçilikdən danışırıqsa, müəyyən bir dövrdən sonra insanın özünə də zərər gətirəcək xüsusiyyətdir. Hər işdə mükəmməl olmaq çox çətindir. Hərəmizin müəyyən bacardığımız, daha yaxşı bildiyimiz sahə var. Sən bir şeydə mükəmməlsənsə, digər istiqamətdə də elə olacağı, hansısa layihən çox uğurlu olubsa, digərinin də mütləq elə alınacağı anlamına gəlməməlidir. Mükəmməlliyə fokuslanmaq insana zərər gətirə bilər. Müəyyən qədər yanlışlarımızdan, uğursuz olan işlərimizdən öyrənməli olduğumuzu da boşuna deməyiblər. Təşəbbüskarlığa gəlincə, gözəl faktordur. İnsan düşüncə və ideyalarını ortaya qoymalıdır. Sadəcə, bəzən doğru zamanı gözləmək lazımdır. Təşəbbüskarlıq gözəldir, amma insanın iş yerində özünü doğrultmağı önəmlidir. Özünüzü doğruldanda təşəbbüsünüz dəstəklənəcək.

- Uğursuzluqlardan nəticə çıxarmaq sözdə asan səslənir. Amma məncə, nəticə çıxarmaq da bir ayrı bacarıqdır...
- Ümumi götürsək, insanlar təcrübəni daha çox uğurlar üzərində alırlar. "Ən gözəl təcrübəm bu olub, bu cür etsəm, yenə yaxşı alınacaq” deyirlər. İnsan uğursuzluqdan bəzən gec nəticə çıxarır, çünki bu, daha çətindir. İstənilən halda, nə isə uğursuzluq yaşadığımızda bəlkə də bir dövr onu qəbul edə bilmirik. İnsandan-insana fərq var. Kimsə gələn dəfə yaxşı olacağını düşünür, kimsə daha ciddi problem kimi yanaşır. Əlbəttə ki, uğursuzluqdan dərs çıxarmaq çətindir. Amma hər iki formadan dərs çıxarmaq lazımdır. Mən öz təcrübəmdən deyim ki, uğursuzluqdan dərs çıxarmaq daha doğru olar.


- İşə düşkün olduğunuzu dediniz. Yəqin ki işdən sonra da işləyirsiniz. Bəs bu ailəyə ayırdığınız vaxtdan kəsmənizə gətirib çıxarmır?
- İşdən sonra işləyən və hətta çox işləyən adamam. Amma burada vaxtı tənzimləməyə, 6-dan sonra işdə çox qalmamağa çalışıram. Onu deyim ki, kompüterim daim mənimlədir. Axşam 9-10-dan sonra yenidən kompüter qarşısına keçirəm. Bir dövr var idi ki, işləyirdim, oxuyurdum və həm də ailəyə vaxt ayırırdım. Bizim ixtiyarımızda 24 saat olur, əsas olan onu necə idarə etməkdir. Məsələn, işə vaxtından tez gəlirəm, hansı işləri görəcəyimi, hansına nə qədər vaxt sərf edəcəyimi müəyyənləşdirirəm. Bir də prioritetləşdirirəm. Sadəcə, prioritetləri düzgün qoymağı bacarmaq lazımdır. Nə qədər işgüzar olsam da, işin ailəyə və övlada ziyan vurmamasına da diqqət edirəm.

- Uğurunuzun sirri nədir?
- İşgüzarlığım. Eyni zamanda təmkinli olmaq, qərarları isti-isti verməmək, doğru zamanı gözləmək önəmlidir. Vaxtını boşa sərf etməyəsən, gördüyün işi sevəsən, işinə düşkün olasan. Bunları ürəklə etdiyində uğura nail olacaqsan. İşgüzarlığa həm də onu qatıram ki, insan öz üzərində işləməlidir. "Təhsilimi 15-20 il əvvəl tamamlamışam, təcrübəmi yığmışam”la kifayətlənmək olmaz. Hər gün yeni nə isə öyrənmək, müəyyən dövrdən sonra yenə təhsilə qayıtmaq önəmlidir. Yaşın heç bir fərqi yoxdur, daim gələcəyə yönəlik kadr və vətəndaş olmaq lazımdır. Düşünürəm ki, yaşından və peşəsindən fərqli olmayaraq bunu hər kəs etməlidir.
Aygün Asimqızı




banner

Oxşar Xəbərlər