• cümə axşamı, 18 aprel, 09:33
  • Baku Bakı 12°C

“...müharibəyə tamamilə fərqli prizmadan yanaşıb” - Onun film seçimi

30.03.18 15:20 1540
“...müharibəyə tamamilə fərqli prizmadan yanaşıb” - Onun film seçimi
Bəzən insanlardan boş vaxtlarında nə ilə məşğul olduğunu soruşanda filmə baxdığını deyir. Film artıq insanlar üçün estetik zövq verən, onların dünyagörüşünü inkişaf etdirən ən gözəl vasitədir. Boş vaxtı olan şəxslər dostlardan baxmağa, zamanı xərcləməyə dəyən yaxşı film soruşurlar. Bu zaman çoxlu film adları məsləhət verənlər olur. Bu dəfə isə film məsləhəti üçün tanınmış aktyor Kamran M.Yunisə müraciət etdik.
Onun məsləhət gördüyü ilk film İkinci Dünya Müharibəsindən bəhs edən "Savaş vadisi”dir. Bioqrafik savaş filmidir: "Bu kino Mel Gibsonun çəkdiyi sonuncu filmdir. Bu kinonu seçməyimə səbəb odur ki, dünya kinosunun canlı əfsanəsi olan Mel Gibson müharibəyə tamamilə fərqli prizmadan yanaşıb. Kinoya baxıb rejissor əməyini qiymətləndirməmək olmaz. Bu filmlə Mel Gibson öz vətənpərvərliyini, mükəmməlliyini bir daha sübut etmiş oldu. Film müharibəni rədd edən, barış tərəfdarı olan amerikalı həkim haqqındadır. Və 2016-cı ildə səhnələşdirilən kino olduqca böyük marağa səbəb olub”.
1999-cu ildə ABŞ-da çəkilən "Altıncı hiss” filmi ikinci yerdədir. Rejissorluğunu Nayt Şyamalanın etdiyi filmdə məşhur aktyor Brüs Uillis çəkilib: "Bu film mənim üçün irrasional düşüncəni təlqin edən kinolardandır. Aktyor oyunu baxımdan Bryus Uillisin işini yüksək qiymətləndirirəm. Onun oyununa baxıb da nələrisə öyrənmək mümkündür. Ona görə, çox istərdim ki, gənclərimiz bu filmi izləsinlər”.
Üçüncü film isə yenə də Mel Gibsonun rejissorluğu ilə çəkilən "Hz. İsanın Çiləsi” adlanır: "Mənim üçün bu film olduqca dəyərlidir. Çünki Mel Gibson burada sözün əsl mənasında bir rejissor kimi dünya kinosuna töhfə verib. Eyni zamanda da aktyorların oyunu kifayət qədər mükəmməldir. Onu da qeyd edim ki, bu filmdə dünya film ulduzlarının bir çoxu rol alıb. Onlara verilən rolları çox ustalıqla oynayıblar”.
Müsahibimizin "gəncliyimin filmi” adlandırdığı "Payızın əfsanələri” dördüncü seçimi oldu: "Burada böyüyə hörmət, qardaşlıq kimi anlayışlardan, sevginin necə olmağından, ümumiyyətlə, sevginin nə olduğundan bəhs edilir. Bu filmi seçməyimə səbəb çox gözəl aktyor kollektivinin olmasıdır. Xüsusilə də, Bred Pit, Henri Tomas kimi aktyorların bu kinoda yer alması onu baxımlı edən səbəblərdəndir”.
Onun beşinci məsləhəti özünün də rol aldığı "Vicdan Haqqı” serialıdır: "Təvazökarlıqdan uzaq olsa da, çəkildiyim serial haqqında da danışacağam. Məncə, Azərbaycan teleməkanında sözün əsl mənasında peşəkarcasına çəkilmiş ilk serialdır. Və 3 ildir ki, reytinqləri qıran ən yaxşı serialdır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər