• çərşənbə axşamı, 19 mart, 14:34
  • Baku Bakı 8°C

Ən yaxşı müharibə mahnılarının bəstəkarı

28.11.20 13:44 2000
Ən yaxşı müharibə mahnılarının bəstəkarı
O, qarşısında hər kəsin ayaq saxlaya biləcəyi bir ünvanı yadigar qoyub


Onu İkinci Dünya müharibəsi haqqında yazılan ən yaxşı mahnıların müəllifi adlandırırlar. Kino bəstəkarı, müğənni, pianoçu, aktyor, SSRİ Xalq artisti Yan Frenkel bunu müharibə illərinin uşağı olması, Böyük Vətən müharibəsində iştirak etməsi və nəhayət müharibəni bütün incəlikləri ilə duyması ilə əlaqələndirib.Böyük bəstəkar yaşasaydı, noyabr ayında 100 yaşı olacaqdı. Həm sağlığında, həm də ölümündən sonra təkcə "Durnalar” kompozisiyası dillər əzbəri olaraq, bəstəkarına ümumittifaq şöhrəti qazandırıb.

16 yaşından cəbhədə

Yan Frenkel Ukraynanın kiçik Poloqa şəhərində doğulub. Atası Abram Natanoviç bərbər idi. O, oğluna musiqini uşaqlıqdan sevdirmişdi. Yan Abramovun sözlərinə görə, atası əmin idi ki, skripkada ifa etdiyi musiqinin keyfiyyəti, onun gələcəyini həmişəlik həll edəcək. Ata yanılmamışdı. Atası, həmçinin oğluna kitab oxumağı, musiqini not dərsliklərindən öyrənməyi tövsiyə edirdi. O istəyirdi ki, oğlu saxta notlardan uzaq olsun.
Yan 13 yaşında musiqi akademiyasına daxil olur. Gənc skripkaçı Yakov Maqaziner və Boris Lyatoşinski kimi peşəkar müəllimlərdən dərs alırdı. Frenkel 1941-ci ilə qədər - müharibə başlayana qədər akademiyada təhsil alır.
Müharibə başlayanda gənc musiqiçi cəbhəyə getməyi qərara alır. Onun yaşı az idi, amma süni şəkildə yaşını artırmağa nail olur. Yan 1925-ci ildə doğulmuşdu, amma rəsmi sənədlərdə doğum tarixini dəyişərək 1920-ci il yazdırır ki, onu Orenburq hərbi məktəbinə qəbul eləsinlər. Qəbul komissiyası ilə heç bir problem yaşanmır. 16 yaşlı gənc fiziki baxımdan tam sağlam idi. Hərbi məktəbi bitirdikdən sonra Frenkel cəbhəyə yollanır. Bir ilə yaxın döyüşlərdə iştirak edir, ancaq ağır yaralanandan sonra onu müalicə edərək cəbhə teatrına göndərirlər. O, akkardionda, royalda, skripkada çalır, mahnı bəstələyir və oxuyurdu. Gənc musiqiçi döyüşçülərə dəstək olmaq üçün əlindən gələni edirdi. İlk mahnısını da cəbhədə yazır. O, cəbhədə nəinki bəstəkar olur, həmçinin gələcək həyat yoldaşı ilə rastlaşır.
Müharibə qurtarandan sonra Yan musiqi karyerasını Moskvada davam etdirir. 40-cı illərdə Frenkelin milliyyəti, əsil yaşı ilə heç kəs maraqlanmırdı. Musiqiçi məşhur əsərlər üzərində işləyir, onları paytaxtın ən bahalı restoranlarında ifa edirdi. Həmin illərdə SSRİ Bəstəkarlar İttifaqının üzvləri üçün partituralar yazır və əsərlərin aranjirovkası ilə məşğul olur. Çox keçmədən onun çevrəsində dövrünün istedadlı nəğməkar şair və musiqiçilərindən ibarət böyük bir dəstə yaranır.
Mixail Taniç, Robert Rojdestvenski, Konstantin Vanşeykinlə əməkdaşlıq bütöv şlyaqerlər qrupunun yaranmasına səbəb olur. Bəstəkarın karyerasına məşhur musiqi xadimləri dəstək olur. Onu Bəstəkarlar İttifaqından çıxarmaq istəyəndə Dimitri Şostakoviç dadına çatır. Böyük bəstəkar Frenkelin əsərlərinə müsbət rəy verir.

Kiçik kommunal mənzildən geniş dünyaya

Frenkelin mahnılarının çoxu balaca kommunal mənzildə yaranırdı. Belə məqamlarda bəstəkar ümumi dəhlizə qaçır, orda qoyulan telefonla zəng edərək yeni melodiyasını dostlarından birinə oxuyurdu. Arxa planda isə uşaqlar ağlayır, qonşular dalaşır... amma musiqiçiyə məişət problemləri mane ola bilmirdi. "Kimsə itirir, kimsə tapır”, "Qırmızı itburnu”, "Mən tələsirəm, məni bağışla” və s. mahnılar belə şəraitdə yarandı.
Bəstəkar 70-ci illərdə SSRİ-nin himninin orkestr versiyası üzrə keçirilən müsabiqədə qalib gələndən sonra öz mövqeyini möhkəmləndirə bilir. Müsabiqəyə ölkənin tanınmış bəstəkarları cəlb olunmuşdu. Komissiyanın rəhbəri isə vaxtilə Frenkelin Bəstəkarlar İttifaqından qovulmasına mane olan Şostakoviç idi.
70-ci illərdə Frenkel özünü təkcə istedadlı bəstəkar kimi deyil, həm də aranjimançı kimi göstərir. O, yaddaşlara ani hopan filmlərin kompozisiyasını yazır. Kinorejissorlar filmlərinə, məhz Frenkelin musiqi yazması üçün növbəyə düzülür.
Həmin yaradıcılıq illərində bəstəkar 60-dan artıq filmə musiqi yazmağa müvəffəq olur. Bu filmlərin hər biri sovet ekranının bəzəyi idi.
Frenkel özünü aktyor kimi də sınamaq qərarına gəlir. O, 4 filmdə epizodik rolda çəkilir. Ən yadda qalan obrazı isə "Rusiya imperiyasının tacı” filmindəki Lui-Leonid rolu olur.
Yan Abrampviç bir çox aktyorlarla yaxından dostluq edir. Ən yaxın dostu Andrey Mironov idi. Məşhur aktyor dəfələrlə kinofilmlərin çəkilişi zamanı Frenkelin mahnılarını oxumuşdu.
Frenkel təkcə kino və estrada üçün musiqi yazmırdı. Bir çox multfilmlər onun musiqisi ilə tanınır. Teatr tamaşalarında da onun ecazkar musiqisi eşidilirdi.
Frenkel gözəl kino bəstəkarı olmasına görə, incə zövqünə və bədii əsərlərə sevgisinə minnətdar idi. O, ezamiyyətlərə gedərkən həmişə yolda oxumaq üçün kitab götürərdi. Onun nadir kitablardan ibarət zəngin kitabxanası vardı. Bəstəkar istənilən hava şəraitində çıxış etməkdən çəkinməzdi. Nə günəşin olmaması, nə havanın soyuğu, nə yağış bəstəkarın öz sevimli tamaşaçıları ilə görüşünə mane ola bilirdi. Hətta bir dəfə onun çıxışını açıq havada dinləmək istəyən dinləyiciləri, evinin divarını sökərək royalı həmin məkana aparmışdılar.
Yan Frenkel tez-tez tamaşaçıları ilə görüşdə öz mahnılarını özü ifa etməyi xoşlayardı. O dövrün ən məşhur müğənniləri də onun mahnılarının ifaçısı idi. Onun mahnıları Anna Germanın, İosif Kobzonun, Lyudmila Zıkinanın, Georgo Otsun, Naninin repertuarını bəzəyirdi.

Kədərli ana və durnalar

Bəstəkarın ən məşhur kompozisiyalarından biri "Durnalar”dır. Bu mahnının klassik ifası Mark Bernese aiddir. Mahnının səsyazmasından bir ay sonra Mark Bernes vəfat edir. Dağıstanın Xalq şairi Rəsul Həmzətovun orijinal şeiri üzərində Şərq poeziyasının gözəl tərcüməçisi Naum Qrebnevin rus dilinə tərcüməsi möhtəşəm bir əsərin meydana gəlməsinə səbəb olur. Mahnının yaranmasın maraqlı tarixi var: Şimali Osetiyanın Dzuarukau kəndində Qazdanovlar ailəsinin 7 oğlu cəbhəyə gedir. Oğullardan biri 1941-ci ildə Moskva yaxınlığında həlak olur. İkincisi 1942-ci ildə Sevastapolun müdafiəsində vuruşur və həlak olur. Üçüncü oğlun dəfnində anası da vəfat edir. Növbəti üç oğul Kiyev, Belarus və Qafqaz uğrunda döyüşlərdə həlak olurlar. Kəndin poçtalyonu Berlin uğrunda gedən döyüşlərdə həlak olan sonuncu oğulun ölümü ilə bağlı xəbəri ailəyə vermək istəmir. Onda kəndin ağsaqqalı özü onların evinə gedir. Qapının astanasında yeganə nəvəsi ilə oturan qoca atanı görür və az qala ürəyi qopur. Başa düşür ki, bu xəbəri ataya verməkdən dəhşətli heç nə yoxdur...
1963-cü ildə kənddə kədərli ana və yeddi uçan quş heykəli qoyulur. Rəsul Həmzətov həmin abidəni ziyarət etdikdən sonra onun təsiri altında "Durnalar” şeirini yazır. Xoşbəxtlikdən şeirin rus dilinə tərcüməsi möhtəşəm alınır.
Mahnını bəstələyən Yan Frenkel üçün də müharibə şəxsi mövzu idi. O mahnını Mark Bernese oxumağa verəndə müğənni hönkürtü ilə ağlayır. Frenkel onun sentimental adam olmadığını deyir, bununla belə, mahnı ona necə təsir edirsə, Bernes göz yaşını saxlaya bilmir.
Mahnı bir ayın içərisində hazır olur və efirdə səslənəndən dərhal sonra məşhurlaşır. Bernes ağciyər xərçəngi idi. O, mahnının sözlərini əlinə alanda tələsir, bilirdi ki, vaxtına az qalıb və yaradıcılığına məhz bu mahnı ilə nöqtə qoymaq istəyirdi. 8 iyul, 1969-cu ildə oğlu mahnını yazdırmaq üçün onu studiyaya aparır. Bir dublla mahnı yazılır və efirdə səslənəndə ümumittifaq hitinə çevrilir.

"Durnalar” həqiqətən Bernesin ifa etdiyi sonuncu mahnı olur. Bernes bir aydan sonra vəfat edir. Ancaq onun ağ durnaları müharibədə qəhrəmanlıqla həlak olan əsgərlərin simvolu kimi əbədiləşir. Təkcə abidələrdə yox, yaddaşlarda da, ürəklərdə də əbədilik qazanır.
Kompozisiya bütün illər ərzində ən yaxşı müharibə mahnıları kataloquna daxil olur. Mahnı efirdə səslənəndən sonra həlak olan əsgərlərin simvoluna çevrilir. Müxtəlif şəhərlərdə, kompozisiyaya əsas elementi durnalar olan memorial komplekslər həsr edilir. Mahnının uğuru o qədər genişmiqyaslı olur ki, hətta bəstəkarına, bəzən xoşagəlməz anlar yaşadır. "Durnaları”ın tez-tez ifa olunması ilə bağlı anonim şikayətlərdən biri də Sov.İKP MK-ya çatır. Belə məqamda şəxsən Leonid Brejnevin özü bəstəkarı himayəyə qalxır.
Mahnını müxtəlif vaxtlarda Mark Bernes, Boyan Kodriş, Oleq Poqudin, Dmitri Xvorstovski, Valeri Leontyev, Alsu, Mark Olmond oxuyub. Əfsanəvi müğənni Müslim Maqomayev də "Durnalar”a biganə qalmayıb. O kompozisiyanı ilk dəfə Bakıda tamaşaçıları üçün oxuyub. "Düzdür, Mark Bernesdən sonra bu kompozisiyanı oxumaq çətindir, amma bu əsər bütün zamanlar üçün yazılıb” - deyə böyük müğənni mahnını özünəməxsus tərzdə ifa edib.
Yan Abramoviç gələcək həyat yoldaşı ilə müharibədə tanış olur. Toylarından sonra arvadı Nataliya Melikova qızları Ninanı dünyaya gətirir. Ailə, Frenkelin hələ 1946-cı ildə kirayələdiyi çox da böyük olmayan kommunal mənzildə yaşayırdı. Bəstəkarın qızı 1980-ci ildən İtaliyada yaşayır. Yan adlı nəvəsi isə babasının sənətinin davamçısıdır. Hazırda Amerikada mühafizə orkestrinin ifaçısıdır.
80-ci illərin sonunda həkimlər Frenkeldə xərçəng xəstəliyi aşkar edir. Müalicə bəstəkara kömək etmir. Xəstəlik sürətlə yayılmışdı. Özünü pis hiss etdiyindən, bəstəkar tez-tez xəstəxanada yatmalı olurdu. 1989-cu ildə Yan Abramoviç xəstəxana divarlarını dəniz mənzərəsinə dəyişməyi qərara alır. Bəstəkar ailəsi ilə Riqaya gedir və avqust ayında orada vəfat edir. Bəstəkarı Moskvada, Novodeviçnı qəbiristanlığında öz musiqisinin sədaları altında dəfn edirlər. Həyat yoldaşı Natalya Mixaylovna da sevimli ərinin ölümündən bir neçə il sonra dünyadan köçür.
2000-ci ildə bəstəkarın yaşadığı evə memorial lövhə vurulub. Moskvada heç bir qohumu yaşamasa da, Yan Frenkel, qarşısında hər kəsin ayaq saxlaya biləcəyi bir ünvanı yadigar qoyub.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər