Müğənnilərin ad üstündə “sözyoldu”su
Bu şou-biznes nümayəndələri də gündə bir adət çıxarır. Ötən gün əməkdar
artistŞəbnəm Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları
məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı. İndi sənətçi yenidən bu
mövzunu gündəmə gətirib. O, Şəbnəm Qəhrəmanova adlı gənc ifaçıdan adını
dəyişməsini tələb edib. Ş.Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir
Əliyev sosial şəbəkədə yayıb. Yazışmada Ş.Tapdıq Zabirə, həmin xanıma onun
sözlərini çatdırmasını qeyd edib: "Qəhrəmanovanın səhnə adı var idi, niyə
onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı
pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.
Ş.Qəhrəmanova isə cavabını gecikdirmədi. İfaçı məsələ ilə bağlı mətbuata
açıqlamasında adının başına bəla olduğunu bildirmişdi. Hətta ironiya ilə Şəbnəm Tapdığın, onun yaşı qədər stajı olduğunu da bildirmişdi: "O, məni
efirlərin birində təhqir edərək, məhkəməyə verəcəyini deyib. Amma məhkəməyə
müraciət edəcək adam məhz mən özüməm. Şəbnəm xanım iddia edir ki, mən adımı
ondan götürmüşəm. Amma bu, belə deyil. İndi deyir ki, mən soyadımı da
səsləndirməliyəm. Sağ olsun Samiraldo, sayəsində az qala soyadıma nifrət
edəcəyəm. Yaratdığınız imkandan yararlanıb Şəbnəm xanıma səslənib deyirəm ki,
mən özümə nə təxəllüs götürəcəyəm, nə də təqdimat zamanı soyadımın səslənməsini
istəyəcəyəm. Mən karyera yolunda məhz Şəbnəm kimi addımlayacağam”.
Yenidən gündəmə gələn məsələ ilə bağlı isə ifaçı qısa olaraq belə
deyib: "Yenə başladıq. Nə adımı dəyişirəm, nə də ləqəb götürürəm. Kim hara
gedir getsin”.
Şəbnəm Tapdıq Azərbaycanda "Şəbnəm” adının ilk dəfə onda olduğunu
deyərək, digər sənətçi şou-biznesdə bu adda müğənni olmasını istəmədiyini,
onları məhkəməyə verəcəyi iddiası ilə
çıxışlar edir.
Məsələ ilə bağlı tanınmış hüquqşünas Ceyhun Cəfərli ilə söhbət etdik.
Müsahibimiz məhkəmənin qapısının hər kəsin üzünə açıq olduğunu və hansısa bir əsasla, tələblə hər kəsin
məhkəməyə müraciət edə biləcəyini bildirdi: "Hər kəsin həm Konstitusiyaya, həm
də Mülki Prosessual Məcəlləyə görə, məhkəməyə müraciət etmək hüququ var. Bu
məcəllənin 4-cü və 5-ci maddələrinə görə, Azərbaycan Respublikasının hər bir
vətəndaşı, hər bir fiziki şəxs məhkəməyə müraciət edə və öz pozulmuş
hüquqlarının müdafiəsi üçün tələblər irəli sürə bilər. Məhkəməyə müraciət
edildikdə işə baxılır. Ancaq bunlar prosesual əsaslardır. Vətəndaşların,
məhkəmə orqanlarına öz hüquqlarının bərpası üçün müraciət etmək imkanları
nəzərdə tutulub. Kiminsə adından başqalarının istifadə etməsinə qarşı bir
tələblə çıxış etməsi və bu əsasla məhkəməyə müraciət etməsi fikrini bir vəkil,
bir hüquqşünas kimi ilk dəfə eşidirəm. Düşünürəm ki, bu, çox gülünc bir
tələbdir və eyni zamanda, gülünc də səslənir. Bu, Azərbaycan Respublikasının
Mülki Məcəlləsində nəzərdə tutulan fiziki şəxsin ad hüququna ziddir. Hər bir
fiziki şəxsin ad daşıma hüququ var. Bu, ad hüququnu pozmaqdır və buna qarşı
çıxmaqdır. Əməkdar artistdirsə, deməli ali təhsilli, ziyalı, təhsil görmüş bir
insandır. İnanmıram ki, o xanım düşünüb-daşınıb bu qərarında israrlı olacaq.
Məhkəməyə müraciət edilir və işə baxılır. Ancaq əsaslar olduğu halda.
Vətəndaş hüququ yardımdan istifadə edib
məhkəməyə müraciət edəcəklərsə, düşünürəm ki, vəkilin iş otağında söhbət zamanı
bu iddianın əsassızlığını hüquqşünaslar, vəkillər ona izah edəcəklər”.
Hüquqşünas fiziki şəxsin adının brend olmadığını və heç bir əmtəə
nişanı daşımadığını qeyd etdi: "Dünyanın hər yerində eyni adlı müğənnilər var.
Azərbaycanda da var. Məsələn, bizim detektiv janrda yazan Çingiz Abdullayev
var, eyni zamanda dünya şöhrətli Çingiz Aytmatov var. İndi Aytmatov sağ olsaydı,
iddia qaldırardı ki, Çingiz Abdullayev adını dəyişsin, türkdilli xalqları
çaşdırır. Yazıçılar İttifaqının sədri Anar, eyni zamanda reper Anar Nağılbaz
var. Hər yerdə eyni adlı adamlar var. Durub iddia etmələri əsassızdır. Bu
yanaşmanın özü kökündən yanlışdır. Açığı mən bir qədər də təəccübləndim. Brend
adlar var ki, bunlar hansısa məhsula qoyulur, əmtəə nişanı ilə möhkəmləndirilir.
Bu adlar artıq qorunmuş olur. Bu, artıq marka nişanıdır və bunlar dünyada qəbul
olunmuş yanaşmadır. Bütün dünya bundan istifadə edir və bunun qanunvericilik bazası
da var. Bu, hüquqi tənzimlənmə yolu ilə nizama salınmış bir münasibətlər
sistemidir. Dünyanın məşhur istehsalçıları var. BMV, "Sony”, "Panasonik”.
Onların əmtəə nişanı var ki, o addan yalnız özləri istifadə edə bilərlər. Başqa
istehsalçılar bu addan istifadə edə bilməzlər. Ancaq insanlara verilən adlara
qadağanın olması barədə eşitməmişəm”.
Xəyalə Rəis