• cümə, 29 Mart, 11:38
  • Baku Bakı 5°C

Mükəmməl sadəliyin təcəssümü - Portret

29.04.14 10:49 2569
Mükəmməl sadəliyin təcəssümü - Portret
Güləş Qafqazdakı az qala bütün xalqların milli idman növüdür. Bu regionda hamı onu özünə daha yaxın sayır, daha böyük dəyər verməsi ilə öyünür. Azərbaycan bir dövlət olaraq bu dəyəri zirvələrə qaldırmağı bacarıb. Milli Olimpiya Hərəkatının ayrılmaz hissəsi olan güləşə olan diqqət Şərif Şərifov kimi mükəmməl idmançını ortaya çıxarıb. Bütün mümkün titulların sahibi olan olimpiyaçımız haqqında odalar yazılacaq biridir. Şərif Qafqazın fəxri, regionun, xüsusilə də Azərbaycanın dünyadakı layiqli təmsilçisidir. Budəfəki yazımız da onun haqda olacaq.
“Kiçik Məkkə”dən…
11 noyabr 1988-ci ildə Dağıstanın Azərbaycandan Zaqatala və Balakənlə həmsərhəd Çarodi rayonunun Hunux kəndində anadan olan Şərifin güləşçi olmaq şansı böyük idi. İki kilometr hündürlükdə yerləşən, cəmi 99 nəfərin yaşadığı kiçicik bir yaşayış məntəqəsində bütün regionda olduğu kimi bu idman növü çox populyar idi. Maraqlıdır ki, vaxtilə bir çox yüksək təhsilli insanlar, şeyx-alimlər burada yaşadığından Hunux kəndini “Kiçik Məkkə” də adlandırırdılar. Atası Abduzaqira və anası Həbibətə layiqli oğul olmaq istəyən Şərif kəndin güləş ənənələrini davam etdirmək qərarına gəlir. Uşaqlıqda çox güclü olan və həmyaşıdlarından fərqlənən Şərifov, sərbəst güləşin sirlərinə Kizlarda yiyələnməyə başlayır. Sonra Mahaçqalaya gələn idmançı burada Rusiyanın əməkdar məşqçisi, bir çox çempionları yetişdirmiş Ənvər Məhəmmədhacıyevin rəhbərliyi altında məşqlərə qoşulur.
...Azərbaycana gəliş
Şərifin istedadlı olduğu çox tez anlaşılır. Güləşin təməl elementlərini yaxşı bilən, onları maksimum dəqiqliklə yerinə yetirən idmançı məşqçilərin rəğbətini tezliklə qazanır. Rusiya üçün hazır Olimpiya çempionunun yetişdiyini çoxları görsələr də, onu sıxışdırmağa başlayırlar. Pərdəarxası oyunlarla gənc istedad komandasından küsdürülür, ona olan münasibət getdikcə ağırlaşır. Tatamidənkənar rəqabətə meylli olmayan Şərifov, 2008-ci il Pekin Olimpiadasına “gənc olduğu üçün” aparılmayacağını anlayınca, geri çəkilir. Geri çəkilir ki, sonradan çempionlar çempionu ola bilsin. “Oyun”lara qarışmayan Şərif ona şans verilməyən yeri başqasına dəyişir. Həmişə istedadlara dəyər verən, onlar üçün maksimum şərait yaradan Azərbaycandan gələn təklifə “hə” deməsi, Şərifov üçün uğurlu addım olur. Gənc pəhləvan əsl vətənini “Odlar Yurdu”nda tapır.
Uğur dalınca uğur!
Şərif Azərbaycandakı ilk vaxtlarından medal dalınca medal, çempionluq dalınca çempionluq qazanır. 2008-ci ildən böyük beynəlxalq yarışlarda çıxışa başlayan güləşçi cəmi bir ildən sonra fəxri kürsüdə yer alır. Danimarkanın Herninq şəhərində keçirilən dünya çempionatında debüt edən Şərifov yalnız yarımfinalda amerikalı Cek Herbertə yenilir və bürünc uğrunda matçda qalib gələrək komandamızın aktivinə medal əlavə edir. Bir il sonra Bakıdakı Avropa çempionatında finala qədər irəliləyən idmançımız, finalda rus Anzor Urişevə uduzaraq gümüşü boynundan asır. Yüksələn xətlə çıxış edən Şərif 2011-ci ili daha yaxşı keçirir. İstedadlı güləşçi əvvəlcə Almaniyanın Dortmund şəhərində bürünc medala sahib çıxır. Cəmi 6 aydan sonra (məhz bu il Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanana gənc döyüşçü, 2009 və 2010-cu illərdə bu yarışın bürünc medallarına sahib çıxmışdı) isə onun adının qabağında “dünya çempionu” yazılmışdı. İstanbuldakı dünya birinciliyində bütün rəqiblərinə qalib gələn Şərif Şərifov möhtəşəm çıxışı ilə XXX London Yay Olimpiya Oyunlarına vəsiqə qazanır.
London fatehi
Bir ay əvvəlində Dünya Kubokuna sahib çıxaraq mənəvi üstünlük qazanan Şərif Olimpiadadakı ilk görüşündə türkiyəli İsmayıl Bölükbaşını yenir. Növbəti qarşılaşma böyük əhəmiyyət daşıyırdı. Amerikalı Cek Herbertə əvvəllər məğlub olan Şərifov ondan əvəz çıxmaq istəyirdi. Şərif təmkinini qorumaqla Herberti tatamiyə çıxmaqda peşman edə bildi. Ümumi hesabda 10:1 qalib gələn idmançımız ən çətin görüşünü yarımfinalda iranlı güləşçiyə qarşı keçirdi. Yalnız əlavə vaxtda qələbə qazanan Şərif finalda puerto-rikolu Xayme Espinalı 10:1 yenərək Olimpiya çempionu oldu! Şərifovun əlində Azərbaycan bayrağı ilə məşqçimiz Firdovsi Umudovun çiynində tatamini vurduğu dövrə isə hələ uzun illər yaddaşlardan silinməyəcək. Cəmi 4 il ərzində bütün əsas titullara sahib çıxır – Qızıl Qran-Pri, Dünya Kuboku, dünya və Olimpiya çempionluğu. Fantastik çıxışdır. Bəs bu uğurun arxasında nə dayanır?
Mükəmməl sadəlik
Şərifi tanıyanlar onun haqda bir şeyi deyirlər: çox sadə biridir. Bəli, bu sadəlik ona böyük qələbələr qazandırıb. Ümumiyyətlə, Qafqazdan olan güləşçilər həmişə məhz bu xasiyyətinə görə fərqlənib, zirvəyə qalxıblar. O da istisna deyil. Yalnız öz işinə köklənən, diqqətini buna toplayan Şərifov tatamidəki görünüşü ilə fəxr edə bilməz. O, nə rəqibləri kimi böyük bədən quruluşuna, nə sürətli ayaqlara malik deyil, manevrlər baxımından da zəngin sayılmır. Heç fiziki hazırlıq da onun güclü tərəfi deyil. Şərifov güləşin əsas konsepsiyalarını inanılmaz dərəcədə mənimsəmək və onları ideal tətbiq etməklə uğur qazanır. Sərbəst növün bu konseptual anlayışı ona rəqibin ən kiçik səhvindən belə yararlanmaq imkanı qazandırıb. 2009-2012-ci illərdəki möcüzəvi çıxışı zamanı Şərifov yalnız sadə və konservativ tərzə sadiq qalaraq, artıq-əskik fəndlərə qaçmamış, yalnız əsas və ən effektiv metodları tətbiq etmişdi. Bu yolla o, dünyanın ən güclü güləşçisi adını addımbaaddım qazanmışdı. Amerikalı Herbert onunla Olimpiadadakı görüşündən sonra bu sözləri demişdi: “O, möhkəm güləşçidir. Nə çox sürətli, nə də çox güclü biridir. O, sadəcə, güləşi bir idman olaraq çox gözəl bilir, hazırlığını o qədər mükəmməl edir ki, zəif nöqtəsi qalmır”.
Şərifov sərbəst güləşi sadəcə hərəkətlərin cəmi yox, rəqibi ilə özü arasında dəyişən mövqe seriyası kimi başa düşür. Görüş ərzində hər yeni addımda o, bütün təcrübə və biliklərini ortaya qoyaraq maksimum rahatlıq əldə edir. Şərif matç ərzində bir fəndi iki dəfə yerinə yetirməməklə üstünlük qazanır. Adətən güləşçilərin kral fəndi olur və onlar onu dünyada hamıdan yaxşı edərək qələbəyə doğru irəliləməyə çalışırlar. Şərifov isə hər mövqeni, rəqibin hər tərpənişini anında hesablayıb ona uyğun fəndi etməklə fərqlənir. Olimpiya çempionluğu onun bu fəlsəfəsinin doğru olduğuna dəlalət edir.
Portreti
Sadə oğlan. 25 yaşlı güləşçinin portretində məhz bunu görürük. Heç vaxt boğazdan yuxarı danışmayan, fikrini yalnız güləşə verən Şərif ətrafdakı hər kəsin rəğbətini qazana bilib. Bir neçə il əvvəl ailə həyatı quran güləşçi hazırda haqq etdiyi xoşbəxt həyatı yaşayır. Rio-De-Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirak edib-etməyəcəyindən asılı olmayaraq o, güləşin canlı əfsanəsidir.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər