• çərşənbə, 24 Aprel, 14:20
  • Baku Bakı 27°C

Müğənnilərin Ramazan duaları

26.07.13 09:22 1942
Müğənnilərin Ramazan duaları
Allah Təala “Quran”da “Mənə dua edin ki, duanızı qəbul edim” buyurur. Dua etmək, insanın ruhu ehtiyacıdır deyiblər. Son zamanlar hər kəsin diqqəti şou-biznes nümayəndələrinin sosial şəbəkələrdəki fəaliyyətinə yönəlib. İlk vaxtlar döyüş meydanın çevrilən şou-biznes nümayəndələrinin səhifələrində son günlər sakitlik hökm sürür. Bir neçə gündür, nə xalq artistlərinin qarşılıqlı deyişməsi, nə də ki, kiminsə bostanına atılan daşlar görünmür. Əksinə, şou-biznes nümayəndələri iftar süfrəsi açaraq dostlarını ətrafına yığaraq şəkillər paylaşaraq öz dualarını səsləndirirlər. Gündəmdə olmaq, qalmaqallı fikirləri ilə medianın diqqətində qalmasına çalışan müğənnilər ürək sözlərini sosial şəbəkələrdə yazaraq bir növ media nümayəndələrinə ismarıc göndərirlər. Diqqətimizi çəkən məsələ isə müğənnilərin müqəddəs Ramazan ayında sosial şəbəkələrdəki rolunun dəyişməsi oldu. Belə ki, indi onlar daha çox azyaşlı uşaqlara yardım istəklərini və özlərinə dair duaları paylaşırlar. Bunu isə tərifəlayiq hal kimi qiymətləndirmək olar. Beləliklə, şou nümayəndələrinin sosial şəbəkələrdəki Ramazan dualarını təqdim edirik.
“Allaha məktub”
Müğənni Elnarə Xəlilova “Allaha məktub” adı altında öz dualarını belə təqdim edib: “Ay Allah, sənə qurban olum. Sənə və yaratdığın möcüzələrinə inanmayana lənət. Səhər sübh namazında səndən sidq ürəklə bir şey istədim. Dedim, nə olar, ay Allah, bir möcüzə et, balaca İmrana kömək ol. Zöhr namazında artıq sənə arzumun yerinə yetdiyi üçün gözümdə yaş təşəkkür və şükür edirdim. Sən mənim heç bir arzumu yerində qoymamısan. Buna görə sənə nə qədər təşəkkür etsəm azdır. Ay Allah, çox sağ ol. Mənə verdiyin hər şey üçün təşəkkür edirəm. Gözəl ailə, 3 övlad, sağlam bədən, sağlam ruh, ağıl, səadət, şöhrət, ev-eşik, cəmiyyətdə özünəməxsus yer və daha nələr-nələr. Kim bilir, bəlkə bundan belə də hələ neçə arzumu yerinə yetirəcəksən. Bəs görəsən mən sənə əvəzində nə verirəm? Adicə bir yoldaşımız bizə qələm ötürəndə deyirik çox sağ ol. Bəs görəsən bizim üçün bu qədər yaxşılıq edənə niyə vaxtında təşəkkür və şükür etmirik. Hörmətlə: L-Nara”.
İmrana yardım
Şou-biznes nümayəndələri ötən həftə hər kəsin ürəyini dağlayan 2 yaşlı İmranın başına gələn hadisələrdən təsirlənib, ona kömək edə bilməsələr də mənəvi dəstək olmağa çalışırlar. Belə ki, müğənnilərin çoxu İmranın şəklini paylaşıb səhifələrində olan dostlarından ona yardım etməyi xahiş edirlər. Öz yenilikləri ilə hər zaman tamaşaçılarını təəccübləndirən ifaçı Roza Zərgərli dünən bir keçid paylaşıb. Keçiddə müğənni prezidentimiz İlham Əliyevə təşəkkürlərini bildirərək belə məsələlərdə hər kəsin birlik olmasını məsləhət görüb: “İmran balanın müalicəsi Prezidentimizin qərarı ilə dövlət hesabına aparılır. İnşAllah müalicəsini alıb, sağalar. Neçə gündür hər kəs bu haqda paylaşır. Çox pis haldır. Ancaq bu kədərli hadisə ilə belə, xalqımızın nümayəndələrinin bu cür birləşib bu məlumatı böyük sürətlə yayıb, paylaşmaları birliyin, hadisəyə biganə qalmamaqlarının nümunəsidir. Qoy Allah bütün xəstə, müalicə alan insanlara, uşaqlara, onların valideynlərinə kömək olub, səbir versin. Amin! Bu müqəddəs ayda dualarımız sizinlə...”.
Xalq artisti Brilliant Dadaşova isə oruc tuta bilməyənlərə savab qazanmaq üçün daha yaxşı üsuldan istifadə etməyi məsləhət görüb: “Əziz “Facebook” dostlarım, indi biz müqəddəs Ramazan ayındayıq. Kim müxtəlif səbəblərdən oruc tuta bilmirsə məncə, Fərid bala kimi ehtiyacı olanlara yardım edib, savabını qazana bilər. Yardımın çoxu-azı olmaz, damla-damla göl olar deyiblər. Allah bütün xəstələrə şəfa versin və biz də bacardığımız qədər buna vəsilə ola bilək”. Xalq artisti daha sonra Fəridin anası Xəyalə xanımın nömrəsini yazaraq uşağın bank hesabının nömrəsini də qeyd edib.
Yaradıcılığına Türkiyədə davam etdirən İradə İbrahimova isə “Nabran Holiday Village” akvaparkında faciəli şəkildə ayaqlarını itirən İmran Cəfərzadənin dövlət hesabına müalicə edilməsi haqqında yazını paylaşaraq bu sözləri yazıb: “Uşağın həyatını məhv etdilər. Allah bilən yaxşıdır. Şükür hələ nəfəsi gəlir. Allah ailəsinə səbir versin!”.
“Qəddar olmayaq”
Xalq artisti Faiq Ağayev Ramazan ayında insanlara zalımlıqdan, pis əməllərdən uzaq durmağı tövsiyə edib: “Əziz dostlar! Hamınızı, xüsusi ilə də ibadətdə olan bütün qardaş və bacıları müqəddəs Ramazan ayının başlaması münasibəti ilə sidq ürəkdən təbrik edirəm! Allah oruc-namazınızı qəbul etsin! Həyatda mətin, düzgün, ədalətli, uğurlu, Allah eşqi ilə yaşayanlardan olasınız hər zaman! İnşallah! Müqəddəs Ramazan ayında MƏRHƏMƏT çağırışı ilə səslənirəm sizə, əziz Dostlar.
Allahın yaratdığı canlılara, vəfa simvoluna çevrilmiş Tanrı yaratdıqlarına zülm etməyək, qəddar, zalım olmayaq!”.
Rəksanə şərdən, böhtandan uzaq olmaq istəyir
Müğənni Rəksanə İsmayılova duasında tanrının onu şərdən, böhtandan uzaq etməsini istəyib: “Allahım, günümüzü uğurlu et, ya rəbbim, özün bu Orucluq ayında dualarımızı qəbul et, hər kəsin qapılarını açıq et, heç kimi darda qoyma. Sevdikcə yaşamaq, yaşadıqca sevmək istəyirsən. Allahın bəndələri heç zaman ölmək istəmir, amma unutmayaq ki, bu can bizə əmanətdir. Mən də hər bir müsəlman övladı kimi orucumu tutub, Allahıma dua edirəm. Allahım, sən özün bizi şərdən, böhtandan, fitnə-fəsaddan uzaq elə. Ya rəbbim, özün bütün bağlı qapıları aç, pis niyyəti olan insanları düz yola çək. Oruclarımızı, niyyətlərimizi qəbul et. Çox şükür bu günümüzə!”
Nə deyirik, Allah bütün dualarınızı qəbul etsin! Amin!
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər