• çərşənbə axşamı, 19 mart, 11:44
  • Baku Bakı 8°C

Müğənnilərin ad üstündə “sözyoldu”su

26.04.18 09:38 4625
Müğənnilərin ad üstündə “sözyoldu”su
Bu şou-biznes nümayəndələri də gündə bir adət çıxarır. Ötən gün əməkdar artistŞəbnəm Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı. İndi sənətçi yenidən bu mövzunu gündəmə gətirib. O, Şəbnəm Qəhrəmanova adlı gənc ifaçıdan adını dəyişməsini tələb edib. Ş.Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir Əliyev sosial şəbəkədə yayıb. Yazışmada Ş.Tapdıq Zabirə, həmin xanıma onun sözlərini çatdırmasını qeyd edib: "Qəhrəmanovanın səhnə adı var idi, niyə onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.

Ş.Qəhrəmanova isə cavabını gecikdirmədi. İfaçı məsələ ilə bağlı mətbuata açıqlamasında adının başına bəla olduğunu bildirmişdi. Hətta ironiya ilə Şəbnəm Tapdığın, onun yaşı qədər stajı olduğunu da bildirmişdi: "O, məni efirlərin birində təhqir edərək, məhkəməyə verəcəyini deyib. Amma məhkəməyə müraciət edəcək adam məhz mən özüməm. Şəbnəm xanım iddia edir ki, mən adımı ondan götürmüşəm. Amma bu, belə deyil. İndi deyir ki, mən soyadımı da səsləndirməliyəm. Sağ olsun Samiraldo, sayəsində az qala soyadıma nifrət edəcəyəm. Yaratdığınız imkandan yararlanıb Şəbnəm xanıma səslənib deyirəm ki, mən özümə nə təxəllüs götürəcəyəm, nə də təqdimat zamanı soyadımın səslənməsini istəyəcəyəm. Mən karyera yolunda məhz Şəbnəm kimi addımlayacağam”.

Yenidən gündəmə gələn məsələ ilə bağlı isə ifaçı qısa olaraq belə deyib: "Yenə başladıq. Nə adımı dəyişirəm, nə də ləqəb götürürəm. Kim hara gedir getsin”.

Şəbnəm Tapdıq Azərbaycanda "Şəbnəm” adının ilk dəfə onda olduğunu deyərək, digər sənətçi şou-biznesdə bu adda müğənni olmasını istəmədiyini, onları məhkəməyə verəcəyi iddiası ilə çıxışlar edir.

Məsələ ilə bağlı tanınmış hüquqşünas Ceyhun Cəfərli ilə söhbət etdik. Müsahibimiz məhkəmənin qapısının hər kəsin üzünə açıq olduğunu və hansısa bir əsasla, tələblə hər kəsin məhkəməyə müraciət edə biləcəyini bildirdi: "Hər kəsin həm Konstitusiyaya, həm də Mülki Prosessual Məcəlləyə görə, məhkəməyə müraciət etmək hüququ var. Bu məcəllənin 4-cü və 5-ci maddələrinə görə, Azərbaycan Respublikasının hər bir vətəndaşı, hər bir fiziki şəxs məhkəməyə müraciət edə və öz pozulmuş hüquqlarının müdafiəsi üçün tələblər irəli sürə bilər. Məhkəməyə müraciət edildikdə işə baxılır. Ancaq bunlar prosesual əsaslardır. Vətəndaşların, məhkəmə orqanlarına öz hüquqlarının bərpası üçün müraciət etmək imkanları nəzərdə tutulub. Kiminsə adından başqalarının istifadə etməsinə qarşı bir tələblə çıxış etməsi və bu əsasla məhkəməyə müraciət etməsi fikrini bir vəkil, bir hüquqşünas kimi ilk dəfə eşidirəm. Düşünürəm ki, bu, çox gülünc bir tələbdir və eyni zamanda, gülünc də səslənir. Bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan fiziki şəxsin ad hüququna ziddir. Hər bir fiziki şəxsin ad daşıma hüququ var. Bu, ad hüququnu pozmaqdır və buna qarşı çıxmaqdır. Əməkdar artistdirsə, deməli ali təhsilli, ziyalı, təhsil görmüş bir insandır. İnanmıram ki, o xanım düşünüb-daşınıb bu qərarında israrlı olacaq. Məhkəməyə müraciət edilir və işə baxılır. Ancaq əsaslar olduğu halda. Vətəndaş hüququ yardımdan istifadə edib məhkəməyə müraciət edəcəklərsə, düşünürəm ki, vəkilin iş otağında söhbət zamanı bu iddianın əsassızlığını hüquqşünaslar, vəkillər ona izah edəcəklər”.

Hüquqşünas fiziki şəxsin adının brend olmadığını və heç bir əmtəə nişanı daşımadığını qeyd etdi: "Dünyanın hər yerində eyni adlı müğənnilər var. Azərbaycanda da var. Məsələn, bizim detektiv janrda yazan Çingiz Abdullayev var, eyni zamanda dünya şöhrətli Çingiz Aytmatov var. İndi Aytmatov sağ olsaydı, iddia qaldırardı ki, Çingiz Abdullayev adını dəyişsin, türkdilli xalqları çaşdırır. Yazıçılar İttifaqının sədri Anar, eyni zamanda reper Anar Nağılbaz var. Hər yerdə eyni adlı adamlar var. Durub iddia etmələri əsassızdır. Bu yanaşmanın özü kökündən yanlışdır. Açığı mən bir qədər də təəccübləndim. Brend adlar var ki, bunlar hansısa məhsula qoyulur, əmtəə nişanı ilə möhkəmləndirilir. Bu adlar artıq qorunmuş olur. Bu, artıq marka nişanıdır və bunlar dünyada qəbul olunmuş yanaşmadır. Bütün dünya bundan istifadə edir və bunun qanunvericilik bazası da var. Bu, hüquqi tənzimlənmə yolu ilə nizama salınmış bir münasibətlər sistemidir. Dünyanın məşhur istehsalçıları var. BMV, "Sony”, "Panasonik”. Onların əmtəə nişanı var ki, o addan yalnız özləri istifadə edə bilərlər. Başqa istehsalçılar bu addan istifadə edə bilməzlər. Ancaq insanlara verilən adlara qadağanın olması barədə eşitməmişəm”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər