• cümə axşamı, 28 mart, 14:51
  • Baku Bakı 16°C

Mujineksin anti-Azərbaycan xəstəliyi

23.04.15 06:24 1697
Mujineksin anti-Azərbaycan xəstəliyi
Son illər öz sürətli inkişaf templəri ilə bir çox dövlətləri geridə qoyan Azərbaycan növbəti dəfə bu uğurları gözü götürməyənlərin hədəfinə düşüb. Ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində sanki “ikinci nəfəs”i açılan anti-Azərbaycan mövqeli dairələr və erməni lobbisi indi də Birinci Avropa Oyunlarına qarşı qısqanclıq zəminində genişmiqyaslı hücuma keçiblər. Bu qısqanclıq və gözügötürməzliyin nəticəsi olaraq da Azərbaycana qarşı yeni “qara piar” kampaniyasına start verilib. Təbii ki, iş-peşələri sahiblərinin çaldığı havaya oynamaq olanlar da bu kampaniyadan sevincək olaraq, əməlli-başlı fəallaşıblar. Belələrindən biri - Avropa insan haqları komissarı Nils Raymond Mujineks isə deyəsən, sevincindən tutduğu vəzifənin məsuliyyət yükünü belə unudub. Elə buna görə də, ağına-bozuna baxmadan, Leyla və Arif Yunuslarla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
Kimdir Nils Mujineks?
Təbii ki, bizə qarşı çıxış edənlərin kimliyi, onları bu işə vadar edən səbəblər hər kəsdə maraq doğurur. Bu mənada anti-Azərbaycan mövqeyini öz məsləklərinə çevirənləri də tanımaq vacib və əhəmiyyətlidir. Belə insanları tanıdıqca isə məlum olur ki, onların bir çoxu, necə deyərlər, eyni qəlibdədirlər. Bu mənada indi haqqında söz açdığımız “qəhrəmanımız” da istisna deyil. Gəlin onunla bir az da yaxından tanış olaq.
Araşdırmalardan belə məlum olur ki, N.R.Mujineks ABŞ-da latış siyasi mühacirləri ailəsində dünyaya göz açıb. 1990-cı illərin əvvəllərində Baltikyanı ölkələri Rusiyadan tam qoparmaq üçün bütün rəhbər siyasi postlara mühacir ailələrində doğulmuş Amerika vətəndaşlarının gətirilməsi əməliyyatı zamanı o da kənarda qalmayıb və xüsusi bir missiya ilə Latviyaya göndərilib. Kənardan veriən dəstək sayəsində də tezliklə ucalıb - 2002-2004-cü illərdə Latviyanın ictimai inteqrasiya naziri postunu tutub. 2010-2012-ci illərdə isə qitə miqyasına çıxaraq, Avropa Şurasının İrqçilik və dözümsüzlük əleyhinə komissiyasının rəhbəri olub. 2012-ci ildən Avropa Şurasının İnsan haqları üzrə komissarı olan N.R.Mujineks 2005-ci ildən Latviyanı Avropa Şurasında təmsil edir. Görünür, daimi dəstək sayəsində siyasi yüksəliş, tutduğu mövqe, Avropa Şurası kimi nüfuzlu bir qurumda təmsilçilik onun başını elə gicəlləndirib ki, dərhal ağla qaranı bir-birindən ayırmamaq mərəzinə mübtəla olub və Azərbaycan əleyhinə ilk müraciətini də məhz o vaxt edib. Amma bu “siyasi başgicəllənmə” komissara bir “siyasi korluq” da bəxş edib ki, bunun da fəsadları nədənsə yenə Azərbaycana qarşı yönəlib. Belə olmasaydı, o, 2012-2014-cü illərdə ölkəmizə 3 dəfə səfər etməsinə baxmayaraq, heç olmasa bircə dəfə bəzi həqiqətləri görüb-duya bilərdi. N.R.Mujineks isə nə ərazimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını, nə də bu işğal nəticəsində 1 milyondan artıq soydaşımızın ata-baba yurdundan didərgin düşməsini görə bilib. Təəssüf ki, “qəhrəmanımız”ın “siyasi əlilliyi” bununla da bitmir. “Siyasi korluq” onun eşitmə qabiliyyətinə də əməlli-başlı mənfi təsir göstərib. Məhz bunun nəticəsində də N.R.Mujineks AŞPA-da erməni nümayəndə heyəti rəhbərinin, sonra da Ermənistan prezidentinin azərbaycanlılarla ermənilərin birgəyaşayışının irqi baxımdan mümkünsüzlüyü haqda faşist bəyanatını “eşidə bilməyib”, daha doğrusu, “eşitməyib”. Paradoksa baxın. Bunu o adam eşidib-görmür ki, onun vəzifəsi məhz belə şeyləri eşidib-görmək idi, yəni İrqçilik və dözümsüzlük əleyhinə komissar olaraq.
Leyla Yunus sevgisi
N.R.Mujineksin anti-Azərbaycan mövqeyinin formalaşmasında “sapı özümüzdən olan baltalar”ın rolu da danılmazdır. O, 1994-2002-ci illərdə Latviya İnsan hüquqları və Etnik Tədqiqatlar Mərkəzinə rəhbərlik edib. Məhz bu mərkəz də Azərbaycana qara yaxmaqda mahir olan Leyla Yunusun Sülh və Demokratiya İnstitutunun Qərb donorları ilə əsas əlaqələndiricilərindən biri olub. Heç də təsadüfi deyil ki, L.Yunusun institutundakı miqrasiya və konfilktologiya departamentinin (rəhbəri Arif Yunus) tədqiqatlarının adları N.R.Mujineksin imzası ilə çap olunmuş tədqiqatların adları ilə eyniyyət təşkil edir. Görünür, “birləşdirici amillər” o qədər güclü olub ki, bu, tədqiqatlardakı eyniliyə belə gətirib çıxaıb. Necə deyərlər, yenə həmin dalğa, həmin koordinat... Nəticə isə məlumdur: sanki tədqiqatları işləyən qələm eynidir, fərqli olan isə yalnız işlədilən etnonimlərdir.
N.R.Mujineksin bəyanatlarında bir “əzabkeşlik” də duyulur. O, Azərbaycanla bağlı bəyanatlarında ölkəmizdəki bütün “tərəfdaşları”nın (Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov) həbsdə olmasının ona “əzab verdiyini” vurğulayır. Özünə daha çox haqq qazandırmaq üçün də bu şəxsləri müdafiə etməsinin səbəbini “tərəfdaşlarını itirməmək” istəyi ilə izah edir. Nə qədər maraqlı etirafdır, deyilmi? Adam az qala belə fikrə gəlir ki, yəqin kənar ölkədəki insanlara bu cür qayğı göstərən bir şəxs öz ölkəsindəkiləri daha güclü bir sevgiylə sevər. Amma yox, bu, heç də belə deyil. Əksinə, L.Yunusun “xalq diplomatiyası”nı təqdir edən N.R.Mujineks istər Latviyanın inteqrasiya naziri, istərsə də ümumavropa ombudsmanı olarkən öz ölkəsində əhalinin tən yarısını təşkil edən şəxslərin hüquqlarını müdafiə etməyi yadına belə salmayıb. Yada salmaq bir yana, öz vəzifə borclarının tam ziddinə gedərək, müsahibələrində Latviyanın rusdilli əhalisi haqda olmazın sözlər də deyib. Yeri gəlmişkən, N.R.Mujineksin “siyasi korluğu”nun doğurduğu bir xəstəlik də məhz bu məqamda özünü xüsusilə qabarıq şəkildə büruzə verir. Məlum olur ki, o, həm də “siyasi daltoniklik” xəstəlyinə tutulubmuş. Elə buna görə də ağdərili slavyanları belə qara rəngdə görür, onlar haqqında hələ də təhqiramiz “qeyri-vətəndaşlar” (rusca “neqrajdane” - qısa variantda “neqr”) ifadəsi işlədir. Bu məqamda xatırladaq ki, hüquqi nihilizmin təcəssümü olan bu ifadə 1940-cı ildən üzü bəri Latviyada məskunlaşmış şəxslərə şamil edilir. Halbuki 40-cı ildən sonrakı müddətdə Mujinekslər ailəsi ABŞ-a mühacirət edərək, vətəndaşlıq alıb, sonra yenidən Latviyaya qayıdaraq, siyasi post tutub. Nədənsə bu elementar hüquq “neqr” adlandırdıqları qeyri-latışlara münasibətdə tanınmır.
N.R.Mujineksin qüsurlu və məntiqlə uzlaşmayan mövqeyi bununla da yekunlaşmır. Onun nə tədqiqatlar apararkən, nə də nazir və ümumavropa ombudsmanı postunda olarkən Latviyanın aborigen əhalisi livlər və latqallar haqda ciddi bir açıqlamasına rast gəlmək mümkündür. N.R.Mujineksin Rusiya və Latviya arasında köhnə ədavəti kənara qoyub yeni münasibətlərə başlamaq haqda çağırışlarını da eşidən olmayıb.
Ermənilərə bağlı komissar
Maraqlıdır ki, N.R.Mujineks öz vətənində görmədiklərini başqa ölkələrdə axtarır. Bu səbəbdən də o, Türkiyədə erməni azlığı, Ermənistan və Türkiyə cəmiyyətlərinin barışması, Türkiyənin “soyqırımı”nı etiraf etməsi, sərhədlərin açılması, ermənilər və azərbaycanlılar arasında xalq diplomatiyası kimi məsələlərə aid onlarla çağırışlar edib. Bu şəxsin ümumavropa ombudsmanı kimi Ermənistanla bağlı iradları isə adətən gender balansına çağırışdan o yana keçməyib. Sanki bu ölkənin monoetnik dövlətə çevrilməsi, buradakı sonuncu milli azlığın –yezidi kürdlərin ümumkürd mədəni mühitindən təcrid edilib assimilyasiyaya məcbur edilməsi, assimilyasiya olmayanların isə bu və ya digər yollarla deportasiyaya məcbur edilməsi kimi problemlər heç əzəldən yoxmuş. Bu isə bir daha onu göstərir ki, sözügedən şəxs sırf ermənipərəst mövqedə dayanır. Elə N.R.Mujineksin özü də Ermənistan və Türkiyənin 8 qeyri-hökumət təşkilatının iştirakı ilə həyata keçirilən “Erməni-türk münasibətlərinin normallaşdırılması” layihəsinin əsas dəstəkçilərindən biri olduğunu etiraf edir. Amma N.R.Mujineksin “normallaşdırma” anlayışına yanaşması da ikili standartlar çərçivəsindədir. Bunun nəticəsidir ki, o, ermənilərin torpaqlarımızı işğalı, 1 milyon azərbaycanlının öz dədə-baba yurdlarından didərgin düşməsi kimi faktların üstündən sükutla adlayır, Ramil Səfərovun Azərbaycana ekstradisiya edilib azadlğa çıxmasına isə sərt formada reaksiya verməyi isə yaddan çıxarmır.
Beləliklə, hər şey göz önündədir. Baltikyanı ölkələri anti-Rusiya cəbhəsinin avanqardına çevirmək üçün Amerikadan göndərilmiş şəxslərdən olan N.R.Mujineks yenə də ümumavropa ombudsmanıdır. Onun əsas tərəfdaşlarından olan Dağlıq Qarabağ separatizminin başçıları isə Ermənistanda siyasi rəhbərlikdədirlər. Komissarın Azərbaycan üzrə “əsas tərəfdaşları”- Riqada ermənilərlə qardaşlaşma görüşünün, sonralar isə “xalq diplomatiyası”nın aktiv iştirakçıları, nəhayət ki, ifşa edilərək həbs olunublar. Azərbaycan isə yürütdüyü balanslaşdırılmış xarici siyasəti davam etdirir, heç bir kənar təsirə uymadan anti-Rusiya cəbhəsinə qoşulmaqdan imtina edir. Görünür, bu amil N.R.Mujineks və onun əqidədaşlarını bir az da qıcıqlandırır. Erməni sevgisi, “əzabkeş” qəlbin doğurduğu yanğı da bir yandan... “Tərəfdaşlar”ın azad edilməsi üçün müraciətlər də məhz buradan qaynaqlanır. Amma zaman göstərir ki, tarixdə bu cür haqsız cəhdlər haqq yolunda olanlara mane ola bilməyib. Anti-Azərbaycan xəstəliyinə tutulanların çığırtıları da bizim ölkəmizi öz yolundan döndərə bilməyəcək.
F. Qəhrəmanlı
banner

Oxşar Xəbərlər