• cümə, 19 Aprel, 14:11
  • Baku Bakı 25°C

Müğənnilər jurnalistləri təbrik etdi

22.07.14 17:46 1521
Müğənnilər jurnalistləri təbrik etdi
Ulu öndər Heydər Əliyev vaxtilə mətbuat nümayəndələri ilə bağlı “Jurnalist əməyi qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” - kimi dəyərli fikirlər səsləndirib. Doğrudan da jurnalistika sənəti şərəfli və ləyaqətli sənətdir. Dünən isə yaranmasının 139-cu ili qeyd edilən Milli Mətbuat Günü, mətbuat nümayəndələri üçün bayram idi.
Bu bayram münasibətilə şou-biznes nümayəndələri də il ərzində onların fəaliyyətini cəmiyyətə çatdıran jurnalistləri öz ürək sözləri ilə təbrik etdilər, mətbuat nümayəndələrinə qərəzsiz, düzgün yazılar hazırlamağı arzuladılar.
Can sağlığı, uzun ömür

Əməkdar artist Aybəniz Haşımova bizimlə söhbətində jurnalistləri sevdiyini qeyd etdi: “Arzu edirəm ki, siz həmişə ulu sələflərimiz Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin ruhuna və məramına layiq olasınız, müstəqil dövlətimizə və xalqımıza şərəflə xidmət edəsiniz. Öz dövrümün jurnalistlərini, dünyasını dəyişən dəyərli mətbuat işçilərinin bayramını da təbrik edirəm. Onlara can sağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, hər zaman gözəl xəbərlər yazsınlar”.
Peşəsinə hörmət edən insanlar

Əməkdar artist Tünzalə Ağayeva Azərbaycan mətbuatının qədim və şərəfli tarixi olduğu üçün qürur duyduğunu bildirdi: “Mətbuat işçiləri mənim dostumdur. Onların vasitəsi ilə yaradıcılığımda olan yenilikləri tamaşaçılarımla bölüşürəm. Bu gözəl peşə bayramı münasibətilə bütün jurnalistlərimizi təbrik edirəm. Bu gün mətbuat dedikdə, o qədər çoxşaxəli sahə görürük ki, zamanla bu, sadəcə qəzet və jurnaldan ibarət idisə, bu gün internetin köməkliyi ilə hər şeydən xəbərdar oluruq. Hətta sadə vətəndaş bu gün özünün sosial mediasını qura bilir. Bu baxımdan, mətbuat sahəsində çox azadlıq var. Önəmlisi odur ki, öz işində peşəkar olasan. Bir çox mətbuat nümayəndələri tanıyıram ki, onlar həm gözəl dost, həm də işlərinin peşəkarıdır. Onlar öz peşələrinə hörmət edən insanlardır. Bu gün bizim üçün mətbuat çox önəmlidir. Biz bütün dünyada, ölkəmizdə, hətta qonşu məhəllədə baş verən hadisəni sırf mətbuatın vasitəsi ilə öyrənirik”.
Tünzalə Ağayeva arzu edir ki, mətbuat nümayəndələri hər zaman xoş xəbərlər yazsınlar: “Ən böyük xoş xəbərimiz isə Qarabağın alınması xəbəri olsun. Ümid edirəm ki, həmin gün jurnalistlərimiz böyük bayram edəcəklər. Bu günkü nəsil jurnalistlər inanıram ki, Həsən bəy Zərdabidən başlayan jurnalistika ənənələrini eyni ləyaqətlə, eyni şərəflə davam etdirirlər. Hər sahənin öz peşəkarı gözəldir. Bu gün istər maqazin, istər siyasi, istər sosial, istərsə də digər sahələrdə yazan jurnalistlərimiz işlərini ən gözəl şəkildə yerinə yetirirlər. Arzu edirəm ki, hər zaman insanlara pozitiv enerji ötürəsiniz. Buna hamının ehtiyacı var. İlk növbədə də jurnalistlərin”.
Məni siz məşhur etmisiniz

Müğənni Elza Seyidcahan jurnalistika sənətini çox sevdiyini və mətbuat nümayəndələrinə böyük hörmət bəslədiyini qeyd etdi: “Bəzi müğənnilərimizin mətbuata olan münasibəti məni heç də qane etmir. Onlar mətbuat nümayəndələrini yanlarında kölə kimi saxlayırlar. Bir çoxları da mətbuatda olan jurnalistlərlə münasibət, əlaqə saxlayıb, işdən çıxandan sonra onların adlarını unudurlar. Əksər müğənnilər jurnalistlərlə öz mənafelərinə görə münasibət qurublar. Xatırladım ki, mətbuat nümayəndələrinə ilk dəfə mən ziyafət masası açmışam. Tədbirlərdə jurnalistlərin ayaq üstə, əllərində dəfətər-qələm işlədiklərini görəndə, onlara görə ürəyim ağrıyıb. Hər zaman mətbuat konfranslarında demişəm ki, ən gözəl masanı və yeri mətbuat nümayəndələri üçün açmaq lazımdır. Arzu edirəm ki, onların kəlmələri tutarlı olsun, qələmləri yaxşı işləsin. Ötən il cənab prezidentimiz İlham Əliyev jurnalistlərə ev hədiyyə etdi, mən isə öz növbəmdə “Bir damcı su” adlı konsertimi onlara həvalə etdim. Bununla kifayətlənməyib eyniadlı kitabımı onlara hədiyyə etdim. Hər zaman demişəm ki, mətbuat olmasaydı, mən bu gün Elza Seyidcahan olmazdım. Allah mənə istedad verib, bu sənətə gətirib, siz mətbuat nümayəndələri də məni işıqlandırıb məşhur etmisiniz. Mətbuat işçilərinin zəhmətini dəyərləndirmək bizim borcumuzdur. Təəssüflər olsun ki, bu gün bəzi mətbuat nümayəndələri düzgün və dəqiq qələm sahibi ola bilmirlər. Belə ki, onların arasında “fırıldaqçılar”, sözgəzdirənlər”, öz qələmlərindən sui-istifadə edənlər, yaltaqlar, boğazdan yuxarı tərif yazanlar da az deyil. Xalqını, vətənini, dövlətini, prezidentini sevməyən jurnalistlərlə də hərdən rastlaşırıq. Amma yaxşı ki, bunlar əsl qələm sahibləri, peşəkar jurnalistlərlə müqayisədə qat-qat azdırlar. Mətbuat nümayəndələrini çox dəyərləndirirəm. Onların hər birinin qələmi qarşısında baş əyirəm və qızıl sözlər yazan əllərindən öpürəm”.
Onlara ehtiyacımız var

İfaçı Xuraman Şuşalı mətbuat nümayəndələrinə hər zaman böyük hörməti olduğunu, onların vasitəsilə daim gündəmdə qaldıqlarını dedi: “Mətbuat nümayəndələrini səmimi qəlbdən təbrik edirəm. Bizim hər zaman onlara ehtiyacımız var. Jurnalistlərdən hər zaman sağlam fikirlər gözləyirik. Qələmləri daha da güclü olsun. Hər birinizə gözəl günlər arzulayıram. Siz olmasanız, bizim yaradıcılığımız da işıq üzü görə bilməz. Yaxşı ki, varsınız”.
Sonsuz təşəkkür

Gənc ifaçı Leyla Ramazanlı mətbuat günü münasibəti ilə bütün jurnalistləri təbrik edərək hər zaman düzgünlüyün tərəfində dayanmalarını arzuladı: “Bu gün Milli Mətbuat Günüdür. Bizim çox savadlı, vicdanlı, jurnalistlərimiz var. Onlar uzun illərdir ki, tamaşaçılarla aramızda körpü yaradıb, ünsiyyət qurmağımıza səbəb olublar. Onlara sonsuz təşəkkürümü bildirirəm. Müstəqil Azərbaycanımızda neçə belə gözəl bayramlar qeyd etmələrini arzu edirəm. Bir çox jurnalistlərimiz işlərini peşəkar səviyyədə yerinə yetirirlər. Bütün jurnalistlərə belə iş rejimi və uğurlar arzulayıram”.
Bayağı başlıqlar yer almasın

Caz və estrada ifaçısı Şölə Səfərəliyeva mətbuat nümayəndələrinə hər zaman doğru xəbər yazmağı, klaviaturalarının “iti” olmasını arzuladı: “Çox istərdim ki, mətbuatda reklam, reytinq xatirinə bayağı başlıqlar yer almasın. Mənə elə gəlir ki, elə olanda xəbər qədər onun müəllifi də müzakirə obyektinə çevrilir. Hər bir jurnalistin özünə görə adı-sanı var. Kimlərəsə qərəzli yanaşıb şəxsi münasibət əsasında xəbər yazmasınlar, yaxud da hansısa müğənnini anti-reklam etməsinlər. Təəssüflər olsun ki, bu gün yazmağı bacarmayan bəzi “jurnalistlər” də özlərini mətbuat nümayəndəsi hesab edir. Azərbaycan dili və ədəbiyyatı fakültəsinin məzunu kimi bu xətaları görəndə bəzən çox qəzəblənirəm. Mətbuat günü münasibətilə bütün jurnalistlərə yaradıcılıq uğurları, gözəl mövzular və yaxşı qonorar arzulayıram”.
Sizsiz bizim bir günümüz də olmasın

Sevil və Sevinc bacıları mətbuat nümayəndələrinin xoş günlərində onları səmimi qəlbdən təbrik etdiklərini dedilər: “Biz bütün mətbuat nümayəndələrimizi, aparıcılarımızı səmimi qəlbdən təbik edirik. Nə yaxşı ki, siz varsınız. Mətbuat nümayəndələri bizim dostlarımdır. Onlar bizim əziyyətimizi olduğu şəkildə yayımlayırlar. Ona görə də mətbuatda çalışan bütün dostlarımızı gözəl gün münasibətilə ürəkdən təbrik edirik. Əsasən də qələminə, özünə hörmət qoymağı bacaran jurnalistlərə uğurlar arzulayırıq. Onu da qeyd edək ki, bir sıra mətbuat nümayəndələri müğənniləri pul müqabilində yeri gəldi-gəlmədi tərifləyirlər. Ancaq təriflədiyi ifaçının nə oxuduğunu ondan soruşsan, bəlkə də bundan ümumiyyətlə xəbərsizdir. Ona görə də onlara hər zaman dürüstlük və qələminin sahibi olmağı arzulayırıq. Sizsiz bizim bir günümüz belə olmasın, əziz jurnalistlərimiz. Biz sizi çox istəyirik, siz bizi istədiyiniz kimi”.
Həmişə var olun

Əməkdar artist Sevda Ələkbərzadə Milli Mətbuat Günündə özünün “Instagram” səhifəsində jurnalistləri belə təbrik edib: “Bu gün əsl jurnalistləri təbrik etmək istəyirəm. Peşəkar, qərəzsiz yazan, pula satılmayan, zövqü, intellekti olan, sənətini sevən jurnalistləri. Nə yaxşı ki, belə jurnalistlərimiz var. Həmişə var olun. Bayramınız mübarək!”
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər