• cümə, 29 Mart, 03:51
  • Baku Bakı 7°C

Müharibə əlillərinə və şəhid ailələrinə yeni mənzillər verildi

13.06.14 11:31 1028
Müharibə əlillərinə və şəhid ailələrinə yeni mənzillər verildi
İyunun 13-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə rayonunda inşa olunmuş 4 mərtəbəli 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.
Trend-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, mənzillərin təqdim olunması mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilk növbədə yeni mənzil alan əlil və şəhid ailələrini qarşıdan gələn 15 İyun-Milli Qurtuluş günü, eyni zamanda yeni mənzil almaları münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb: "Milli Qurtuluş günü xalqımız, dövlətimiz üçün böyük məna kəsb edən, qürurverici bir bayramdır. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublikamızın rəhbərliyinə qayıdışı Azərbaycanı o zaman məruz qaldığı olduqca ağır vəziyyətdən, yenicə qazanılmış dövlət müstəqilliyini itirmək təhlükəsindən, vətəndaş qırğınından, xaos və anarxiyadan xilas etdi. Bu tarixi qayıdış Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi və ölkəni uzunmüddətli inkişaf yoluna səfərbər etdi". S.Müslümov 1993-2003-cü illərdə Ulu öndərimizin müstəqil dövlət quruculuğu və sosial-iqtisadi inkişaf strategiyasından söz açaraq bildirib ki, müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, habelə əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatı işlərinin də məhz həmin illərdə Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulub.
Son 10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ümumən sosial sahəyə davamlı diqqət və qayğısından bəhs edən nazir indiyədək 5 minə qədər əlil və şəhid ailəsinin mənzillə, 4500-ə yaxın əlilliyi olan şəxsin avtomobillə təmin edildiyini diqqətə çatdırıb: "Cənab Prezidentin 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, bu ilin əvvəlinədək növbədə olan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin avtomobillə təminatı başa çatdırıldı. Artıq biz möhtərəm dövlət başçımızın 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası olaraq, yaxın vaxtlarda bu ilin əvvəlinədək növbədə olan Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsinə başlayacağıq".
S.Müslümov mənzillə təminat sahəsində də həyata keçirilən tədbirlərdən bəhs edib: "Bu il aprelin 25-də Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evi əlil və şəhid ailələrinə təqdim edilib, bu gün isə Bərdədə mənzillər verilir. İlin sonunadək Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evlərini əlil və şəhid ailələrinin istifadəsinə verəcəyik. Bununla yanaşı, 2014-cü il üçün Dövlət İnvestisiya Proqramı üzrə ayrılmış müvafiq vəsait hesabına Bakı şəhəri və ətraf qəsəbələrdə yeni tikilmiş binalardan əlil və şəhid ailələri üçün yeni mənzillərin satın alınması ilə əlaqədar nazirliyimiz tərəfindən açıq tenderin keçirilməsinə başlanıb. Yəni bu sahədə də həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni mühüm irəliləyişlərin təmin olunması nəzərdə tutulur".
Əlil və şəhid ailələri Milli Qurtuluş Günü ərəfəsində mənzillə təmin olunmalarının onların bayram sevinclərini ikiqat artırdığını vurğulayaraq, sosial cəhətdən həssas əhali təbəqələrinin rifah halının yaxşılaşdırılmasına daim xüsusi diqqət və qayğı göstərdiyinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
banner

Oxşar Xəbərlər