AZE | RUS | ENG |

Mühacir biznesinə girişən “jurnalistlər” və “siyasətçilər”

Mühacir biznesinə girişən “jurnalistlər” və “siyasətçilər”
Bu əməlləri Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətə qarşı müxalif mövqedə dayandığını iddia edən bəzi siyasi partiyalar, onların rəhbərləri həyata keçirirlər


Bu günlərdə daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edib, ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna və demokratik imicinə xələl gətirmək istəyən şəxslər yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhər sakinləri - “Mozalan” jurnalının məsul katibi Ramil Muradov və “Dövlət və ictimai fikir” qəzeti ilə “Obyektiv xəbər.com” veb saytının baş redaktoru Çingiz İbadov göstərəcəkləri xidmətin müqabilində vətəndaşı aldatmaq istəyiblər. Onlar Xırdalan şəhərində, razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərin surətlərini alarkən saxlanılıblar. Araşdırmalar nəticəsində müəyyən olunub ki, onlar həmin vətəndaşın adından sosial şəbəkələrdə və bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə yanlış, qərəzli məlumatlar, eyni zamanda, sonuncunun guya ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib edilməsi, hüquqlarının pozulması barədə böhtan xarakterli materiallar yerləşdiriblər. Lakin hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində dələduzların “mühacir alveri” bu dəfə baş tutmayıb.

“Kaspi” qəzeti olaraq biz bu mövzuya bundan əvvəl də müraciət etmişdik. O zaman göstərmişdik ki, bəzi adamlar Avropada sığınacaq almaq üçün özlərinin “ədalət və demokratiya carçısı”, “haqları tapdanmış”, “siyasi mühacir”, “vicdan məhbusu”, “müxalifətçi”, dini və siyasi baxışlarına, mənsub olduğu irqə və dinə, seksual oriyentasiyasına görə “təqib və təzyiqlərə məruz qalan adam” obrazını yaradırlar. Barələrində ən ağlasığmaz yalanlar uyduran belə şəxslər söylədiklərinin “doğruluğunu” sübut edən “sənədlər” də təşkil edirlər. Bu məsələdə isə onlara Ramil Muradov və Çingiz İbadov kimi “jurnalistlər”, işbazlar yardım edirlər. Vətən, millət, xalq təəssübü çəkməyən belə dələduzlar pul müqabilində hər cür saxtakarlıqlara əl atırlar. “Mən salim olum, dünya cahan batsa da batsın!” prinsipi ilə həyat sürən belə işbazlar fərqində deyillər ki, etdikləri əmələ görə, son nəticədə Azərbaycanın nüfuzuna xələl gəlir, demokratiya libasına bürünən beynəlxalq təşkilatlar sonradan bu “faktlar” əsasında ölkəmizi qeyri-demokratik, insan haqları pozulan, dini, milli, cinsi, irqi ayrı-seçkiliyə yol verilən dövlət kimi qələmə verirlər.

Bəd ayaqda yuxarıda adı çəkilən işbazları, yeganə arzu və istəkləri pul qazanmaq olan bu dələduzları başa düşmək mümkündür. Çünki, hər cür saxtakarlığa imza atan bu “jurnalistlər” hakimiyyət iddiasında deyillər. Amma təəssüf doğuran məqam burasıdır ki, həmin işbazların əməllərini Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətə qarşı müxalif mövqedə dayandığını iddia edən bəzi siyasi partiyalar, onların rəhbərləri də həyata keçirirlər. Misal üçün, Müsavat Partiyası Qadınlar Birliyinin sabiq sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Ellada Məmmədlinin mətbuata açıqlamalarından da görünürdü ki, təkcə Xətai rayon təşkilatında bir özəkdən bir ildə 20 adama bu yolla xaricə sığınmaq üçün şərait yaradılıb. Hansı ki, sonradan həmin “siyasətçilərin”, “haqq-ədalət carçılarının”, “demokratiya qurbanlarının”, “siyasi mühacirlərin” səsləri İsveçdən, Avstriyadan, Hollandiyadan, Almaniyadan gəlməyə başlayıb. Maraqlı məqam da burasıdır ki, Avropaya qaçan həmin “vətənpərvərlərə” saxta arayışları məhz Müsavat Partiyasının sədri Arif Hacılı verib. Bu faktı təsdiqləyən daha bir sübut “müsavatçı” kimi xaricə sığınan “siyasi mühacir” Elnur Mirzəyevin açıqlamalarıdır. O qeyd edirdi ki, Müsavat Partiyasına üzv olmaq üçün 2011-ci ildə 1800 manat pul verib, bunun müqabilində isə ona 2008-ci ildən partiya üzvü olduğunu təsdiqləyən vəsiqə verilib. E.Mirzəyev onu da bildirib ki, Müsavat funksioneri Gülağa Aslanlıdan aldığı saxta arayışların hər birinə görə ona 300 manat ödəyib və bu sənədlər əsasında mühacirət edib.

Bu məsələdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da öz “mehriban düşmən”indən geri qalmır. Avropaya sığınmaq üçün “avtoritar hakimiyyətə” qarşı “barışmaz” mövqe tutanlar, “mübarizlər”, “üsyankarlar”, həmçinin haqları tapdanan “mavilər”, “ermənilər” pul müqabilində AXCP-nin xidmətlərindən yararlanırlar. Hətta həmin adamların ciblərində AXCP və Milli Şura üzvü olduqlarını təsdiqləyən vəsiqələr də tapmaq mümkündür. Bunun üçün onlar Əli Kərimlinin, Cəmil Həsənlinin “saqqalının altından” keçiblər. Hətta özləri barəsində “Azadlıq” qəzetində və digər media qurumlarında məqalələr də sifariş ediblər. Mediada yayılan məlumatlara görə, bir zamanlar AXCP-də “mühacirlər” üçün konveyer üsulu ilə “vəsiqə”, “arayış” və digər “sənədlərin” hazırlanması prosesi də start götürüb. Xaricdə yaşayan soydaşlarımızdan birinin iddiasına görə, AXCP arxa tarixlə vəsiqə verilməsi üçün nə az, nə çox, düz 5 min avro məbləğində “planka” müəyyənləşdirib.
Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycanda özünü müxalifətçi kimi qələmə verən, siyasi hakimiyyət uğrunda mübarizə apardığını bəyan edən bəzi siyasi partiyalar da Ramil Muradov və Çingiz İbadov kimi “jurnalistlər”lə eyni əməlin sahibidirlər. Həmin partiyaların “liderləri” siyasi mübarizə adı altında müxtəlif saxtakarlıqlara imza atır, “mühacir biznesi” ilə məşğul olub böyük məbləğdə pullar qazanır, daha aydın desək, dələduzluqla məşğul olurlar.

Alpər TURAN

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9338
GEL 1 1 Gürcüstan larisi 0.6127
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1819
CHF 1 1 İsveçrə frankı 1.7394
KWD 1 1 Küveyt dinarı 5.6012
TRY 1 1 Türkiyə lirəsi 0.2945