• çərşənbə, 24 Aprel, 12:16
  • Baku Bakı 27°C

Müğənnilər kitab oxuyurmu?

01.02.14 10:51 1767
Müğənnilər kitab oxuyurmu?
“Kitab bilik mənbəyidir” deyirlər. Buna görə də elmli, savadlı, dünyagörüşlü olmaq istəyən şəxslər daim öz maraq dairələrinə uyğun kitab oxuyurlar. Çünki hərə bir peşənin və zövqün sahibidir deyə, onları müxtəlifyönümlü kitablar cəlb edə bilər. Müğənnilər də həmçinin. Bəzən onlar vaxt bəhanəsinə görə kitab oxuya bilməsələr də, mütaliəyə vaxt ayıranları da az deyil.
Beləliklə, müğənnilər arasında sorğu apardıq. Onlar hansı kitabları oxumağa maraqlıdırlar? Kitablardan öyrəndikləri onlara həyatdakı problemlərini həll etməkdə yardımçı olubmu? Ən son hansı kitabı oxuyublar?
Müğənni-bəstəkar Elza Seyidcahan bildirdi ki, bəstəkarlıqla məşğul olduğu üçün daha çox şeir kitabları oxuyur: “Çünki bu mənim işimdir. Mahnılar üçün gözəl sözlər, mövzular axtarıram. Hikmətli sözlər olan kitabları sevirəm. İndiki zamanda kitab oxumağa o qədər də vaxt ayırmaq olmur. Oxuduğum kitablar mənim yaşamağıma, insanlarla münasibətimə, hərəkətlərimə köməklik edib. Təbii ki oxuyanda da bizim üçün əhəmiyyətli olanları seçmək daha yaxşıdır. Elə insanlar var ki, hansısa romanı oxuyub onu özlərinin qəhrəmanına çevirirlər. Məndə belə bir şey yoxdur. Uşaq vaxtı olub ki, hansısa əsəri oxuyanda özümüzü qəhrəmanın yerində hiss edirdik. Seriallar və kinolar da kitablar əsasında yazılır. İnsanlar bəzən kino və kitablarda olan obrazlara oxşamaq istəyirlər. Amma insan yaşadığı mühitə uyğunlaşmalıdır. Yaşadığı mühitin xanımı, kraliçası olmalıdır. Əgər mənim yaşadığım mühitdə o ab-hava yoxdursa, bunu çalışıb özüm yaratmalıyam. Uşaq vaxtı Cəfər Cabbarlınım pyeslərini oxuyurdum. Hətta o pyesləri oxuyandan sonra özüm də kiçik məqalələr yazmağa başladım. Ən son baxdığım kitab stilist Samirə həsr olunan “Samir” romanıdı. Düzünü deyim, mən o kitabı oxumamışam, amma mənim vasitəmlə bir neçə müəllimələr oxuyublar və tərifləyiblər. Bizim işimiz elədir ki, evdə az oluruq. Ona görə də kitab oxumağa başlayırıqsa, gərək bütün gün oxuyub başa çatdıraq. Buna isə vaxtımız olmur. Hər gün müqəddəs Quranı, hikmətli sözləri olan kitabı oxuyuram. Şeirlər isə həmişəki kimi, işimdi. Ramiz Rövşən, Rüstəm Behrudinin şeirlər kitablarını oxuyuram”.
Müğənni Gülüstan Əliyeva romantik yox, reallığı əks etdirən, həyatla bağlı olan kitabları oxumağı sevdiyini bildirdi: “Kitab çox oxuyuram. Fantastik kitabları sevmirəm. Ən başlıcası, mütaliə insanın dünyagörüşünün formalaşmasına kömək edir. İkincisi, onun danışıq qabiliyyətini, insanlarla münasibətini formalaşdırır. Kitabın istiliyini, personajların həyat hekayəsini sanki özümüz kimi hiss edirik. Bu hadisə mənim həyatımda baş versəydi necə edərdim? Həmin qəhrəman kimi addım atardım, yoxsa özümün başqa bir seçimim də ola bilərdi? İnsan mütaliə etdiyi zaman özü-özünü başa düşür. Rahib Ümmanın “Dünya dəyməz göz yaşına” adlı kitabını mənə vermişdilər. O kitabı hələ ki oxumamşam. Ona görə bir fikir söyləyə bilmərəm. Son vaxtlar isə opera ilə bağlı oçerklər və müəyyən bəzi məlumat ala biləcəyim jurnallar oxuyuram. Daha çox başım onlara qarışıb”.
Elitstar Cəmilə isə internetdən istifadə edənlərin sayı çoxaldığı üçün kitab oxumağa maraq azaldığını dedi: “Kim desə ki son vaxtlar kitab oxuyur, inanmıram. Hamı internetdədi. Mənim oxumağa heç vaxtım olmur. Əvvəllər kitabxanada olan bütün kitabları bir-bir alıb oxuyurdum. Həyatda məğrur olmağı, heç kimə inanmamağı, özünə inamlı olmağı - çox şeylər var ki, onları biz kitablardan öyrənmişik. Kinolar də kitablar əsasında çəkilir. Azərbaycan ədəbiyyatını az oxumuşam. Amma rus və xarici ədəbiyyatı çox oxumuşam. İndi internet və televiziyaya da çox vaxtım gedir. Amma vaxtilə çox oxumuşam. Ona görə də həyatda hər bir situasiyadan çıxmağa mənə oxuduqlarım kömək edib. Gənclərə də məsləhət verərdim ki, oxusunlar. Həm də çox gəzmək lazımdır. Mən kitabda oxuduqlarımı xarici ölkələrdə görəndə sevirinəm ki, nə yaxşı ki oxumuşam. Oxumaq mütləq lazımdır”.
Gənc müğənni Leyla Babayeva kitab oxumağı sevdiyini bildirdi: “Ən çox sevdiyim kitablar detektiv janrında olanlardır. Məsələn, Erl Stenli Qardnerin əsərlərini çox bəyənirəm. Ancaq təəssüflər olsun ki, zaman darlığından kitab oxumağa istədiyim qədər vaxt ayıra bilmirəm”.
Müğənni Baloğlan Əşrəfov isə universitet illərində daha çox kitab oxuduğunu dedi: “O vaxt Azərbaycanın bir çox yazıçıları var idi ki, onları oxuyurduq. Onlar haqda bəlkə də cavanların çoxunun məlumatı yoxdur. Yəqin onlar bilmirlər ki, Salam Qədirzadə, Əfqan kimdir? O zamanlar elə yazıçılar var idi ki, biz onların əsərlərini oxuya-oxuya böyümüşük. İlyas Əfəndiyevdən tutmuş, kimlərə qədər. Ən çox o zamanlar detektiv janrında olan kitabları sevirdim. Sovet hökuməti dağılandan sonra hər şey dəyişdi. İndi kimin pulu varsa, bir kitab yazır. Mənim onların hamısını oxumağa vaxtım yoxdur. Amma yaxşı şeirlər olan kitabları tapıb oxuyuruq. Kitablar insanları mənəvi tərbiyə edir. Qalmaqal etmirik, televiziyalarda min hoqqadan çıxmırıq, abır-həyamız var. Tərbiyə, böyük-kiçik var. Bütün bunları biz oxuduğumuz əsərlərdən öyrənmişik. İndikilər isə kitab oxumurlar”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər