• çərşənbə axşamı, 23 aprel, 20:00
  • Baku Bakı 20°C

Müğənnilər harada istirahət edəcək?

12.06.13 08:40 1745
Müğənnilər harada istirahət edəcək?
Yayın lap başlanğıcındayıq. İl ərzində gərgin şəkildə işləyən insanlar artıq istirahət etmək üçün planlar qurub, qızmar yay günlərdə harada istirahət edəcəkləri barədə hazırlıqlar görürlər. Yayın istilərində həm işləyib, həm də dincələnlər arasında mədəniyyət və incəsənət nümayəndələrimiz daha çoxdur. Konsertlər, televiziya proqramlarına və tədbirlərə dəvət, film çəkilişləri və bu kimi işlər onları dincəlməyə məcbur edir.
Şou əhli adətən vətəndə istirahət etməyə üstünlük vermir. Buna əsas səbəb kimi pərəstişkarlarının diqqətindən kənar qalmaq istədiklərini göstərirlər. Amma bir çox müğənni ilə əlaqə saxladıqdan sonra aydın oldu ki, bəziləri bu il istirahət etməyəcək. Bir çox müğənnilərimiz istirahət günlərini hər zamankı kimi evlərində, iş başında və ya uzaqbaşı, bölgələrimizin birinə getməklə keçirəcəklərini söylədilər.
Prodüser Hüseyn Cavadzadə ötən ilin “Eurovision” yarışmasında Azərbaycanı təmsil edən Səbinə Babayevanın bu yayda istirahət edə bilməyəcəyini söylədi: “Səbinə Babayeva 2 aydır ki, Almaniyadaydı. Azərbaycana yeni gəlib. Yayda yeni konsertlər və layihələr üzərində işləyəcək. Ona görə də yayda istirahət etməyi düşünmür”.
Estrada müğənnisi Roza Zərgərli də yayda istirahət etməyəcəyini, isti yay günlərində də işləyəcəyini söylədi. İşlərinin çox olduğunu bildirən müğənni bizimlə söhbətində 3-5 gün bölgələrimizin birində istirahət edəcəyini və zamanı olarsa, Türkiyənin hansısa turizm bölgəsinə gedəcəyini qeyd etdi.
Əməkdar artist Aybəniz Haşımova ilə söhbətimiz zamanı müğənni qızmar yay günlərində də çalışacağını və bu yayda istirahət edə bilməyəcəyini söylədi: “Bu yay mən istirahət etməyəcəyəm. Tələbələrimi müsabiqəyə hazırlaşdırıram. Hazırda Müşviq Əliyevlə çalışırıq. Onunla məşqlər edirik. Məşqlər yayda da davam edəcəyi üçün paytaxtdan çıxa bilməyəcəyəm. Özümü tələbələrimə həsr etmişəm”.
Xalq artisti Flora Kərimova hələ ki bağda istirahət etdiyini, xarici ölkəyə getmək üçün övladlarının gəlişini gözlədiyini söylədi: “Yaradıcılığıma fasilə verib bir az istirahət edəcəyəm. İstirahət edəcəyim məkanı övladlarım seçəcək. Xaricə getməyi düşünürük. Oğlum və qızım ailəsi ilə birlikdə vətənə qayıdaraq mənimlə istirahət edəcəklər. Bu yayı övladlarım və nəvələrimlə birlikdə keçirəcəyəm. Sentyabr ayında yeni enerji ilə fəaliyyətə başlayacağam”.
Müğənni Röya Ayxan hər il yay aylarında bölgələrdə konsert proqramı ilə çıxış edir. Belə ki, ötən il Zamiqlə bölgələrdə konsert verən müğənni, bu il Abbas Bağırovla yayın qızmar günəşi altında konsert proqramları ilə çıxış edəcək. Röya mətbuata istirahəti ilə bağlı belə açıqlama verib: “Ağ günlərə çıxmışıq, çox xoşbəxtəm. Yay vaxtı ancaq gedib Azərbaycanın gözəl guşələrində konsert vermək olar. Hansı ki orada yaşayanlar illərlə bizi görmürlər”.
Əməkdar artist Gülyanaq Məmmədova ən gözəl istirahətin övladları ilə birgə olduğunu və onlarsız istirahət edə bilmədiyini qeyd etdi: “İndi hələ ki yay tətilimi necə keçirəcəyimi planlaşdırmamışam. Bizim 1 ay istirahət müddətimiz olur. Çalışırıq ki, həmin ayı doyaraq keçirək. Yəqin ki, istirahət günlərində ailəmlə birgə Türkiyəyə qayınanamgilə gedərik. Başqa gedəsi yerim yoxdur. Yayda tətil günlərində işləməyəcəyəm, çalışacam ki istirahət edim”.
Vasif Məhərrəmli də digər sənətçilər kimi yay istirahət gününü necə keçirəcəyini tam qərarlaşdırmadığını, amma istirahəti üçün zaman ayıracağını qeyd etdi: “İstirahət günlərində yaradıcılığımla bağlı heç bir fəaliyyət göstərməyəcəm. Nə qastrol səfərlərinə çıxacağam, nə də konsert proqramı ilə çıxış edəcəyəm. İstirahətimi isə yəqin ki, 10 gün Bodrumda keçirərəm. Özümüzdə isə ən çox sevdiyim məkan Şəki və İsmayıllıdır. Öz bölgələrimizin yeri başqadır. Çalışacağam ki, orada da istirahət edim”.
Gənc müğənni Yaşar Cəlilov Sinqapurda istirahət etmək istəyi olduğunu, amma yəqin ki, Türkiyədə istirahət edəcəyini söylədi: “Hələ ki istirahətimlə bağlı planlar qurmamışam. İstirahət günlərində yeni mahnı yazdırmağı da düşünmürəm. Özümü tam olaraq istirahətə həsr edəcəyəm. Əgər hansısa dövlət tədbiri olarsa, məmnuniyyətlə iştirak edərəm. Ancaq başqa şəkildə səfərlərə, qastrola gedəcəyimi planlaşdırmamışam. Sonuncu dəfə Səbinə Babayeva ilə Fransada qastrolda olmuşam. Yeni mahnılarımın yazılmasına isə sentyabrda başlayacağam”.
Payız mövsümündə yeni mahnılar təqdim etməyi düşünən xalq artisti Tünzalə Ağayeva da bəzi məşhurlar kimi gərgin iş başındadır. Sentyabrda pərəstişkarlarını yeni ifalarla sevindirəcək müğənni yay aylarında bir neçə xarici ölkəyə səfər edərək mötəbər tədbirlərdə də çıxış edəcək: “İsti yay aylarında ailəmlə birgə istirahət etməyi düşünürəm. Ötən illərdən fərqli olaraq hansısa otellərin birində qalacağımı düşünmürəm. Ramazan ayından etibarən İstanbul da daxil olmaqla Türkiyənin bir neçə şəhərini gəzmək istəyirəm. Bundan başqa, doğma rayonumda, həmçinin Şəkidə istirahət etməyi planlaşdırmışam”.
Nadir Qafarzadə mətbuata Türkiyədə istirahət etməyə üstünlük verdiyini deyərək bunun səbəbini də izah edib: “Bundan öncə Avropanın bir sıra şəhərlərində istirahət etmişəm. Yəqin ki, bu il Türkiyədə istirahət edəcəyəm. Məşhur adam üçün Azərbaycanda istirahət etmək, dənizdə çimmək, istədiyi yerə gedə bilmək çətindir”.
Bu il Azərbaycanı “Eurovision” yarışmasında layiqincə təmsil edən Fərid Məmmədov bizimlə söhbəti zamanı böyük sınaq meydanından çıxmasına baxmayaraq, istirahət etməyəcəyini söylədi: “Yayda istirahət edəcəyim sual altındadır. Bilmirəm, bəlkə kampaniyamız və ətrafımdakı insanlarla rayona istirahətə getdik. Əgər zaman tapsam, yəni istirahətim alınsa, istəyərəm Tailanda gedim. O da inanmıram alına, çünki bunun üçün vaxt yoxdur”.
Sorğu zamanı aydın oldu ki, müğənnilərimiz bu yay istirahətə o qədər də həvəsli deyillər. Hər halda, hər zaman eşitməyə adət etdiyimiz Maldiv adaları, Misir, Kanada, İngiltərə kimi ölkələrin adlarını eşitmədik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər