• çərşənbə, 24 Aprel, 05:22
  • Baku Bakı 14°C

Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu şəffaf mexanizmdir

04.06.15 12:10 28401
Müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu şəffaf mexanizmdir
İlham Nağıyev: “Bu gün ali təhsil müəssisəsini bitirmiş gənc mütəxəssis ucqar yerlərdə 300 manatdan yuxarı gəlirli işlə təmin olunur”
Təhsil Nazirliyi tərəfindən müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanıb. Əvvəlcə müəllimlərin rayondaxili, sonra rayon məktəbindən şəhər məktəbinə yerdəyişmələri, daha sonra müəllim kimi fəaliyyətə başlamaq istəyən şəxslərin işə qəbulu üzrə aparılacaq imtahanlarla bağlı çoxlu suallar yaranıb.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev “Kaspi” qəzetinə müsahibəsində daha çox pedaqoji sahənin marağında olan məqamlara aydınlıq gətirdi.
Könüllülük
- Müəllimlərin işə qəbulu bir neçə ildir ki, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hərçənd bəzən məktəb direktorları ilə söhbətlərdə bu qərarın birmənalı qarşılanmadığının şahid olmuşam. Sizcə, mərkəzləşdirilmiş qaydada işə qəbulun ötən illərdəki ənənəvi işə qəbuldan üstünlüyü nədədir?

- Müəllimlərin mərkəzləşqdirilmiş qaydada işə qəbulu 5 ildir ki, həyata keçirilir. Təhsil Nazirliyi hər tədris ilinin sonunda bölgələrdən və yerlərdən vakant yerlər haqqında məlumat alır və növbəti il üçün hansı yerlərdə vakansiya olacağı barədə məlumat əldə edilir. Daha sonra həmin vakansiyalar elan olunur. Bu elanın əsasında yer dəyişmək istəyən müəllimlər və ya müəllim kimi fəaliyyətə başlamaq istəyənlər vakansiyaları seçərək könüllü qaydada harada işləmək istədiklərini bildirir və mərkəzləşdirilmiş imtahandan keçirlər. İmtahan nəticəsində nazirlik hansı şəxsin müəllimlik üçün minimum bacarıq və qabiliyyətlərə malik olduğunu müəyyənləşdirir. Onlar imtahan verdikdən sonra - keçid balını toplayırsa, seçdiyi yerə düşürlər. Bir yerə birdən artıq namizəd sənəd veribsə, daha yuxarı bal toplayan müəllim həmin yer üçün uyğun sayılır. Bugünkü sistemin ənənəvi sistemdən fərqi könüllülükdür. Əgər əvvəllər müəllimləri təyinatla konkret yerlərə işləməyə göndərirdilərsə, indiki metod müəllimin hara getmək istəyinə könüllü olaraq imkan yaradır. Nazirlik isə sadəcə həmin şəxsin müəllimlik üçün minimal bilik və qabiliyyətini müəyyənləşdirir.
- Əgər müəllim imtahanda lazımi keçid balını toplaya bilmirsə, onun sonrakı taleyi necə olur?

- Biz müəllimin müəyyən bir yerə uyğun gəlib-gəlməməsini müəyyənləşdirmirik. Müəllimlərin şəhər və rayon mərkəzlərinə keçid balı ucqar kəndlər üzrə müəyyənləşdirilən keçid balından fərqli olur. Məsələn, müəllim Bakı şəhəri üçün imtahandan minimum 80 faiz toplamalıdır. Ancaq bölgələr və ucqar kənd məktəblərini nəzərə alaraq keçid balını 60 faiz (21 bal) müəyyənləşdirmişik. Əgər müəllim imtahandan keçə bilmirsə, onun üçün məhdudiyyət yoxdur, hazırlaşıb növbəti və ya daha sonrakı illər imtahan verə bilər. Keçən il 20 minə yaxın şəxs müəllimlərin işə qəbulu ilə bağlı müraciət edib. Onlardan 15 min nəfəri imtahanda iştirak etdi. 4-5 minə yaxın insan isə hansısa səbəblərdən imtahana gələ bilmədi. 6 minə yaxın adam imtahanın keçid balını toplaya bildi. Müraciət edənlərin 70-80 faizi ali təhsil müəssisələrini bitirən gənc mütəxəssislərdir. Ancaq biz bu il bir qədər yenilik etdik. Belə ki, birinci mərhələdə müəllimlər rayondaxili yerdəyişmələr üçün müraciət edirlər. İkinci mərhələdə rayon məktəbindən şəhər məktəbinə yerini dəyişmək istəyən müəllimlər nazirliyin mərkəzləşdirilmiş imtahanında iştirak edir. Biz hazırda ikinci mərhələdəyik. İyunun 1-dən 10-a kimi ərizə qəbulu başlayıb. Yerdəyişmə üçün iyunun 14-15-də imtahanların keçirilməsi gözlənilir. İyul ayının 1-dən 15-ə kimi isə müəllim kimi fəaliyyətə başlamaq istəyən şəxslərin işə qəbulu aparılacaq.
Yalnız mərkəzləşdirilmiş imtahan
- Vakant yerləri necə müəyyənləşdirirsiniz?

- May ayının əvvəlində Bakı şəhər Təhsil İdarəsinə və rayonların yerli təhsil orqanlarına sorğular göndərilir. Onlar yalnız vakansiyanı yox, həmin fənn üzrə mövcud dərs yükünü verirlər və sistem özü nə qədər vakansiya olduğunu hesablayır. Vakansiya dərhal elan olunur. Nazirlik özü də nəticəni təhlil edərək həmin dərs yükünün mövcud müəllimlər arasında bölünə biləcəyi ilə maraqlanır. Əgər dərs yükü bölünə bilərsə, yuxarı hədd saxlanılmaq şərti ilə vakansiyanı elan etməyə ehtiyac görmür və onun mövcud müəllimlər arasında bölüşdürülməsini məsləhət görür. Bütün hallarda təhlildən sonra vakansiyalar elan olunur.
- Yerli təhsil orqanları və bəzi ümumtəhsil məktəbləri tərəfindən vakant yerlərin gizlədilməsi ilə bağlı faktlar ortaya çıxanda nazirliyin mövqeyi necə olur?

- Nazir Mikayıl Cabbarovun yerli təhsil orqanları və ya bəzi məktəblər tərəfindən vakant yerlərin gizlədilməsi ilə bağlı səslənən fikirlərindən sonra bu sahədə müəyyən işlər görülüb. Biz vakansiyalarla bağlı məlumatları əldə edərkən təkcə nə qədər vakant yerin olduğunu yox, ümumilikdə nə qədər dərs yükü və müəllimin çalışması barədə bütün məlumatları alırıq. Vakansiyanın gizlədilməsi halına gəldikdə isə, nazirlik bütün respublika üzrə məktəblərdə mövcud dərs yükü və müəllimlərin sayı haqqında məlumatları toplayıb. Biz artıq hansı məktəbdə hansı müəllimin nə qədər dərs yükü olduğunu bilirik. Ancaq vakansiyaların gizlədilmə səbəbləri müxtəlif ola bilər. Məsələn, burada texniki səbəblər də rol oynaya bilər. Nəzərə almaq lazımdır ki, ölkədə 4500-ə yaxın ümumtəhsil müəssisəsi və 150 mindən çox müəllim kontingenti var. Hər bir rayon və məktəb bütün vakant yerləri nəzarətdə saxlaya da bilmir. Bəzi hallarda isə bu, təbii səbəblərdən baş verə bilir. Məsələn, biz vakansiyalar haqqında məlumatları may ayında topladığımız halda, ibtidai siniflər haqqında məlumatlar iyul və ya avqust ayında yığılır. Və ya kimsə analıq məzuniyyətinə çıxır, yaxud sağlamlığında problem yarananda iş yerini tərk etməli olur. Məktəb vakansiya elanını verəndən sonra bu cür hadisələr baş verdiyindən artıq onların düzəliş etmək imkan olmur. Araşdırılandan sonra məlum olur ki, məsələdə heç bir tərəfin günahı yoxdur. Tədris ili başlayan zaman vakansiyalar ortaya çıxanda artıq yerli təhsil idarəetmə orqanı öz səlahiyyəti çərçivəsində həmin yerə müvəqqəti müqavilə ilə müəllim qəbul edir. Bəzi hallarda vakansiyaları bu məqsədlə saxlayırlar. Ancaq qeyd edim ki, yalnız Təhsil Nazirliyinin mərkəzləşdirilmiş imtahanından keçən müəllimlər daimi iş yeri ilə təmin olunurlar. Kim ki bu imtahandan keçmir, yalnız rayon təhsil şöbəsinin qərarı ilə işə qəbul olunursa, onlar müvəqqəti əsaslarla təyin edilirlər.
- Hazırda nə qədər vakant yer saxlanıb?

- Hazırda nazirlik tərəfindən 3511 vakansiya elan olunub. Onlardan 309-u rus, 3200-ə yaxını Azərbaycan bölməsinə aiddir. 466 vakansiya Bakını, digərləri isə bölgələri əhatə edir. Ən çox vakant yerlər kimya, biologiya, coğrafiya fənləri və ibtiadi siniflər üzrədir. Onlar ümumi vakant yerlərin 50 faizini təşkil edir. Ən çox vakant yerlər Bakıdadır, daha sonra Cəlilabad, Lerik, Laçın və Quba rayonlarıdır ki, onlar ümumi vakansiyaların 30 faizini təşkil edir. Artıq müəllimlər məlumatlıdırlar və yerdəyişmə imtahanında iştirak etmək istəyirlər. 2 gün ərzində artıq 1400-ə yaxın müraciət olunub. Keçən il isə yerdəyişmə imtahanı üzrə 10 gün ərzində 1000-ə yaxın müraciət olunmuşdu.
- Ümumiyyətlə, müəllimlərin işə qəbulu üçün keçirilən imtahan necə aparılır: mərhələli şəkildəmi? Suallar necə tərtib olunur? Ekspertlər hansı qayda ilə müəyyənləşir?

- Proses çox sadədir. Vakansiyalar www.miq.edu.az saytında yerləşdirilir. Müəllim özü sistemə daxil olaraq istədiyi vakant yerlə maraqlanır və elektron ərizəni doldurur. Vətəndaş hansı vakant yerləri istəməsini müəyyənləşdirəndən sonra ərizəsini təsdiqləyir. Ərizə qəbulu bitəndən sonra vətəndaşların sənədi sistem tərəfindən təsdiqlənir və ya ləğv olunur. Vətəndaşın diplomunun saxta və ya seçdiyi vakant yerin təhsilindən fərqli olduğu təqdirdə, müraciət ləğv oluna bilər. Növbəti günlərdə hansı tarixdə və harada imtahanın keçiriləcəyi ilə bağlı vətəndaşa bildiriş gedir. Vətəndaş şəxsiyyət vəsiqəsi ilə imtahana gəlir. İmtahan kompyuterləşmiş qaydada həyata keçirilir. Vətəndaş qeydiyyatdan keçəndən sonra saat yarım ərzində 60 suala cavab verir. Həmin suallardan 40-ı ixtisas, 10-u metodika-təlim strategiyası, 10-u isə məntiqlə bağlıdır. Hər sualın cavablandırılmasına dəqiqə yarım vaxt verilir. Vətəndaş sualları cavablandırıb qurtarandan sonra öz doğru və ya səhv cavablarını ekranda görür. Yəni imtahan zalını tərk etməmiş nə qədər bal topladığı haqqında məlumat əldə edir. Hətta imtahandan keçib-keçmədiyini də bilir. Sadəcə, hansı məktəbə düşdüyünü bilmir. Çünki bütün imtahanlar bitəndən sonra həmin fənn üzrə ən yüksək bal tutanlar 1-ci və digər yerlər üzrə sistem tərəfindən müəyyənləşdirilir. İmtahan keçirilən günü axşama qədər biz artıq yerləşdirməni bitiririk və vətəndaş həmin gün hansı məktəbə düşdüyünü öyrənə bilir. Növbəti 3-5 gün ərzində isə vətəndaş sonuncu mərhələyə - müsahibəyə dəvət olunur. Çünki test vasitəsilə müəllimin biliyini yoxlamaq mümkün olsa da, bacarığı, dünyagörüşü, nitqini yoxlamaq olmur. Müsahibə təcrübəli mütəxəssislər – nazirlik və ya Bakı şəhər Təhsil İdarəsinin tabeliyində olan ən yaxşı məktəblərin direktorları tərəfindən aparılır. Artıq vətəndaş həmin günün axşamı sistem vasitəsilə öz şəxsi səhifəsinə daxil olaraq müsahibədən keçib-keçmədiyini öyrənə bilir.
- Müəllimlərin test balı ilə müsahibə balının üst-üstə düşmədiyi məqamlar olurmu?

- Müsahibə prosesində müəllimin şəxsi keyfiyyətlərinin yoxlanılması ən vacib amillərdən biridir. Məsələn, sinif otağında hər hansı bir situasiyanı təsvir edərək onların reaksiyaları yoxlanılır. Bəzən ixtisas üzrə ən yüksək bal toplayan namizəd belə situasiyalardan yaxşı çıxmır. Ekspertlər də “əgər bu müəllimə sinfə daxil olmağa icazə verilsə, onun uşaqla davranışı normal olmaya bilər” deyə düşünürlər. Əgər müəllimin sinfə daxil olmağa tam hazırlıqlı olmaması müəyyənləşərsə, ona vaxt verilir.
- Bir çox hallarda müəllimlər ucqar kənd məktəblərinə işləməyə getmək istəmirlər. Onlar üçün hər hansı həvəsləndirici güzəştlər nəzərdə tutulurmu?

- Bölgələrdə, o cümlədən ucqar kənd yerlərində işləmək istəyən müəllimlər üçün keçid balı aşağı, şəhərlə müqayisədə 60 faiz nəzərdə tutulur. Bundan əlavə, ucqar kəndlərdə işləmək istəyən və yaşı 35-i keçməyən gənc müəllimlər üçün həvəsləndirici metodlar tətbiq olunur. Məsələn, onlara gediş-gəliş pulu verilir. Bu, əməkhaqqının iki misli qismində bir dəfəlik ödənişdir. Bundan əlavə, əgər həmin məktəb rayon mərkəzindən 20 km məsafədə yerləşirsə, onlara üç il ərzində aylıq olaraq 60 manat ödənilir. Əgər həmin məktəb 20 km-dən artıq məsafədə yerləşirsə, onlara 60 manatdan əlavə yüz manat da ödənilir. Bu gün ali təhsil müəssisəsini bitirmiş gənc mütəxəssis 12 saat dərs alarsa, bu, 155 manat əmək haqqı edir. Əlavə olaraq, üstünə 160 manat gəlsə, 300 manatı aşan məbləğ alınır. Müvafiq olaraq pedaqoji stajı artdıqca, əmək haqqı da artır. Ancaq yenə də bəzi yerlər var ki, oralara müəllim göndərməklə bağlı hər il müəyyən problemlər yaranır. Bununla bağlı hər hansı inzibati üsul olmadığından bu, könüllülük əsasında həyata keçirilir. Vətəndaş oranı seçmədiyi təqdirdə, yük yerli təhsil orqanlarının üzərinə düşür və ora artıq daimi əsasla deyil, müvəqqəti müqavilə ilə müəllim dəvət olunur.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər