• cümə, 29 Mart, 01:46
  • Baku Bakı 7°C

Müəyyən qruplar islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar

07.08.19 12:52 10426
Müəyyən qruplar islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, cəmiyyətdə bəzən yanlış olaraq ya bilərəkdən, ya da bilməyərəkdən dini bayramlar dindarların bayramı kimi təqdim olunur. Bəzən cəmiyyətdə dindar və dindar olmayan kütlə kimi xarakterizə olunan məsələlər də olur. Hesab edirəm ki, bu, o qədər də düzgün səslənməyən ifadədir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov "Dini bayramlar: tarix, ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib.
PA rəsmisinin sözlərinə görə, milli bayramlarla yanaşı, dini bayramlarımız da həmişə xalqımızın milli-mənəvi dəyərlərinin tərkib hissəsi kimi özünü göstərir: "Sovet dövründə də xalq toplum olaraq dini bayramların keçirilməsinə çalışıb. Müstəqillik dövründə dini bayramlarımızın qanunvericilik bazasında əksini tapması özünü çox gözlətməyib".
Ə.Zülfüqarov əlavə edib ki, dini bayramlar özünə müsəlman deyən və İslam ənənəsini yaşadan hər bir müsəlmanının bayramıdır. Müsəlmanın Qurban və Ramazan bayramını qeyd etməsi ümumi vəhdət prinsipinə əsaslanır və burada dindar, yaxud qeyri-dindarlığın çalarlarını axtarmaq düzgün olmazdı: "Bu vəhdət prinsipinə yad olan ünsürlər var. Bu ünsürlər müəyyən xarici dairələrdən təsirlənərək, bayram günlərinə qısqanclıqla yanaşaraq cəmiyyəti parçalamağa çalışırlar ki, bu da bizi çox narahat edir".
PA rəsmisi qeyd edib ki, Azərbaycanda dini bayramların günləri Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlanan ümumi təqvimlə müəyyən edilir: "Lakin xarici dini dairələrə bağlı müəyyən dini qruplar belə məsələlərdə ümumi vəhdət prinsipinə zidd olaraq, hansısa ölkələrin və ya dini qrupların qeyd etdiyi təqvimə əsaslanır, həmin günləri bayram etməyə çalışırlar. Bu da son nəticədə müsəlmanların bir coğrafiyada bayram keçirməsinə, bayram əhval-ruhiyyəsinə, vəhdət prinsipinə kölgə salmış olur. Bununla bağlı kütləvi maarifləndirmə işləri aparılsa da hər bayramda belə xoşagəlməz halların olmasına cəhdlər edilir".
Ə.Zülfüqarov əlavə edib ki, müsəlman dünyasından kənarda olan müəyyən qruplar islami dəyərlərin dünyada yayılmasına qarşı çıxırlar. Bu da islamafob yanaşmaları ortaya çıxarır.

banner

Oxşar Xəbərlər