• cümə axşamı, 18 aprel, 17:13
  • Baku Bakı 22°C

Müəllimlər Sınaq Qiymətləndirilmədən keçəcək

12.05.14 17:46 3933
Müəllimlər Sınaq Qiymətləndirilmədən keçəcək
“Müəllimlər üçün Sınaq Qiymətləndirmə yalnız diaqnostik xarakter daşıyır. Belə ki, qiymətləndirmədən sonra müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması nəzərdə tutulur. Bu proses, həmçinin müəllimlərin ixtisaslaşdırılması və yenidən hazırlanması üçün əlavə imkanlar yaradacaq, ümumilikdə, təhsilin keyfiyyətinin yüksəldilməsini təmin edəcək, əmək fəaliyyətinin və iş şəraitinin optimallaşdırılmasında mühüm rol oynayacaq”. Bu fikirlər Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsinin keçirilməsi ilə bağlı təşkil olunan mətbuat konfransında səslənib. Belə ki, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və karyera inkişafı, onların bilik, bacarıq və səriştəsinin artırılmasına xidmət edən yeni sistemin yaradılması istiqamətində Təhsil Nazirliyi ilə Bakı Şəhər Təhsil İdarəsi artıq ilk addım atıb.
Əmrə uyğun olaraq icraçı kimi Bakı Şəhər Təhsil İdarəsi müəllimlərin adlıq siyahısını hazırlayıb. Sınaq Qiymətləndirmə Bakı şəhərində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinə şamil olunur.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin müavini Elnur Әliyev qeyd edib ki, ölkə başçısı tərəfindən imzalanan Təhsil Strategiyasının əsas hədəflərindən biri yüksək ixtisaslı müəllim potensialının formalaşdırılmasından ibarətdir: “Bu hədəfə nail olmaq üçün ilk növbədə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllim fəaliyyətinin stimullaşdırılması üzrə mexanizmlərin hazırlanması nəzərdə tutulub. Bu istiqamətdə ilk addım olaraq mövcud müəllim bazamızın bilik səviyyəsinin yüksəldilməsi istiqamətində addımlar atılır: “Sınaq Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin ilkin mərhələdə mükafatlandırılması planlaşdırılır. Belə ki, ətraflı təhlil aparıldıqdan sonra müəllimlərin əmək haqlarının nə dərəcədə artırılmasından söhbət gedə bilər”. E.Əliyevin sözlərinə görə, Bakıda çalışan müəllimlər özlərinə yaxın ərazidə keçiriləcək imtahanda iştirak edəcəklər: “İmtahanlar test şəklində olacaq. Bunun üçün test bankı yaradılıb və hazırda ekspertizadan keçirilir. Ümumilikdə sınaq qiymətləndirmənin keçirilməsi üçün Bakının 4 zonasında 30-dək məktəb müəyyənləşdirilib: “İmtahanlar test şəklində olacaq. İmtahanlar üçün test bankı yaradılıb və hazırda ekspertizadan keçirilir.
Sınaq Qiymətləndirmənin keçirilməsində məqsəd hansısa cəzalandırma, sanksiya tətbiq etmək yox, müəllimlərin səviyyəsini bilmək və onların inkişafını təmin etməkdən ibarətdir”. E.Əliyev qeyd edib ki, yaxın müddətdə ölkənin regionlarındakı orta məktəblərdə çalışan müəllimlərin də sınaq qiymətləndirilməsinin aparılması nəzərdə tutulur. Belə ki, bu proses ilkin olaraq şagirdlərin sayına görə ölkədəki bütün şagirdlərin 28 faizini əhatə edən Bakı şəhərində təşkil olunur, yaxın gələcəkdə digər rayonları da əhatə edəcək.
E.Əliyevin sözlərinə görə, suallar mövcud proqramlar əsasında hazırlanacaq və müəllimlərin məntiq və təfəkkürü böyük rol oynayacaq: “Müəllim suallara cavab verə bilməyəcəyi və ya zəif cavab verə biləcəyi halda, bu, onun üçün heç bir risk yaratmayacaq. Sınaq qiymətləndirmənin nəticəsi müəllimlərin səviyyəsini müəyyənləşdirmək və bunun əsasında onlar üçün inkişaf planı hazırlamaqdır”. E.Əliyev müəllimlərin attestasiyadan keçməsi ilə cəlb olunacaqları sınaq imtahanlarının fərqini də izah edib: «Əgər attestasiyada müəllim tələb olunan balı yığmayacağı təqdirdə işdən kənarlaşdırılmaq təhlükəsi yaranırsa, Sınaq Qiymətləndirmə, sadəcə müəllimlərin inkişafının sürətləndirilməsi üçündür. Belə ki, nəticələr hər bir müəllimə fərdi qaydada təqdim olunacaq və onlar da öz zəif tərəflərini biləcəklər».
Müəllimlərin attestasiyadan keçməsinə gəlincə, E.Əliyev hazırda gündəlikdə belə bir mövzunun olmadığını bildirib: «Sınaq Qiymətləndirilməsi döyüşqabağı məşqdir. Sınaq Qiymətləndirilməsi müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir”.
Qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin peşə fəaliyyəti stimullaşdırıcı meyarlarla dəyərləndiriləcək və yeni yanaşmaya uyğun təlim proqramları hazırlanacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Sınaq Qiymətləndirilməsinin 3 istiqamətdə – fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacağını bildirib. Belə ki, Sınaq Qiymətləndirilməsinin fənn istiqaməti – müəllimə öz bilik bacarığını obyektiv dəyərləndirmək, peşəsi üçün əhəmiyyətli olan zəif və güclü cəhətlərini müəyyən etmək imkanı verəcək. Sınaq Qiymətləndirilməsinin metodika istiqaməti üzrə tapşırıqları – kurikulumların tətbiqi, müasir təlim texnologiyaları ilə işləmək bacarığı, şagird nailiyyətlərinin qiymətləndirilməsi və sair kimi məsələləri əhatə edir. Kommunikativ qabiliyyətə dair sorğu – müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq, özünüidarə keyfiyyətləri və sinifdə münbit psixoloji mühit yarada bilmək bacarıqlarını ehtiva edir. Arzu Tairquliyevanın sözlərinə görə, qiymətləndirilmə Bakı şəhərinin 12 rayonu üzrə ayrı-ayrı məktəbləri əhatə edəcək. Belə ki, 357 məktəbdə təşkil olunacaq test imtahanları 2 saat davam edəcək: “Sınaq Qiymətləndirmədə yalnız Bakı məktəblərində daimi müəllim vəzifəsində işləyən müəllimlər, analıq məzuniyyətində olan müəllimin əvəzinə müqavilə ilə işləyən müəllimlər iştirak edəcəklər. Belə ki, sınaq qiymətləndirməyə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birlikləri rəhbərləri və sosial məzuniyyətdə olan və əmək qabiliyyətini itirən müəllimlər qatılmayacaqlar. A.Tairquliyeva qeyd edib ki, sınaq qiymətləndirmədə iştirak etmək üçün hər bir müəllimə “Buraxılış vərəqəsi” göndəriləcək və orada qiymətləndirmənin aparılacağı məktəb, yer qeyd olunacaq. Belə ki, qiymətləndirmə zamanı müəllimlərə 4 variantda 80 sualdan ibarət testlər təqdim olunacaq. Suallardan 40-ı müəllimlərin kurikulum, 20-si metodik, digər 20-si isə kommunikativ bilikləri yoxlamaq üçündür.
Əməkdar müəllim Asif Cahangirov sovet dövründə yetişən müəllimlərin müasir təlim metodlarına yönəldilməsinin çox vacib olduğunu qeyd edib: «Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq sınaq qiymətləndirmə vasitəsilə kütləvi araşdırma aparılacaq. Bu sınaq imtahanları diaqnostik xarakter daşıyır. Sınaq qiymətləndirmə zamanı da əsas məsələ müəllimlərin yoxlanılması deyil, diaqnostika əsasında müəllimlərin peşəkar inkişafı sahəsində konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Biz müəllimlərin hazırlanmasında dönüş yaratmalıyıq. Əsas məsələ müəllimlərin peşəkarlığının yüksəldilməsidir”. Qeyd edilib ki, müəllimlərin peşəkarlıq səviyyəsinin müəyyənləşməsi üçün real vəziyyətin necə olduğu öyrənilməlidir: “Bunun üçünsə, Sınaq Qiymətləndirilmənin keçirilməsi çox vacibdir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər