• cümə, 19 Aprel, 12:15
  • Baku Bakı 25°C

Müəllimlik peşəsinə maraq artıb

05.10.18 13:00 788
Müəllimlik peşəsinə maraq artıb
Beynəlxalq Müəllimlər günü ərəfəsində yüksək balla cari tədris ilində işə qəbul olunan, Masallı və Cəlilabad rayonlarını seçən müəllimlərlə görüşmək, eləcə də bu bölgələrdə yeni inşa edilən modul tipli məktəblərlə tanış olmaq məqsədi ilə KİV nümayəndələri üçün media-tur təşkil olunub. İlk olaraq Cəlilabad rayonunda yeni istifadəyə verilən Fərzili kənd ümumi orta məktəbinə baş çəkən jurnalistlər məktəbin direktoru ilə həmsöhbət olub, təhsil müəssisəsi haqqında bilgilər əldə etdilər.
Məktəbin direktoru Fuad Bəhramov bildirib ki, məktəbin maddi-texniki bazası gücləndirilib: "Əvvəlki məktəb binası bərbad vəziyyətdə idi. Rütubətli və şəraitsiz məktəb binasında dərslər keçilsə də, təhsilin keyfiyyətini təmin etmək mümkün deyildi. Artıq yeni məktəb hazırdır. Elə bunun nəticəsidir ki, qısa müddətdə şagirdlərin də sayı az qala iki dəfəyə qədər artıb. Belə ki, ötən il cəmi 59 şagirdimiz vardı. Artıq məktəbimizdə 73 şagird təhsil alır. Məktəbəhazırlıq qrupunda 10 nəfər şagird var. Rayon mərkəzi ilə kəndin arasındakı məsafə cəmi 4 kilometr olduğundan hamı uşağını rayon mərkəzində yerləşən və şəraiti daha yaxşı olan məktəblərə aparırdı. Amma indi sakinlər uşaqlarını məktəbimizə gətirir və bizə etibar edirlər”.
Qeyd edək ki, F.Bəhramov direktorların işə qəbulu imtahanlarında yüksək nəticə göstərərək 2016-cı ildən məktəbə rəhbərlik edir.
Məktəbin gənc müəllimləri ilə də söhbət edib, fikirlərini aldıq. Coğrafiya müəlliməsi Cəmilə Sadiyeva söylədi ki, Beyləqan rayonundandır və imtahandan 46 bal toplayaraq bu məktəbi seçib:"Gənc müəllimlərə yaradılan şəraitdən çox razıyam. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişəm və öz istəyimlə bu məktəbi seçmişəm. Yeni məktəbin tikilməsi şagirdlərə həvəs verib. Valideynlər də yaradılan şəraitdən razıdırlar".

Valideynlər demişkən, onların da məktəb haqqında təəssüratlarını öyrəndik. "Çox şadıq ki, övladlarımız bu cür məktəbdə təhsil alırlar. Məktəbdə fənn müəllimlərinin hamısı var. Bu baxımdan heç bir problem yoxdur. İstilik sistemi olduğu üçün qış aylarında sinif otaqlarının qızdırılmasında da hər hansı bir problem yaşanmır".
Məlumat üçün qeyd edək ki, Cəlilabad rayonunda artıq 5 modul tipli məktəb istifadəyə verilib, daha 10 belə məktəb isə bu tədris ilində təhvil veriləcək.Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Tur iştirakçıları daha sonra Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə yeni tədris ilində işə qəbul olunan müəllimlərlə görüşüb, həmsöhbət oldular. Məktəbin direktoru Mirxanım Hüseynova bildirdi ki, bu il müsabiqədən uğurla keçən 81 nəfər gənc müəllim rayonun ümumi təhsil müəssisələrində fəaliyyətə başlayıb. Və həmin müəllimlərdən 6 nəfəri isə Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə çalışır.
Daha sonra müsahibədən keçərək məktəbdə fəaliyyətə başlayan müəllimlərin fikirlərini aldıq.
Tarix müəllimi Əli Alışlı bildirdi ki, 57 bal toplayıb:"Sumqayıt Dövlət Universitetini bitirmişəm. Burada 5-11-ci sinif şagirdlərinə dərs deyirəm. Dərslər kurikulum sistemi ilə keçirilir. Şagirdlər dərsin 60 faizini sinifdə öyrənirlər. Məktəbimizin nəticələri yüksəkdir. Bu il məktəbin 55 şagirdi ali məktəbə qəbul olub. Buradakı şəraitdən olduqca razıyam".

Kimya fənni üzrə dərs deyən Rəfael Əzizov da söylədi ki, müəllim kimi bu ildən etibarən fəaliyyətə başlayıb:"54 bal toplayıb, bu məktəbi seçmişəm. Çalışıram ki, şagirdlər kimya fənnini dərindən öyrənsinlər".
Məktəbdə bu ildən dərs deməyə başlayan riyaziyyat müəllimi Araz Şahverdiyev də 54 bal toplayıb. Araz Şahverdiyev jurnalistlərin qarşısında dərs keçib, öz metodikası barəsində media nümayəndələrini məlumatlandırdı.
1 nömrəli məktəbin kollektivi ilə sağollaşıb, Ərkivan qəsəbəsindəki Z.Nəcəfov adına 2 nömrəli tam orta məktəbə yollandıq.
Məktəbin direktoru Əbülfəz Əsədov bildirib ki, bu il 19 nəfər abituriyentdən 8-i yüksək nəticə göstərərək ali məktəbə qəbul olub:"Məktəbdə hazırda 539 şagird təhsil alır. Bu il ibtidai sinif müəllimliyi üzrə 1 vakansiya elan etmişdik. Aytac Kazımlı 50 bal toplayaraq həmin vakansiya əsasında bu ildən etibarən məktəbimizdə dərs deməyə başlayıb”.
Qeyd edək ki, A. Kazımlı ötən il təqaüdə çıxan müəllimi əvəz edib. III siniflərdə dərsdə olan yeni müəllim uşaqlarla dil tapmaqda çətinlik çəkməyib. Gənc müəllim uşaqları, uşaqları da onu sevir.
Sonda jurnalistlərə açıqlama verən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, son illərdə müəllim peşəsinin nüfuzu getdikcə artmaqdadır:"2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd elektron ərizə ilə müraciət edib, 5000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsi halı çoxalıb. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir".

Günel Azadə


banner

Oxşar Xəbərlər