Müəllimlik praktik peşəyə çevrilir
"Qəbul imtahanlarında 660 bal toplayan abituriyent paytaxtın nüfuzlu
universitetlərini yox, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki
filialını seçib”. KİV-də və sosial mediada yayılan bu xəbər ümumilikdə ölkə
üzrə pedaqoji ixtisasları seçən abituriyentlərin sayında təkcə davamlı artımın
olması deyil, həm də əvvəlki illərdə olduğu kimi müəllimlik peşəsinə marağın
artmasının göstəricisi kimi dəyərləndirilir. Statistika da təsdiqləyir ki, son dörd tədris ilində ali təhsil
müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq
pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə
olunur. Belə ki, yüksək bal toplayan abituriyentlər
arasında Dövlət Pedaqoji Universitetini seçənlərin də sayı artıb. Məsələn,
2014-2015-ci tədris ilində ADPU-ya qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən
artıq bal topladığı halda, 2016-cı ildə yüksək balla müəllimliyi seçən 130
nəfər, 2017-ci ildə isə 273 nəfər ADPU-da təhsil almaq arzusunda idisə, bu il
527 nəfər bu universiteti seçib. Bu da təkcə bir il ərzində 2 dəfə artım
deməkdir. Ümumiyyətlə, 18 təhsil ixtisası üzrə 3 il ərzində qəbul olunanların
topladıqları ballar müəllimlik ixtisasına üz tutanların kəskin fərqlə artdığını
ortaya qoyur. 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal
toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. Builki qəbul
imtahanlarda 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent
ibtidai sinif müəllimliyini seçib. Bu, indiyədək təhsil ixtisas qruplarında
ibtidai sinif müəllimliyini seçənlərin maksimal nəticəsidir. Məsələn, Dövlət Pedaqoji
Universitetinin ibtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300
nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdırsa, cari
ildə bu ali təhsil müəssisəsinə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin
129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. Müqayisə üçün qeyd edək
ki, bu il hüquq ixtisasına 525 nəfər
qəbul olunub. Müəllimlik ixtisaslarına isə 9623 nəfərin qəbulu aparılıb. Təhsil
ixtisaslarına qəbul olunanların 2090 nəfəri və ya 21,7 faizi 500 və daha artıq
bal toplayanlardır.
500 və daha
artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən
abituriyentlər ötən illə müqayisədə 70.8 faiz, xarici dil müəllimliyini
seçənlər isə 25 faiz artıb. Qəbul imtahanlarında 500 və daha artıq nəticə
göstərən abituriyentlər arasında 3 il əvvəl kimya müəllimi olmaq istəyən 43
abituriyent vardısa, bu il onların sayı 141 nəfər olub. Biologiya
müəllimliyi üzrə də vəziyyət eynidir. Yüksək nəticə ilə3 il əvvəl 13
nəfər, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib.Maraqlı
faktlardan biri də artıq müəllim işləmək üçün müraciət
edən kişilərin sayında da artımın müşahidə olunmasıdır. Təhsil naziri Ceyhun
Bayramov da mətbuata açıqlamasında bu faktı təsdiqləyib: "Ötən illərlə
müqayisədə müraciət edən kişi müəllimlərin sayında artım var. Biz bunu böyük
məmnunluq hissi ilə qeyd edirik, çünki bütün sahələrdə olduğu kimi, təhsildə də
daha yaxşı nəticələrin əldə edilməsi üçün balansın qorunması vacibdir”.
Faktlardan göründüyü kimi, dünənə qədər "müəllim
nüfuzu aşağı düşür”, "Kişilər müəllim peşəsindən uzaqlaşır”, "Pedaqoji sahəyə
maraq azalır” və s. deyə həyəcan təbili çalınırdısa, bu gün bu peşə ətrafında
tam fərqli mənzərə yaranır. Səbəb nədir? Təhsil Nazirliyi tərəfindən bu sahəyə
marağın artması üçün qəbul edilən qərarlarmı? Müəllimlik peşəsinin nüfuzunun
artmasımı? Yoxsa peşənin əmək bazarına uyğunlaşmasımı? Xatırladaq ki, pedaqoji
sahəyə marağın artması üçün qəbul edilən qərarlar içərisində ilk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil
müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq
qiymətləndirilməsinin keçirilməsi, müəllimlərin yerdəyişməsi və
mərkəzləşdirilmiş qaydada işə qəbulunun elektron mexanizmlər əsasında müsabiqə
yolu ilə həyata keçirilməsi, ucqar yaşayış məntəqələrində çalışan gənc
müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planının
hazırlanması və s. kimi əhəmiyyətli dəyişikliklər var.
Təhsil ekspertləri, müəllimlər faktı təsdiqləyərək
səbəbini daha çox bazar iqtisadiyyatının tələbkar qanunlarında axtarırlar.
Məsələn, təhsil eksperti Asif Cahangirov müəllim
peşəsinə axını müsbət qiymətləndirir: «Bu, müəyyən dərəcədə müəllim peşəsinə
maraqla da, müəllimlərin əmək haqqının artımı ilə də bağlıdır” desə də, təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun fikirləri fərqlidir.
Xidmətini satan fiziki şəxs
Ekspert abituriyentlərin
müəllimlik peşəsini seçməsinə təsir edən bir neçə amilin olduğunu deyir. Əsas
səbəb başqa sahələrdə iş imkanlarının məhdudluğudur: "Pedaqoji sahədə isə iş
imkanları daha genişdir. Müəllim təkcə dövlət məktəbində işləməklə kifayətlənməyə
bilir. Eyni zamanda, hər hansı özəl məktəblərdə də işləməklə qazanc fürsəti
əldə edir. Orta məktəbdə yarım və ya bir stavka dərs deyən müəllim nüfuzu yaxşı
olduğu və sahəsini yaxşı bildiyi təqdirdə həmin məktəbdə bir neçə şagirdə
repetitorluq edə və yaxud özəl kurslarda dərs deyə bilir. Əmindir ki, fənnini
yaxşı tədris etsə, balı yuxarı olsa maaşı yüksək olacaq. Bu da onlara
motivasiya verir”. Ekspert pedaqoji sahəyə marağın artmasını təkcə maaşın
yüksəlməsi ilə əlaqələndirmir: "Əlbəttə, tək faktor maaşın yüksəlməsi deyil.
Abituriyentlər bilir ki, öz müəllimləri və ya ətrafdakı müəllimlərin aylıq
qazancı yüksəkdir. Belə müəllimləri gördükcə müəllimlik peşəsinə yönəlirlər.
Bu, xüsusən rayon uşaqlarına aiddir”.
Qız uşaqlarına gəlincə, ekspert hesab
edir ki, onlar çox vaxt ailənin təzyiqi ilə müəllimlik peşəsinə üz tuturlar.
Çünki ailədə çox vaxt onlara seçim buraxılmır: «Qız uşağı üçün ən yaxşı peşə
müəllimlikdir» - deyə onlara bildirilir. Yəni, sabah müəllim olduqda, müəllim
kimi çalışdıqda ailəyə vaxt ayıra bilirsən. Bu baxımdan, müəllimlik qızlar üçün
uyğun peşə hesab edilir. Ona görə də dünyanın hər yerində müəllim peşəsinin
feminizasiyası gedir. Oğlan uşaqlarının isə bu peşəyə daha çox üz tutmasının
səbəbi özlərinə alternativ qazanc mənbələri tapa biləcəkləri ilə bağlıdır.
Yəni, onlar müəllim olacağı təqdirdə həyatlarını ortabab şəkildə dolandıra
biləcəklər».
Q.Məhərrəmovun fikrincə, müəllim peşəsinə marağın artması heç də
cəmiyyətdə bu peşənin nüfuzunun qalxmasına dəlalət etmir. O mənada ki, əgər bir
xidməti verən çoxalır, inflyasiya edirsə, bu, onun dəyərinin düşməsinə səbəb
olur: "Biz onsuz da repetitorluğa qarşı çıxa bilməmişik. Bu, dünyanın faktıdır.
Repetitor xidməti də bizdə ənənəsi olan bir sistemə çevrilib. Yəni, əgər
imtahan varsa, demək imtahana hazırlaşdıranlar olacaq. Belə vəziyyətdə
repetitorluq cazibədar bir peşə halını alıb. Biz buna sistemin bir xətası kimi
yanaşsaq da, müəllimləri qınaya bilmərik. Çünki onlar öz xidmətlərini satır və
gəlir əldə edirlər. Bu da normaldır. Mən öz tələbələrimə, abituriyentlərə bu
sualı verərkən qızlar «Anam dedi ki, müəllimlik ən gözəl peşədir”, oğlanlar isə
"əlavə qazanc üçün hazırlıq kursları, özəl məktəblər və təminatlı maaş var”
cavabını verirlər. Bu gün müəllim xidmətini satan və özü gəlir əldə edən bir
fiziki şəxsə çevrilir. O, dövlətin xidmətini görən bir müəllim obrazından bazar
iqtisadiyyatının subyektinə çevrilir.
Qızların üstünlüyü
Tarix müəllimi Pərviz
Ağalarovun fikrincə, abituriyentlərin pedaqoji sahəyə meyl etməsinin səbəbi
daha çox müəllimlərin maddi vəziyyətinin yaxşılaşması ilə bağlı ola bilər. Belə
ki, son dövrlərdə müəllimlərin maaşlarında xeyli artım var: "Bilirsiniz ki,
sentyabr ayından müəllimlərin əmək haqqı ölkə Prezidentinin sərəncamı ilə 20
faiz artacaq. Digər tərəfdən, bu sahədə müəyyən həvəsləndirmələr var. Yəni,
yüksək bal – 600-650 bal toplayan abituriyentlər müəllimlik sənətini seçirsə,
onlara dövlət tərəfindən əlavə yardım verilir. Yəqin bu amil da müəyyən qədər
rol oynayır. Hesab edirəm ki, bu meyllər peşənin nüfuzunun artması ilə də
bağlıdır. Çünki sovet dövründə də müəllimlərin müəyyən imtiyazları var idi və
əmək haqları normal idi. İstər-istəməz bu da müəllimliyə meyli artırırdı».
P.Ağalarov artımı həmçinin son dövrdəki obyektivliklə də əlaqələndirir: "Əvvəllər
abituriyentlər müəllim sənətini seçirdilər, ancaq böyük çətinliklə fəaliyyətə
başlayırdılar. Ancaq indi imtahan yolu ilə obyektiv şəkildə seçilərək
müəllimlik fəaliyyətinə başlayırlar. İşləmək üçün uzaq rayonları seçənlər də
dövlət tərəfindən maddi baxımdan təmin olunurlar. Bütün bunlar istər-istəməz
peşə seçiminə təsir edir”. P.Ağalarov peşəyə yanaşmada cinslər arasında fərq
olduğunu da qeyd edir, belə ki, qızlar
arasında müəllimlik peşəsinə həvəs güclü olsa da, oğlanlar arasında zəifdir:
«Təəssüf ki, oğlanlar arasında müəllimlik peşəsini seçənlər faiz etibarı ilə
çox aşağıdır, onlar daha çox başqa ixtisaslara üstünlük verirlər. Qızların daha
çox müəllimliyi seçməsində valideynlərin də qərarı rol oynayır. Onlar qız
uşaqlarının daha çox müəllim olmasını istəyirlər. Ona görə də pedaqoji sahədə qızların
sayı üstünlük təşkil edir».
Ekspertlər vacib bir amili də
diqqətə çatdırırlar: "Müəllimlik peşəsinə marağın artması yaxşıdır, amma yaxşı
kadrın yetişməsi daha yaxşıdır”. Əgər bu
gün peşəkar, savadlı müəllimə böyük tələb varsa, ali təhsil müəssisələrində
təhsilin səviyyəsinin yüksəlməsinə və peşəkar müəllim kadrlarının yetişməsinə
daha çox ehtiyac yaranır. Yəni kəmiyyət keyfiyyəti üstələməyəndə daha gözəl
nəticə olur.
Təranə Məhərrəmova