• cümə, 29 Mart, 15:00
  • Baku Bakı 14°C

Müğənnilər sevgililər gününü neçə keçirir?

14.02.14 09:16 4682
Müğənnilər sevgililər gününü neçə keçirir?
Fevralın 14-ü dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da sevgililər günü kimi qeyd edilir. Azərbaycanda sevgililər günü rəsmi olaraq 30 iyuna keçirilsə də, bu günü qeyd edənlər də az deyil.
Biz də bu gün ilə bağlı şou-biznes nümayəndələri arasında sorğu keçirdik. Onlardan sevgililər gününü nə zaman qeyd etdiklərini və həmin günü kiminlə keçirdiklərini soruşduq. Aldığımız cavablar müxtəlif oldu. Belə ki, kimisi sevgililər gününü xatırlamadı, kimisi isə həmin günü səbirsizliklə gözlədiyini deyərək, ilk sevgisindən danışdı.
“Bizim zamanımızda sevgi yox idi”

Araşdırmamız nəticəsində aydın oldu ki, şou-biznes nümayəndələri üçün deyəsən hər gün bayramdır. Çünki onların çoxu bayram etməyə artıq ötən gündən başlayıblar. Belə ki, sosial şəbəkələrdə dostlarından hədiyyə aldıqlarını yazaraq, hədiyyələrini reklam etməyə başlayıblar. Onların sırasında müğənni Rəqsanə İsmayılovanın qızı Aysun yer alıb. O, anasına üzük hədiyyə edib. Üzüyün şəklini instagram səhifəsində paylaşan Aysun “Anama Sevgililər gününə hədiyyə aldım” sözlərini yazaraq anasını təbrik edib.
Amma belə görünür ki, sevgililər günü heç də bütün sənətçilərə uğur gətirməyib. Məsələn, gənc ifaçı Nurlan Növrəslinin uzun müddətdir sevgililər günü üçün xüsusi olaraq hazırlaşdığı konserti təxirə salınıb.Buna səbəb Nurlanın səhhətində yaranan problemlər olub. Ona görə də ifaçının konsertinə alınan biletlər hazırda geri qaytrılır.
Bəstəkar-müğənni Elza Seyidcahan isə bizimlə söhbətində ilk sevgisindən danışdı. O, ilk sevgilisinin həyat yoldaşı olduğunu dedi: “Mən 16 yaşımda ailə həyatı qurmuşam. O zaman sevginin nə olduğunu anlamırdım. Çünki böyüdüyüm mühitdə sevməyə, kiməsə “səni sevirəm” deməyə pis baxırdılar. O zaman düşünürdüm ki, insan yalnız ərini sevə bilər, başqa sevgi günahdır. Həmin dövrdə sevənlərə də pis baxırdım, bu bizim yaddaşımıza belə həkk olunmuşdu. Gənc yaşımda mənim ixtiyarım nə idi ki, kimisə sevim. Əgər kimisə sevsəydim, başımı kəsərdilər”.
El adəti ilə ailə qurduğunu söyləyən müğənni ərini saf sevgi ilə sevdiyini bildirdi: “Məktəb vaxtlarında da məni sevənlər olub, amma bunu sonradan bilmişəm”. Elza Seyidcahan diplom işini Fərizə və İlhamın faciəsinə həsr etdiyini dedi: “14 fevralı da sevgililər günü kimi qeyd edirəm. Təki, biz hər zaman sevgililər gününü qeyd edək. Xoşbəxt o insandır ki, sevgi uğrunda dünyasını dəyişsin. Fərizə ölümü ilə bizə böyük bir ismarış göndərdi”.
Vaxtım yoxdur

Qalmaqalları ilə yadda qalan Xuraman Şuşalı insanın evliliyə qədər bir sıra sevgisinin olmasına pis baxmadığını bildirdi: “İnsan real sevgi ilə qarşılaşdıqda, əsl sevginin nə olduğunu o zaman anlamış olur. Mənim ilk və son sevgim həyat yoldaşımdır. Əgər o insanla mən bir ömür boyu yaşamağı seçmişəmsə, bundan böyük sevgi ola bilməz. Qarşıma çıxan digər insanlar məni sevsəydilər, onlar mənim uğrumda mübarizə aparardılar. Elə adamlar var ki, başqası ilə ailə həyatı qurur, ancaq fikri, ürəyi ilk sevgisində qalır. Şükürlər olsun ki, bizim ailədə belə bir şey yoxdur. 14 fevralı isə keçirməyə vaxtım yoxdur. Hazırda bütün diqqətimi uşaqlara ayırmışam. 14 fevral Sovet dövründən qalan bir adətdir. Biz millətimizi sevən bir xalqıq və düşünürəm ki, bu bayramı iyunun 30-u keçirsək, daha məqsədəuyğun olar. Elə adamlar var ki, gündə bayram keçirməyə bəhanə axtarır. Ancaq Fərizə və İlham bizim fəxrimizdir. Şəhidlik özü ən böyük zirvədir. Öz dəyərlərimizi reklam etsək, daha doğru olar. Elə insanlar var ki, hədiyyə almağı sevir və onun üçün 14 fevralı da, 30 iyunu da bayram kimi qeyd etmək sərf edir. Elə mən də bilsəm ki, mənə hədiyyə alacaqlar, hər gün bayram keçirərdim”.
Müğənni Afaq Aslan ilk sevgisinin tələbəlik illərində olduğunu bildirdi: “İlk sevgim tələbə vaxtı olub, o da əlbəttə ki, uşaqlıq sevgisi olub”.
Əməkdar artist Gülyaz Məmmədova bizimlə söhbətində sevgililər gününü keçirmədiyini söylədi: “Heç zaman sevgililər gününü keçirməmişəm. İstər 14 fevral olsun, istərsə də 30 iyun. Mənim bayramım 8 martda olur. Onda gözəl hədiyyələr qəbul edirəm. Sabah heç kimi təbrik etməyəcəm. Heç kim də məni təbrik etməsin”.
Əməkdar artist söhbəti zamanı ilk sevgisindən söz açdı. Qeyd etdi ki, ilk sevgisi ilə eyni məktəbdə paralel sinifdə oxuyublar: “Sevgilimlə məktəbdə bir oxumuşuq. Tez-tez baxışlarımız toqquşurdu, utanırdım. Həmin oğlan bizim kənddə yaşayırdı. Daha sonra mən sevdiyim həmin oğlanla ailə həyatı qurdum. Yəni sevdiyim oğlana da ərə getmişəm. Həyat yoldaşımdan başqa sevdiyim insan olmayıb”.
Bu gün dünya mətbuatında məşhur simaların sevgililər günü göz önünə gətirilir. Onlardan məşhur aktrisa Eva Mendes ötən gün televiziya proqramlarından birinə qatılıb. Sənətçinin “Sevgililər günündə nə edəcəksiniz” sualına verdiyi cavab izləyiciləri təəccübləndirib: “Mən romantik bir insan olduğumu düşünürəm. Amma sevgililər günündə özəl bir şey etməyəcəyəm. Evdə “The notebook” ("Qeyd dəftərçəsi") filmini izləyib hıçqıra-hıçqıra ağlayacağam”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər