• çərşənbə axşamı, 16 aprel, 17:04
  • Baku Bakı 19°C

Müğənnilər qulaq falına çıxacaqmı?

18.03.14 17:44 3338
Müğənnilər qulaq falına çıxacaqmı?
Xalqımızın Novruz kimi gözəl bayramı var. Bu bayramı xüsusilə gənclər, yeniyetmələr səbirsizliklə gözləyir. Çünki bu bayramda tonqal qalayıb, üzərindən tullanan elə məhz gənclər və uşaqlardır. Subay qızlar isə fala baxıb nə zaman ailə quracaqlarını öyrənməyə çalışırlar. Novruz bayramı ilə bağlı maraqlı adətlərdən biri də qulaq falına çıxmaqdır. Bu adətin min illərlə tarixi var desək, heç də yanılmarıq. Di gəl ki, indiki gənclər bu adətin heç də xalqımıza yaraşmadığını, qapı pusmağın, başqasının evində gedən söz-söhbətləri eşitməyi heç də yaxşı hal kimi qarşılamadıqlarını söyləyirlər.
Biz də bu dəfə şou-biznes əhlinə sual etdik, onlardan Novruz bayramının adət-ənənələrinə inanıb-inanmadıqlarını, axırıncı dəfə nə zaman qulaq falına çıxdıqlarını soruşduq. Aldığımız cavablar isə müxtəlif oldu. Belə ki, kimisi bu adətə riayət etmədiyini, kimisi isə ürəyində niyyət tutaraq, televizorun düyməsini basıb, eşitdiyi ilk sözü qulaq falı hesab etdiyini dedi. Görünür, zaman keçdikcə adətlərimiz də müasirləşir.
Çoxdandır adətlərimizə riayət etmirəm

Müğənni Afaq Aslan bizimlə söhbətində vaxtilə ali məktəbə qəbul olmaq üçün qulaq falına çıxdığını dedi: “Axır çərşənbədə Novruzun əsas adəti olan bir çox inanclar, fala baxmalar var. Bunların ən maraqlısı da qulaq falıdır. İnanclara görə, son çərşənbədə qulaq falına çıxıb, qapı pusurlar və eşitdiyin sözə uyğun niyyətinin həyata keçib keçməyəcəyi bəlli olur. Mən bu inancı bir neçə dəfə sınamışam və bunun həqiqət olduğuna inanıram. Belə ki, ali məktəbə qəbul olan ili qonşunun qapısını pusmağa getmişdim. Arzu tutmuşdum ki, gözəl söz eşitsəm, universitetə qəbul olacam. Həmin il çox gözəl sözlər eşitdim və elə o il də arzum həyata keçdi”.
Müğənni qulaq pusma kimi adətin yalnız bayram günlərində həyata keçirilərsə doğru hesab olunacağını, adi günlərdə bunun heç də yaxşı vərdiş olmadığını qeyd etdi: “İndi papaq atmıram, bu adəti uşaq vaxtı edirdim. Qonşularımıza papaq atıb, tonqalın üzərindən tullanırdım”.
Əməkdar artist Gülyaz Məmmədova tələbəlik illərində daha çox qulaq falına çıxdığını, Novruz adətlərinə inancının böyük olduğunu bildirdi: “İndi elə də papaqatdı, qulaq falına çıxmıram, hazırda daha çox bizim qapıya papaq atıb, qulaq asırlar. Son vaxtlar bu adətlərə heç riayət etmirəm. Düzdür, bunlar xalqımızın inancları və keçmişdən qalan adət-ənənədir. Əslində bu çox gözəldir. Düzdür, hərdən pis sözlər eşidirəm, deyirəm ki, bayram günü bu nə idi. Bu heç bir ölkəyə aid olmayan adət-ənənədir. Bayram günləri çox gözəl anlar yaşanır”.
Gülyaz xanım bizə bacısı, əməkdar artist Gülyanaq xanımın qulaqpusdu zamanı başına gələn maraqlı əhvalatı danışdı: “Bacım Gülyanaq bir dəfə qonşunun qapısını pusurdu, bu anda qonşu qəfildən qapını açdı, Gülyanaq yumbalanıb kənara düşdü. Gülyanağa baxıb o qədər güldük ki. Bayramın bir xüsusiliyi də odur ki, həmin gün xatirələrdən silinməyəcək maraqlı hadisələr olur”.
Biz eşitmədik, onlar eşitsinlər

Tanınmış müğənni Əlikram Bayramov Novruz bayramını xüsusi olaraq sevdiyini, bu bayramın onun üçün çox önəmli olduğunu qeyd etdi: “Novruz bayramındakı adətlərimizi çox sevirəm, çünki bu adət-ənənələrdən heç bir ölkədə yoxdur. Bu adət-ənənələri ulu balalarımız bizə ərməğan edib. Uşaq vaxtı bir dəfə qulaq falına çıxmışam. Yaxşı söz eşitməmişəm deyə, ondan sonra heç vaxt qulaq falına çıxmamışam. İndi niyə qulaq falına gedim ki?”
Əlikram Bayramov bayram günü gözəl sözlər danışdığını, qulaq falına indi də böyük maraq olduğunu dedi: “Qulaq falına daha çox axır çərşənbədə çıxırlar. İndi bu adət-ənənəni həyata keçirən azdır. İnsanlarımız avropalaşır deyə, belə adətlər artıq onlar üçün öz marağını itirib. Bircə bayramımız qalıb, onu da Avropa belə etmir deyib, unuduruq. Necə olur ki, şaxta baba, qar qız olur, kosa, keçəl olmur? Bu bayram insanların daxilində bayram coşqusu, həvəsi yaradır. Mən adət-ənənələrimizə inanıram. Bu bayram ildə bir dəfə olur. Biz bu gün o adətləri yerinə yetirməliyik ki, bizdən sonra gələn nəsil də bu adətlərə riayət eləsin. Əgər biz etməsək, sabah bunu kim edəcək? Düzdür, indi durub kimisə məcbur da etmək olmaz. Kimin xoşu gəlmirsə getməsin. Ancaq xahiş edirəm qapı pusmağa gedənlərə mane olmasınlar. Qoy, heç olmasa onlar xoş söz eşitsinlər”.
Gənc caz ifaçısı Şölə Səfərəliyeva Novruz adət-ənənələrinə inandığını, uşaqlıda qulaq falına çıxdığını dedi. O, qapı pusarkən eşitdiyi sözü yoza bilmədiyini qeyd etdi.
Gənc müğənni Yaşar Cəlilov hər il özünə qulaq falına çıxacağını söz versə də, sözünə əməl etmədiyini bildirdi: “Hər zaman bu bayram qulaq falına çıxacam, deyərək söz versəm də, ancaq vaxtım olmadığından hələ ki qulaq falına çıxa bilməmişəm. İnşallah, bu bayram qapı pusmağı düşünürəm. 25 ildir ki, hələ qulaq falına çıxmamışam. Tonqal üzərindən tullanıb, papaq atmışam. Mən bütün ənənələrimizə inanıram. Boş yerdən heç kim bunu ənənəyə çevirə bilməz”.
Yaşar Cəlilov bayram günü hər kəsin evində xoş sözlər danışmasının da adət olduğunu qeyd etdi: “Bayram günü hamı bilir ki, onun qapısını pusacaqlar. İndi onsuz da heç kim pis nəsə danışanda möhkəm danışmır. Hazırda qapı pusmağa ehtiyac da olmur, elə qapı pusmaq istəyən adam qulağını divara qoysa, qonşunun nə danışdığını eşitmək olur. Özüm həyət evində yaşasam da, bina evlərində qonşunun səsinin gəldiyini eşitmişəm”.
İnsanlar aqressivləşiblər

İfaçı Leyla Ramazanlı bayram gününü valideynləri ilə birlikdə keçirmək istədiyini desə də, ancaq işinə görə tədbirlərdə çıxış etdiyi üçün bayramı adətə uyğun keçirə bilmədiyini qeyd etdi: “Novruz mənim sevimli bayramlarımdan biridir. Bayramın şirinliyi, marağı onun özünəməxsus adət-ənənərinin olmasındadır. Mən özüm də bu ənənələrdən istifadə etmişəm. Bayrama gözəllik qatan inanclara, ənənələrə inanıram”.
İfaçı 10-cu sinifdə oxuyarkən qulaq falına çıxdığını, arzusunun isə universitetə qəbul olunmaq olduğunudedi: “Həmin gün xoş söz eşitdim və arzum həyata keçdi. Düşünürəm ki, bayram günündə qulaq pusma kimi adətlərimiz yaşamalıdır. Bu, pis bir şey olsaydı, min illərdi heç kim etməzdi. Bu ənənələri çox sevirəm və sevərək də icra edirəm”.
Müğənni Leyla Babayeva Novruz bayramını evində keçirməyi hər şeydən üstün tutduğunu qeyd etdi: “Bayram günlərində insan əzizlərinin çevrəsində olmaq istəyir. İşimiz fərqli olduğu üçün bayramı işdə keçirməli oluram. Novruz bayramının ənənələrini çox sevirəm və hər il onları etməyə alışmışam. Düşünürəm ki, bu adətimiz insanın keçmişini göstərən amildir. Bu adətlər insanları bir-birinə çox yaxınlaşdıraraq doğmalaşdırır, onları həmrəy edir, birləşdirir. Hər xalqın öz adət-ənənəsi var, amma mənə elə gəlir ki, bizim bayram adətlərimiz daha zəngin və qədimdir. Məncə, bu adət-ənənələr qorunub saxlanmasaydı, bayramlar da olmazdı. Bayramsız həyat çox mənasız olar”.
Leyla Babayeva indiyə kimi qulaq pusduya çıxmadığını, fala çıxdığı qapıdan xoş söz eşidə bilməyəcəyindən qorxduğunu bildirdi: “Özüm qulaq falına çıxmasam da, həmişə qulaq pusanları kənardan oturub izləyirdim. Ancaq bu adətin unudulduğunu görürük. Məncə, artıq heç kim qulaq falına çıxmır. Səbəbi isə budur ki, indi zəmanə çox dəyişib. İnsanların problemləri artıb və onlar çox aqressivləşiblər. İndi elə bir zamandır ki, kimsə kiminsə qapısını pusmağa cürət etmir”.
Hər nə olursa-olsun, bu bizim müqəddəs adətlərimiz, ənənlərimizdir. Onlar bizə ulu babalarımızdan yadigar qalıb. Bizi bir millət başqalarından fərqləndirən bu adətlərimizi yaşatmalıyıq ki, onlar sabah da unudulmasın. Gözəl bayram keçirilməsi diləyi ilə
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər