AZE | RUS | ENG |


"Müəllimlərim icazə verməsə, film çəkməyəcəyəm" - Fotolar

Rejissor Rüfət Şahbazov: “Kağız üzərində göstərilən reytinq rəqəmləri bizim üçün önəmli deyil”

Əgər hər hansı film, serial gözəl və baxımlı alınırsa, o zaman serialın qəhrəmanları alqışlanır, sevilir və yaratdıqları obrazlar yaddaşlara həkk olunur. Ancaq burda bir məsələ də var. Axı onların üzərində işləyən, serialın baxımlı olması üçün əlindən gələni edən, gecəsini gündüzünə qataran məhz rejissorlardır. Mən belə bir rejissorlardan birini tanıyıram. Onun üçün işin konkret zamanı yoxdur. Bəzən gecəni məhz çəkiliş məkanında, montaj otaqlarında keçirir. 

Müsahibimiz "Aramızda qalsın”, "Qaynana”, "Bir ailəm var”, "Cehizsiz gəlinlər” seriallarının baş rejissoru Rüfət Şahbazovdur. Rejissor hazırda Xəzər televiziyasında yayımlanan "Cehizsiz gəlinlər” serialı üzərində çalışır. Biz də serial haqqında olub-bitənləri məhz onun dilindən eşidirik. 
 
- Rüfət bəy, rejissoru olduğunuz "Cehizsiz gəlinlər” serialı əvvəllər həftəlik nümayiş olunsa da, indi gündəlik rejimə keçib. Bu, tələbatdanmı irəli gəlir?
- Serialın ilk 15 seriyasını həftədə bir dəfə 80 dəqiqə olmaqla nümayiş etdirdik. Tələbat yüksək olduğu üçün gündəlik nümayiş olunmağa başladı. Xəzər televiziyasında yayımlanan digər seriallar da artıq finala yaxınlaşmışdı. Belə bir seriala ehtiyac vardı. 
 
-  Serialın ssenarisi də bir qədər fərqlidir.
- Elədir. Ailə dramından bəhs edir. Belə ki, serialda ailənin 7 üzvü var -  valideynlər, bir qardaş, dörd bacı. Ailədə maddi-sosial problemlər baş qaldırır. Bu ailənin nümayəndələri kirayədə qalırlar, borcları var. Ailə böyüsə də, ata kirayəni ödəyib, qızlarına baxa bilmir. Gündən-günə ailənin vəziyyəti pisləşir, üstəlik, kişinin qızları universitetə qəbul olunur. Onların təhsil haqları fa ödənilməlidir. Evin başçısı olan ata infarkt keçirir və dənizdə boğulur. Ana bunu eşitsə də, uşaqlarına deyə bilmir. Fikirli-fikirli yolu keçərkən ana da qəzaya düşür və dünyasını dəyişir. Beləliklə, övladlar başsız qalır. Varlı bir adam uşaqlara sahib çıxır, evində qulluqçu kimi işlədir. Burda hər seriyada sürprizlər baş verir. Hadisələri tam olaraq açmaq olmur. Heç bir tamaşaçı heç vaxt istədiyini serialda görə bilməz. Bir qrup tamaşaçı bəzi bölümlərdə ssenaristi, rejissoru qınayır. Serialda sürpriz olmasa, tamaşaçı ona baxmaz. Tamaşaçı istədiyini gördüsə, artıq o, rahatlaşacaq və baxmağa başqa bir mövzu axtaracaq.
 
- "Cehizsiz gəlinlər” serialı reytinq verirmi?
- Açığı, serialın reytinqi haqqında heç bir məlumatım yoxdur. Ancaq serial böyük ajiotaj doğurdu. Belə ki, serialımız haqqında sosial şəbəkələrdə kifayət qədər yazılır, eyni zamanda aktyorlarımıza ictimai yerlərdə, cəmiyyət arasında olan reaksiyalardan da bunu görmək olar. Biz cədvəldəki reytinqlərə inanmırıq. Bunu da düzgün hesab etmirik. Reytinqi hansı aparatla, necə, kimlərin ölçdüyü bəlli deyil. Bizim üçün reytinq tamaşaçıların ajiotajı, seriala qarşı olan sevgisidir. Serialın bir bölümünü "Youtube”-da paylaşanda, 30-40 min izləmə sayı verir. Yeni başlayan bir serial üçün bu, böyük göstəricidir. Küçədə gedərkən insanlar aktyorlarımıza yaxınlaşır, serialın axırı haqqında məlumat əldə etməyə çalışırlar. Bütün bunlar reytinq deyilmi? Kağız üzərində göstərilən reytinq rəqəmləri bizim üçün önəmli deyil. 
 
- Çəkdiyiniz seriallar uzunömürlülüyü ilə də seçilir. Bəs "Cehizsiz gəlinlər” neçə illik nəzərdə tutulub? 
- Hazırda seriala böyük tələbat var. Serialın "Stop”u nəzərdə tutulmayıb. Serialın ssenarisinin yeni xətləri başlayıb. İnanmıram ki, bu yaxınlarda bitə biləcək mövzular olsun. Çünki serialda üç-dörd hekayə xətti paralel gedir. Nə zaman dayandırılsa, yəqin ki, 2-3 ay əvvəldən xəbər veriləcək. 
 
- Adətən bizdə yerli seriallarımızın əksəriyyətində kriminal xarakterli mövzulara müraciət olunur. Hansı ki, bu, Azərbaycanın gündəlik həyatından çox-çox uzaqdır. Ancaq siz hər dəfə serial çəkərkən ailə-məişət mövzusuna daha çox yer verirsiniz. Sizi buna sövq edən nədir?
- Azərbaycanda kriminal yoxdur. Tamaşaçı hər gün gündəlik həyatında gördüyü şeyləri efirdə görmək istəyir. Mən kriminal xarakterli serial çəksəm, sabah tamaşaçı ona inanmayacaq. Bu da uğursuzluqla nəticələnə bilər. Tamaşaçı kriminalın ən üstün versiyalarını türk və rus seriallarında görmək istədiyi səviyyədə görür. Mən kriminal mövzulara müraciət etmək istəmirəm. Ssenarilərimizi yazan dostlarımızdan da xahiş edirəm ki, çəkdiyimiz seriallarda kriminal xarakterli heç nə olmasın. Çünki biz insanları buna inandıra bilmərik. Çox şükürlər olsun ki, ölkəmizdə qonşu ölkələrdəki kimi kriminal hadisələr baş vermir. Ailə-məişət problemlərinə gəlincə isə, problem hər bir ailədə var. Biz bu serialda mentalitetdən irəli gələn mövzulara toxunmağa çalışırıq. Düzdür, hərdən mentalitetdən də kənara çıxıb, tamaşaçıları sürprizlərlə qarşılaşdırırıq.  Efir qarşında əyləşən tamaşaçıların könlünə xitab etməyə çalışırıq. Bizim kütlə olaraq ən çox tamaşaçımız qadınlardır. O ki qaldı komediyaya, bu janra müraciət etmək istəmirəm. Çünki indi hamı komediya janrına müraciət edir. Düşündürüb güldürməkdən çəkinir, nə yolla olursa-olsun insanları güldürmək məqsədi güdürlər. Mən də istəmirəm ki, onların cərgəsinə qoşulum. 
 
- Adətən çəkdiyiniz seriallarda qəhrəmanlarınız çox ağlayır. Deyəsən siz aktyorlarını ağladan rejissor kimi tarixə düşəcəksiniz. 
- (Gülür) Çox zaman bu mövzu ilə bağlı seriallardakı qəhrəmanlarımıza da təzyiqlər olur. Onlar sənət adamıdır, sənətlə məşğuldurlar, bu, normal haldır. Onlar da tez-tez müraciət edirlər ki, bizi serialda niyə bu qədər ağladırsınız. Hətta deyirlər ki, ssenaristə deyin ki, ssenarini bu qədər ağlamalı yazmasın. Məslə belədir ki, əgər bir ailənin dərdi varsa, o ailənin gülməyi bir qədər anormal haldır. Bir ailənin dərdi varsa, bu ailənin üzvləri istər-istəməz gözyaşlı olacaq. Hər göz yaşının da öz səbəbi var. Aktrisa hər göz yaşı olan səhnədə öz daxili problemlərini xatırlayıb ağlayırsa, onda bu, tamaşaçının gözündən yayınmayacaq. Biri də var ki, aktyor  düşdüyü vəziyyətə uyğun şəkildə ağlasın. 
 
- Serialda iştirak edən aktyorların əksəriyyəti yeni simalardır. Aktyor heyətini necə seçdiniz?
- Aktyor seçimini edəndə düşündük ki, ötən serialın əsas obrazları bu serialın əsas obrazları olmasın. Əslində, mən də bunun tərəfdarı idim. Çünki yeni bir serial çəkirdik, bunun üçün yeni simalara ehtiyac duyurduq. Ona görə də yeni simalar axtarmağa başladıq. Biz atkyor seçimi edəndə çox düşündük. Bəzi insanlar düşünür ki, aktyor seçimi deyəndə aktyoru götürüb çəkirsən, vəssalam, bununla da iş bitir. Əslində elə deyir. Çalışdıq ki, obrazın xarakterlərinə uyğun seçim edək. Seçimdə aktyor dostlarımızı da dəvət edə bilərdik, ancaq biz başqa nüanslara önəm verdik. Belə ki, serialın qəhrəmanlarının xarakterlə yanaşı, vizual şəkildə psixoloji, aktyorluq qabiliyyətini də yoxladıq. Seçdiyimiz aktyorların nə dərəcədə bu yükü qaldıra biləcəyini öyrəndik. Nəticədə belə bir ailə əmələ gəldi. Onları tam vizual şəkildə bir-birinə oxşada bilməsək də, nəticədən məmnun qaldıq. Misal üçün, ailənin yeganə oğlu Elşən obrazında Turalı çəkdik. O oğlan kastinqə gələndə mən inandım ki, o bu rolun öhdəsindən məharətlə gələcək. Onun yerinə tanınmış aktyorlardan birini qoysaydıq, həmin obrazın yazıqlığına, bacılarının yükünü qaldıra biləcək oğlan olduğuna heç kim inanmayacaqdı. Ancaq onun simasında həmin oğlanı gördüm. Şükür Allaha ki, o da özünü doğruldur. İnanıram ki, Tural günlük serialda yetişə-yetişə yaxşı aktyor olacaq. Günlük serial aktyorlar üçün bir məktəbdir. Aktyor paslanmır, hər gün işləyir. Ötən həftə səhərə yaxın psixoloji səhnələri çəkirdik. Aktrisalarımızdan biri ağlamağa başladı, bildirdi ki, mən artıq yorulmuşam, bacarmıram. Biz çəkilişi saxladıq. Həqiqətən mən o insanı başa düşürəm. Onlar o qədər işləyirlər ki, setdən tərləyib çıxırlar. Nəticədə isə sabah yaxşı oyunlarına görə onlara alqış gəlir. 
 
- Bu gün Azərbaycan kinoteatrında kifayət qədər yerli filmlərimiz var. Bu bizi həddən ziyadə sevindirir. Ancaq yerli filmlər sırasında sizin bir rejissor kimi filmlərinizi görmürük. 
- Yerli filmlərimizin sayının çoxalması istənilən halda müsbət haldır. Düzdür, onların içərisində keyfiyyətliləri də var, qənaətbəxş olmayanları da. Filmlərimizin sayının çox olması bizim üçün fəxrdir. Heç çəkməməkdənsə, hardansa başlamaq yaxşıdır. Bütün film çəkən rejissorlarımızın hamısına uğurlar arzulayıram. Nə zamansa, mənə də film təklifi gəlsə, o zaman düşünərəm. Ancaq ilk olaraq filmin ssenarisinə baxacam. Elə çəkəcəm ki, indiyə qədər seriallardan yığdığım təcrübəni, müəllimlərimin mənə öyrətdiklərini yerə vurmuş olmayım. Film çəkmək üçün yetişmək lazımdır. Özünü hazır bilməlisən ki, mən filmi çəkə bilərəm, yoxsa yox. Bizim boş vaxtımız yoxdur, həftədə beş seriya çəkirik. Bizim hər seriyamız bəzi filmlərdən daha keyfiyyətlidir. Mən film çəksəm, daha yaxşı bir şey ortaya qoymalıyam. Əlinə kamera alıb, ətrafına 3-4 tanış cəmləyib, onlara gülməli zarafatlar yazıb, bunu kinoteatra təqdim etməyə nə var axı. Özümü hazır hiss edəndən sonra müəllimlərimin yanına gedəcəm. Mənə desələr ki, sən film çəkməyə hazırsan, ondan sonra çəkəcəm. Ömür boyu tamaşaçının yadında qala biləcək filmlərdən çəkmək istəyirəm – Elxan Cəfərov kimi.
 
- Xocalı faciəsinin ildönümləri ərəfəsində siz yeni layihələrlə çıxış edirsiniz. Bu il necə, elə layihələriniz varmı?
- İstəyirik, bu il də öz ənənəmizə sadiq qalaq. Ancaq bağlı müzakirələr aparmamışıq. Vaxtımız olmayıb. Planımızda var ki, bu il də nəsə edək. Nə qədər ki Qarabağ torpaqları düşmən tapdağından azad olmayıb, nə qədər ki ermənilər Xocalı faciəsini boyunlarına almayıblar, biz bu layihələrə son qoymayacağıq. 
 
- Sizin rejissorluq etdiyiniz Çingiz Mustafayevin "Şəhid arzuları” klipi də böyük ajiotaj yaratdı. 
- Bu klipi aprel döyüşlərindən təsirlənib hazırlamışdıq. Operatorumuz Mehdi Yaqubov dedi ki, belə bir mahnı var, buna bir klip çəkək. Oturduq düşündük, Çingizlə görüşdük. Belə bir layihəyə imza atdıq. Mahnıda yaxşı vətənpərvərlik ruhu var idi, biz də ona dəstək olmaq istədik. Hərə öz sahəsində döyüşməlidir. Biz də öz sahəmizdə gücümüz çatan qədərini edirik. Klip maraqlı alındı, bəziləri dedi ki, siz bu klipdən maddiyyat güdürsünüz. Mən indiyə qədər çəkdiyim heç bir klipdən pul almamışam. Çəkdiyim kliplərin hamısı da Qarabağa, vətənpərvərliyə həsr olunub. Bunu da təmənnasız etmişəm. Dostlarımızın köməkliyi ilə etmişik, hətta yeri gələndə özümüzdən də pul xərcləmişik.
 
Xəyalə Rəis







Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6863
GBP 1 İngilis funt sterlinqi 2.2939
TRY 1 Türk lirəsi 0.4853
KWD 1 Küveyt dinarı 5.6435
SEK 1 İsveç kronu 0.2120
EUR 1 Avro 2.0209
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7007