Müharibələr və faciələr olmasa, incəsənət yarana bilməz
– Yeni
kitabınız çap olundu, uğurlu olsun. Bu barədə danışaq.
– Çox sağ olun. "Sağ qalan varmı?” adlı şeirlər
kitabım "Ədiblər” yayımları çərçivəsində nəşr olunub. "Ədiblər” yayımları
olaraq yeni bir layihəyə başlamaq istəyirik. Həm gənc yazarları, həm də bizə
maraqlı gələn digər müəllifləri çap etməyi planlaşdırırıq. İlk olaraq da öz
kitabım çap olundu.
– Yeni şeir
kitabı çıxartmaq ehtiyacı hardan yarandı? Oxucularınız tələb edirdi, yoxsa, özünüz
yeni kitab çıxartmağın vaxtı olduğu qənaətinə gəldiniz?
– 2015-ci ildə "Tanrının kölgəsi” adlı şeirlər
kitabım çap olunmuşdu. Reaksiyalar yaxşı idi, ancaq yenidən çapa ehtiyac
duydum. Özümün əmin olduğum, eyni zamanda 2015-ci ildən sonra yazdığım şeirləri
çap etdirmək istəyirdim. Burada sırf bir
məqsəd vardı desəm, yalan olar. Birincisi, özüm istəyirdim bu kitabı çıxarım.
Həm də ixtisasım dəyişdi, müəyyən sahədə işə başladım, əlimdə kitabım yox idi.
Buna görə lazım oldu. Açıq etiraf edim ki, kitabı da özüm çıxartmamışam. Bir
dost var, o dəstək olub.
– Bu şeir kitabınızda hansı şeirlər toplanıb?
Köhnə kitabınızdan da şeirləriniz varmı?
– Bəli var.
Ən sevdiyim şeirləri bura da salmışam. Amma yarısından çoxu yeni şeirlərimdir.
Yeni şeirlərim daha çox sevgiyə aiddir. Birinci kitabda isə daha çox müharibə
mövzusu öz əksini tapmışdı. Bu da qınaq
obyekti olmuşdu. Lakin son dövrlər sevgi şeirləri daha çoxdur.
– Adətən, şairlər yaradıcılığa erkən yaşda
sevgi şeirləri ilə başlayır və sevilirlər. Siz isə müharibə şeirləri ilə
sevildiniz. Bu nə ilə bağlıdır?
– Həssas
adamlara həyatında baş vermiş hadisələr daha doğma olur, həmin mövzuda daha
ürəklə yaza bilirlər. Mən hərbçi işləyərkən cəbhə bölgəsində, səngərdə olmuşam.
Səngərdə gördüyüm hadisələr həyatımda daha dərin iz buraxıb, nəinki sevgi
yaşantıları. Səngər həyatımda sevgidən daha çox iz buraxıb, ona görə müharibə mövzusu
uğurlu alınıb. Uzun müddət keçib, səngərdən uzaqdayam, artıq sevgi mövzusu daha
çox təsir edir mənə.
– Belə çıxır ki, sizə nə yaxındırsa, o
mövzuda daha yaxşı yazırsınız?
– Daha çox
ruhsal olaraq o hadisələri duymaq lazımdır. Amma bu o demək deyil ki, bu gün
başıma nə gəlibsə, o haqda yazmalıyam. Sadəcə, səngərdə baş verən hadisələr
məni çox təsirləndirmişdi. Başqa bir rakursdan baxa bilmirdim. Baxanda da
yuxumda daha çox səngər görürdüm.
– Demək istəyirsiniz ki, sevgi bekarçılığın işidir.
Həyatda daha ciddi şeylər var, müharibə kimi. Onu yaşayan insanlar üçün sevgi
cəzbedici görünmür...
– Bizdə
şairlər həmişə sevgi şeirlərində ilişib qalırlar. Mənə görə şair nə qədər populyar olur olsun, sevgi
şeirlərində ilişib qalırsa, o, əsl şair deyil. Əsl şair olmaq üçün 6 şərt var:
müharibə, sülh, Tanrı, şeytan, təbiət və sevgi. Bu mövzularda yaza bilən insanı
şair adlandırmaq olar. İstedadlı və ya istedadsız olmaq isə artıq başqa məsələdir. Mən özüm də
hiss elədim ki, sevgi şeirləri yazmaq lazımdır. Düzdür, bu planlı şəkildə
olmadı. Bu o demək deyil ki, mən illərlə oturub sevgi şeirləri yazacağam. İnsan
nəyinsə içində ilişib qalmamalıdır. O ki qaldı, sevgi mövzusuna, bizdə belə
məqamda ancaq iki insanın bir-birinə olan sevgisi nəzərdə tutulur. Amma
dənizə, pişiyə, ağaca da sevgi ola bilər. Sevginin bir formasında ilişib
qalmaq olmaz. Arada istiqaməti dəyişdirmək lazımdır.
– İşinizlə əlaqədar rayonda yaşayırsınız. Rayon
mühitinin yaradıcılığınıza nə kimi təsiri olub?
– Bəli,
hal-hazırda Siyəzən rayonunda yaşayıram. Əslində, müəllim olmaq heç vaxt
ağlımdan keçməyib, bu, mənim üçün uzaq sahə idi. Yayda hazırlaşdım, dövlət
imtahanı verdim. İstəyim kənd yerinə düşmək idi. Bir qədər dağlıq, meşə olan
bir yer. Çünki bütün günü "Tarqovıy”da olurdum. Artıq yorulmuşdum. Asfalt üstü,
suni insanlar, əl ilə hazırlanmış gözəlliklər məni sıxırdı. İndi orada həftənin
sonuna kimi işləyirəm, həftəsonu şəhərə gəlirəm. Təsir ondan ibarətdir ki, ən
yaxşı sevgi şeirləri orada yazıldı.
–
Şagirdləriniz sizin şairliyinizi, şeirlərinizi bilirlər?
– Əvvəllər
istəmirdim bilsinlər. Müsahibələrim çıxandan sonra, dedilər ki, müəllim, niyə
gizlədirdin? Mən özümü gizlətməyi sevirəm. Səngərdə olanda da yoldaşlarım
yaradıcılığımdan xəbərsiz idilər.
– Sizin üçün
şair olmaq daha çətindir, yoxsa müəllim?
– Şairliyə
peşə kimi baxmıram. Düzdür, o işlə sonra planlı şəkildə məşğul olmağa
başlayırsan. Bunu heç düşünmürəm.
– Sizin üçün şeir yazmaq asandır, yoxsa bir uşağa
təlim-tərbiyə vermək?
– Mənim üçün
bir uşağa təlim-tərbiyə vermək daha çətindir. Şairlik sənin öz hisslərindir.
Onun sayəsində içində tərbiyələnirsən. Amma sən məktəbdə başqa bir ruhu da
tərbiyələndirirsən. Yəni, müəllim olmaq daha çətindir.
– Əksər şairlərimizin həyat və yaradıcılığını
oxuyanda, görürük ki, onlar da ixtisas olaraq filologiyanı bitirib, müəllim
işləyiblər. Nədənsə, sonradan bu ənənə pozuldu. İndi şairlərin çoxu başqa
peşələrlə məşğul olurlar. Siz isə yenidən o ənənəyə qayıtmısınız...
– Bu barədə
düşünmüşəm. Bu, bir qədər Sovet dövrünün ənənəsi, təhsilə verilən qiymət idi.
Sonradan istər maddi, istərsə də hörmət baxımından müəllimin adı bizim
cəmiyyətdə əvvəlki mövqeyini itirdi.
Amma bu sahə ilə yanaşı, başqa sahədə işləyəndə çətin olur, enerjini alır.
Publisistika yaradıcılığa ayırmağa vaxt qoymur.
– Sizin üçün ideal oxucu auditoriyası necə olmaldır?
– Səmimi desəm, mənim üçün hədəflənmiş oxucu
kütləsi var. Lakin buna kütlə deməyək. Heç vaxt kütlə şairi olmaq istəməmişəm,
bundan sonra da istəmirəm. Dediyim təbəqə aristokrat, elitar (bu maddi baxımdan
yozulmasın) bir təbəqədir. Mən həmişə istəmişəm ki, o təbəqə mənim ruhumu
duysun. Bütün kütlənin sevdiyi bir şair adı çəkə bilməzsiniz. Çünki, kütlə, ədəbiyyatı yaşada bilməz. Ədəbiyyatı
elita yaşadır.
– Sizcə, şeirlərinizlə o elitaya xitab edə bilirsiniz?
– Son
dönəmlər mənə göndərilən məktublar, fikirlər göstərir ki, edə bilirəm. Bundan
məmnunam. Əslində, kitabımın da yenidən çapını müəyyən mənada o təbəqəyə görə
istədim.
– Şeirdə öyrəşdiyiniz bir tərz varmı? Hansı
vəzndə yazmaq sizin üçün daha əhəmiyyətli və rahatdır?
– Mənə görə
heca vəzni rahatdır, lakin fikirlərimi sərbəst şeirdə daha yaxşı ifadə edirəm.
Sərbəst şeirlərim çoxdur, amma hecada da
yazdım ki, deməsinlər bu vəzndə
şeir yaza bilmir. Maraqlıdır ki, heca vəznli şeirlər daha yaxşı alındı.
– Sizin "Boşanmış qadın” adlı şeiriniz var. Bizim cəmiyyət üçündə xarakterikdir.
Amma mənə elə gəlir ki, şeir çox uzanır. Bu qədər sadalamalar nəyə lazımdır?
İfadə etmək istədiklərinizi daha qısa yaza bilərdiniz?
– Bizim
cəmiyyətin yanaşma tərzi mənim də həyatıma sirayət etmişdi. Mənim də
düşüncələrimdə belə qadınlar qınanılırdı. Sonradan boşanmış qadına vurulmuşdum.
Onda baxış bucağım dəyişdi. Uzun yazmaq məsələsinə gəlincə, yəqin ki, müşahidələrimin
hamısını sığdırmaq istəmişəm.
– Kişilər qadınları təkcə boşanma mövzusunda deyil,
digər mövzularda da günahlandırırlar. Poeziyada bunun məşhur nümunəsi İran
şairi Furruğ Fərruxzaddır. Ərindən boşandığına görə, bütün həyatı boyu övladını
ona göstərməyiblər. Maraqlıdır ki, kişilərin qadınları başa düşməsi üçün mütləq
o vəziyyətdə olan bir qadına vurulması lazımdır?
– Bəlkə də...
Mən etiraf edirəm ki, vurulmasaydım, tanımazdım və başa düşməzdim.
– Bəlkə bu eqoizmlə bağlıdır. Kişilər hər
mövzuda özlərinə haqq qazandırmağı sevirlər. Bəlkə bu da özünə haqq qazandırmaq
üçün yazılmış bir şeirdir?
– Maraqlı
fikirdir, bu barədə düşünməmişdim. Əslində, insan bütün əməlləri ilə demək istəyir ki, sevdiyim
dəyərlidir. Bu şeir də içimdən gəldi.
Başqalarına görə yazılmamışdı. Yazandan sonra paylaşdım, çox bəyənildi.
Deyərdim ki, özü öz taleyini yaşayan şeirlərdəndir.
– "Çətin keçib uşaqlığım” adlı şeiriniz var,
elə yazılıb ki, sanki öz dilinizdəndir, amma əslində, bütöv cəmiyyətin
uşaqlarının həyatını əks etdirir. Bu
şeirin yaranma tarixçəsi mənə maraqlıdır.
– O şeir
mənim öz həyatımdır. Altı il bundan
qabaq yazmışam. Ola bilsin ki, bəzi
insanların həyatı ilə üst-üstə düşür, amma tamamilə, öz yaşantılarımdır.
– Şeirlərinizdə yaşadıqlarınızı yazmağınız hiss
olunur. Sizcə, şair yaşadıqlarını yazanda daha uğurlu olur, yoxsa yaşamaq
istədiklərini?
– Poeziyası
güclüdürsə, bunu elə də fərqi yoxdur. İstedadı varsa, istəyir yuxusunu yazsın,
yenə də uğurlu alınacaq. Bir şeyi yaşayıb, onu istedadla yazırsansa, onda həm
də səmimiyyət yaratmış olursan.
– Ayrılıqla bağlı şeirlər daha çox sevilir.
İnsanlar həm kədərdən qurtulmaq istəyirlər, həm də kədərlə bağlı olan hər şeyi
çox sevirlər. Bu, nə ilə bağlıdır?
– Mənim heç
vaxt nakam sevgim olmayıb. Ayrılıqdan yazılmış şeirimdə də deyirəm ki,
"üzülməyəsən ayrılığa, sevinəsən bir sevgi yaşadım”. Təsəvvür edin ki, bir
sevgi yaşamırsınız, onda həyatın nə mənası olardı? Üzülmək yerinə sevinin ki,
bir sevgi yaşadım. Bizim cəmiyyətdə belə bir hal var ki, bədbəxt olan adam özü
kimi bədbəxtlər görmək istəyir. Buna
sırf insanlar baxımından yanaşmaq lazımdır. Əgər müharibələr və faciələr olmasa,
incəsənət yarana bilməz. Xoşbəxt adam niyə şeir yazsın? Xoşbəxtlik bir qədər
mənasızlıqdır. O qədər hadisələr var ki, onlara qarşı xoşbəxt olmaq olmur.
Bütün insanların içində paxıllıq, qısqanclıq hissi də var. Həmin insan sevdiyi
şairi də bədbəxt görmək istəyir. Sanki insanlar istəyir ki, hansısa şair öz
maşını ilə getməsin, metroya çatmaq üçün tələssin, daim qaçaqaçda olsun.
Biləndə ki, hansısa şair işə öz maşını ilə gəlir və ya harasa istirahətə gedib,
bu, hamıya qəribə gəlir ki, böyük bir şair, yazıçı niyə belə bir həyat yaşasın.
– Yaxşı şair
olmaq sizin üçün hədəfdirmi?
– Əslinə
qalsa, hədəf deyil. Əlbəttə, gözəl yazmaq istəyərəm. Hər bir yazar istəyər ki,
onun yazdıqları dünyanın dörd bir yanında sevilsin. Amma sırf yaxşı şair olum
deyə, bir düşüncəm yoxdur. Bütövlükdə
mən bunları ayrı götürmək istəmirəm. İnsan şair, dost, sevgili, müəllim kimi də
bütöv olmalıdır.
– İstəmirsiniz ki, xalq şairi
olasınız və hamı sizi sevsin?
– Əlbəttə,
100 nəfərin sevgisindənsə, 1000 nəfərin sevgisi daha yaxşıdır. Belə deyək,
insanın iddiaları istedadını qabaqlayanda,
o insan həm öz istedadını məhv edir, həm də mənəvi və şəxsi faciəyə
yuvarlanır. İddialar çox ola bilər, lakin buna zaman prinsipi qoymalısan. Bunu
zamanla etməlisən. Ola bilər ki, sən Xalq şairi adına layiqsən, amma sən bunu
30 yaşında istəyəndə, özünə boş yerə düşmənlər qazanırsan. Alınmayanda isə bu,
səni məhvə aparır, içini qurudur. Xalq şairi tituluna gəldikdə isə hər bir
yazar bunu istəyər. Amma mən istəsəm belə, özümə gülünc görünər. Məndən də yaşca böyük, sənət yolunda
çətinliklər çəkmiş insanlar var. Hər bir insan özü bilir ki, özündə hansı
dəyərə malikdir.
– Sizcə, niyə yaradıcı
insanlar şöhrət qazanmaq istəyirlər? Məsələn, Selincer çox uğurlu bir roman
yazandan sonra kənara çəkilmişdi.
– Şöhrət qazanmaq bir saniyənin içindədir.
Azərbaycanda içi mən qarışıq hər hansı bir gənc elə bir status yazar ki, bütün
xalq onu tanıyar. Amma bunu kimsə bacarmır,
kimsə özünə sığışdırıb etmir. Bir var elə məşhurluq, birdə var ciddi məşhurluq.
Hər hansı bir futbolçu kiməsə yumruq atanda da məşhurlaşa bilər. Bir də var ki,
Ronaldo, Messi səviyyəsində məşhurluq. Mən məşhurluq deyəndə şeirlərimə görə
məşhurluğu nəzərdə tuturam. Hər hansı bir qalmaqalla yox. Sonradan sənin hər
hansı yaxşı əsərin olanda da o qalmaqalların kölgəsində qalır. Bunu sonradan
hiss edirsən və sənə əzab verir. Əvvəllər pul, maddiyat mənim üçün çox
əhəmiyyətsiz bir şey idi. İndi görürəm ki, kapitalist dünyada gücə sahib olmaq
istəyirsənsə, mütləq pul lazımdır.
– Müharibə mövzusunda
şeirlərinizin olması hərb sahəsində çalışmağınızla əlaqəlidir?
– Həm
səngərdə olduğum müddətdə mənə çox təsir etmişdi, həm də 90-ci illərdə Qubadlı
qaçqınlarının 90 faizi Sumqayıta gəlmişdi. Məktəbə də gəlib məskunlaşmışdılar.
Sinfin bir hissəsində qaçqın ailə yaşayırdı, bir hissəsində biz dərs
keçirdik. Sanki Sumqayıt cəbhə bölgəsi
idi. Bunlar da mənə çox təsir edirdi.
– Həmişəlik rayonda qalıb yazıb yaratmaq istəyərsiniz?
"Təbiət şairi” imici yaratmaq arzunuz var, yoxsa şəhər həyatı sizi daha çox
çəkir?
– Mən ikili
həyatı daha çox xoşlayıram. Nə kənddə tam yaşamaq istəmirəm, nə də şəhərdə.
Şəhərdən bezəndə, nəsə mənəvi boşluq hiss edəndə təbiətə gedirsən. Təbiətdə o
təbiilikdən bezəndə isə insanların yaratdığı gözəllikləri görmək üçün şəhərə
gəlirsən. Şəraitim olsa, orda da yaşayaram. At ilxım olsa, stadionum olsa,
qalaram orada. Mənim üçün daha çox xoş olar.
– Müasir ədəbi prosesdə oxuduğunuz şairlər varmı?
– Gənclərdən İntiqam Yaşar, Ramil Əhmədi, Aqşin
Evrəni, Aqşin Yeniseyi, Ulucay Akifi, Aliki, Emili, Anar Amini və s. bəyənib
oxuyuram. Düzdür, indi bəziləri yadımdan çıxdı, amma istedadlı gənclərimiz
çoxdur. Nəsr baxımından danışmaq haqqımın olduğunu düşünmürəm. Xanımlardan isə
heç kimin adını çəkə bilmədim. Qadınlar müqayisəyə gəlmir.
– Azərbaycan qadını niyə kişilərdən daha yaxşı yaza
bilmir?
– Bu bütün
dünyada belədir. Poeziya qadın nəfəsidir. Qadın qadını daha yaxşı anlaya
bilmir. Bizdə qadının yaxşı yaza bilməməsi yaşam tərzi ilə bağlıdır. Hər hansı bir qız Emin Pirinin yaşadığı
həyatı yaşasaydı dahiyanə əsər yaza bilərdi.
Həm də azadlıq anlayışı qadınlarımızda
boğulub. Onlar öz ruhlarının yox, diktə olunmuş ruhların ardınca
gedirlər. Yaradıcılığa təsir edən amil həyatdır. Dünya ədəbiyyatına da baxsaq,
sırf mütaliəyə vaxt sərf edənlər çox uduzub. Bir var başqasının həyatını oxuyub
öyrənirsən, bir də var ki, sən birbaşa özünü oxuyasan. Bir var orijinal
kitabdan oxumaq, bir də var nüsxədən oxumaq.
Söhbətləşdi: Cahan Seyidzadə