• cümə, 29 Mart, 03:52
  • Baku Bakı 7°C

Mükəmməl nəticə üçün hər yol sınanmalıdır

16.06.15 10:59 1267
Mükəmməl nəticə üçün hər yol sınanmalıdır
“Ən kəskin çıxışlardan sonra belə, arxada, içimdə hələ də kəkələyə-kəkələyə dilləndirilmək istəyən sözlər qaldığını hiss edirəm. Düşüncənin yazıya köçürülməsi prosesinə nəzər salası olsaq, etiraf edim ki, adətən bir düşüncəyə kağız üzərində forma verməzdən əvvəl onu uzun müddət beynimdə daşıyıram, bəzən illərlə və çox vaxt bu uzun çək-çevir mərhələsində onu kağızda duracağı formanı beynimdə canlandıra bilmədiyim üçün azad edirəm, uçub uzaqlaşmasına icazə verirəm. Amma düşüncəni yazmağa qərar verəndə də o ölür, sadəcə, başqa şəkildə. O andan etibarən onu kağıza köçürmək formaları, necə ifadələr seçmək, onu cilalamaq üsulları kimi peşəkar gedişlər qalır geriyə. Bu proses artıq düşüncənin nə olması ilə yox, tamamilə ifadə imkanlarımla bağlı olur. Nəsə yazmağa başlamaq üçün qarşısıalınmaz arzunun formalaşmasını gözləməli oluram. Çünki yazmaq, düzəlişlər etmək, ədəbi üsulları yeniləmək, təkrarlardan qaçmaq, yenidən yazmaq kimi uzun bir mərhələnin gətirdiyi yorğunluğun və natamamlıq, narazılıq hissinin öhdəsindən yalnız belə bir arzu gələ bilər”.
Fantastik hekayə və novellaları ilə Aralıq dənizi sahillərinin sevilən yazarlarından olan İtalo Kalvino 1923-cü ildə atası, aqronom Mario Kalvinonun işi ilə əlaqədar ailəsi ilə birgə yaşadığı Las Veqas vilayətinin Santyaqo şəhərində doğulub. Əslən italyan olan yazıçının anası, botanik-alim Eva Kalvino isə əslən sardiniyalı olub. İtalonun dünyaya gəlməsindən qısa müddət sonra ailə professor Marionun ana vətəni Liquriaya qayıdır və bu illəri “xoşbəxt zamanlar” kimi xatırlayan İtalo San Remon sahilləri ilə yüksək dağların ətəkləri arasında yerləşən kənddəki evlərində böyüyür. Gənclik illəri müharibə dövrünə düşən yazıçı müharibə dəhşətlərinin yaratdığı güclü qələm sahiblərindən biri olur. Kalvino 1985-ci ilin sentyabrında dünyasını dəyişib. Yazarın ədəbi tənqidçi Mario Kortinin “İntervista: İtalo Calvino” kitabında yer almış müsahibəsindən bir hissəni təqdim edirik.
-Bir yazıçı kimi formalaşmağınızda, ədəbi zövqünüzün cilalanmasında, yazı və yaradıcılıq qabiliyyətinizin durmadan irəliləməsində hansı yazarların rolu olub? Sevərək oxuduğunuz əsərləri və yazarları bir-birinə bağlayan hansısa bir cəhət, ortaq nöqtə varmı?
-Əslində yazmağa başladığım zamanlarda elə də ciddi mütaliə keçmişim yox idi, yəni o qədər ciddi ədəbi nümunələr oxumuş sayılmazdım, yeniyetməydim. İrsi olmasını arzuladığınız kitabxanaya sahib olmaq istəyən adamlar uşaqlıqlarına qayıdır və hardasa ilk oxuduğu kitabdan başlayaraq, hamısını toplamağa çalışır. İndi mən də bu kitablardan birinin adını çəkəsi olsam, yəqin ki, mənə ən çox təsir edən və oxuyanda aldığım zövqü indi də xatırladığım “Pinokkio”nu xatırlamalıyam. Orada hər motiv nümunə hesab ediləcək incəliklə işlənib, hər növbəti hadisənin siqnalları özündən əvvəlkində açıq-aşkar göstərilir, duyğular yenilənir, hər əhvalatın kulminasiyasına aparan yolun tərtibatında hərəkətlilik, lazımlılıq, əhəmiyyətlilik var, hər qəhrəmanda həqiqət yaşayır, hərəsinin bir bənzərsiz dili var. Ədəbi inkişaf dövrümün ilk mərhələsinin 6 yaşımdan 23 yaşıma kimi olduğunu hesab etsək, yəni mən belə bölürəm. “Pinokkio”nun hekayətindən sonra zövqümü oxşayan və formalaşdıran ikinci əsər kimi Kafkanın “Amerika”sının adını çəkə bilərəm. Bu əsəri hər zaman XX əsr dünya ədəbiyyatının bənzərsiz yazı nümunələrindən, hətta bir qədər irəli gedib, nümunəvi nümunələrindən biri hesab etmişəm. Bəzən bu roman haqqında danışanda, ya da ona yenidən nəzər salanda bu fikrimin, sadəcə, XX əsr dünya ədəbiyyatına aid olmadığı qənaətinə varıram.
O ki qaldı ortaq cəhət məsələsi ilə bağlı sualınıza, bunu təxminən belə ifadə edə bilərəm – macəra ilə dolu və ucsuz-bucaqsız bir dünyada başlanğıcı və mənəvi qibtəni tapmağa çalışan fərdin yalnızlığı. Bu məsələnin arxa fonda və ya ön planda işləndiyi əsərləri sevirəm.
-Nəinki son dövrlər işıq üzü görmüş əsərlərinizdə, yaradıcılığınızın bir-birinə olduqca uzaq dövrlərində yazılmış olanların müqayisəsində belə təkrara, yenilənmələrə rast gəlmirik. Bu, bir yazıçı haqqında deyilən ən müsbət göstəricidir. Buna necə nail olursunuz, hər dəfə əvvəlkilərə, təhkiyə keçmişinizə nəzər salıb, uzaq durmalı olduğunuz şeyləri ayırd edirsiniz, yoxsa hər əsər, hər hadisə, hekayət sizin gözünüzdə ilk gündən yeni cığırdır və onun özünəməxsus dili öz-özünə yaranır? Ya da üçüncü versiya – siz də ömrü boyu bir əsər yazdığını, yəni bütün yazdıqlarının bir kitabın hissəsi olduğunu düşünənlərdənsiniz?
-Yəqin ki, ikinci ehtimal reallığa daha yaxındır. Əvvəl yazdığımda əsərdə tutduğum mövqedə deməməli olduğum şeyləri yeni əsərdə demək üçün mövqe dəyişdirmək, yəni hekayətə uyğunlaşmaq. Amma bu heç də o demək deyil ki, əvvəl yazdıqlarımda etdiyim müşahidələri, orada istifadə etdiyim dili, üsulu unuduram. Çünki məndə çox tez-tez rast gəlinən haldır – bir yazı üzərində işlədiyim yerdə əvvəllər yazdığım bir şeyə çox uyğun olacaq, onun dilində həyat tapdıqda möhtəşəm alınacaq bir hadisə, bir qəhrəman, fikir gəlir ağlıma. Bu baxımdan əsərlərimi natamam hesab edirəm, yəni əsərə nəsə daxil edə bilmədiyim, tam forması ilə beynimdəki yerini tuta bilməyən işi tamamlanmış saymaq olmaz. Amma üçüncü iddiaya da laqeyd qala bilməcəcəyəm. “Marcovaldo” başdan-sona “makro-mətn”dən hissələr idi.
-Yazı prosesinə nələr mane olur?
-Hər səhər öz-özümə deyirəm ki, bu gün məhsuldar olmaq lazımdır, sonra nəsə bir şey çıxır və mən yaza bilmirəm. Bu gün fikirləşdim ki, nə etməliyəm? Yadıma düşdü ki, müsahibə üçün gələcəklər. Qorxuram belə getsə, hekayə bir addım da irəliləməyəcək. Hər gün nəsə bir şey olur, icra ediləsi bir şey çıxır – banka getmək, poçta getmək, nəsə ödəmək, nəsə almaq, bürokratik işlər. Hələ mən gündəlik bazarlıq kimi yorucu işdən azadam. Birinci işim qəzet almaq olur. Evə çatana kimi oxuyuram artıq, ya da ən azı, tamamilə vaxt itkisi olan yazıların başlıqlarına nəzər salıram. Hər gün özümə deyirəm ki, bax bu qəzet oxumaq tamamilə əhəmiyyətsiz bir işdir, zaman itkisidir, amma dayana bilmirəm. Dərman kimidir. Günorta birtəhər yazı masasına yaxınlaşıram ki, bir qalaq məktub. Aşılması lazım olan daha bir maneə. Günorta gec saatlarda nəhayət ki, nəsə bir-iki cümlə yaza bilirəm, nəyisə düzəldirəm, silirəm, nəticələrə baxıram, yenidən yazıram və bütün bunlar baş verərkən paraleldə o qədər şey baş verir ki, telefon çalır, qapı döyülür, dostlar ziyarət edir, tərcüməçi gəlir, jurnalist gəlir, nə bilim eee. Hansını deyim. Nə işlə məşğul olasan, danışasan, yazasan?! Elə suallar verirlər ki, birdən heç onun cavabını özüm də bilmirəm. Hər müsahibədə eyni sual varsa, cavabları dəyişməyə çalışıram, improvizə edirəm ki, yəni içimdə dəyişib bu sualın cavabı. Dəyişiklik fərqli zamanlarda verilən sualların cavablarını da özü ilə gətirir. Ola bilər ki, onlar zamanla bir hekayənin qəhrəmanını yaradacaq. Bəlkə də özümlə bağlı həqiqətləri bu formada kəşf etmişəm.
-Montalenin yazıçı dili haqqında səsləndirdiyi bir fikrə aydınlıq gətirmək istəyirəm: “Yazıçının dili tarixiləşdirilmiş dildir, hesabatdır. Başqa dillərə qarşı çıxdığı, onlardan fərqli olduğunu sübut etdiyi qədər dəyər qazanır, xüsusiləşir, seçilir”. Bu perspektivdən yanaşsaq, öz ədəbi dilinizin kimliyini necə şərh edərsiniz?
-Bu məsələni tədqiq və analiz etmək siz tənqidçilərin işidir. Mənim bu mövzuda söylənəsi yeganə fikrim bir çox həmkarımın, xüsusilə roman yazanları nəzərdə tuturam, həm əvvəlcədən təxmin edilə bilən, yəni nə deyəcəyi təəccüb doğurmayan, həm də yavan dil və ifadələr istifadə edərək mükəmməl hekayələri saldıqları təəssüfdoğurucu vəziyyətlərə düşməmək üçün durmadan çalışıram. Bəzən tənbəllikdənmi, ya da hansısa çoxsaylı səbəblərdən nəsrdə dilə çox da önəm verilmir, amma məncə, bu elə şeirdə olduğu kimidir, dilin mümkün bütün qaynaqlarını səfərbər etmək lazım gəlir. Söz və ifadə seçimində canlılıq və dəqiqlik, onların istifadəsi və paylaşılması yerlərində lazım olan qənaətcillik, qaneedicilik və yaradıcılıq, bir tondan digərinə, bir hissdən başqasına keçərkən ehtiyacınız olan çeviklik və elastiklik yazarın özünün ədəbi gücündən asılıdır. Məsələn, yazarın harada lüzumsuz ifadələr istifadə etdiyi, harada yaratmağı hədəflədiyi duyğunu təsvir edə bilmədiyi üçün qüvvətləndirici ədatlarla bəzənmiş sifətlərdən yararlandığı çox aşkar görünür, yəni nəinki başqa yazıçı, peşəkar və diqqətli oxucu da üzərində çox dayanmadan bunları görür və bu tip yazarlar birmənalı şəkildə zəif, başqa sözlə desək, sui-istifadəçidirlər. Yəni hansı tərəfdən baxırsınızsa-baxın, etibarsız insanlardır. Bir də bunu qeyd etməliyəm ki, yazıya niyyəti çox vurğulayan epizodlar, göz vurmaq, oxucunun səmimi olduğuna inanmadığı etiraflar, rəng adları, üstüörtülü fikirlər də yükləmək olmaz. Şübhəsiz, mükəmməl nəticə üçün hər yol sınanmalıdır, amma nəticəni onunla birbaşa əlaqəsi olmayan yollarla əldə etmək lazımdır. “Necə yazmalıyam?” sualını tez-tez verdiyim, üzərində uzun-uzun düşündüyüm dönəmlərdə yazarın “formaya forma verən aktyor” olduğu qənaətinə gəlmişdim, aradan bu qədər çox vaxt keçməsinə baxmayaraq, o düşüncə saatlarından yadımda ən çox bu fikir qalıb.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər