• çərşənbə axşamı, 16 aprel, 17:37
  • Baku Bakı 19°C

“Muhteşem Yüzyıl” yenə diqqət mərkəzində

19.02.14 09:52 2191
“Muhteşem Yüzyıl” yenə diqqət mərkəzində
Bir həftədir ki, Türkiyə mediasının və yerli mətbuatın gündəmini bir məsələ cəlb edib. Bu məsələyə siyasətçilər, tarixçilər, rejissorlar da öz münasibətlərini gizlətmirlər. Belə ki, Türkiyədə uzun müddətdir yayımlanan “Muhteşem Yüzyıl” serialında ötən həftə Süleymanın oğlu Mustafanı bilərəkdən öldürtməsi böyük marağa səbəb olub.
Tarixçilər burada şişirdiləcək heç bir şeyin olmadığını, tarixdə hadisələrin məhz bu şəkildə baş verdiyini söyləsələr də, tamaşaçılar bunun haqsız olduğunu, bir atanın belə qəddar olacağına inanmadıqlarını söyləyirlər. Rejissorlar isə şahzadə Mustafanın öldürüldüyü səhnənin daha canlı və təsiredici olduğunu qeyd edirlər. Filmin məhz bu hissəsi sosial şəbəkələrdə izlənmə rekordu qırmaqda davam edir. Filmi izləməyənlər isə heç olmasa Sultan Süleymanın oğlunu öldürtməsi səhnəsini izləməyə can atır.
Filmin çəkiliş prosesinə nəzər salıb film haqqında aktyorların fikirlərini öyrənməyə çalışdıq. Bu barədə Türkiyə mediasında maraqlı məlumatlar tapdıq.
“Möhtəşəm yüzyıl” serialının birmənalı qarşılanmayan bölümü haqqında Sultan Süleyman Qanuni obrazını canlandıran Halit Ergenç maraqlı açıqlama verib. Sosial şəbəkədə o, çəkiliş zamanı ağladığını bildirib və həmin kadrların təkrar çəkildiyini deyib: “Şahzadə Mustafanın cəlladlar ilə mübarizə apardığı və “Ata” deyə qışqırdığı an özümü saxlaya bilmədim və hönkür-hönkür ağladım. Buna görə də həmin səhnəni təkrar çəkmək məcburiyyətində qaldıq. Bir də M.Günsürü qucağıma aldığım anda göz yaşlarıma hakim ola bilmədim”.
“Saray həyatı qızıl qəfəs kimidir”

Serialın reytinqini nəzərə alan Türkiyə mediası ötən ay çəkilişlərdən reportaj hazırlayıb. Reportaj serialın son bölümünün məşq prosesindən bəhs edib. Reportajda serialı tərk edəcək olan Mehmet Günsür öz obrazını təhlil edərək, tamaşaçılarla fikirlərini bölüşüb. Bir neçə gündür ki, tamaşaçıların maraqla izlədiyi həmin səhnənin aktyoru obrazı haqqında bunları deyib: “Ölü kimi uzandığım səhnə ən çətin səhnə idi. Çəkilişlər bitəndən sonra Halit Ergençlə birlikdə çəkilmiş hissəyə baxıb ağladıq”.
O, obrazı haqqında danışarkən bunları qeyd edib: “Mustafa əslində ideal bir şahzadədir. Mustafa humanist adam idi. Bunu onun dürüstlüyü və qardaşlarına olan sevgisindən də görmək mümkünüdür. Yəni çox fərqli insandır. Düşünürəm ki, yaşasaydı, ondan ideal bir qəhrəman, şahzadə çıxa bilərdi. O, anasını çox sevir. Əslində hər oğul anasının şahzadəsidir. Atasını isə ideal bir Sultan hesab edir. O, atasına toz qondurmur, onun haqqında mənfi söz dedirtmir, atasına olan hörməti heç zaman dəyişməzdir. Özünün padşah olacağı günləri düşünmək belə istəmir. Sarayda qadınlar arasında mübarizə qızışır və bu mübarizə hər zaman aktual olur. Mustafa da orada anasına edilən haqsızlıqları görür, ancaq onu da bilir ki, bu məsələlərə qarışmamalıdır. Əslində Mustafanın uşaqlığı çətin keçir. O, sarayda böyüyür, həmin mühitə alışır. Ümumiyyətlə, saray həyatı çox qəribədir”.
Mehmet Günsürə “o dövrdə yaşamaq istərdinizmi” kimi sual ünvanlanır. Aktyor həmin dövrdə yaşamaq istəmədiyini, ona həmin dövrə sadəcə aktyor kimi səyahətin zövqlü gəldiyini bildirib: “Mənə görə bu şəkildə bir anlıq gedib səyahət edib, yenidən bu dövrə geri dönmək daha zövqlüdür. Saray həyatı qızıl qəfəs kimidir. O qəfəsə düşən hər kəs çıxmağa çalışır. Çölə çıxa bilmədikləri və insanlarla münasibət qura bilmədikləri üçün çox darıxırlar. İnsanlar, daha çox da qadınlar buradan xilas olmaq üçün əllərindən gələni edirlər. Qadınlar xüsusi bir hakim mövqeyə malik olurlarsa, istər-istəməz orada mübahisə düşür. Həmin dövrün qadınlarının da həyatı çox çətin olub. Kişilərə baxanda qadınların həyatı daha çətindir. Qadınlar daha çox güc qazanmağa çalışırlar ki, bu qızıl qəfəsdən çıxa bilsinlər. Güc qazanmanın yolu kişilərdən keçir. Kişilərin isə böyük arzusu hərəm sahibi olmaqdır. Yaxşı ki, o zaman hərəmxana var imiş. Ancaq düşünürəm ki, indi elə hərəmxanalar olmamalıdır”.
“Mustafanın başına gələnlər ata-oğul arasında nifrət yaradır”

Aktyor obrazına qarşı pusqu qurulduğunu da deyib: “Mustafa onun üçün pusqu qurulduğunu anlayır, ancaq buna baxmayaraq yenə də öldürülür. Mustafa hər zaman atasının, özünün də öldürüləcəyini düşünür. Ancaq bunlara inanmaq istəmir. Lakin yenə də ümid edir ki, həyatı heç də düşündüyü kimi olmayacaq. Əslində o bu barədə düşünmək istəmir. Bu isə qaçılmazdır. Mustafa atasına məktub yazıb, döş cibində gizlədir ki, öldürülsə, atası onu oxusun. Bu səhnə çox təsiredicidir. O, bilirdi ki, nə eşq məsələsinə, nə də ata-oğul münasibətlərinə görə ölməyəcək, məhz xanədanlıq məsələsi üstündə atası tərəfindən öldürüləcək. Bunun üçün də atasına məktub yazır”.
Mustafanın həyatında eşqin rolundan söhbət açan aktyor eşqin onun üçün böyük rol oynamadığını deyib: “Əslində böyük ailələr, əsilzadələr övladlarının adlı-sanlı ailələrlə ailə qurmalarının tərəfdarı olublar. Serialda da elə oldu, Osmanlı imperiyasının böyüməsi, möhkəm olması üçün Aybikə evləndirilib. Aybikə vasitəsilə Osmanlı imperiyasıyla Kırım tatarlarının əlaqələri genişlənib. Bu, ailə və xanədanlıqla bağlı bir məsələdir. Evliliklə bağlı Mustafa elə də böyük bir problem yaşamır, ona görə də evləndikdən sonra onun həyatı dəyişmir. Bu gün real həyatda da vəziyyət belədir. İmkanlı, tanınan ailələr varlı ailənin qızını almağa çalışırlar ki, gücləri çoxalsın. Elə mənim tanıdığım 2 belə ailə var”.
Aktyor reportaj zamanı gələcək seriyadan danışaraq obrazının öləcəyini də qeyd edib: “Mustafanın başına gələnlər ata-oğul arasında nifrət yaradır. Anladım ki, ölüm bəsit bir şeydir. Saray həyatını yaşamaq da çox çətindir. İnsan həyatının çox xoşbəxt yeri yoxdur. Serialın sonrasını maraqla izləyirəm”.
“Mənim üçün bir macəra oldu”

Mehmet Günsür obrazını canlandırdıqca onu daha çox tanıdığını və böyük rəğbət bəslədiyini deyib. Onun sözlərinə görə, Mustafa fərqli bir insandır: “Əgər həyatda Mustafa qədər dürüstəmsə, nə xoşbəxt mənə. Obrazı canlandırarkən onun kimi düşünməyə başladım. Həmin dövrdə şahzadə olmaq da çox çətin idi. Hər kəsdə bir qorxu var. Düşünün ki, yediyin yeməyi səndən əvvəl 3 nəfər analiz edir. O cür həyatda ölüm adi bir şeydir, hər yerdən gələ bilər. Onlar həyatlarından çıxarmaq istədikləri insanı elə saraydaca öldürürlər. Saray insanları üçün onların həyatının dəyəri yoxdur. Bu intriqalardan çıxmaq, sıyrıla bilmək imkansızdır”.
Bu obrazı yaratmaq üçün çoxsaylı məşqlər etdiyini söyləyən aktyor canlandırdığı obrazın dövrlərini əks etdirən kitablar oxuduğunu və həmin dövrdən xəbərdar olmağa çalışdığını qeyd edib: “Deyə bilmərəm ki, bu obrazdan sonra həyatım dəyişdi. Həyatımda elə də böyük dəyişiklik olmadı. Tamaşaçılar məni bu obrazımdan əvvəl də tanıyırdılar. Ancaq bu filim Türkiyədə olduğu kimi, Osmanlının tərkibində olan ölkələrin də maraq dairəsindədir. Onlar maraqla izlədiyi üçün bizi tanımağa başladılar. Bu film dünyada çox izlənilir. İndiyədək Osmanlı ilə bağlı belə bir film çəkilməyib”.
Obrazının öldürüldüyü gün aktyor sosial şəbəkədə yaradıcı heyətə uğurlar arzulayıb. O, belə bir obraz yaratdığı üçün çox xoşbəxt olduğunu bildirib: “Hər kəsə təşəkkürümü bildirirəm. Çox xoşbəxtəm. Mənim üçün mükəmməl bir macəra oldu”.
Hazırladı: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər