• cümə, 29 Mart, 18:16
  • Baku Bakı 14°C

Müharibədən sağ çıxan insanları sadəcə sərhədlər ayırır

18.09.16 19:54 2864
Müharibədən sağ çıxan insanları sadəcə sərhədlər ayırır

Amerikanın son bir neçə ildə dünyada librettoları və ədəbi tənqidi məqalələri ilə tanınan yazarı Laura Harrinqton ədəbiyyatı yalnızlıq, səssizlik işi hesab edir. Harrinqton və "Harper Mountain Press” nəşriyyatının redaktə şöbəsinin aparıcı məsləhətçisi olan həyat yoldaşı birmənalı şəkildə ədəbiyyatın insana gündəlik qayğılarını unutduracaq qədər maraqlı bir mühitdə yarana bildiyinə inanır, yalnız vərdiş edilmiş həyat ritmindən arınmış insanın mükəmməl ədəbi nümunə yarada biləciyini iddia edirlər. Harrinqton yaşı artıq 50-ni haqlamış, müasir dünyanın standartlarına həm iş əmsalı, həm aktivlik göstəriciləri, həm də dünyəvi ideyaları ilə kifayət qədər ayaq uyduran bir dünyagörmüş olsa da, uşaqlığını şəhərdən, hər cür psixoloji, mənəvi-emosional təzyiqlərə məruz qaldığı üçün həssaslıq, simpatiya göstərmək kimi insani keyfiyyətləri önəmsəməyənlərin mühitindən çox-çox uzaqda keçirdiyi hər məqaləsində, hər əsərində özünü açıq-aşkar büruzə verir.

Günümüzün Yeni Dünyasının məşhur qələm adamlarından olan Larinqton onlarla dram əsərinin, musiqili komediyaların, librettoların müəllifi, bir çox beynəlxalq nüfuzlu mükafatın qalibidir. Harrinqton dramaturgiya üzrə "Massachusetts Culture Comittee Prize” mükafatına layiq görülmüş ilk xanımdır. İlk debüt əsəri "Alice Bliss” ilə "Clauder” mükafatına layiq görülən Harrinqtonun "Ev” ("Home”), "100 monoloq” ("100 monologues”) kitabları da ABŞ, İtaliya və Danimarkada böyük maraqla qarşılanıb. Müəllifin "HuffingtonPost”a verdiyi və öz şəxsi veb səhifəsində də ədəbiyyat, yaradıcılıq və "Alis Bliss” əsəri haqqında yer almış müsahibəsini təqdim edirik.

- Bütün müxbirlərin və bütün yazarların sevdiyi sualla başlayaq. İdeyalarınızı hardan qaynaqlanır?

- Bu suala hər zaman verdiyim sevimli bir cavab var. Tom Stoppardın bir dramında keçir bu cümlə: "Əgər bilsəydim, ora gedərdim”. Yazar heç vaxt hansı ideyanın hardan qaynaqlandığını qətiyyətlə deyə bilməz.

- Hər zamanmı yazar olmaq istəmişdiniz?

- Bəli. Hardasa yeddi yaşımdan vəziyyət belədir. Təsəvvür edirəm ki, bu hardasa dəlilik kimi səslənir. Amma anam yazarlara xüsusi hörmət bəsləyirdi. Və mən böyüdükcə elə təsəvvür yarandı ki, yazarlar, həqiqətən də, əsl sehirbazdırlar, çünki bəzən heç mövcud olmayan yeni dünyalar belə yarada bilirlər. Əslində, yazar olmaq istəyi həyatımın ən vacib qərarı idi. Bu yola başlayanda qorxurdum. Uduzmaqdan və xəyallarımı itirməkdən qorxurdum. Dərgilərdə sevdiyim yazıları saxlayır, durmadan yazır, uğursuz poetik nümunələrə bənzəyən məktublarla əlləşir, yazmağı nə qədər sevdiyimi hiss etmək üçün bütün yolları sınayırdım. Halbuki onların heç biri əsl yazı nümunəsi deyildi. Nəhayət, bir dəfə qarşıma yazıb-yaza bilmədiyimi təyin etmək məqsədi qoydum. Ya bu işi layiqincə görməli, ya da xəyallarımı "istirahətə göndərib”, başqa bir yolla davam etməliydim. Odur ki, Nyu-York şəhər kollecinə yüksək təhsil üçün müraciət etdim. Burada ödəniş aşağı idi. Bu isə mənim maddi vəziyyətimə uyğun gəlirdi. Daha yaxşı təhsil verən məktəbdə oxuya bilməməyin əvəzinə özüm təhsil yükümü artırdım. İki illik yazarlıq kursu götürdüm. Həvəskar romançı kimi girdiyim təhsil ocağını dramaturq kimi bitirdim. İndi isə siz də bilirsiniz, mən daha çox romanlarımla tanınıram. Həyatın ən sevdiyim tərəfi budur.

- Xüsusi bir yazı rejiminiz varmı? Adətən, necə işləyirsiniz?

- Əgər yazıramsa, fərqi yoxdur bu romandırmı, dramdırmı, musiqili komediyadırmı və ya operadırmı, hər gün yazmaq qaydasına riayət edirəm. Əgər müxtəlif layihələr həyata keçirirəmsə, yəni gün ərzində zamanımı bir neçə işə yönəltməliyəmsə, məsələn, həm yeni hekayə fikirləşməli, həm də hansısa hekayə üçün araşdırma aparmalıyamsa, o zaman həftələrimi, hətta bəzən aylarımı belə oxuyaraq, yazaraq, qeydlər götürərək, hekayə ilə əlaqədar suallar qoyub, yeni yaranan qəhrəmanların köməyi ilə suallara cavab axtararaq keçirə bilərəm. Lakin, etiraf edim ki, bu bölgülü zamanlar mənim üçün çox-çox yorucudur. Uzun müddət qeyri-müəyyənlikdə yaşamaq, mental xaosun içində var-gəl etmək kənardan çox çəkici gələ bilər. Amma ümumilikdə vəziyyətdən şikayətim yoxdur. Yazarkən özümü xoşbəxt hiss edirəm.

- Yeni bir hekayə başlayan zaman beyninizdə əvvəlcə süjet sonra isə həmin süjeti yaşayan qəhrəmanlar yaranır? Yoxsa təxəyyülünüzdə olan qəhrəmanlarmı sizə necə bir hekayə danışmalı olduğunuzu diktə edir?

- Mən güclü istiqamətləndirici bir daxili səslə qəhrəmanlarla başlamağı sevirəm. Həqiqətən də, təxəyyülümdəki qəhrəmanların səsini eşidirəm. Haqlarında özlərinin köməyiylə bir hekayə üçün lazım olan bütün məlumatları alıram. Hekayənin gedişatında bu tanışlıq dialoqlar yaranmasına səbəb olur. Baxmayaraq ki, hekayəylə eyni zamanda həyat tapırlar, qəhrəmanlar daha tez formalaşırlar. Lakin bir sual da var – hekayəsiz bir qəhrəman nəyə yarayır? Mənə görə hekayə yazıçının təxəyyülünün və qəhrəmanın arzuolunan sərgüzəştinin reallaşdığı ən ülvi məqamdır.

- Sevdiyiniz yazıçıları sevirsiniz? Kimlərin yaradıcılığı sizin üçün örnəkdir?

- İstənilən sahədə yaxşı nümunə də, pis nümunə də yola yeni başlayanlar üçün örnək hesab olunur. Hər zaman necə yazmalı olduğumuza cavab axtararaq mükəmməlliyi təmin etmək mümkün olmur. Ədəbiyyatın mahiyyətini dərk etdiyim gündən bəri yaradıcılığını dərin mənəvi zövq alaraq oxuduğum yazarlar çoxdur.

Virciniya Vulf, Torntom Uilder, Onore Balzak, E.B.Uit, Hillari Mantel, Tim Uinton, Toni Kuşner, Juno Diaz, Laurens Uesçlir, Lui Bernieres, Mari Dori Russel, Toni Morrison, Anni Dillard, Stenli Kunitz, Mari Oliverin adını çəkə bilərəm.

- "Alis Bliss” kitabı eyni adlı musiqili komediya əsərinizin motivləri əsasında yazılıb. Bu musiqili komediya üçün nədən ilham almışdınız?

- Musiqili komediya musiqinin teatr səhnəsinə tətbiq olunmuş fərqli bir formasıdır və adətən, bu janrdan kommersiya məqsədləri ilə istifadə olunur. Musiqili komediyada bir xətt, bir qadın var. 30 dəqiqə ərzində davam edən musiqili şouda biz Alisin həyatının cəmi bir açar anını dramatizə edə bilirik. Və mən qərara aldım ki bu cür dərin və böyük hekayə oxucu ilə mütləq şəkildə paylaşılmalıdır. Musiqili komediyanın bir neçə dəfə səhnələşdirilməsindən sonra bütün fiziki və mənəvi enerjimi toplayıb, bu kitabı yazmağı qərar verdim.

- "Alis Bliss” unudulmuş uşaqların, ailələrin, cəmiyyətlərin üzərində müharibənin təsirlərindən bəhs edən salnamədir. Sizin qələmə aldığınız dünya ilə hansısa bir bağlılığınız varmı?

- İkinci dünya müharibəsi zamanı atam Parisin şimalından Almaniyaya göndərilmiş bombardmançı uçuş heyətinin naviqatoru idi. Qardaşlarımın da hər ikisi 1966-ci ildə hava qüvvələrinə uçuş kəşfiyyatçısı kimi qəbul edilmişdilər. Odur ki, mənim müharibədə hansısa bir tərəfə xidmət edən bir ailəm yox idi. Mənim ailəm durduğu tərəfi təyin etmək seçimi olmadan tamamilə müharibənin ortasında qalan bir ailə idi. Atam müharibədən sonrakı illərdə uzun müddət xəstəliklə mübarizə apardı və ömrünün sonuna qədər bizə bir dəfə də olsun, müharibə xatirəsi danışmadı. Nəinki təcrübələrindən danışmaz, gördükləri ilə bağlı verilən suallardan da qaçardı. Atamın müharibə təcrübələri haqqında bütün ailəmizin üstünə çökmüş sükutu həyatımın ən sehrli, gizli, cəlbedici sandığı idi. Mən hiss edirdim ki, atam bu sükutdan əziyyət çəkir. Açığı "Alis Bliss”lə bir qədər də bu sükutu pozmaq istədim. Düzdür, dünyada müharibə həqiqətləri ilə bağlı yazılmış heç bir möhtəşəm əsər o dəhşətləri yaşamış insanların əzablarını əks etdirməyə qadir deyil. Bu əsərlər sadəcə hamının xatırlamaqdan qorxduğu o illərə işıq tutmaqla, bəşəriyyəti növbəti bir belə fəlakətdən çəkindirməyin mümkünlüyünə inandırır bizi. Diqqət etmisinizsə, müharibənin şahidi olmuş və müharibə nəticəsində bütün həyatı relsdən çıxmış, keçmişini itirmiş insanların yazdığı əsərlər, kiçik memuarlar bəzən nobelli bir yazarın əsərindən daha təsirli alınır. Həyatda olduğu kimi bu qanun ədəbiyyatda da özünü doğruldur: ən dərin duyğular əzabdan yoğurulur.

- Bu əsəri yazarkən oxşar hadisələri yaşayan ailələrin olduğunu yəqin ki, düşnmüsünüz. Qəhrəmanınızla eyni taleni yaşayanların qələmə aldığınız hekayədən nə götürməsini ümid edirdiniz?

- Bütün yazarlar həqiqi bir hekayəni qələmə alarkən belə bir hadisəni yaşayan oxucuların sayca çox olmasını ümid edir. Bu zaman insana elə gəlir ki, hədəflənən zirvəni fəth edib. Mən də sadəcə ümid edirdim ki, oxucularım onların hekayəsini danışırmışammış kimi hiss etsinlər və yaşadıqlarına nə qədər ədalətli qiymət verilib-verilmədiyini görsünlər. Alisin həyatını yazarkən sadəcə hekayəyə köklənmişdim. Sadəcə Alisin musiqili komediyanın məhdudiyyətlərinə uduzmuş hekayəsinə həyat vermək istəmişdim. Lakin indi geri qayıdır və nəticəyə baxıram - ortada möhtəşəm və təntənəli bir tablo var. Bu hekayəyə olan maraq sübut etdi ki, bir hekayə ilə insan nəinki Amerikanın bir çox yerində o yerlərdə heç olmadan və burada yaşanan həyatlardan bixəbərcəsinə, hətta dünyanın ən uzaq yerlərində belə mövcud ola bilər. Eyni anda dünyanın ayrı-ayrı yerlərində yaşanmış bir tale ilə tanımadığın insanlara bağlanmağın mümkünlüyünü gördüm. Bu haradasa fiziki şəkildə mövcud olmaq deyil. Bu, eyni əzabdan pay almaq, eyni ümidə sığınmaqdır, eyni emosional xaosdan keçmək, günahın nə olduğunu eyni yolla dərk etmək və eyni möcüzələrlə sağ qalmaq deməkdir. Müharibədən sağ çıxan insanları sadəcə sərhədlər ayırır.

Tərcümə etdi: Elcan SALMANQIZI

banner

Oxşar Xəbərlər