Mühakimə, təhlil qabiliyyətinə yox, yaddaşa və əzbərçiliyə yönələn suallar
"Respublika fənn
olimpiadasında tarix fənnindən olimpiada sualları ilə bağlı müəllimlər arasında
haqlı narazılıqlar var. Anlayırıq ki, sualların çətinlik səviyyəsi yüksək
olmalıdır. Amma qeyd etməliyəm ki, bu suallar yeni təhsil proqramına
(kurikulum) və onun tələblərinə qətiyyən uyğun deyil. Suallar sırf YADDAŞ və
ƏZBƏRÇİLİK tələb edir, şagird təfəkkürünü yoxlamır, təəssüf ki.. Biz bununla
hara gedirik, geriyəmi qayıdaq yoxsa?!! Ötən il də belə olmuşdu, bu il isə
suallar daha kəskin səviyyədə yaddaşa yönəlib...”
Tarix müəllimi Pərviz Ağalarovun "Facebook”da yer alan statusu
olimpiada hazırlığı suallarının çətinliyi ilə bağlı səslənən fikirlərlə
üst-üstə düşsə də, müəllimin fərqli arqumentləri var. Belə ki, tarix üzrə
respublika fənn olimpiadalarına hazırlıq suallarında yanlışlıqlar olduğunu
bildirən müəllim, sualı tərtib edənlərin kurikulum standartlarından xəbərsiz
olduğunu iddia edir: "Müasir təhsil proqramı - kurikulum proqramı yaddaş və
əzbərçilik məktəbindən təfəkkür məktəbinə keçidi nəzərdə tutan proqramdır. Bu,
şagirdlərin müstəqil mühakimə yürütməyə,
təhlil qabiliyyətlərini formalaşdırmağa yönələn proqramdır. Dərsliklər
də bu proqrama əsasən yazılır. Amma olimpiada sualları arasında bircə dənə
düşündürücü, mühakimə qabiliyyəti olanı yoxdur. Bu suallar yalnız yaddaşa və
əzbərçiliyə yönəlib. Yəni ən yaxşı yaddaşı olan şagird, olimpiada suallarına
cavab verə bilər. Ancaq biz əslində sərbəst düşüncəyə, mühakimə və analiz
qabiliyyətinə malik şagirdləri olimpiada üçün seçməliyik. Təəssüf ki,
hazırlanan suallar buna imkan vermir. Hazırkı olimpiada sualları ənənəvi
qaydada tərtib olunub - nə diaqramlar, nə qrafiklər, nə situasiya sualı üçün
mətn var. Situasiya sualı şagirdləri düşünməyə məcbur edir, onların müstəqil
yanaşmalarını tələb edir. Amma hazırkı olimpiada sualları təxminən 10 il
əvvəlki suallar kimidir və yenə də ənənəvi qaydada hazırlanır. Suallar
şagirdlərin mühakimə təfəkkürünün yoxlanmasına yox, yaddaşının yoxlanmasına
yönəlib. Problem də bundadır”.
Tarix müəllimi iddia edir ki, olimpiada sualları
sırasına dərslikdə olmayan mövzularla bağlı suallar da daxil edilir: « Mancur
hökmdarı Fulinin hakimiyyəti dövrü ilə bağlı sual kökündən yanlışdır. Onun
hakimiyyət illəri dərslikdə yoxdur, amma şagirddən tələb olunur ki, Fulinin
hakimiyyəti dövrünə uyğun gələnləri tapsın. 8-ci sinif dərsliyində hökmdarın
hakimiyyəti verilmədən şəkli yer alıb. Onun hakimiyyət illəri də göstərilməyib.
Sual isə "Fullinin hakimiyyəti dövrü”nə aiddir. Şagirdin bu sualın cavabını
tapması qətiyyən mümkün deyil. Əgər sual "İlk Mancur hökmdarlarının dövrünə”
aid olsaydı, daha aydın olardı. Bu baxımdan, sual yanlışdır. Dərsliklərdə
getdikcə hökmdarların hakimiyyət illəri ixtisar edilir, əsas diqqət hadisələrin
mahiyyətinə və görülən tədbirlərə yönəldilir, amma indi belə çıxır ki,
şagirdlər bütün diqqətini boş rəqəmlərə, əhəmiyyətsiz hadisələrə yönəltməlidirlər
ki, olimpiadada beş-on sual yazsınlar”.
Tarix müəllimi olimpiada suallarında
"Ümumi tarix”lə bağlı sualların "Azərbaycan tarixi”nə nisbətən daha çox yer
aldığı fikrindədir: «9-cu sinif
"Azərbaycan tarixi”nin "Cümhuriyyət” bölməsi var. Bundan əlavə, Azərbaycanın
iftixar hissi duyduğumuz Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu kimi maraqlı
dövrləri var. Ancaq bu dövrlərlə bağlı suallar daxil edilməyib, əsasən Çin,
Yaponiya haqqında suallar salınıb. Yəni Azərbaycan tarixindən suallar böyük
üstünlük təşkil etmir. Azərbaycan tarixindən cəmi 13 sualdır. Xeyli hissəsi
dünya tarixində də olan suallar olduğundan, təxminən 9-a gəlib çıxır. Sualların
çoxunu ümumi tarix sualları təşkil edir. "Ümumi tarix”in sualları arasında da
Avropanın aparıcı ölkələrinin tarixindən bəhs edən suallar yoxdur”.
P.Ağalarov
hesab edir ki, olimpiada sualları müasir kurikulum proqramına uyğun
hazırlanmalıdır. Həmçinin bu sualların hazırlanmasına dərslikləri, sahəni daha
yaxşı bilən peşəkar kadrlar dəvət olunmalıdır: "Ola bilsin ki, fənn
olimpiadaları mərhələli olduğundan, nazirlik bunu ilkin mərhələ kimi edib.
Birinci mərhələ olsa belə, dediyim şərtlər təmin olunmalıdır. Çünki şagirdlərin
fənnə marağı azalır. Tarixdən olimpiadaya getmək istəyən uşaqlar demək olar ki,
yox dərəcəsindədir”. 10-11-ci siniflərin tarix dərsliklərinin müəllifi olduğunu
deyən P.Ağalarov, dərsliklərdə kifayət qədər mənbələrə yer ayırdıqlarını deyir.
Hansı ki, şagirdlər həmin mənbələrlə rahat işləyib təfəkkürlərini inkişaf
etdirə bilirlər: "Suallar həmin mənbələr əsasında da hazırlana bilər. Biz indi
həmkarlarla məsələ ilə bağlı sualları analiz edirik. Yəqin ki, bütün bu
nöqsanlarla bağlı nazirliyə müraciət edəcəyik. Ümidvaram ki, Təhsil Nazirliyi
də məsələyə müsbət yanaşacaq”.
Ağalarovun və həmkarlarının tarix fənni üzrə olimpiada sualları ilə
bağlı iradı məsələyə ikili baxış tələb edir. İlk növbədə ölkədə olimpiada hərəkatının genişləndiyini, təhsil nazirinin müvafiq əmrinə əsasən,
istedadlı şagirdlərlə işin genişləndirilməsi məqsədi ilə pilot layihə kimi
rayonlarda xüsusi siniflərin yaradılmasını, ümumən istedadlı şagirdlərlə
məqsədyönlü işlərin görülməsini və respublika fənn və beynəlxalq olimpiadalarda
qazanılan müəyyən nailiyyətləri nəzərə almalıyıq. Digər tərəfdən, iş olan yerdə
nöqsanların olması təbiidir. Bəs nöqsanların aradan qaldırılmasına cəhd necə?
İradlarla bağlı suala Təhsil
Nazirliyindən "Respublika fənn olimpiadalarında istənilən fənn üzrə
tapşırıqlar təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti
tərəfindən hazırlanır” cavabını aldıq: "Sualların səviyyəsi və ya müvafiqliyi
baxımından müxtəlif fikirlərin olması təbiidir. Ancaq əsaslı iddia və ya
narahatçılığı olan hər hansı fənn müəllimi, sivil qaydada Təhsil İnstitutunun istedadlı
şagirdlərlə iş şöbəsinə müraciət edə bilər”.
Tarix müəlliminin statusu və ona yazılan çoxsaylı rəylər "Fənn
olimpiadalarının sualları necə hazırlanır?” sualını gündəmə gətirdi. Sualların hazırlanmasına
tanınmış alimlərin, mütəxəssislərin cəlb olunduğunu nəzərə alıb, AMEA-nın Tarix
İnstitutuna telefon açdıq. Direktor
müavini Cəbi Bəhramov institutun mütəxəssislərinin adətən dərsliklərin
ekspertizasında iştirak etdiyini bildirdi: «Açığını deyim ki, olimpiada
suallarının hazırlanması ilə bağlı heç bir məlumatım yoxdur. Yəni bu suallar
bizim ekspertizaya yönəlməyib”.
Tarixçi alim Solmaz Tohidi də olimpiada
hazırlığı suallarından xəbərsiz olduğunu söylədi: «Mən əsasən dərsliklərdən narazıyam.
Böyük təəssüf doğuran məqamlar dərsliklə bağlıdır. Əgər dərsliklərlə ciddi
şəkildə məşğul olmasalar, digər işlər çətin ki, düzəlsin. Çünki olimpiada
sualları da dərsliklərin üzərində qurulur. Dərslikdə konsepsiya yoxdur. «Tarixi
öyrətməklə biz bu uşaqdan nə istəyirik?» sualına cavab yoxdursa, onda məsələnin
həlli tapılmayacaq. Tarixi oxuyan ilk növbədə vətəndaş olmalıdır. Ümumi
konsepsiya olmalıdır – mənim nəzərimdə hər şeyin kökü budur”.
Qeyd edək ki, tarix fənni üzrə fənn olimpiadasının cavabları bu günlərdə
açıqlanacaq. Bu, səslənən iradlara qismən cavab da ola bilər. Yaxşı ya pis
mənada - bunu isə cavablar göstərəcək...
Təranə Məhərrəmova