AZE | RUS | ENG |

Müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi

Müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi
Təhsil nazirinin sözlərinə görə, şagirdlərin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq

"Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib. Çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib. Təlimlər, tədbirlər və görüşlər təşkil edilib”. Bu fikirlər Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransına 2017-2018-ci tədris ilində görülən işlərlə bağlı giriş oldu.
Təhsil naziri Ceyhun Bayramov, nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələrinin iştirak etdiyi konfransda ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edildi.
Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edərək ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkdi. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edən M.Vəliyeva qeyd etdi ki, son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dinamika müşahidə olunmaqdadır. M.Vəliyeva son 4 il ərzində Bakıda məktəblərin buraxılış imtahanlarının nəticələrinə görə irəliləməsi və geriləməsinin rayonlar üzrə təhlilinin aparıldığını qeyd etdi: "9-cu sinif şagirdlərinin imtahan nəticələrinə əsasən siyahıda ilk üçlükdə Bakının Səbail, Xətai, Nəsimi rayonları, son üçlükdə isə Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri yer alıb”. Nazir müavini bildirdi ki, əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı 0,54 faiz azalıb, müvəffəq qiymət alanların sayı isə 2,16 faiz artıb.
O, son illərin təhlillərinə görə, rus bölməsinin bəzi siniflərində şagird sayının az olduğunu qeyd etdi. Belə ki, BŞTİ-nin tabeliyində olan məktəblərdə orta və tam orta səviyyələr üzrə rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir: "Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb. Bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib. Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərinin yaxın ərazilərə köçürülməsi və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb”.
M.Vəliyeva ötən tədris ilində BŞTİ-nin tabeliyində olan 10 təhsil müəssisəsinin rəhbərinin vəzifəsindən azad edildiyini diqqətə çatdırdı: "BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb. Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTİ-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. BŞTİ-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib”. Nazir müavini çıxışında məktəbəqədər təhsilin və 1-ci sinfə qəbulun elektron qayda ilə həyata keçirilməsi, şagirdlərin olimpiadalarda iştiraki və qalibiyyəti, buraxılış imtahanlarının nəticələri və s. məsələlərə də toxundu.
Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışdı. "Bilik günü” münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir, respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını qeyd etdi, məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlər olacağını bildirdi.
"Şagirdlərin dərs yükü bizi hər zaman narahat edir. Buna görə də bu il məktəbdaxili qiymətləndirmənin dəyişdirilməsi ilə bağlı kifayət qədər iş aparılıb” - deyən
təhsil naziri qeyd etdi ki, yeni məktəbdaxili qiymətləndirmə layihəsi Təhsil Nazirliyinin kollegiyasında geniş müzakirə ediləcək: "Həmin sənəd əsasında xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq”.
C.Bayramov məlumat verdi ki, bu il qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 2091 abituriyent müəllimlik ixtisasını elektron ərizəsində birinci qeyd edib: "Bu, ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur. Bütün bunlar növbəti illərə ümidlə baxmağa imkan verir”.
Tədbirdə 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Talıbova, müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayan İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Ülvi Şamilov, 244 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 666 bal toplayan Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi Rəşidə Həqiqətli çıxış etdilər.
Konfransda pedaqoji ixtisaslar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə təşəkkürnamələr verildi. Həmçinin yüksək balla müəllim kimi işə qəbul olunan, eləcə də uzun müddət təhsil sistemində çalışan müəllimlər mükafatlandırıldı.
Konfransda 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
 
Konfransda iştirak etdi
Təranə Məhərrəmova




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000