Müharibə generallarımızın sərdarı - Fotolar
Onun müəmmalı
ölümündə də mənfur erməni izi var
Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi 19... Təkcə Lənkəran sakinlərinin deyil, yaxın kənd
və qəsəbələrin, qonşu rayonların əhlisinin də yaxşı tanıdığı bir ünvan var: iki
dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev
muzeyi. Yaxın-uzaq ölkələrdən illərdən bəridir ki, turistlər, tədqiqatçılar,
ədəbiyyat və incəsənət adamları, hərbçilər, məktəbli və tələbələr, sadə adamlar
bu muzeyi ziyarətə gəlirlər. Görkəmli sərkərdənin həyatından və döyüş yolundan
bəhs edən eksponatların sərgiləndiyi, birmərtəbəli, açıq eyvanlı ev, buradakı
hər bir əşya ziyarətçilərə maraqlı və şərəfli bir ömrün dastanından söhbət
açır. Alman faşizmi üzərində tarixi qələbənin qazanılmasında göstərdiyi
qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan sərkərdənin adı xalqımız tərəfindən
hər zaman qürur və hörmətlə yad edilir.
Ümummilli
lider Heydər Əliyev generalın
həyat yolunu belə dəyərləndirib: "Həzi
Aslanov müharibədə mərdliklə döyüşən
Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, öz qəhrəmanlıq, cəsurluq nümunələri ilə
Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həm döyüşçü, həm
sərkərdə, general, həm də vətənpərvər bir insan, Vətəninə sədaqətlə son nəfəsinə
qədər döyüşmüş, həlak olmuş həmvətənimiz Həzi Aslanov bizim üçün daim əziz olub
və gələcək nəsillər üçün də əziz olacaqdır”.
Həzi Aslanovun şücaəti haqqında əsərlər yazılıb, bədii və sənədli filmlər
çəkilib, tədqiqatlar aparılıb.
Bir neçə il əvvəl görüşüb söhbətləşdiyim tədqiqatçı Musa
Bağırovun araşdırmaları isə görkəmli
sərkərdənin ikinci dəfə aldığı Sovet İttifaqı Qəhrəmanı adının qaytarılması
uğrunda əsil mübarizə olub. Tədqiqatçı Rusiyanın paytaxtında təzyiqlərə məruz
qalıb, amma xalqımız üçün çox əhəmiyyətli və qürur dolu bir faktı əldə edə bilib. Sonrada tədqiqatçı,
Həzi Aslanov haqqında əldə etdiyi bütün materialları "Sərkərdənin taleyi”
kitabında əbədiləşdirib. M.Bağırovun araşdırmaları görkəmli sərkərdənin
nümunəvi həyatının və döyüş yolunun gələcək nəsillərə çatması üçün ən gözəl
mənbədir.
Fəhləlikdən hərbçiliyə
Həzi Aslanov 1910-cu il yanvarın 22-də ( 4 fevral) Lənkəran şəhərində, kərpic zavodunda işləyən
Əhəd Aslanovun ailəsində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta
məktəbində alıb. 13 yaşında atasını itirən Həzi Aslanov atasının işlədiyi
zavodda fəhlə kimi işləməyə başlayıb. O, şəhər komsomol təşkilatının
fəaliyyətinə qoşulur, daha çox oxumağa, öyrənməyə çalışır, savadsızlığın ləğvi
üzrə üçaylıq gecə kursunu bitirir. Məktəblərdən birində uşaq təşkilatının
rəhbəri kimi çalışması isə onun idarəçi kimi təcrübə toplamasına səbəb olur. O,
1924-cü il sentyabrın 15-də komsomol putyovkası ilə 1 saylı Zaqafqaziya hərbi
hazırlıq məktəbinə göndərilir və bu məktəbdə
təhsil almağa başlayır. 1929-cu ilin mayında hərbi hazırlıq məktəbini
uğurla bitirən gənc, Zaqafqaziya Hərbi Dairəsi hərbi şurasının əmri ilə
Leninqradda (Sankt-Peterburq) yerləşən Borisoqlebski-Leninqrad süvari məktəbinə
göndərilir. Məktəbin rəhbərliyi onu 231-ci əmrlə dərhal kursantlığa qəbul edir.
Həzi döyüş texnikası ilə daima yaxından maraqlanır,
hərbi texnikanın incəlik və üstünlüklərini daha dərindən öyrənməyə çalışırdı.
1931-ci ilin iyununda Həzi Aslanov uğurla buraxılış imtahanını verir və ona
vzvod komandiri rütbəsi verilir. Gənc hərbçi Ukrayna şəhərlərindən birinə
yerləşən Kotovski adına III Bessarabiya süvari diviziyası 15-ci süvari alayında
vzvod komandirliyinə təyin olunur. O zaman yeni yaradılmış qoşun növləri,
xüsusən zirehli-tank və mexanikləşdirilmiş qoşun bölmələrinə başçılıq etmək
üçün mütəxəssislərə böyük tələbat yaranmışdı. Buna görə də 12-ci
avtozirehli-tank divizionunun komandir heyətini təkmilləşdirmək üçün Həzi
Aslanovu ən yaxşı komandirlərdən biri kimi zirehli-tank kurslarına göndərirlər.
Çox qısa müddətdə o, mürəkkəb zirehli-tank texnikasının sirlərini mənimsəyir,
yeni qoşun növünə komandirlik etməyi öyrənir. 1930-cu ilin əvvəllərində o,
Lənkərana gəlir və Xavər adlı xanımla nişanlanır. 1933-cü ildə ailə həyatı
quran Həzinin Tofiq və Arif adlı iki oğlu dünyaya gəlir.
1933-cü ilin iyununda Həzi Aslanov 2-ci atıcı diviziyasının xüsusi tank
rotasına vzvod komandiri təyin edilir. Daha sonra 60-cı atıcı diviziyanın
xüsusi tank batalyonuna keçirilir. Burada baş leytenant tank rotası komandiri
kimi 1938-ci ilin fevralınadək çalışır. 1938-ci ilin martında o, 60-cı atıcı
diviziyanın xüsusi tank batalyonunun yanındakı məktəbə əvvəl rəis əvəzi, sonra
isə rəis təyin edilir. May ayında Kiyevdəki 3-cü avtonəqliyyat alayının 5-ci
batalyonuna təlim-hazırlıq üzrə komandir müavini təyin olunur.
1939-cu ilin əvvəlində Həzi Aslanov Kiyev Hərbi
Dairəsində yeni yaradılan 4-cü mexanikləşdirilmiş korpusa daxil edilən 10-cu
tank diviziyası 10-cu atıcı alayının avtonəqliyyat batalyonuna komandir əvəzi,
bir az sonra isə komandir təyin edilir və kapitan rütbəsi alır.
Stalinqrad
uğrunda
İkinci dünya müharibəsi başlayanda Həzi Aslanov
Ukraynada xidmət edirdi. 1939-cu ilin sonunda o, Finlandiya ilə başlayan hərbi
münaqişə ilə əlaqədar Kareliyaya göndərilir. Bu döyüşlərdə iştirak edənlərin ön
sırasında idi.
Tankçılar onun komandirliyi ilə Mannerheym səddini aşmaqda və digər döyüş
əməliyyatlarında iştirak edirlər. Sovet
qoşunlarının qələbəsi nəticəsində 12 mart 1940-cı ildə SSRİ Finlandiya arasında
sülh müqaviləsi imzalanır. Aslanov əvvəlki vəzifəsinə - Zoloçev şəhərinə, 10-cu
atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarılır, 1940-cı ilin
noyabrında ona mayor rütbəsi verilir.
1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli
qoşunları ilə qeyri bərabər döyüşdə Həzi Aslanov özünü bacarıqlı sərkərdə kimi göstərir. O, öz
döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf
edir, almanları ağır tələfata uğradır. 1941-ci il avqustun əvvəlində tank
batalyonu komandirlərindən biri sıradan çıxanda Həzi Aslanov 10-cu tank
diviziyası komandirinin əmri ilə onun yerinə keçirilir. Bu, əslində, batalyon
deyil, 12-15 müxtəlif BT-5, BT-7, T-26 tipli, bir neçə T-34 tankından ibarət
kiçik qrup idi. Bu atıcı bölmələrlə birlikdə döyüşür, onların irəliləməsinə
şərait yaradırdı.
Avqustun ortalarında 10-cu tank diviziyası 6-cı
ordunun tərkibində Kiyevin şimal-şərqinə keçirilir. Burada almanlar Ukrayna
paytaxtına şimal-şərqdən daxil olmağa, cənub-qərb və cənub cəbhələrini əsas
qüvvələrdən ayrı salmağa cəhd edirdilər. 20-ci tank alayı Həzi Aslanovun
rəhbərliyi ilə 10-cu tank diviziyasının tərkibində Şostka, Baxmaç, Piryatin
rayonlarında düşmənin tank hissələri ilə qanlı döyüşlər aparırdı. Bu döyüşlərdə
Həzi Aslanov sağ ayağından güllə yarası alır, bir dəfə isə qəlpə ilə başından
ağır yaralanır. Batalyonun tankları tamam sıradan çıxandan sonra Həzini
cəbhədən ehtiyat alaya çağırırlar. 1941-ci il sentyabrın əvvəllərində əvvəlki
10-cu atıcı alaya komandirin texniki hissə üzrə müavini təyin olunur. Bu
vəzifədə o, Piryatin, Axtırka, Boquduxov, Xarkov rayonlarında döyüş yolu keçir.
1941-ci ilin sonu, 1942-ci ilin əvvəllərində Rostov-Don altında, Moskva
ətrafında, Tixvin və Leninqrad istiqamətlərində düşmən birləşmələrinə sarsıdıcı
zərbələr vurulmasında iştirak edir. 1941-ci ilin dekabrında Moskva ətrafında
gedən döyüşlərdə göstərdiyi igidlik, qəhrəmanlıq Həzi Aslanovu cəsur hərbçi
kimi tanıdır. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə məhz Həzi
Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır
zərbələr endirirlər. O, 55-ci əlahiddə tank alayı ilə feldmarşal Manşteynin
tank ordusunun darmadağın edilməsində böyük məharət göstərir. Onun tankçıları
döyüşə-döyüşə 40 km-dən artıq yol gedərək, Stalinqrad ərazisində strateji
əhəmiyyətli dəmir yolu xəttini düşməndən geri alırlar. Sovet tankları düşmənin
xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxardaraq, almanları Stalinqrad
qruplaşmasının əsas magistralından məhrum edirlər. Aslanovçuların Kotelnikovo
yaxınlığında gedən döyüşlərdə göstərdikləri böyük şücaətləri nəticəsində
düşmənin 30 əks-hücumu dəf edilir. Həzi Aslanovun döyüş taktikası nəticəsində
almanların bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan
çıxarılır.
Stalinqrad döyüşlərində cinahlardan zərbə ustası kimi şöhrət qazanan böyük
sərkərdəmiz özünü müasir hərb elmin zirvələrinə yiyələnən mahir bir komandir
kimi göstərir. Bu döyüşlə bağlı o yazırdı: "Üzbəüz həmlə nə qədər cəlbedici
görünsə də, mən həmişə üstünlüyü düşmənin cinahlarına zərbə endirməyə verirəm.
Düşmənin cinahlarını axtarmaq, ona ən zəif yerlərindən zərbə vurmaq asan
deyildir, bunun üçün hər bir komandirdən böyük əmək, zirəklik və mətinlik tələb
olunur”.
Həzi Aslanov ilk döyüş təltifi - "Qırmızı ulduz”
ordeni olub. Bu döyüşdə göstərdiyi
şücaətə görə isə podpolkovnik H.Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülür. Həzi Aslanovun da tərkibində yer aldığı korpus
3-cü "Stalinqrad qvardiya korpusu” adına layiq görülür. Korpusun tərkibindəki
bütün hissələr də qvardiya titulu ilə mükafatlandırılır və onlara yeni nömrələr
verilir. Həzi Aslanovun 55-ci tank alayı isə "41-ci əlahiddə tank alayı”
adlandırılır.
Baltik
sahillərinədək
Həzi Aslanov daim öz hərbi biliyini artırmağa səy
göstərirdi. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi zirehli
tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyir.
Sonra yenidən 35-ci qvardiya tank briqadasına qayıdır. 1944-cü il martın 13-də
ona tank qoşunları general mayoru rütbəsi verilir. 1944-cü il iyunun
axırlarında Belarusiya və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçirlər.
Belarusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun
tankları Vilnüsə hücumları davam etdirir. Bu döyüşlərdəki qələbəyə görə 35-ci
qvardiya tank briqadası Qımızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli
Suvorov ordeninə layiq görülür. 1944-cü il avqustun 1-də Aslanovun briqadası
başqa ordu hissələri ilə birlikdə Yelqava şəhərini düşməndən təmizləyir. O,
Volqadan başlamış Baltikədək bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri
istedad sahibi kimi göstərir. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8
dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alır. Görkəmli sərkərdə 24 yanvar
1945-ci ildə Latviyanın Priyekule qəsəbəsi yaxınlığında yaralanır. M.Bağırov
yazır: "Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24
yanvar 1945-ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş
meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında,
15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan
zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya
müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı
olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat
etmişdir”. M. Bağırov qeyd edir ki, 1944-cü ildə general-mayor H.Aslanov Belarusiya
cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi
rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik
törədib: "Ölümündən 47 il sonra, 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet
İttifaqı Qəhrəmanı adı verilir”.
Həzi Aslanovun döyüş yolu və şücaətləri böyüyən
nəsil üçün vətənpərvərlik məktəbidir. Heç şübhəsiz, bu yaxınlarda zəfər
qazandığımız Vətən Müharibəsində də onun örnək həyat yolu hərbçilərimizi
ruhlandırıb, qələbəyə səsləyib. Təsadüfi deyil ki, görkəmli sərkərdənin 110
illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin keçən il imzaladığı
Sərəncamda Həzi Aslanov hərb səlnaməsində yeni parlaq səhifələr açan qəhrəman
kimi qeyd olunub: "Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi
Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində
yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq
etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə
hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq
nümunəsidir”.
Təranə
Məhərrəmova