• çərşənbə, 24 Aprel, 00:54
  • Baku Bakı 14°C

Müğənniləri qazancsız qoyan Ramazan ayı

08.07.14 13:02 1724
Müğənniləri qazancsız qoyan Ramazan ayı
Hər il Hicri təqvimi ilə Ramazan və Məhərrəm aylarında Azərbaycanda adətən toy şənlikləri keçirilmir. Baxmayaraq ki, rəsmi dini qurumlardan da bildirilib ki, müqəddəs Ramazan ayının matəmlə heç bir əlaqəsi yoxdur. Amma şou-biznes nümayəndələri çox vaxt bu müqəddəs ayda el şənlikləri olmadığı üçün gəlir əldə edə bilmədiklərini söyləyirlər. Bəs hazırda Ramazan ayında müğənnilər nə işlə məşğuldurlar? Görəsən, bizim müğənnilərdən oruc tutanlar varmı? Bu suallara cavab tapmaq üçün toy şənliklərində daha çox iştirak edən sənət əhlinə müraciət etdik.
Aldığımız cavablardan isə heç də təəccüblənmədik. Belə ki, il boyu el ənliklərində iştirak edən sənət əhli hazırda istirahət edir.
Səhhətində problem olanlar
Əməkdar artist Səlim Abbasov bizimlə söhbətində işləri ilə bağlı oruc tuta bilmədiyini, ancaq növbəti həftə öz müsəlmanlıq borcunu yerinə yetirmək üçün oruc tutacağını bildirdi: “İlin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Ramazan ayının mahiyyəti, dəyəri çox böyükdür. Baxmayaraq ki, öz müsəlmanlıq borcumu yerinə yetirib, zamanında oruc tuta bilmədim, ancaq bu həftədən etibarən oruc tutmağa başlayacam. Müsəlmanın borcudur ki, oruc tutsun, Allaha yaxın olsun. Oruc tutmamağımın da səbəbi var. Belə ki, bir sıra tədbirlər var idi ki, mənim orada iştirak etməyim zəruri idi. Tədbirlərə gedəndə isə, çox yorulduğum üçün su içmək, enerji yığmaq məcburiyyətində qalıram. O ki qaldı, bu ay ərzində toyların olmamağına, işimi elə planlaşdırıram ki, el şənlikləri olmasa belə, günümü idarə edə bilim. Onu da nəzərinizə çatdırım ki, mənim qazancım yalnız toylardan deyil. Həm də müəllim kimi fəaliyyət göstərirəm. Şükürlər olsun ki, belə aylarda özümü sudan çıxarmağa gücüm var”.
Səlim Abbasov zarafatından da qalmadı: “Orucluq vaxtı bəzi müğənnilərimiz bankdan kredit götürürlər ki, aclıq olmasın. Onlar Ramazan ayını beləcə yola verirlər”.
Müğənni Vasif Məhərrəmli bizimlə söhbətində səfərdə olduğunu və dünən Azərbaycana gəldiyini dedi: “Ramazan ayının necə bir müqəddəs ay olduğundan xəbərdaram. Ancaq hələ ki oruc tuta bilməmişəm. İnşallah, bu həftədən etibarən oruc tutmağı düşünürəm. Artıq havalar istiləşib. İsti havada evdən çıxmağı, tədbirlərə getməyi xoşlamıram. Çünki isti hava mənə pis təsir edir”.
Müğənni Rəqsanə İsmayılovanın “Kaspi”yə verdiyi məlumata görə, səhhətində problemlər yaşayır. Konsert proqramından sonra “gözə gələn” ifaçının bronxları soyuqlayıb. Belə ki, ifaçı konsertdən sonra davamlı olaraq müalicə alır: “Səhhətimə görə oruc tuta bilmirəm. Gün ərzində dərmanlar qəbul edirəm. Ancaq öz müsəlmanlıq borcumu yerinə yetirmək üçün iyulun 9-da şadlıq saraylarının birində 50 nəfərlik iftar süfrəsi açacağam. İftara oruc tutan sənət dostlarımı da dəvət edəcəm”.
Savab iş görüb dilə gətirmək etikadan kənardır
Əməkdar artist Baloğlan Əşrəfov əməliyyat olunduğu üçün oruc tuta bilmədiyini vurğuladı: “8 il əvvəl keçirdiyim əməliyyat mənə dini ayinləri yerinə yetirməyə imkan vermir. Bu ayda əlimdən gələni etməyə çalışıram. Oruc tutanlara iftar süfrəsi açıram. Əgər özün oruc tuta bilmirsənsə, süfrə açmalısan. Müəyyən insanların ehtiyaclarına kömək etməlisən. Gün ərzində bir çox savab işlər görürük. Amma onu deyə bilmərik. Savab iş görüb dilə gətirmək etikadan kənar bir işdir. Mən yaxşılığı dilə gətirməyi sevmirəm”.
Gənc müğənni Elvin Abdullayev Ramazan ayında oruc tutan müğənnilər sırasındadır: “Bu müqəddəs ayda oruc tuturam. Nəinki orucluqda, həmişə kasıba, ehtiyacı olan hər kəsə yardım edirəm. Düşünürəm ki, yaxşılıq etmək üçün Ramazan ayını gözləmək lazım deyil. Allah oruc tutan hər kəsin orucunu qəbul etsin”.
Xuraman Şuşalı isə dinə çox bağlandığını, Ramazan ayında hər bir müsəlmanın oruc tutmasının lazım olduğunu dedi: “Bizim ruzimizi verən Allahdır. Allah istədiyi bəndəsinə çörəyini verir. Ramazan ayı bayram ayıdır, ona görə də bu ayda toylar olmur. Tanrı heç zaman yaratdığı bəndəsini ac qoymur. Şükürlər olsun ki, bu ayda xınayaxdıların olmamasına baxmayaraq, heç bir problemim yoxdur. Müğənnilərin bayram ayında necə dolanmalarına gəlincə isə, yəqin ki, şou proqrama getməklə dolanarlar. Mənim isə hələ ki işim yoxdur. Bilirsiniz ki, mən ancaq xınayaxdılara gedirəm, kişi olan məclisə getmirəm. Çalışıram ki, işlədiyim hər məclisdə xanımlar olsun. Hətta ofisiantlar da xanımlardan ibarət olmalıdır. Yəni istəmirəm ki, çıxış etdiyim məclislərdə naməhrəm baxışlar olsun. Özümün əlavə biznesim yoxdur”.
Əməkdar artist Gülyanaq Məmmədova isə səhhəti ilə bağlı problemi olanlar sırasındadır: “Mədəmdə problemlər olduğu üçün oruc tuta bilmirəm. Ramazan ayından öncə toylara getdiyim və canlı ifa etdiyim üçün indi çox yorulmuşam. Ötən həftə “Kaspi global production”-ın təşkilatçılığı ilə hazırlanan “Alma almaya bənzər” verilişində iştirak etmişəm. Həmin verilişdə çəkilmək də bir günün işi deyil. Orada əməkdar artist Samir Cəfərovla Celine Dion və Luciano Pavarottinin “I hate you then I love you” klipini canlandırmışıq. Həmin veriliş bu gün efirdə olacaq. Ötən həftəmi ona həsr etdim. İstəyirəm ki, növbəti həftəni də övladlarıma həsr edim. Onları istirahət üçün Şəkiyə aparacağıma söz vermişəm. İndi çox yorğunam. Həmişə toylarda, məclislərdə ifa edirik deyə, səsimiz yorulur, yorğun olur. Bir müddət istirahət edəndən sonra 1-2 mahnı oranjimana verib, lentə aldıracam. Toylar olmadığı zaman, ifaçı səsdən istifadə etmədiyi üçün səs təmiz olur. Ona görə də mahnılarımızı məhz həmin ay yazdırmağa üstünlük veririk”.
Gülyanaq Məmmədova Ramazan ayında istirahət edəcəyini deyir: “İşimi elə qururam ki, toylar olmadıqda belə, günümü yola verə bilim. Biz müğənnilər də gərgin bir ili yola verib, istirahət etmək istəyirik, ancaq istirahət edirəm deyə bir ay boş otura da bilmirəm. 10-15 gün rayonda qalanda və ya başqa bir ölkəyə gedəndə çox darıxıram. O zaman istirahət edə bilmirəm. Elə istirahəti də dincəlmək hesab etmirəm. Hər hansı bir uğurum olanda, yaxşı bir iş görəndə elə hesab edirəm ki, bütün yorğunluğum gedib. Mənim istirahətim elə bundan ibarətdir. Bəlkə də başqaları 1 aylıq istirahətə daha çox üstünlük verir, amma mən boş dayana bilmirəm”.
Yeri gəlmişkən, Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova Ramazan ayında sevənlərini heyrətləndirib. Belə ki, hicablı şəklini “facebook”a yerləşdirən müğənni tamaşaçıların marağına səbəb olub. Müğənni oruc tutduğunu, hicablanmadığını, bunun sadəcə foto olduğunu deyib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər